Ankaradan Zəngəzur mesajı: Ermənistan yox desə, alternativimiz hazırdır EKSKLÜZİV MÜSAHİBƏ
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu Modern.az-a geniş müsahibə verib. O, Zəngəzur dəhlizi ilə bağlı suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Cənab Nazir, Zəngəzur dəhlizi Türkiyə üçün hansı mənanı daşıyır?
Zəngəzur dəhlizi ölkəmizin beynəlxalq nəqliyyat baxışında strateji əhəmiyyətə malik layihələrin önündə gəlir. Türkiyə olaraq tarix boyu Asiya ilə Avropa arasında körpü rolunu oynamışıq və bu coğrafi üstünlüyümüzü dəyərləndirmək həmişə əsas hədəfimiz olub. Bu layihəni beynəlxalq ticarət yollarının şaxələndirilməsi və daha səmərəli hala gətirilməsi istiqamətindəki qətiyyətimizin konkret göstəricisi kimi qiymətləndiririk.
Zəngəzur dəhlizi sayəsində Türkiyənin şərqdən qərbə uzanan ticarət axınındakı mərkəzi rolu daha da güclənəcək. Xüsusilə Avropaya daşınan yüklərin daha qısa müddətdə, daha aşağı xərclərlə və yüksək nəqliyyat standartları ilə çatdırılması əsas hədəflərdəndir. Bu xətt mövcud logistika şəbəkəmizə ciddi töhfə verəcək.
İqtisadi çərçivədən başqa, dəhlizin sosial və mədəni təsirlərini də önəmli sayırıq. Bu layihə bölgədəki ölkələrlə dostluq əlaqələrimizi möhkəmləndirəcək, mədəni qarşılıqlı təsiri artıracaq. Çünki ticarət yolları yalnız malların deyil, mədəniyyətlərin, fikirlərin və dostluğun da keçdiyi istiqamətlərdir. Bu şüurla hərəkət edərək bölgədə qarşılıqlı əlaqəyə töhfə verəcək hər addımı diqqətlə planlaşdırırıq.
Bundan əlavə, Zəngəzur dəhlizini yalnız Türkiyə üçün deyil, regionun ümumi rifahına xidmət edəcək bir layihə kimi görürük. Nəqliyyat infrastrukturuna yatırılan sərmayələrin yerli iqtisadiyyatları canlandıracağına, məşğulluğu artıracağına və dayanıqlı inkişafı dəstəkləyəcəyinə inanırıq. Beləliklə, ölkəmizin qlobal logistikadakı lider mövqeyi daha da möhkəmlənəcək.
Zəngəzur dəhlizi “Türkiyə Yüziliyi” vizyonumuz çərçivəsində beynəlxalq nəqliyyat, logistika, istehsal və ixracat sahələrində geniş təsirə malik strateji addımdır.
- İndiyədək Ermənistan tərəfi ilə bu mövzuda birbaşa görüşləriniz olubmu? Son vəziyyəti necə qiymətləndirirsiniz?
Zəngəzur dəhlizi bölgədəki bütün tərəflər üçün strateji əhəmiyyətə malik, çoxşaxəli və həssas bir layihədir. Türkiyə olaraq bu prosesdə əməkdaşlıq, dialoq və qarşılıqlı anlayış prinsiplərinə əsaslanırıq. Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasında danışıqlar davam edir və biz bu prosesi diqqətlə və konstruktiv yanaşma ilə izləyirik.
Bu dəhlizi iki ölkə arasında aparılan danışıqlar çərçivəsində formalaşacaq bir məsələ kimi qiymətləndiririk. Ona görə də yanaşmamız bu prosesə hörmət etmək, tərəflərin daxili dinamika və qərarlarına müsbət təsir edə biləcək mövqedə qalmaqdır.
Azərbaycanla mövcud güclü və dərin münasibətlərimiz çərçivəsində sıx əməkdaşlığımızı davam etdiririk. Türkiyə olaraq Zəngəzur dəhlizini regionun iqtisadi potensialının reallaşdırılması, ticarət yollarının diversifikasiyası və logistik imkanların genişləndirilməsi baxımından son dərəcə vacib layihə hesab edirik. Bu dəhlizi yalnız iki ölkəni birləşdirən xətt kimi deyil, bütün region ölkələrinin iqtisadi və sosial inkişafına töhfə verəcək açılım kimi görürük.
