AQTİ rəsmisi: Yeni layihə xammaldan istehlakçıya qədər olan bütün mərhələləri real vaxtda izləməyə imkan verəcək MÜSAHİBƏ
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 iyun, Günel Türksoy, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. O, AQTİ-nin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu, institutun laboratoriyalarında həyata keçirilən analizlər, “HALAL” sertifikatlaşdırma prosesi, planlaşdırılan işlər, qida obyektlərində HACCP sisteminin tətbiqi və digər məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik
- Əvvəlcə 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Gününün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...
- Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinə dünya miqyasında diqqəti cəlb etmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin məsuliyyətini vurğulamaq məqsədilə təsis olunub. 2018-ci ildə BMT Baş Assambleyasının 73-cü sessiyasında iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü elan edilib. 2020-ci il avqustun 3-də Ümumdünya Səhiyyə Assambleyası bu günü qida təhlükəsizliyinin əhəmiyyətini bütün səviyyələrdə artırmaq, qida mənşəli xəstəliklərin qarşısını almaq üçün tədbirləri təşviq etmək və qlobal səyləri gücləndirmək məqsədilə mühüm platforma kimi tanıyıb. Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur. Bu il Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi: Elm fəaliyyətdədir” şüarı altında qeyd edilir. Bu şüar qida təhlükəsizliyinin təmin olunmasında elmi biliklərin və onların praktik tətbiqinin vacibliyini ön plana çıxarır. Qida təhlükəsizliyi ictimai sağlamlığın qorunması, insanların təhlükəsiz və keyfiyyətli qidaya çıxışının təmin edilməsi baxımından olduqca vacibdir. Bu məqsədə çatmaq üçün elm mühüm rol oynayır. Müasir elmi nailiyyətlər qida zəncirinin bütün mərhələlərində – istehsal, emal, saxlanma, daşınma və istehlak zamanı potensial təhlükələrin aşkarlanması və idarəolunması üçün əsas vasitə kimi çıxış edir. Mikrobiologiya, kimya, biotexnologiya, qida mühəndisliyi və digər sahələrdəki elmi araşdırmalar qida məhsullarında yoluxucu mikroorqanizmlərin, toksinlərin, pestisid qalıqlarının və digər zərərli maddələrin mövcudluğunu müəyyənləşdirməyə imkan verir. Bu da həm istehlakçının sağlamlığının qorunması, həm də istehsalçıların məsuliyyət daşıdığı təhlükəsizlik standartlarına əməl etməsi üçün əsas şərtdir. Bundan əlavə, risklərin qiymətləndirilməsi, izləmə və monitorinq sistemləri də elmə əsaslanan metodlarla həyata keçirilir. Bu sahədə beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kodeks Alimentarius Komissiyasının elmi tövsiyələri ölkəmizdə bu sahədə milli qanunvericiliyin və normativ sənədlərin hazırlanmasında mühüm baza rolunu oynayır. Qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığı da elmi yanaşmalara əsaslanır. Laborator tədqiqatlar, təhlükə analizləri (HACCP sistemi), yeni texnologiyaların tətbiqi və elmi maarifləndirmə tədbirləri qida təhlükəsizliyinin dayanıqlı şəkildə təmin olunmasına xidmət edir.
- AQTİ-nin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu nədən ibarətdir?
- AQTİ-nin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək üçün ölkədə qida təhlükəsizliyini elmi əsaslarla səmərəli şəkildə təşkil etməkdir. İnstitut qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının qorunması məqsədi ilə laborator analizlər həyata keçirir, elmi-praktiki araşdırmalar aparır, müasir tədqiqat işləri və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi proseslərini icra edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” layihəsi çərçivəsində Azərbaycanda mövcud qida təhlükəsizliyi sistemi qiymətləndirilib və FAO ilə ÜST tərəfindən müəyyən edilən ideal qida təhlükəsizliyi modelinə uyğun olaraq 25 əsas səriştənin (kompetensiyanın) ölkəmizdə nəzərə alındığı və tətbiq edildiyi təsdiqlənib. Bu, Azərbaycanın qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara cavab verdiyini göstərir. Hazırda ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
- Hazırda institutun neçə laboratoriyası var və bu laboratoriyalar harada fəaliyyət göstərir?
