Aqrar Universitetin tarixində Heydər Əliyev mərhələsi
Xalq qazeti-dan verilən məlumata əsasən, Icma.az xəbər verir Aqrar Universitetin tarixində Heydər Əliyev mərhələsi.
Azərbaycan Mərkəzi Dövlət Arxivində və ADAU-nun arxivində saxlanılan sənədlərə, həmçinin digər mənbələrə istinadən müəyyən edilmişdir ki, 1919-cu ilin sentyabr ayında Azərbaycan İnqilab Komitəsinin qərarı ilə respublikamızda ilk ali məktəb – Bakı Dövlət Universiteti yaradıldıqdan sonra, 1920-ci il noyabrın 13-də İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla ikinci ali məktəb – Bakı Politexnik İnstitutu, dekabrın 14-də isə bu institutun nəzdində 5 fakültə, o cümlədən, kənd təsərrüfatı fakültəsi yaradılır və tədris prosesinə start verilir.
Adətən, hər işin başlanğıcı çətin olur. Vaxtilə Moskva Dövlət Universitetinin ilk azərbaycanlı məzunu Həsən bəy Zərdabinin “Əkinçi”sində və maarifpərvər insanlarımızın xəyallarındakı arzular reallaşır, bitkiçiliyin və heyvandarlığın elmi sirlərini öyrənmək uğrunda gərgin işlər gedir. Doğrudur, o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlərin də bu işdə danılmaz xidmətləri olmuşdur. Onlardan biri torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevin tələbəsi olmuş professor Vladimir Pavloviç Smirnov-Loginov 1921-ci ildən 1929-cu ilin may ayınadək kənd təsərrüfatı fakültəsinin dekanı seçilmişdir. Bu təhsil və elm ocağında kafedra müdiri və professor kimi fəaliyyət göstərmiş A.A.Qrossheym və P.M.Jukovski sonradan SSRİ Elmlər Akademiyasının həqiqi üzvləri, A.A.Fyodorov və K.A.Krassuyski isə SSRİ Elmlər Akademiyasının müxbir üzvləri olmuşlar.
Ümumiyyətlə, burada pedaqoq kimi çalışanlar arasında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Almaniya, Gürcüstan, Polşa, Estoniya, Latviya, Fransa, İngiltərə və İsveç vətəndaşları da olmuşdur. Professor-müəllim heyətinin formalaşdırılmasında sonralar əcnəbi alimlərlə birlikdə Azərbaycan ziyalılarının görkəmli nümayəndələri Məmməd Mİrzəyev, Əli Xudaverdiyev, İmran Kaşıyev, Mürşüd Vəzirov, Fətulla bəy Rzabəyli, Camo Cəbrayılbəyli, Hacı Poladzadə, Tağı Nağızadə, Cəfər Cəfərov, Məmmədtağı Əsgərbəyli və başqaları bilavasitə iştirak etmişlər. Bu təhsil ocağında Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd Cavad, akademik Yusif Məmmədəliyev, akademiklər Çingiz Cuvarlı, Əlisöhbət Sümbatzadə. Məmmədtağı Qəniyev, İosif Yesman və digərləri pedaqoq kimi (kafedra müdiri, professor) mütəxəssis hazırlığında iştirak etmişlər. Milli kadrların yetişdirilməsində sonralar yeni uğurlar əldə edilmişdir. AKTİ-nin yetirmələri arasında akademiklər Həsən Əliyev, Firuz Məlikov, Validə Tutayuq, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev, Siddiqə Məmmədova, Musa Musayev, Müzəffər Abutalıbov, Cəbrayıl Hüseynov, Vahid Hacıyev, Məmməd Salmanov, Məmmədtağı Cəfərov, Məhərrəm Babayev, EA-nın müxbir üzvləri Ağaxan Ağabəyli, Kazım Ələkbərov, Rəhim Hüseynov və digərləri tanınmış aqrar mütəxəssislər var.
