Auditoriyada dərsdə mobil telefon məhdudlaşdırılsın Sosial şəbəkədə yazılanlar
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəsul Mirhəşimli, jurnalist:
- Mediada olan problemlərdən çox danışılır zaman-zaman. Bu problemi yaradan fundamental səbəbləri də sadalamaq olar, mediada bir çox hallarda istedad və şəxsiyyət qıtlığını da göstərmək mümkündür. Təbii ki, söhbət istedad və qabiliyyətinin iddiasının yanında bir çürük alma qədər keyfiyyəti olmayan bəzi media rəhbərlərindən gedir.
İstedadı, yaradıcılığı, peşəkar qabiliyyəti və iddiası harmoniya təşkil edən media rəhbəri jurnalist kollektivinə "siz hamınız mənə məxsussunuz", "hər birinizin üzərində mənim adım var" deməz.
Bu cür problemlər haradan qaynaqlanır deyə, soruşan olsa, əsas səbəb zəhmətsiz media subyektinə sahib olmaqdadır. Media qurumunun yaradılmasında zəhməti, əziyyəti, yuxusuz gecələri olan heç bir media rəhbəri bu cür iddia ilə özünü kollektivin gözündən salmaz...
Nicat Hüseyn Dağlar, jurnalist:
- Vaxt var idi bir müsahibənin girişi üzərində üç gün baş sındırardıq. Müsahibənin girişi ayrıca bir hekayə olardı. Müsahibin fəaliyyətini araşdırar, onun zəif və güclü tərəflərini öyrənib buna görə suallar verərdik. İndi müxbir sualları da redaktordan gözləyir. Müsahibin kimliyi, fəaliyyəti onu qətiyyən maraqlandırmır. İndi müsahibələr belə başlayır: "Müsahibimiz filankəsdir..." Yəni yaradıcılıq sıfır səviyyəsindədir.
İnkişaf belə olur yəqin...
Fazil Mustafa, millət vəkili:
- "Komediyaxana"nı izləyirəm. Kiçik istisnalar xaric, çox maraqlı mətn və ifa performansı ilə diqqət çəkir. Əksər hallarda bayağılığa deyil, mənaya gülə bilirsən. Hərdən gülüş epizodlarında özlərini tuta bilməyib gülməkləri də səmimi alınır. Aktyor və rejissor məktəblərinin əsasən tənəzzülə uğradığı bir dönəmdə belə bir aktyor icmasının tamaşaçı qarşısına çıxması sevindiricidir. Fərqli müəlliflər tərəfindən mətn bolluğu yaratsalar, daha çeşidli tamaşalar göstərə bilərlər. Əslində ayrı-ayrı qruplarda, filmlərdə gördüyümüz aktyorlardır, ancaq buradakı birlikdəlikləri xeyli uğurlu alınıb. Yaxşıları həvəsləndirmək vacibdir, səhnəmizdə bayağılığın azalması üçün bunların çoxalması vacibdir. Sənətin bütün sahələrində belə olmalıdır. Kimisə sənətdən məcburi uzaqlaşdırmırsan, ancaq gedişatda öz bayağı performasına müştəri tapmaqda çətinlik çəkir.
Aktyorlara, prodüsser, ssenarist və rejissora uğurlar diləyirəm.
Aynur Camal, jurnalist:
- Məncə, qəzetçiliyə - print mediaya qayıdaq! Bu ölkədə hər kəs - sıravisindən yüksək çinli məmurunadək hər kəs hesab edir ki, xəbər portalları, agentliklər onların bəyənmədiyi, zövqünü oxşamadığı, lazım bilmədiyi, yayılmasını istəmədiyi... xəbərləri hökmlü, iddialı, bir az da incik səslə zəng edərək saytdan silinməsini tələb edə bilər. Qəzetçilik zamanı bunu edə bilmirdilər. Çünki qəzet çapdan çıxdıqdan, yayıldıqdan sonra qarşısını almaq mümkün deyildi. İndi isə sifariş verirmişcəsinə, əmr edirmişcəsinə, təkidlə, israrla, ikrahla... tələb edilir: silin. Sanki media bunların şəxsi bostan sahəsidir, öz futbol meydançalarıdır, şeir dəftərçələridir. Niyə? Ciddi soruşuram, niyə? Media bunu etməyə borcludurmu? Özü də təkzib verilməsini tələb etmirlər ha. O da əgər xəbər təsdiqini tapmazsa... Birbaşa deyirlər, silin! Mediada yalnız bunların öz göndərdikləri mətnlər dərc edilməlidir: ütülü-üfülü. Hətta janrı da özləri seçməlidirlər - müəllif yazısı olsun, açıqlama olsun, müsahibə olsun. Hamı - bütün siyasətçilər yazıçıdır bu gün. Başlığı də özləri seçməlidirlər, fotonu da. Az qalıram hərəyə bir parol göndərəm ki, könlünüz istəyən zaman daxil olun admin-panelə. Sildiyinizi silin, dəyişdiyinizi dəyişin, yazılarınızı da özünüz yerləşdirin. Saatını, bölməsini də özünüz müəyyənləşdirin. Lazım bilsəniz, lap saytın da adını dəyişin...