- AQTİ-nin nəzdində qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və kompleks tədqiqatlar istiqamətində ümumilikdə 17 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan 7-si Bakı şəhərində, 10-u isə ölkənin müxtəlif regionlarında yerləşir. Bundan əlavə, institutun nəzdində operativ və çevik nəzarət imkanlarını təmin edən mobil laboratoriyalar da fəaliyyət göstərir. Hazırda mobil laboratoriyaların sayı 8-dir. Onlardan 4-ü maşın, 4-ü isə çadır tipli laboratoriyalardır. Bu laboratoriyalar dövlət əhəmiyyətli tədbirlərdə, fövqəladə hallarda, səyyar monitorinqlərdə və təcili analiz ehtiyaclarında effektiv şəkildə istifadə olunur.

- Laboratoriyalardakı avadanlıqlar müasir standartlara cavab verirmi və laboratoriyaların təkmilləşdirilməsi istiqamətində hansı işlər görülür?
- Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Laboratoriyalar qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu avadanlıqlar beynəlxalq standartlara uyğun olmaqla yüksək həssaslığa və analitik dəqiqliyə malikdir ki, bu da laborator müayinələrin etibarlı və obyektiv nəticələrlə təmin edilməsinə şərait yaradır. Bu proses həm idxal olunan, həm də ölkə daxilində istehsal edilən qida məhsullarının təhlükəsizlik baxımından effektiv nəzarətini təmin etməyə, həmçinin baytar-sanitar və fitosanitar sahələrdə risklərin vaxtında aşkarlanmasına xidmət edir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
- İnstitutun laboratoriyalarında hansı istiqamətlər üzrə analizlər aparılır?
- AQTİ-nin laboratoriyalarında qida təhlükəsizliyi sahəsində geniş spektrdə analizlər həyata keçirilir. Bunlar arasında mikrobioloji, fiziki-kimyəvi, toksikoloji və radioloji sınaqlar xüsusi yer tutur. Bundan əlavə, heyvan xəstəliklərinin aşkarlanması üçün virusoloji, seroloji və parazitoloji müayinələr aparılır. Bitki və bitkiçilik məhsullarında isə entomoloji, fitopatoloji, mikoloji, fitohelmintoloji və molekulyar-bioloji tədqiqatlar həyata keçirilir. Bu çoxşaxəli analizlər qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunmasına, heyvan və bitki sağlamlığının qorunmasına imkan yaradır. Baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda, qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsulları, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Bu da tarladan süfrəyədək təhlükəsiz qidanın təmin olunmasında mühüm rol oynayır.
- Bəs, laboratoriyalarda həyata keçirilən analizlər üzrə tariflər hansı meyarlara əsasən formalaşdırılır?
- Laboratoriyalarda aparılan müayinələr üzrə tariflər Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq həyata keçirilir. Belə ki, qida təhlükəsizliyi istiqaməti üzrə müayinələr Nazirlər Kabinetinin 72 saylı qərarına, fitosanitar istiqamət üzrə 307 saylı qərara, baytarlıq istiqaməti üzrə 178 saylı qərara əsasən həyata keçirilir.
- Ümumiyyətlə, hazırda qida ilə əlaqədar hansı risklər mövcuddur və insanları bu risklərdən qorumaq, o cümlədən onları sağlam qidalanmaya təşviq etmək üçün hansı tədbirlər həyata keçirilir?
- Müasir dövrdə düzgün və təhlükəsiz qidalanma olduqca vacib məsələdir. Lakin günümüzdə qida ilə bağlı bir sıra risklər mövcuddur ki, bu da insanların sağlamlığına birbaşa və ya dolayı yolla təsir göstərir. Hazırda bitki və heyvan sağlamlığının təmin edilməsi məqsədilə pestisid və antibiotiklərdən istifadə, habelə ətraf mühitin təsirindən ağır metallarla çirklənmə qida məhsullarının zərərli maddələrlə sirayətlənməsinə səbəb ola bilər. Bununla yanaşı, qida məhsullarının düzgün şəraitdə saxlanılmaması, daşınmaması, emal prosesi zamanı sterilizasiya, pasterizasiya, soyutma, dondurma kimi zəruri proseslərin düzgün tətbiq edilməməsi, gigiyenik tələblərə əməl olunmaması qida mənşəli xəstəlik, o cümlədən qida zəhərlənməsi hallarının baş verməsinə səbəb ola bilər. Qida təhlükəsizliyi problemlərindən qaynaqlanan risklərlə yanaşı, qeyri-sağlam qidalanma vərdişlərindən qaynaqlanan qida riskləri də mövcuddur. “Fast food”, şirin qazlı içkilər, yüksək şəkər və duz ehtiva edən məhsulların mütəmadi qəbulu piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri kimi ciddi problemlərə yol açır. Bu cür risklərin qarşısını almaq və insanları sağlam qidalanmaya təşviq etmək məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə bitki və heyvanlarda müvafiq olaraq pestisid və antibiotiklərdən düzgün istifadəyə dair nəzarət və maarifləndirici tədbirlər həyata keçirilir. Bu preparatların insan sağlamlığına mənfi təsirlərinin aradan qaldırılması və qarşısının alınması məqsədilə tənzimləmə, eyni zamanda, qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirləri icra edilir. Qeyri-sağlam qidalanma vərdişlərinin azaldılması, qarşısının alınması və aradan qaldırılması məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq televiziya, sosial media və məktəblərdə sağlam qidalanmanın faydaları və düzgün qida seçimi ilə bağlı maarifləndirmə işləri aparılır. Bununla yanaşı, sağlam qidalanmanın təşviqi istiqamətində Agentlik tərəfindən genişmiqyaslı tədbirlər də həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən indiyədək “Sağlam məktəbli”, “Məktəblilər üçün kişmiş”, "Məktəblilərin Qida Bələdçiləri", “Şəkəri azalt, ömrünü uzat!” və bir sıra digər maarifləndirmə layihələri uğurla icra olunub. Hazırda FAO, ÜST və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi reallaşdırılır.

