Avrasiyada yeni güc mərkəzi yaranır
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı–Daşkənd ittifaqı Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
Daşkənd şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki dövlət arasındakı strateji tərəfdaşlığı ən yüksək hüquqi-siyasi səviyyəyə çatdırdı. Daşkənd danışıqları Xəzər hövzəsinin iki sahilini əhatə edən geostrateji məkanın konseptual əsaslarını rəsmiləşdirdi. Dövlət başçılarının mətbuata bəyanatlarında ifadə olunan müddəalar Mərkəzi Asiya ilə Cənubi Qafqazın təhlükəsizlik və idarəetmə arxitekturası daxilində qovuşmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan geniş inkişaf imkanlarına malik vahid geosiyasi məkan formalaşdırır. Yenidən formalaşan və sistemli şəkildə inteqrasiya olunan bu coğrafiyanın gələcək inkişaf dinamikası Azərbaycan–Özbəkistan münasibətlərinin intensivliyi ilə bilavasitə bağlıdır. Bu strateji yanaşma həm də regionun gələcək təhlükəsizlik arxitekturasının əsas istiqamətlərindən birini müəyyənləşdirir. İmzalanan sənədlər iki ölkənin hərbi-siyasi sahədə, beynəlxalq təşkilatlar çərçivəsində və regional sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyətini daha da gücləndirir. Beləliklə, Bakı–Daşkənd müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geosiyasi və təhlükəsizlik bağlantının formalaşmasına mühüm zəmin yaradır.
Hazırkı tarixi mərhələdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın sinxron fəaliyyət göstərməsi strateji zərurət kimi meydana çıxır. Bakı və Daşkənd arasında qurulan müttəfiqlik modeli regiondaxili proseslərin əsas istiqamətverici qüvvəsinə çevrilir. Dövlət başçılarının bəyanatlarında əksini tapan strateji xətt regionun xarici güc mərkəzlərindən asılılığını minimuma endirmək, müstəqil qərarvermə proseslərini gücləndirmək məqsədinə xidmət edir. Prezidentlər tərəfindən irəli sürülən təşəbbüslər xalqların tarixi tellərini möhkəm institusional bazaya bağlayır. Müttəfiqlik Müqaviləsi dövlətlərin qarşılıqlı təhlükəsizlik təminatlarını möhkəmləndirir, habelə beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə hüquqi zəmin yaradır.
Siyasi dialoqun institusionallaşması baxımından Daşkənddə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi münasibətlərin inkişafında tarixi dönüş nöqtəsidir. Ali Şuranın fəaliyyətə başlaması iki ölkə arasındakı əlaqələri ən yüksək siyasi-hüquqi müstəviyə yüksəldərək strateji tərəfdaşlığın daha sistemli və davamlı xarakter almasına şərait yaradır. Bu ali struktur qəbul edilən qərarların icrasına nəzarət edən, uzunmüddətli strateji hədəfləri müəyyənləşdirən və dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərini əlaqələndirən idarəetmə mexanizmi kimi çıxış edir.
Azərbaycan və Özbəkistanın xarici siyasət doktrinalarında müstəqilliyin, suverenliyin və milli maraqların qorunması ali meyardır. Hər iki paytaxt beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqlik nümayiş etdirir. Qlobal miqyasda ikili standartların müşahidə olunduğu şəraitdə Bakı və Daşkəndin nümayiş etdirdiyi qətiyyətli mövqe regional sabitliyin başlıca qarantıdır. Dövlətlərin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində sərgilədiyi mütləq həmrəylik Avrasiyanın siyasi mənzərəsini yenidən cızır. Qərb və Şərq, Şimal və Cənub dəhlizlərinin kəsişməsində yerləşən coğrafi ərazilərin vahid siyasi iradə ətrafında cəmləşməsi qlobal güclərin regiona dair hesablamalarını dəyişdirməyə məcbur qoyur.
