Icma.az
close
up
RU
ATƏT in zirvə görüşündə Azərbaycan həqiqəti

ATƏT in zirvə görüşündə Azərbaycan həqiqəti

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lissabon sammiti 29 il əvvəl ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə təsbit etmişdi

Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan üçün həm təhlükələrlə dolu, həm də taleyüklü qərarların verildiyi dövr kimi xarakterizə olunur. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz sosial-iqtisadi çətinliklər, ictimai-siyasi təlatümlər və erməni işğalının ağır nəticələri ilə üz-üzə qalmışdı. Belə bir vaxtda Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini gücləndirən, siyasi müstəvidəki sonrakı uğurlarımızın əsasını qoyan mühüm hadisələrdən biri 1996-cı il dekabrın 2–3-də ATƏT-in dövlət və hökumət başçılarının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən sammiti oldu. Həmin sammit həm regionun gələcəyinə təsir göstərən mühüm qərarların qəbul edildiyi platforma, həm də Azərbaycanın diplomatik mübarizəsinin dönüş anı kimi tariximizə əbədi həkk olunub.

Sammitin başlıca özəlliyi ondan ibarət idi ki, ölkəmizin ərazi bütövlüyü prinsipinin beynəlxalq aləmdə ayrıca bənd kimi təsbit olunması ilk dəfə Lissabonda baş verdi. O dövrdə Ermənistan, faktiki olaraq, təcavüz faktını ört-basdır etməyə, işğal etdiyi Qarabağın dağlıq hissəsinə xüsusi status tələb etməyə çalışırdı. Buna rəğmən ATƏT-ə üzv 54 ölkədən 53-ü Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və regionda sülhün yalnız bu çərçivədə mümkünlüyünü dəstəklədi. Yeganə etiraz edən Ermənistan oldu. Bu, diplomatik baxımdan nadir hal idi: beynəlxalq təşkilatın bütün üzvləri bir ölkənin mövqeyi ətrafında konsensus yaratmış, işğalçı dövlət isə tam təcrid vəziyyətinə düşmüşdü. Bu böyük nailiyyətin əldə olunması isə təsadüfi deyildi. Həmin illərdə Azərbaycan diplomatiyasının əsas xəttini formalaşdıran, ölkənin xarici siyasətini tamamilə yenidən qurmaqla məşğul olan ulu öndər Heydər Əliyevin fəaliyyəti sammitin taleyində həlledici rol oynadı. O, Lissabondan bir qədər əvvəl aparılan çoxtərəfli danışıqlarda möhkəm iradə göstərmiş, beynəlxalq güclərlə ikitərəfli görüşlərdə Azərbaycanın prinsipial mövqeyini ardıcıl şəkildə müdafiə etmişdi. Heydər Əliyev üçün əsas məqsəd bir məsələ idi: Qarabağ probleminin beynəlxalq müstəvidə obyektiv çərçivədə tanınması və Azərbaycanın haqlı mövqeyinin rəsmiləşdirilməsi.

***

Yeri gəlmişkən, onu da qeyd edək ki, Lissabon sammitinə qədər – 1994-cü ildə də Ulu öndərin iştirakı ilə hazırda haqqında keçmiş zamanda danışdığımız Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qərar qəbul olunmuşdu. 1994-cü il dekabrın 4-6-da ATƏM-in (1995-ci il yanvarın 1-dən ATƏM Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına çevrilib – S.H.) Budapeştdə keçirilən sammiti bu təşkilatın üzvü olan dövlətlərin başçılarının dördüncü, Heydər Əliyevin isə iştirakı ilə keçirilən ilk tədbiri idi. Zirvə görüşündə keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar bu qurumun fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdu. ATƏM-ə üzv dövlətlərin başçıları problemin nizamlanmasının mərhələli xarakterini müəyyən edərək, təşkilatın Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdı. Bu saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk konfransının çağırılması üçün əsas olmalı idi. Budapeşt sammitində Ermənistan–Azərbaycan münaqişəsinə dair mühüm qərarlar qəbul olundu. Belə qərarlardan biri də münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yaradılması və münaqişəli bölgələrdə yerləşdirilməsi barəsində idi. Lissabon sammiti Azərbaycanın ATƏT-lə münasibətlərində də mühüm əhəmiyyət kəsb edir. Avropa dövlətləri, ABŞ, Kanada və bəzi Asiya və Afrika dövlət başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilən toplantı, qeyd etdiyimiz kimi, xalqımızın yaddaşında tarixi hadisə kimi qaldı. Cənubi Qafqaz regionu, xüsusilə, keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon sammiti Azərbaycan üçün Budapeşt zirvə görüşündən daha əhəmiyyətli oldu.