Telli Pənahqızı, Əməkdar mədəniyyət işçisi:
- Bu məsələlərə yaxından bələd olanlardan soruşmaq istəyirəm: toya dəvət olunan müğənniyə kim ixtiyar verib ki, əvvəldən toy sahibindən aldığı küllü miqdarda behi (10-15 min manat), toy hər hansı səbəbdən baş tutmayanda geri qaytarmasın? Özü də toya 5-10 gün qalmış yox ha, 2 ay qalmış. Zəng vurub insancasına vəziyyəti izah edir, lap 2-3 mini götür, qalanını qaytar deyəndə də qırmızıca adamın üstünə bozarır ki, aldığım behi xərcləmişəm.
Bəlkə, ay manıs, sənin getdiyin yolda başına bir iş gələcək, onda sənə verilən pulu kim qaytaracaq?
Xahiş edirəm belə bir vəziyyətlə üzləşənlər və bu işlə yaxından- uzaqdan əlaqəsi olanlar aydınlıq gətirsin.
Elçin Alıoğlu, jurnalist:
- Qəzvində "Traktor" komandasının qələbəsini qeyd edən azarkeşlər Azərbaycan bayrağını nümayiş etdirirlər.
Elşad Hacıyev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi:
- "Polis niyə baxmır, niyə araşdırmır? Şəkidə kənd sakinlərinin heyvanları oğurlanır, kütləvi müraciət var", - deyə bir neçə jurnalist həmkarımız sorğu verirdi. Xahiş etdik ki, məlumatı paylaşmayın, şübhəli şəxslər bilməli deyil ki, polis axtarır. Belə də oldu, həmkarlarım bizə kömək etdilər, həmin məlumat gündəmə çıxmadı. Onlara təşəkkür etməyi özümə borc bilirəm. Nəticədə Bakıdan icarəyə götürdükləri avtomobillərlə Şəkidə mal-qara oğurlayan dəstə üzvləri ifşa olundular. Onlar Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən oğurluq etməkdə şübhəli bilinirlər.
İlqar Əlfioğlu, yazıçı:
- Dostlar üçün gələcək kitabımdan bir parça...
Kino Fazilin sərgüzəştləri
Ağdamda məməyeyəndən-pəpədeyənə, ətraf rayonlarda on səkkiz yaşından yuxarı olanlar, bütün respublikada isə sayılıb-seçilən kişilərin hamısı o zamanlar Kino Fazili əla tanıyırdı.
Bu, həmin Kino Fazildir ki, 60-cı illərin əvvəllərində Qarqar çayından üstdəki, Poladlı da daxil olmaqla, beş para kəndin kolxoz sədri, sovet sədri işləyəndə, camaata təmənnasız payladığı torpağı heç müstəqillik dövründə Ağdam işğal olunana qədər belə əsaslandırıb, sənədləşdirmək mümkün olmamışdı.
Bu, həmin Kino Fazildir ki, Ağdam rayon komsomol komitəsinə başçılıq etdiyi illərdə cavanları küyləyib dəstə yığıb, Xam torpaqlara aparmışdı.
Bu, həmin Kino Fazildir Azərbaycan KP MK-nın erməni əməkdaşını döydürüb, altı aylığa xəstəxanaya saldırarandan sonra, quruca töhmətlə canını qurtarmışdı.
Bu, həmin Kino Fazildir ki, kolxoz sədrliyindən çıxarılandan sonra, istirahətə gedəndə bir qara qəpik pulu yox idi, putyovkanın dəyərini qardaşları yığıb vermişdi.
Bu, həmin Kino Fazildir ki, Ağdamda məktəb direktoru işlədiyi dövrdə məzunları respublikanın ən mötəbər ali məktəblərində tələbə adını şərəflə daşıyırdılar.