- Bəs, institutun ixtisaslı kadr potensialı barədə nə deyə bilərsiniz...
- Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərdiyi sahədə yüksəkixtisaslı, peşəkar və dinamik kadr potensialına malikdir. İnstitutun kadr heyətində, xüsusilə ixtisaslaşmış və təcrübəli heyət cəmlənib. İnstitutda çalışan mütəxəssislər ixtisaslaşmış yüksək təhsilli kadrlar və elmi dərəcələrə malik olan mütəxəssislərdən ibarətdir. Kadrların əksəriyyəti magistratura və doktorantura səviyyəsində elmi hazırlıq keçib, beynəlxalq və yerli təlimlərdə iştirak ediblər. Bu isə onların müasir metod və texnologiyalara tam yiyələnməsinə imkan verir. İnstitutda ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə mütəmadi olaraq daxili və xarici təlimlər, seminarlar, elmi konfranslar təşkil edilir. Bu tədbirlər kadrların peşə biliklərinin təzələnməsi, yeniliklərdən xəbərdar olmaları və innovativ yanaşmaları mənimsəmələrinə rəvac verir. Eyni zamanda, əməkdaşlar xarici ölkələrin qabaqcıl sahə üzrə müvafiq qurumları ilə əməkdaşlıq edərək təcrübə mübadiləsi imkanlarından yararlanırlar. İnstitutun strategiyası çoxşaxəli və mürəkkəb olduğundan, həmçinin kollektiv mühitin formalaşmasından irəli gələrək peşəkar mütəxəssislərdən ibarət əməkdaşlar həm fərdi, həm komanda şəklində fəaliyyət göstərirlər. Bu multidisiplinar yanaşma müxtəlif problemlərin effektiv həllini təmin edir və qarşıya qoyulan hədəflərə nail olmaq üçün əlverişli şərait yaradır. İnstitutda təcrübəli mütəxəssislər gənc işçilərin yetişdirilməsinə xüsusi diqqət yetirirlər. Mentorluq sistemi vasitəsilə təcrübəli kadrlar bilik və bacarıqlarını gələcək nəsillərə ötürürlər. Bu da institutun davamlı inkişafı və kadr potensialının möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Kadrların yüksək peşəkarlıq səviyyəsinin reallaşdırılması və resurslarının qarşıya qoyulan hədəflər naminə istifadə edilməsi üçün onlar ən son texniki avadanlıqlar və laboratoriya bazası ilə təmin olunurlar.
- İnstitutun həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma prosesi barədə nə deyə bilərsiniz, müraciətlərin sayında artım varmı?
- 2024-cü il oktyabrın 18-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs Türkiyənin Halal Akkreditə Qurumu (HAK) tərəfindən akreditasiya olunaraq, bu sahədə beynəlxalq tanınma əldə edib. Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. “HALAL” sertifikatlaşdırma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi və emalı məhsullarını, balıq məhsullarının emalını, süd və süd məhsullarını, həmçinin emal olunmuş ət məhsullarını əhatə edir. Ümumilikdə isə bu günə qədər 14 müəssisə “HALAL” sertifikatlaşdırma üçün müraciət edib. Akreditasiya sonrası 4 müəssisəyə 5 istiqamət üzrə “HALAL” uyğunluq sertifikatı təqdim olunub. “HALAL” sertifikatlaşdırma zamanı qiymətləndirmə prosesi ikimərhələli şəkildə aparılır. Hazırda sertifikatlaşdırma prosesi 3 müəssisədə birinci mərhələ üzrə tamamlanıb. Bu göstəricilər halal bazarına olan marağın artdığını və sertifikatlaşdırma xidmətinə olan tələbatın yüksəldiyini açıq şəkildə göstərir. AQTİ tərəfindən "HALAL" sertifikatlaşdırma haqqında qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mütəmadi olaraq maarifləndirilməsi istiqamətində işlər davam etdirilir. AQTA-da 17 May - Ümumdünya Halal Standartları Günü ilə əlaqədar heyvan mənşəli məhsulların emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla geniş tərkibdə görüş keçirilib.