Lissabon sammitinə aparan proseslər, o dövrün çətin geosiyasi mənzərəsi və Azərbaycanın qarşısında duran təhdidlər də ayrıca diqqət tələb edir. 1996-cı ildə Ermənistanın məqsədi Qarabağı Azərbaycandan qoparmaq üçün “xüsusi status” ideyasını beynəlxalq qurumlara qəbul etdirmək idi. Ermənistan diplomatiyası o zaman müxtəlif ölkələrin siyasi dairələrində geniş təbliğat kampaniyaları aparırdı. Buna baxmayaraq, Heydər Əliyevin apardığı prinsipial xətt vəziyyəti tam dəyişdi. Ulu öndər Lissabonda çıxışı zamanı qeyd etmişdi ki, münaqişənin həlli yalnız beynəlxalq hüquqa uyğun ola bilər və Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan heç bir təklif qəbul edilə bilməz. Bu sözlər həmin gün müzakirələrin istiqamətini müəyyən etmişdi. Sammitdən sonra Ermənistan nümayəndə heyəti nəticəni uğursuzluq kimi dəyərləndirərək Lissabondan məyus və gərgin atmosferdə ayrılmışdı. Azərbaycan isə tamam əks mənzərə ilə üz-üzə idi. İlk dəfə olaraq ölkəmizin milli maraqları beynəlxalq təşkilatın sənədində açıq şəkildə öz əksini tapmışdı. Lissabon sammiti rəsmi Bakının gələcək illərdə atacağı addımlar üçün möhkəm fundament yaratdı. Bu fundament həm diplomatik müstəvidə, həm siyasi dialoqda, həm də regionun yeni təhlükəsizlik arxitekturasının formalaşmasında öz təsirini göstərdi.

***

Sammitdə qəbul olunmuş yekun sənəd, indiki dillə desək, Lissabon prinsipləri üç baza elementindən ibarət idi: Azərbaycanın ərazi bütövlüyü, Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi və regionda bütün icmaların təhlükəsizliyinin təmin edilməsi. Bu formul münaqişənin həlli üçün həm siyasi, həm hüquqi, həm də real baza yaradırdı. Sonrakı illərdə Minsk qrupu çərçivəsində bütün danışıqlar məhz bu üç prinsip üzərində qurulur, Ermənistan nə qədər cəhdlər göstərsə də, beynəlxalq ictimaiyyət Lissabon prinsipləri çərçivəsindən kənara çıxmırdı. Heydər Əliyevin ən mühüm xidmətlərindən biri də o oldu ki, onun apardığı diplomatiya nəticəsində Qarabağ problemi yalnız regional çərçivədə deyil, qlobal təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrildi. 1996-cı il sammitindən sonra Azərbaycan beynəlxalq arenada sözünü daha sərt, daha inamlı deməyə başladı. Neft müqavilələrinin imzalanması, yeni tərəfdaşlıqların qurulması, iqtisadiyyatın dirçəlməsi, ordu quruculuğunun başlanması kimi strateji proseslər üçün də məhz bu siyasi sənəd baza funksiyası daşıyırdı.

Əlbəttə, Lissabon sammitini xatırlarkən həmin diplomatik uğurumuzun tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdığını da qeyd etməliyik. Sammitin yekun nəticəsinin 2020-ci ildə baş verən Vətən müharibəsindəki qələbəmizin hüquqi çərçivəsinin əsasını qoyması xüsusilə diqqətəlayiqdir. Ermənistan uzun illər boyu status-kvonu qorumağa, işğal altındakı əraziləri, faktiki olaraq, öz siyasi orbitinə salmağa çalışsa da, beynəlxalq hüququn əsas prinsipləri dəyişmədi. Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlara başlayarkən Lissabon sənədi artıq 24 il idi ki, ölkənin suverenliyini beynəlxalq miqyasda təsdiq edən əsas dayaq rolunu oynayırdı. Bu sənəd açıq şəkildə göstərirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin hər hansı çözümü yalnız ərazi bütövlüyü çərçivəsində mümkündür. Elə buna görə də 2020-ci ildə Azərbaycan Ordusunun işğala son qoyması təkcə hərbi uğur deyildi. Bu qələbə həm də uzun illər ərzində aparılmış diplomatik xəttin məntiqi nəticəsi idi. Lissabon sammitində, necə deyərlər, çəkilən siyasi xəritə 2020-ci ildə reallığa çevrildi. Dünyanın böyük dövlətləri müharibə dövründə Azərbaycanın mövqeyini qiymətləndirərkən məhz həmin sənəddə təsbit olunmuş prinsiplərə istinad edirdilər. Nəticə etibarilə, rəsmi Bakı 30 illik mübarizəsinin həm siyasi, həm də hüquqi legitimliyini tam nümayiş etdirdi.

Bu gün Lissabon sammitinin 30 illiyi yaxınlaşarkən həmin hadisənin əhəmiyyəti daha aydın görünür. Azərbaycan artıq öz suverenliyini bərpa etmiş, Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmış dövlətdir. Qarabağ üzərində nəzarətin tam bərpa edilməsi, sərhədlərin müəyyənləşdirilməsi prosesi və regionda sülh təşəbbüsləri məhz Lissabon prinsiplərinin nəticəsi kimi qavranıla bilər. Bu, qərarların kağızda qalmaq üçün deyil, zamanla öz təsirini göstərmək üçün qəbul olunduğunu sübut edir.

Heydər Əliyevin həmin dövrdə göstərdiyi siyasi iradə və uzaqgörənlik bu gün Azərbaycanı güclü və sabit dövlət kimi formalaşdıran amillərdən biri kimi qiymətləndirilir. Ulu öndər Lissabonda təkcə həmin günün nəticələrini yox, gələcək onilliklərin siyasi kursunu müəyyənləşdirmişdi. Bu baxımdan 1996-cı il qərarları Azərbaycanın diplomatik qələbələrinin başlanğıcı, 2020-ci il tarixi qələbəsinin isə əvvəlcədən müəyyən olunmuş beynəlxalq hüquqi dayağı kimi dəyərləndirilə bilər.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri