Asiya məkanında fəaliyyət və etimad axtarışı
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəqliyyat, “yaşıl” enerji və rəqəmsallaşma əməkdaşlığı qitə ölkələrini daha sıx birləşdirir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və rəqəmsallaşma layihələrinin həyata keçirilməsi və qitə ölkələrinin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Təşkilatın üzv dövlətləri arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, kiçik və orta biznesin inkişafının diqqətdə saxlanılması, investisiya imkanlarına xüsusi önəm verilməsi, informasiya texnologiyaları tətbiqinin sürətləndirilməsi istiqamətlərində həyata keçirilən təşəbbüslər bu əməkdaşlığın məzmununu daha da zənginləşdirir.
Bu gün müasir dünyada iqtisadi inkişafın istiqamətləri ayrı-ayrı dövlətlərin daxili ehtiyatları və istehsal imkanları ilə yanaşı, həm də qlobal təchizat zəncirlərinin dayanıqlı olması, rəqəmsal texnologiyaların tətbiq edilməsi, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin səmərəliliyi və ekoloji tarazlığın qorunması ilə müəyyənləşir. Belə şəraitdə dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, ortaq iqtisadi layihələrin reallaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Regional birliyin lokomotivi
Asiya dövlətlərini vahid dialoq məkanında birləşdirən bu platforma təhlükəsizlik məsələləri ilə bərabər, həm də iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının, enerji əməkdaşlığının və davamlı inkişaf məqsədlərinin təşviqinə də xidmət edir. Azərbaycanın 2024-cü ilin dekabrında başladığı AQEM sədrliyinin əsas istiqamətlərinin “Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı altında müəyyənləşdirilməsi də bunun bariz ifadəsidir. Bu yanaşma ölkəmizin təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın praktiki nəticələrə istiqamətləndirilməsinə, mövcud mexanizmlərin səmərəliliyinin artırılmasına və üzv dövlətlər arasında əlaqələrin dərinləşdirilməsinə verdiyi əhəmiyyəti göstərir.
AQEM-in əsas xüsusiyyətlərindən biri müxtəlif iqtisadi inkişaf səviyyəsinə, istehsal potensialına və təbii resurslara malik ölkələri ümumi əməkdaşlıq gündəliyi ətrafında birləşdirməsidir. Bu müxtəliflik qarşılıqlı faydalı iqtisadi əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Başqa sözlə, bir tərəfdən, texnoloji baxımdan inkişaf etmiş dövlətlərin təcrübəsi digər üzv ölkələr üçün yeni istehsal və idarəetmə imkanları açır, digər tərəfdən isə zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə və geniş tranzit imkanlarına malik dövlətlər regional iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verir.
Adı çəkilən təşkilat iqtisadi əməkdaşlıq istiqamətlərini, nəqliyyat əlaqələrinin inkişafını, təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin yaradılmasını, enerji təhlükəsizliyini, kiçik və orta sahibkarlığın dəstəklənməsini, informasiya texnologiyalarının tətbiqini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini əhatə edir. Qurumun gündəliyində turizm, kənd təsərrüfatı, maliyyə əməkdaşlığı və üzv dövlətlər arasında iqtisadi məlumat mübadiləsi də mühüm yer tutur.
Bu istiqamətlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar bir-birindən təcrid olunmuş sahələr deyil. Məsələn, rəqəmsallaşma ticarət prosedurlarını sadələşdirir, nəqliyyat dəhlizlərinin səmərəliliyini yüksəldir, logistika xərclərini azaldır və sahibkarların xarici bazarlara çıxışını asanlaşdırır. “Yaşıl” enerji infrastrukturu isə sənaye istehsalının ekoloji dayanıqlılığını gücləndirməklə yanaşı, yeni investisiya və texnologiya mübadiləsi imkanları yaradır. Beləliklə, AQEM çərçivəsində əməkdaşlığın əsas məqsədi təkcə dövlətlər arasında siyasi dialoqu həyata keçirmək deyil, həm də bu dialoqu iqtisadi nəticələrə çevirən mexanizmləri inkişaf etdirməkdir.
Dünya iqtisadiyyatında rəqəmsal texnologiyaların rolu sürətlə artır. Elektron ticarət, süni intellekt, böyük verilənlərin emalı, bulud texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sistemləri artıq istehsalın, xidmətlərin və beynəlxalq ticarətin ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyalardan səmərəli yararlanan ölkələrdə məhsuldarlığı yüksəltmək, əməliyyat xərclərini azaltmaq və qlobal bazarlarda mövqeləri gücləndirmək imkanları əldə edilib.
Asiya bu köklü dəyişikliyin əsas mərkəzlərindən biridir. Regionun bir sıra ölkələri elektron ticarət, rəqəmsal ödənişlər, sənaye avtomatlaşdırılması və innovativ texnologiyaların tətbiqi sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Bu təcrübənin AQEM üzvləri ilə paylaşılması iqtisadi inkişaf səviyyələri arasındakı fərqlərin azaldılmasını və ümumi texnoloji potensialın gücləndirilməsini şərtləndirir.
AQEM çərçivəsində əməkdaşlığın mühüm sahələrindən biri nəqliyyat dəhlizlərinin idarə edilməsində rəqəmsal həllərin tətbiqidir. Təşkilatın fəaliyyət planlarında üzv dövlətlər arasında nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi ayrıca əməkdaşlıq istiqaməti kimi xüsusi diqqət çəkir. Bu yanaşma rəqəmsal texnologiyaların regional iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməsinə əlverişli şərait yaradır.
Nəqliyyat və logistika sistemlərinin rəqəmsallaşdırılması, ilk növbədə, məlumatların operativ mübadiləsini, yüklərin hərəkətinə nəzarətin təkmilləşdirilməsini və müxtəlif nəqliyyat növləri arasında əlaqələndirmənin gücləndirilməsini nəzərdə tutur. Elektron sənəd dövriyyəsi, rəqəmsal yük izləmə sistemləri və məlumat platformalarının qarşılıqlı uyğunlaşdırılması sərhədkeçmə proseslərinin daha səmərəli təşkilinə imkan verir.
Bununla yanaşı, gömrük prosedurlarının rəqəmsallaşdırılması və kağızsız ticarət mexanizmlərinin genişləndirilməsi üzv dövlətlər arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Burada mühüm məsələ təkcə ayrı-ayrı ölkələrdə elektron xidmətlərin tətbiqi deyil, həm də bu sistemlərin beynəlxalq səviyyədə uzlaşdırılmasıdır. Əgər bir ölkədə rəqəmsal formada hazırlanan sənəd digər dövlətin müvafiq sistemi tərəfindən tanınmırsa, rəqəmsallaşmanın iqtisadi faydası məhdudlaşır.
Elə buna görə də AQEM məkanında gələcək əməkdaşlığın perspektivli istiqamətlərindən biri elektron ticarət sənədlərinin qarşılıqlı tanınması, gömrük məlumatlarının təhlükəsiz mübadiləsi və rəqəmsal nəqliyyat platformalarının inteqrasiyasıdır. Belə təşəbbüslərin həyata keçirilməsi üçün vahid texniki standartların hazırlanması, məlumatların qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi zəruridir. Rəqəmsal inteqrasiya yalnız texnoloji məsələ deyil, eyni zamanda, hüquqi və institusional uyğunlaşma prosesidir.
“Yaşıl” iqtisadiyyat və enerji təhlükəsizliyi
AQEM çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından kiçik və orta sahibkarlığın inkişafı xüsusi əhəmiyyət kədb edir. Kiçik və orta müəssisələr məşğulluğun artırılması, yeni məhsulların istehsalı, innovasiyaların tətbiqi və regional iqtisadi fəallığın gücləndirilməsi üçün mühüm potensiala malikdir.
Lakin bu müəssisələrin qarşılaşdığı əsas çətinliklər sırasında maliyyə resurslarına çıxış, xarici bazarlar barədə məlumat çatışmazlığı, beynəlxalq standartlara uyğunlaşma və müasir texnologiyaların tətbiqi xərcləri dayanır. Bu problemlərin həlli istiqamətində dövlətlərarası təcrübə mübadiləsinin aparılması və ortaq layihələrin təşviq edilməsi zəruridir
Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilat çərçivəsində sahibkarlığın inkişafına yönələn təşəbbüslərə xüsusi diqqət yetirilib. 2026-cı il aprelin 7-də qurumun yüksək vəzifəli rəsmilərinin komitə iclasında kiçik və orta müəssisələrin inkişafına dair konseptual sənədin qəbul edilməsi bu sahədə əməkdaşlığın hüquqi əsaslarının genişləndirilməsi baxımından mühüm addım olub.
Qurumun fəaliyyətində sahibkarların investisiya kapitalına çıxışının asanlaşdırılmasına da daim önəm verilib. AQEM-in layihələr planında kiçik və orta müəssisələrin investisiya kapitalına çıxışına və üzv dövlətlər arasında birgə təşəbbüslərin irəli sürülməsinə yönələn təkliflər nəzərdə tutulub. Bununla da biznes əməkdaşlığının ümumi müzakirələr səviyyəsindən konkret iqtisadi layihələr mərhələsinə keçməsinə əlverişli imkan yaradılıb.
Məsələn, bir üzv ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının digər dövlətdə emal edilməsı, sənaye müəssisələri arasında texnologiya mübadiləsi və birgə logistika mərkəzlərinin yaradılması qarşılıqlı iqtisadi faydanın əldə olunacağını şərtləndirib. Bunun üçün sahibkarların etibarlı tərəfdaşlar tapması, maliyyələşmə imkanları barədə məlumat əldə etməsi və bazarlara çıxış prosedurlarının sadələşdirilməsi mühüm amil kimi diqqətdə saxlanılıb.
Qlobal enerji bazarlarında dəyişikliklərin baş verməsi, iqlim risklərinin artması və enerji resurslarına tələbatın yüksəlməsi dövlətləri enerji təhlükəsizliyi ilə ekoloji dayanıqlılıq arasında tarazlıq yaratmağa sövq edir. Bu baxımdan bərpa olunan enerji mənbələri inkişafının diqqətdə saxlanılması, enerji səmərəliliyinin yüksəldilməsi və təmiz texnologiyaların tətbiq olunması müasir iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi diqqət çəkir.
Asiya ölkələri enerji istehlakının miqyası, sənaye istehsalının həcmi və təbii resursların bölgüsü baxımından bir-birindən fərqlənir. Bu fərqlər regional enerji əməkdaşlığı üçün həm imkanların, həm də çağırışların yaradılması ilə müəyyənləşir. Başqa sözlə, enerji resurslarına malik ölkələr istehsal və ixrac imkanlarını genişləndirir, Günəş və külək enerjisi üçün əlverişli şəraitə malik dövlətlər isə yeni enerji istehsalı və ötürülməsi layihələrini inkişaf etdirir.
AQEM-in iqtisadi əməkdaşlıq gündəliyində enerji təhlükəsizliyi və enerji təchizatı marşrutlarının səmərəliliyinin artırılması da prioritet istiqamətlər sırasındadır. Təşkilatın geniş əməkdaşlıq çərçivəsi bərpa olunan enerji, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq sahələrində təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Bu sahədə əməkdaşlığın uğulu nəticələr verməsi üçün Günəş və külək elektrik stansiyalarının inkişafı, enerji saxlama texnologiyalarının tətbiqi, elektrik şəbəkələrinin modernləşdirilməsi və transsərhəd enerji mübadiləsinin genişləndirilməsi kimi məsələlər mühüm önəm daşıyır.
Bununla yanaşı, “yaşıl” hidrogen istehsalı və istifadəsi də uzunmüddətli perspektivdə əməkdaşlıq imkanları yaradır. Lakin bu texnologiyaların iqtisadi səmərəliliyi enerji istehsalının maya dəyərindən, su ehtiyatlarının mövcudluğundan, nəqliyyat infrastrukturundan və potensial istehlak bazarlarından asılıdır. Buna görə də ortaq layihələr elmi-texniki qiymətləndirmə, investisiya əsaslandırması və bazar tələbatının təhlili əsasında hazırlanmalıdır.
AQEM çərçivəsində “yaşıl” enerji üzrə əməkdaşlığın genişləndirilməsi üzv dövlətlərə texnologiyaların tətbiqi ilə yanaşı, maliyyə ehtiyatlarının səfərbər olunması və müvafiq normativ mexanizmlərin təkmilləşdirilməsi baxımından da fayda verir. Bütün bunlarla yanaşı “yaşıl” keçid təkcə iri enerji layihələrinin reallaşması və böyük sənaye müəssisələrinin yaradılması ilə məhdudlaşmır. Kiçik və orta müəssisələrin ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçidinin gerçəkləşdirilməsi də ümumi iqtisadi transformasiyanın mühüm hissəsidir.
Bu məqsədlə sözügedən təşkilat çərçivəsində üzv dövlətlərin kiçik və orta müəssisələrdə “yaşıl” iqtisadiyyat təcrübələrinin tətbiqinə dair təşəbbüsləri diqqətəlayiqdir. 2026-cı il fevralın 5-də quruma üzv ölkələr arasında kiçik və orta müəssisələrin “yaşıl” iqtisadiyyat təcrübələrindən istifadəsinə dair siyasət və təcrübi yanaşmalar mövzusunda vebinar keçirilməsi də bunun bariz ifadəsidir. Bu tədbir sahibkarlıq və ekoloji dayanıqlılıq istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsinə xidmət edən konkret əməkdaşlıq nümunəsidir.
Müəssisələrdə enerji istehlakının azaldılması, su ehtiyatlarından səmərəli istifadə edilməsi, tullantıların təkrar emalının həyata keçirilməsi, istehsal proseslərində ekoloji standartların tətbiqinin diqqətdə saxlanılması həm ətraf mühitə mənfi təsirləri, həm də istehsal xərclərini azaldır. Məsələn, enerji səmərəliliyini artıran avadanlıqların tətbiqi müəssisənin elektrik enerjisinə çəkdiyi xərcləri aşağı salır, tullantıların təkrar emalı isə bəzi istehsal sahələrində xammala olan tələbatı müəyyən qədər zəiflədir.
Beləliklə, “yaşıl” texnologiyalar təkcə ekoloji öhdəlik deyil, həm də iqtisadi rəqabət qabiliyyətini yüksəldən vasitədir. Bununla belə, kiçik müəssisələr üçün “yaşıl” texnologiyaların ilkin maliyyə yükü bir sıra hallarda ciddi maneə yaradır. Bu səbəbdən güzəştli kreditlər, texniki məsləhət xidmətləri, enerji auditləri və ortaq texnologiya proqramları xüsusi əhəmiyyət daşıyır. AQEM çərçivəsində belə mexanizmlərin təcrübə mübadiləsi yolu ilə inkişafının diqqətdə saxlanılması üzv ölkələrdə “yaşıl” iqtisadiyyatın sahibkarlıq təbəqəsinin daha da genişlənməsi üçün əlverişli şərait yaradır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