1930-cu ilin dekabr ayında Azərbaycanda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-də dar çərçivədə 10 illik yubiley tədbiri keçirilir, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk, 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilir. O dövrdə institutun tarixi təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablanırdı. Respublikamızda hazırda fəaliyyət göstərən bir neçə universitet də vaxtilə filial, fakültə və ya məntəqə kimi yaradılmış, onların da yaradıldığı tarix birmənalı olaraq mütəxəssis hazırlığına başladığı ildən qəbul edilir.
1940-cı ildə respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilmiş, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilmişdir.
1950-ci ildə institutun 30 illiyi ilə əlaqədar “SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli 594 nömrəli əmri ilə AKTİ-nin dar çərçivədə yubileyi keçirilmişdir.
Kənd Təsərrüfatı İnstitutunun inkişafı ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə bilavasitə bağlıdır. 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu öndərimizin respublikada yüksək ixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq 1969-cu il iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunmuşdur. Yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-ə təyin edilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsi katibinin sədrliyi ilə 27 nəfərdən ibarət hökümət yubiley komissiyası yaradılmış və həmin qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilmişdir. Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z.Hüseynovanın 14 avqust 1969-cu il tarixli 291 nömrəli əmrində yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Lakin bəzi səbəblərdən yubiley təyin olunmuş müddətdə keçirilməmişdir.
1974–1977-ci illərdə yubileyin keçirilməsi yenidən gündəmə gəlmişdir. Müvafiq yazışmalardan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarı ilə AKTİ-nin 50 illik yubileyinin keçirilməsinə icazə verilmişdir. O illərdə respublikamızın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli fərmanına uyğun olaraq “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 1980-ci il dekabrın 16-da Ulu öndər Gəncəyə gəlmiş, keçmiş ”Bakı” kino-teatrının böyük salonunda keçirilmiş təntənəli yığıncaqda ordeni Sovet İttifaqı rəhbərliyi adından institutun kollektivinə təqdim etmişdir.
Bu təhsil ocağı 1969 – 1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə daim diqqət mərkəzində olub. 1970-ci ilədək bu ali məktəbə tələbə qəbulu planı, orta hesabla, hər il 400-500 nəfər olduğu halda, 1970–1982-ci illərdə 1000–1200 nəfərə çatıb. 1970–1974-cü illərdə İnstitutda 5666, 1975–1979-cu illərdə 4482, 1980–1982-ci illərdə 6009 tələbə qəbul olunmuşdu. 1982-ci ildə institutun əyani və qiyabi təhsil formalarında 12000-dən artıq tələbə təhsil almışdır.
1978-ci ilin iyun ayında məhz Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdırılması və onun tədris-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında 9 iyun tarixli 210 nömrəli birgə qərarı qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi tədqiqatların və tərbiyə işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə tutulmuşdu. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə–Göygöl (Xanlar) şəhərləri arasında 300 hektarlıq sahədə Kənd Təsərrüfatı İnstitutunun böyük kompleksinin tikilməsi planlaşdırılmış, bu məqsədlə keçmiş İttifaq büdcəsindən külli miqdarda maliyyə vəsaiti ayrılmışdı.
Ulu öndərin daim nəzarəti altında olan bu kompleksdə 1979-cu ilin əvvəlindən ciddi şəkildə işlərə başlanıldı, xeyli tikintilər, kommunikasiya işləri həyata keçirildi, 2 yataqxana, 1 qazanxana inşa edildi, bir neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsası qoyuldu. 1990-cı ildən sonra bu işlər məlum səbəblərdən dayandırıldı.
Ümumiyyətlə, zamanın hər bir mərhələsində dövlətin və millətin inkişafında təhsilin müstəsna xidməti olub. Təsadüfi deyil ki, Ulu öndər təhsili millətin gələcəyi adlandırırdı. Elmi və təhsili olmayan millət, əlbəttə, qabaqcıl millətlər sırasında yer ala bilməz. Bu baxımdan, elm və təhsilin inkişafına daha çox ehtiyac və tələbat duyulur. Bu həm də onunla bağlıdır ki, dünyada maddi sərvətlər tükənməkdədir. Alimlər, elm adamları yeni qaynaqlar axtarışındadır. Hazırda inkişaf etmiş ölkələrdə elmə əsaslanan iqtisadiyyatın qurulması ən prioritet sahələrdəndir.