Bu çərçivədə layihənin irəliləməsini dəstəkləyir, regional rifahın artırılacağına, ticarət dövriyyəsinin böyüyəcəyinə və “qazan-qazan” (yəni hər kəsin qazadığı vəziyyət – red.) vizyonumuzun güclənəcəyinə ürəkdən inanırıq. Həmçinin bu kimi böyükmiqyaslı layihələrin bölgədə sülh və sabitliyə, əməkdaşlıq və dialoq mədəniyyətinin inkişafına da mühüm töhfə verəcəyini düşünürük.
Nəticə etibarilə, Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, regionda dayanıqlı inkişafın mühüm elementi kimi baxırıq və prosesi diqqətlə izləyərək dəstəkləyirik.

- Türkiyə bu layihəyə iqtisadi, yoxsa geosiyasi bir addım kimi baxır?
Türkiyə olaraq biz Zəngəzur dəhlizinə çoxşaxəli bir baxış bucağından yanaşırıq. Bu layihəyə yalnız iqtisadi fürsət və ya sırf geosiyasi bir addım kimi yanaşmaq onun əhatə dairəsini məhdudlaşdırmaq demək olar. Biz bu layihəni iqtisadi inkişafı, geosiyasi sabitliyi, sosial-mədəni yaxınlaşmanı və regional həmrəyliyi eyni vizyonun tərkib hissəsi kimi planlaşdırırıq.
Qısaca desək, Zəngəzur dəhlizi bizim üçün çoxqatlı bir gələcək vizyonunun təməl daşıdır. Həm iqtisadi rifah, həm strateji güclənmə, həm də sosial inteqrasiyanı özündə birləşdirən bu layihəyə böyük diqqətlə və həssaslıqla yanaşırıq.
- Bu dəhliz Türk Dövlətləri Təşkilatı üçün hansı strateji imkanlar yarada bilər?
Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil və mədəniyyət bağları üzərində qurulmuş, regional və qlobal əməkdaşlığı dərinləşdirməyi qarşısına məqsəd qoymuş önəmli bir çətir təşkilatdır. Zəngəzur dəhlizi bu bağları fiziki baxımdan da gücləndirəcək, TDT üzvü olan ölkələr arasında ticarət, sərmayə və logistika əməkdaşlığını möhkəmləndirəcək mühüm fürsətlər yaradacaq.
Biz türk dünyasında ticarət dövriyyəsinin artmasını, gömrük proseslərinin sürətlənməsini və logistika xərclərinin azalmasını hədəfləyirik. Bu, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da irəli aparılmasına və ortaq bazar qurulmasına töhfə verəcək. Eyni zamanda, ortaq istehsal zəncirlərinin yaradılması, ortaq anbar və paylama mərkəzlərinin inkişafı kimi layihələrin də yolu açılacaq. Nəqliyyat əlaqələri inkişaf etdikcə sənaye, kənd təsərrüfatı, enerji və texnologiya kimi sahələrdə də yeni əməkdaşlıq imkanlarının yaranacağı gözlənilir.
TDT-nin beynəlxalq arenada güclü iqtisadi blok olaraq daha çox söz sahibi olmasına töhfə verəcəyinə inanırıq. Bundan əlavə, akademik dəyişikliklər, mədəni tədbirlər və sosial layihələr kimi mədəniyyətlərarası əlaqəni artıracaq təşəbbüslər üçün də yeni imkanlar yaradılacaq. Mədəni qarşılıqlı əlaqə, turizm axını və akademik mübadilələri dəstəkləyəcək. Türkiyə olaraq türk dünyasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və ortaq inkişaf zəminlərinin yaradılmasına böyük əhəmiyyət veririk.
Bu strateji infrastruktur sayəsində türk dünyasının qlobal ticarətdə daha görünən və güclü bir aktora çevriləcəyini proqnozlaşdırırıq. Nəticə olaraq, Zəngəzur dəhlizi TDT ölkələrinin iqtisadi və sosial bağlarını möhkəmləndirərək ortaq məqsədlərə birlikdə yürümə iradəsinin ən konkret göstəricilərindən biri olacaq.