Bu, həmin Kino Fazildir ki, Ağdam regional Kino birliyinin rəisi işləyəndə Kann festivalının qalibi olmuş filmlər başqa rayonlar, başqa respublikalar, başqa şəhərlər nədir, lap Moskva ilə Bakıdan əvvəl, Ağdamda, özü də öz dilimizdə göstərilirdi.
Bu, həmin Kino Fazildir ki, maraqlı ayamasını ömrünün yarısını yaşayandan sonra, idarəsi "Dostluq" kinoteatrında olan rayonlararası kino birliyinə rəhbərlik etməyə başlayanda sonra almışdı.
Bu, həmin Kino Fazildir ki, savadına görə, heç bir məclisdə yazıçılarımız, şairlərimiz belə onun sözünü kəsməyə cəsarət etməzdilər.
Bu, həmin Kino Fazildir ki, atam Əlfi Qasımovun kiçik qardaşı və deməli, mənim böyük əmimdir. Onun barəsində dillərdə dolaşan bənzərsiz əhvalatlar artıq çoxdan ağlasığmaz təfərrüatlarla zənginləşərək folklorumuza çevrilib.
İndi nəyin həqiqət, nəyin arzu-istək olduğunu araşdırmaq çətindir. Düzü, buna heç ehtiyac da yoxdur. Onsuz da Fazilin məzəli macəraları camaatın yaddaşına özünə möhkəm yer eləməklə xoş xatirələrə çevrilib.
Ümidvaram, üstündə dövrün möhürünü gəzdirən bu hadisələr son kitabımı oxuyanlar üçün də maraqlı olar.
Qulu Məhərrəmli, professor:
- Dünən Finlandiya parlamenti məktəblərdə mobil telefonlardan istifadəni məhdudlaşdıran qərar qəbul edib. Tədrisin, qavramanın effektliyi baxımından bu qərarı doğru hesab edirəm.
Ali məktəbdə dərs deyir, mühazirələr oxuyuram, hətta ən maraqlı mövzuların tədrisi zamanı auditoriyadakıların 80-90 faizinin diqqətinin telefonda olduğunu görürəm. Diqqəti yayındırmaq səbəbindən belə hesab edirəm ki, bizdə də bu addıma ehtiyac vardır. Auditoriyada-dərsdə mobil telefon məhdudlaşdırılmalıdır. Dostların, mütəxəssislərin bu məsələyə münasibətini bilmək maraqlı olardı...
Ləman Ələşrəfqızı, jurnalist:
- Laçına ilk dəfə Bakı Abadlıq Xidmətinin xətti ilə getmişdim. Onda yol yoldaşlarım daha çox qələm adamları, jurnalistlər, şair-şüaralar idi. "Xalça belə yarandı" sərgisində iştirak edən mən, Tanrının sənət əsəri olan Laçına heyran olmuşdum.
Bu gün siyasətçilərlə yola çıxdıq. PA-nın siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi 80 nəfərlə Laçına səfər təşkil etdi. Təbii ki, siyasi dialoq mühitini daha da inkişaf etdirmək məqsədilə. Ayrı-ayrı internet kanalları da bu səfərə dəvətliydi, o cümlədən biz də. PA-nın şöbə müdiri Ədalət Vəliyev ölkədə həmrəylik mühitinin yaranmasında partiyaların rolundan danışdı. Sonra Laçının Zabux su anbarına getdik, Bəylik kəndində görülən işlərlə tanış olduq, Hocazfilmin pavilyonuna baş çəkdik. Rayonun iqtisadi, turizm potensialı ilə bağlı maraqlı məlumat əldə etdik. Məlum oldu ki, burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Bir sözlə, Laçın cənnət vəd edir. Zatən elə cənnətin özüdür.
Xaqani Səfəroğlu, jurnalist:
- Mədəniyyət naziri istedadlı rejissor Elxan Cəfərovu Kino Agentliyinə müşavir təyin edib. Əla təyinatdır.
Elxan bəy ölkədə kino çəkə bilən gözəl rejissorlarımızdandır. Ümid edirəm onun təcrübəsindən bəhrələnəcəklər.
Bizim nəsil üçün isə Elxan kino qəhrəmanmızdır... "Şir evdən getdi"nin Rüstəmi, "Əlahəzrət, hazır olun!"da şahzadə, "Mən mahnı qoşuram" filminin qəhrəmanı unudulmazdır.
Onun çəkdiyi "Dolu" və "Yarımçıq xatirələr" filmi isə son illərin ən uğurlu filmlərindəndir.
Təbrik edirəm!