***
Cənubi Qafqaz və Mərkəzi Asiyanın təhlükəsizliyi qarşılıqlı vəhdət təşkil edir. Xəzər dənizi iki mühüm coğrafiyanı qovuşduran strateji məkana çevrilir. Regionda təhlükəsizlik və sabitliyin qorunması kənar dairələrin müdaxiləsindən asılı qalmadan, bilavasitə region dövlətlərinin müştərək iradəsi hesabına təmin olunmalıdır. Bakı və Daşkənd tərəfindən həyata keçirilən xarici siyasət məhz həmin mühüm prinsipə söykənir. Qüdrətli orduya, möhkəm siyasi sabitliyə və müstəqil qərarvermə qabiliyyətinə malik Azərbaycan və Özbəkistan qlobal güc mərkəzlərinin asılılığından qurtulmuş yeni təhlükəsizlik mexanizminin təməl sütunlarını təşkil edir.
Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlər qeyd edilən qovuşmanın miqyasını nümayiş etdirir. Regional əməkdaşlığın inkişafı, sadəcə, coğrafi yaxınlıqla izah edilə bilməz. Bu inkişaf dərin siyasi inamın və strateji tərəfdaşlığın bilavasitə təzahürüdür. Siyasi dialoqun ali səviyyədə qorunması qəbul edilən bütün qərarların sürətlə və tam dəqiqliklə icra olunmasını şərtləndirir. Tərəflər bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan nizamın formalaşmasında qlobal səhnədə aparıcı qüvvə kimi irəli çıxır.
Müttəfiqlik münasibətlərinin mərkəzində dayanan əsas amillərdən biri hərbi-siyasi koordinasiyanın dərinləşdirilməsidir. Xarici müdaxilə risklərinin və hibrid təhdidlərin artdığı müasir dövrdə dövlətlərin müdafiə qabiliyyətlərinin sinxronlaşdırılması xüsusi aktuallıq kəsb edir. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfər onun hərbi-siyasi təcrübəsini beynəlxalq səviyyədə cəlbedici modelə çevirib. Özbəkistanın da müdafiə sferasında həyata keçirdiyi islahatlar hər iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsinin əhəmiyyətini göstərir. Daşkənddə razılaşdırılan prinsiplər hərbi sferada etibarlı informasiya mübadiləsini, qarşılıqlı inamı və böhran vəziyyətlərində ortaq mövqenin nümayiş etdirilməsini tələb edir. Bu amil hər iki dövlətin qlobal və regional müstəvidə hərbi baxımdan daha hazırlıqlı, çevik və təhlükəsiz mövqe tutmasını təmin edən strateji zəmanət rolunu oynayır.
Müasir dünyada kiçik və orta gücə malik dövlətlərin ən böyük problemi böyük güclərin rəqabət meydanına çevrilməkdir. Xarici qüvvələr tarix boyu Qafqazı və Mərkəzi Asiyanı tabeliyində saxlamaq üçün məkrli strategiyalar sınaqdan keçiriblər. Lakin Bakı və Daşkənd xarici təzyiqləri neytrallaşdırmaq üçün ən doğru taktikanı seçib: konsolidasiya və mütləq həmrəylik. İmzalanan Müqavilə qlobal mərkəzlərə yönəlik açıq siyasi demarş qismində dəyərləndirilə bilər. Hər iki paytaxt bəyan edir ki, regionun taleyi kənarda, yad qitələrdə yox, məhz regionun daxilində həll ediləcək. Yeni müttəfiqlik modeli kənar qüvvələrin dağıdıcı fəaliyyət imkanlarını məhdudlaşdırır və ölkələri yad gündəliklərə sürüklənməkdən sığortalayır.
İki il əvvəl Qarabağın bərpası prosesində nümayiş etdirilən həmrəylik sonrakı dövrdə ardıcıl siyasi qərarlarla daha da möhkəmləndirilərək 2026-cı il avqustun 23-də Daşkənddə imzalanan Müttəfiqlik Müqaviləsi və Ali Dövlətlərarası Şuranın fəaliyyətə başlaması ilə yüksək hüquqi-siyasi mərhələyə yüksəldi. İki liderin nümayiş etdirdiyi güclü siyasi iradə və qəti mövqe bir daha göstərir ki, gələcək nəsillərin sülh və təhlükəsizlik şəraitində yaşaması Azərbaycan və Özbəkistanın xarici siyasət kursunun fundamental prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, imzalanan sazişlər yalnız Bakı və Daşkəndin milli maraqlarının qorunmasına xidmət etmir, eyni zamanda, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada sabitliyin, təhlükəsizliyin və strateji əməkdaşlığın yeni dayaq xəttini formalaşdırır.
Yusif ŞƏRİFZADƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