- Zəngəzur dəhlizinin regional ticarətə təsiri barədə nə düşünürsünüz?
Zəngəzur dəhlizinin regional ticarətə çox müsbət təsir göstərəcəyinə ürəkdən inanırıq. Bu layihə təkcə bir nəqliyyat xətti deyil, eyni zamanda bölgədəki ticari və iqtisadi strukturları dəyişdirəcək bir təşəbbüsdür. Dəhliz vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasındakı mövcud ticarət yollarına əhəmiyyətli bir alternativ və şaxələnmə imkanı əlavə etmək hədəflənir.
Xüsusilə enerji, kənd təsərrüfatı və sənaye məhsullarının ticarətində yeni fürsətlər ortaya çıxacaq. Hazırda bölgəmizdəki ticarət yolları müəyyən marşrutlara asılı vəziyyətdədir. Yeni dəhliz sayəsində fərqli istiqamətlərdə yeni təchizat zəncirləri formalaşacaq və bu da yalnız Türkiyə üçün deyil, region ölkələri üçün də böyük üstünlüklər yaradacaq. Xüsusilə Orta Asiya ölkələrinin istehsal etdiyi kənd təsərrüfatı və sənaye məhsullarının dünya bazarlarına çıxışında daha çox çeşid və yol təmin olunacaq.
Bu layihə ilə bölgədə iqtisadi inteqrasiyanın daha da möhkəmlənəcəyini gözləyirik. Regional ticarətin daha sabit və fasiləsiz bir formaya qovuşması, mümkün böhranlara qarşı dayanıqlığın artırılması və nəqliyyat səmərəliliyinin yüksəlməsi həm istehsalçılara, həm də istehlakçılara birbaşa töhfə verəcək. Dəhliz istifadəyə verildikdən sonra Türkiyə üzərindən keçəcək nəqliyyat axını təkcə mal daşımalarını deyil, xidmət sahəsini, logistik texnologiyaları və əlaqəli sahələri də canlandıracaq.
Həmçinin bu dəhliz Asiya–Avropa ticarət xəttində yeni bir körpü rolunu oynayacaq. Bölgə ölkələrinin qlobal bazarlara daha sürətli və rəqabətədavamlı şərtlərlə çıxışını təmin etmək hədəflənir. Beləliklə, həm ixrac potensialı artacaq, həm də qlobal təchizat zəncirinə inteqrasiya güclənəcək.
Bütün bu inkişaflar bölgədə məşğulluğun artmasına, istehsal mərkəzlərinin böyüməsinə, kiçik və orta sahibkarlığın yeni bazarlara çıxmasına dəstək olacaq. Biz bu layihəni təkcə logistik bir infrastruktur deyil, regional rifahı artıracaq və iqtisadi həmrəyliyi gücləndirəcək bir vizion layihə olaraq görürük.
Nəticə olaraq, Zəngəzur dəhlizinin açılması Türkiyənin logistika mərkəzi olma hədəfini dəstəkləyəcək, eyni zamanda regiondakı iqtisadi balanslara da müsbət təsir göstərəcək. Bu çərçivədə layihənin bütün detalları üzərində diqqətlə işləyir və beynəlxalq ticarətə verəcəyi töhfəni maksimum səviyyəyə çatdırmağı hədəfləyirik.

- Zəngəzur dəhlizi açıldıqda, Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında ticarət həcminin nə qədər artacağı proqnozlaşdırılır?
Hazırda Türkiyənin Mərkəzi Asiya ölkələri ilə güclü və sabit ticarət əlaqələri mövcuddur və bu münasibətlər hər il sabit şəkildə inkişaf etməkdədir. Türkiyə olaraq Orta Asiya ölkələri ilə ticarətimizi artırmaq, mövcud əlaqələrimizi daha da möhkəmləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaq əsas hədəflərimiz arasındadır.
Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika əlaqələrinə daha bir alternativ marşrut əlavə olunacaq. Bu yeni bağlantının mövcud nəqliyyat yollarını tamamlayıcı və ticarət fəaliyyətlərini dəstəkləyici bir rol oynayacağına inanırıq. Bununla belə, ticarət həcminin nə qədər artacağına dair rəqəmsal proqnozlar müxtəlif sahələrdən və faktorlardan asılı olaraq dəyişə bilər. Amma ümumi mənada bu yeni dəhlizin regional ticarətə müsbət təsir göstərəcəyi aydındır.
Nəticə etibarilə, Zəngəzur dəhlizinin Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasındakı ticarət əlaqələrinin inkişafına böyük dəstək verəcəyinə və regional iqtisadi əməkdaşlığı gücləndirəcəyinə ürəkdən inanırıq. Bu istiqamətdə bütün hazırlıqlarımızı qətiyyətlə davam etdiririk.
- Türkiyə bu layihəyə hansı sahələrdə texniki və ya maliyyə dəstəyi verir və ya verə bilər? Hökumət səviyyəsində bu layihəyə dəstək məqsədilə həyata keçirilən konkret proqramlar hansılardır?
Türkiyə olaraq Zəngəzur dəhlizi çərçivəsində xüsusilə öz sərhədlərimiz daxilindəki dəmir yolu xəttinə fokuslanmışıq. Bu, uzunmüddətli bir perspektiv olmaqla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu və bir hissəsi İran üzərindən keçən mövcud xətlərə alternativ olan üçüncü bir bağlantını formalaşdıracaq.
Türkiyə ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradacaq Qars–Iğdır–Aralık–Dilucu Dəmir Yolu Layihəsi üçün Maliyyə və Xəzinə Nazirliyimizin apardığı işlər nəticəsində 2,4 milyard avro dəyərində xarici maliyyə vəsaiti təmin olunub. Layihə 224 kilometr uzunluğunda, saatda 160 km sürətlə hərəkətə uyğun, ikixətli, elektrikləşdirilmiş və siqnalizasiya sisteminə malik şəkildə dizayn edilib. Xətt boyunca 5 stansiya inşa edilməsi planlaşdırılır. Layihənin illik 5,5 milyon sərnişin və 2,2 milyon ton yük daşıma gücünə malik olması nəzərdə tutulur.
Bu dəmir yolu layihəsinin həyata keçirilməsi ilə Londondan Pekinə uzanan dəmir yolu bağlantısı, Van Gölü və Xəzər keçidi istifadə olunmadan kəsintisiz alternativ marşrut qazanmış olacaq. İpək Dəmir Yolu ilə istehsal məhsulları birbaşa istehlak mərkəzlərinə çatdırılacaq. Bu marşrut vasitəsilə Avropaya və Türkiyə limanlarına Çin, Hindistan, Pakistan və İran kimi ölkələrdən ciddi həcmdə yük axını gözlənilir.
- Bu dəhlizin qarşısında duran əsas maneələr barədə Ankaranın mövqeyi nədir?
Türkiyə olaraq genişmiqyaslı infrastruktur layihələrində qarşıya çıxa biləcək mümkün çətinlikləri hər zaman diqqətlə analiz edirik. Texniki baxımdan, torpaq şəraiti, iqlim şərtləri, marşrutun optimallaşdırılması kimi mühəndislik çağırışları ola bilər. Ancaq bu tip texniki maneələr inkişaf etmiş mühəndislik həlləri və əhatəli planlama ilə aradan qaldırıla bilər.
İnzibati cəhətdən baxdıqda isə sərhəd keçidləri ilə bağlı tənzimləmələr, gömrük prosedurlarının uyğunlaşdırılması və müvafiq qanunvericilik çərçivələrinin yaradılması müəyyən zaman ala bilər. Bu kimi məsələlərdə şəffaflıq, sürətli qərarvermə və beynəlxalq standartlara uyğunluq prinsiplərini əsas götürürük.
Maliyyə baxımından isə, bu tip layihələr uzunmüddətli sərmayə tələb etdiyindən, maliyyə resurslarının düzgün idarə olunması xüsusi önəm daşıyır. Biz müxtəlif maliyyələşdirmə alternativlərini qiymətləndirərək riskləri minimuma endirməyə çalışırıq.