Cəmiyyətin bugünkü səviyyəsi elmin, yeni texnologiyaların inkişafını bir başa zərurət kimi qarşıya qoyur. Bu prosesdə, şübhəsiz, ali təhsilin müstəsna rolu var. Yəni ali təhsil bu işdə lokomotiv rolunu oynamaqla bir tərəfdən ölkədə təhsilin inkişafını təmin edirsə, digər tərəfdən kadr potensialını formalaşdırır.
1969-1982-ci illərdə Heydər Əliyevin bilavasitə diqqəti sayəsində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna hər il güzəştli tələbə qəbulu həyata keçirilirdi, ucqar və dağlıq rayonlardan gənclərin, xüsusən, azsaylı xalqların (ləzgi, avar, ingiloy, lak, tat və s.) nümayəndələrinin qəbuluna daha ciddi yanaşılırdı, onlara böyük üstünlüklər verilirdi. Yeri gəlmişkən, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1970-ci ildən başlayaraq hər il keçmiş İttifaqın nüfuzlu ali təhsil müəssisələrinə azərbaycanlı gənclərin müsabiqədənkənar qəbulu həyata keçirilirdi. 1969–1982-ci illərdə keçmiş İttifaqın 170 nüfuzlu ali məktəbində 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradılmışdı. Həmin gənclər bu gün də Azərbaycanın inkişafında mühüm rol oynayırlar. Hər dərs ilinin başlanğıcı ərəfəsində – avqust ayının sonlarında Heydər Əliyevin rəhbərliyi, hökumət üzvlərinin, dövlət xadimlərinin iştirakı ilə indiki Heydər Əliyev Sarayında yeni qəbul olunmuş tələbələrin Ulu öndərlə görüşü keçirilirdi. Bu görüşlərin hamısında Heydər Əliyev geniş nitq söyləyir, tapşırıq və tövsiyələrini verirdi. Bununla yanaşı, hər il iyul ayının ortalarında Heydər Əliyevin rəhbərliyi ilə Mərkəzi Komitənin büro iclaslarında tələbə qəbulu ilə bağlı müvafiq orqanların rəhbərləri, ali məktəb rektorları və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılırdı. Bu görüşlərdə və iclaslarda institut komsomol komitəsinin katibi və həmkarlar ittifaqı komitəsinin sədri kimi mən də iştirak etmişəm.
Ulu öndər müstəqillik illərində də xarici ölkələrə təhsil almağa gedən, həmçinin ölkəmizin ali məktəblərinə yuksək balla qəbul olunmuş tələbələrlə görüşlərini davam etdirirdi.
Ölkənin yeganə ali aqrar təhsil müəssisəsinə Ümummilli liderin göstəridyi diqqət və qayğı 20 ildən artıqdır ki, onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Cənab İlham Əliyev 2016, 2017 və 2020-ci illərdə Gəncəyə səfərləri çərçivəsində bir neçə obyektin, o cümlədən ADAU-da müasir standartlara cavab verən 2 tələbə evinin və 1 tədris korpusunun açılışlarında iştirak etdi. Bu mərasimlərdə Prezidentimizin iştirakı ADAU-nun professor-müəllim heyətinin və tələbələrin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Hazırda ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə bu ali məktəbə rektor təyin olunmuş texnika üzrə fəlsəfə doktoru, dosent Zəfər Qurbanovun rəhbərliyi ilə qocaman təhsil və elm məbədi müasirləşir, dünyanın aparıcı aqrar təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurulur, aqrar təhsil sahəsində yeniliklərə imza atılır.
Nüsrət HÜSEYNOV,
ADAU-nun dosenti, qabaqcıl təhsil işçisi
![see](https://icma.az/template/assets/see.png)