- “Ulduz-reytinq” layihəsi çərçivəsində neçə müəssisə reytinq təsnifatları ilə qiymətləndirilib və bu işin genişləndirilməsi istiqamətində hansı işlər görülür?
- İnstitut tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi ictimai iaşə obyektlərinin fəaliyyətində təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədi daşıyır. Layihənin əsas məqsədi bu obyektlərin qida təhlükəsizliyi sahəsində göstərdikləri xidmətin səviyyəsini müəyyənləşdirmək, istehlakçılara daha etibarlı seçim imkanı yaratmaq və sahibkarlar arasında sağlam rəqabəti təşviq etməkdir. “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. İndiyə qədər Bakı və regionlar daxil olmaqla sahibkarlar tərəfindən AQTİ-yə 100-dən çox müraciət daxil olub, onlardan 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib. Digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir. Məlumat üçün bildirim ki, Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir. Ən önəmlisi odur ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət instituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində qiymətləndirmə aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.

- Qida obyektlərində HACCP sisteminin tətbiqi sahəsində vəziyyət necədir?
- HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır. Sahibkarlıq subyektləri tərəfindən ümumilikdə HACCP sistemi üzrə 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə 250 müraciət daxil olub, 24 müəssisədə isə HACCP prinsipləri üzrə məsləhət və qiymətləndirmə xidmətləri göstərilib. Bu istiqamətdə işlər davam etdirilir. İnstitutun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir.
- Ötən il AQTİ qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin təmin olunması məqsədilə “Rəf ömrünün təyini” sınaqlarına start vermişdi. Bu sınaqların həyata keçirilməsi zamanı əldə edilən nəticələr barədə məlumat verərdiniz...
- AQTİ qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təmin olunması məqsədilə qida məhsullarında rəf ömrünün təyin edilməsi sınaqlarını həyata keçirir. Rəf ömrünün təyin olunması istehsal prosesindən başlayaraq məhsulun son istehlak tarixinə qədər olan bütün mərhələləri əhatə edir və məhsulun mikrobioloji, fiziki-kimyəvi və toksikoloji parametrlərinin təhlilinə əsaslanır. İnstitut tərəfindən həyata keçirilən bu sınaqların nəticələri istehsalçılar üçün məhsulun saxlanma müddətinin optimal şəkildə müəyyən edilməsinə, uyğun saxlama şəraitlərinin seçilməsinə, bu vasitə ilə istehlakçılara təhlükəsiz və keyfiyyətli qida məhsullarının təqdim edilməsinə imkan yaradır.
- Sonda istərdik ki, institutun yeni layihələri və planlaşdırılan işlər barədə məlumat verəsiniz...
- AQTİ-nin hazırda üzərində işlənən 2 layihəsi mövcuddur. Rəqəmsal HACCP-ın elektron tətbiqi platforması - Rəqəmsal HACCP Platforması qida təhlükəsizliyinin idarə olunmasında innovativ yanaşma təqdim edir. Bu sistem xammaldan istehlakçıya qədər olan bütün mərhələləri real vaxtda izləməyə, kritik nəzarət nöqtələrini (CCP) avtomatik nəzarətdə saxlamağa və riskləri süni intellekt və IoT texnologiyaları vasitəsilə proqnozlaşdırmağa imkan verir. Digər layihə olan “Rəqəmsal Təlim Platforması” vasitəsilə isə qida təhlükəsizliyi sahəsində 4 fərqli istiqamətdə onlayn təlimlər təklif olunacaq. Təlim proqramlarını uğurla bitirən şəxslər onlayn imtahanlarda iştirak edərək elektron sertifikat əldə edə biləcəklər. Sahibkarlar üçün iqtisadi cəhətdən də faydalı və daha rentabelli olan təlim platforması iştirakçılara beynəlxalq sertifikatlı ekspertlərdən təlim almaq üstünlüyü qazandıracaq.