Ümumilikdə Türkiyə bu çətinliklərə sadəcə “maneə” kimi deyil, inkişaf fürsəti kimi yanaşır və bütün problemləri həll yönümlü bir baxışla qiymətləndirir. Bu yanaşma sayəsində həm ölkəmiz, həm də region ölkələri üçün dayanıqlı və uzunmüddətli qazanc imkanları yaradacağımıza inanırıq.

- Ermənistan və ya İran kimi ölkələrin bu layihəyə qarşı çıxması halında Türkiyənin alternativ planları varmı?
Türkiyə hər zaman dialoq, sülh yolu ilə həll və çoxtərəfli əməkdaşlıq prinsipləriniəsas götürən yanaşmanı müdafiə edir. Bölgədə həyata keçiriləcək bütün infrastruktur və nəqliyyat layihələrinin, müvafiq bütün aktorların ortaq razılığı və töhfəsi ilə reallaşması bizim üçün prioritetdir.
Lakin eyni zamanda Türkiyə elastik və dinamik planlaşdırma anlayışına sahibdir. Bu çərçivədə mümkün bütün ssenarilər qiymətləndirilir; alternativ marşrutlar, logistika düzənləmələri və fərqli əməkdaşlıq modelləri üzərində zəruri analiz və hazırlıq işləri aparılır.
Bu yanaşma bölgədə sülh və inkişafı təhlükəyə ata biləcək hər hansı addımın qarşısını almaq və prosesi daim müsbət zəmin üzərində saxlamaq məqsədi daşıyır. Türkiyənin əsas hədəfi bütün ölkələrin faydalana biləcəyi, region xalqlarının rifahına xidmət edəcək davamlı və qarşılıqlı faydalı həllər yaratmaqdır.
Bu səbəbdən, Türkiyə bütün alternativləri nəzərdən keçirsə də, hər zaman diplomatik yolları və əməkdaşlıq əsaslı yanaşmaları ön plana çıxarır. Nəticə etibarilə, ortaq ağıl və qarşılıqlı qazanc prinsipləri əsas götürülür.
- Bu dəhliz Çin–Türkiyə “Orta Dəhliz” təşəbbüsünü necə təsir edə bilər? Zəngəzur dəhlizi Orta Dəhlizin strateji xəritəsində hansı dəyişikliklər yarada bilər?
Zəngəzur dəhlizinin tamamlamaqla Orta Dəhlizin strateji xəritəsini dəstəkləyəcəyini düşünürük. Türkiyə olaraq biz tək bir tranzit xəttinə bağlı qalmadan, çoxşaxəli, alternativli və daha davamlı logistika şəbəkələri qurmağı hədəfləyirik.
Bu yeni marşrut Türkiyənin Mərkəzi Asiya, Qafqaz və Avropa arasında bağlayıcı rolunu daha da möhkəmləndirəcək. Bununla yanaşı, bölgədə logistik mərkəzlərin yaradılması, yeni sənaye klasterlərinin formalaşması və əlavə sərmayələrin artması kimi zəncirvari təsirlər də gözlənilir.
Bu inkişaflar nəticəsində Orta Dəhlizin beynəlxalq səviyyədə cəlbediciliyi artacaq, Türkiyə isə qlobal logistikada “əsas paylayıcı mərkəz” rolunu daha da gücləndirəcək. Beləliklə, həm regional rifahın yüksəlməsi, həm də qlobal ticarətin dayanıqlılığına əhəmiyyətli töhfələr veriləcək.
- Türk şirkətlərinin dəhliz ətrafındakı infrastruktur layihələrində iştirakı planlaşdırılırmı? Türk özəl sektorunun bu layihəyə maraq səviyyəsi nə yerdədir? Hansı şirkətlər bu layihələrdə aktiv iştirak edə bilər?
Türk özəl sektoru regional və qlobal layihələrdə aktiv rol almaq baxımından uzun illərdir ciddi maraq göstərir. Zəngəzur dəhlizi kontekstində də fərqli sahələrdən çox sayda türk şirkəti prosesi yaxından izləyir və yaranacaq imkanları dəyərləndirməyə böyük maraq göstərir.
Xüsusilə podratçılıq, mühəndislik, infrastrukturun inkişafı, enerji, logistika, nəqliyyat və texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər bu layihələrdə potensial olaraq mühüm rollar ala biləcək texniki və maliyyə gücə malikdir. Türkiyənin aparıcı tikinti və mühəndislik firmaları ilə yanaşı, yeni nəsil texnoloji həllər təqdim edən şirkətlər də bu proseslərə qoşulmağa hazır vəziyyətdədir.
Hansı şirkətlərin hansı mərhələdə iştirak edəcəyi isə layihənin həyata keçiriləcəyi ölkələrin tətbiq edəcəyi layihə inkişaf mexanizmləri, tender sənədləri və investisiya protokolları ilə müəyyən olunacaq. Ancaq ümumi mənzərəyə baxdıqda, Türk özəl sektorunun regional inkişafı dəstəkləyən bu tip strateji layihələrdə iştirak etməyə həm istəkli, həm də hazır olduğu aydındır.
Türkiyənin bu sahədəki vizyonu özəl sektorun qlobal bazarlarda daha çox söz sahibi olması, rəqabət gücünün artırılması və regional əməkdaşlıqların gücləndirilməsi istiqamətindədir. Zəngəzur dəhlizi də bu məqsədlərə çatmaq yolunda mühüm fürsətlərdən biri kimi dəyərləndirilir.
- Bu layihə Türkiyə ilə Azərbaycan arasındakı geosiyasi ittifaqı daha da gücləndirə bilərmi? Sizcə bu dəhliz “iki dövlət, bir millət” anlayışını daha funksional hala gətirərmi?
Türkiyə ilə Azərbaycan arasında “iki dövlət, bir millət” anlayışı sadəcə bir şüar deyil, tarixi, mədəni və ictimai bağlarla möhkəmlənmiş dərin bir gerçəklikdir. Zəngəzur dəhlizi bu anlayış çərçivəsində funksional bir vasitə rolunu oynayacaq.
Fiziki bir bağlantının qurulması həm ticarətin, həm də ümumi əlaqələrin sürətlənməsinə, əməkdaşlığın dərinləşməsinə və ortaq layihələrin daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq. Bununla yanaşı, gənclər, alimlər, iş adamları və vətəndaş cəmiyyəti təşkilatları arasında daha sıx əməkdaşlıqların və ortaq tədbirlərin keçirilməsinə zəmin yaradacaq.
Bu səbəbdən Zəngəzur dəhlizinin “iki dövlət, bir millət” fəlsəfəsinin konkret təzahürü olaraq çox dəyərli və strateji bir töhfə verəcəyinə inanırıq.
- Türkiyə-Ermənistan münasibətləri kontekstində bu layihənin gələcəyini necə görürsünüz?
Türkiyə olaraq biz regional sülh və sabitliyi dəstəkləyən hər cür təşəbbüsə böyük önəm veririk. Zəngəzur dəhlizi kontekstində Ermənistan ilə Azərbaycan arasında davam edən danışıqlar prosesini diqqətlə və həssaslıqla izləyirik.
Əsas yanaşmamız ondan ibarətdir ki, qonşu ölkələr arasında aparılan danışıqlar müsbət nəticə versin və bu layihələr bölgədə sülhə və rifaha xidmət edəcək şəkildə irəliləsin. Türkiyə olaraq biz belə infrastruktur layihələrinin təkcə iqtisadi deyil, eyni zamanda sosial və mədəni qarşılıqlı əlaqəni artıracaq vasitələr olduğuna inanırıq.
Bu səbəblə Türkiyə prosesi hörmət və konstruktiv mövqe ilə izləyir, inkişafları dəstəkləyən bir istiqamətdə mövqe tutmağı üstün tutur. Dəhlizin gələcəyi bölgədəki bütün aktorların birgə töhfəsi və ortaq fayda anlayışı ilə formalaşacaq.
Biz inanırıq ki, bu layihə uzunmüddətli perspektivdə bölgədə dinc münasibətləri möhkəmləndirəcək, iqtisadi bağları dərinləşdirəcək və qarşılıqlı anlaşmanı artıracaqdır.


