Avropanın Cənubi Qafqaz təəssübü vuruşun, ölsəniz, bağışlayın...
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxud alman nazirin regiona səfərinin yaratdığı düşüncələr
Məlum olduğu kimi, Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanda və Ermənistanda səfərdə oldu. Onun XİN rəhbəri qismində Cənubi Qafqaza gəlişini səmərəli saymaq mümkündür. Əvvəla, onu nəzərə alaq ki, Bakı-Berlin münasibətləri sabit xətt üzrə inkişafdadır. Fikrimizi sübuta yetirəcək əyani nümunələr var. Məsələn, bu ilin iyulunda Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini xatırlamağa dəyər. Səfər zamanı “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.
Dövlətimizin başçısı noyabrın 17-də nazir Vadefulu qəbul edərkən onlara diqqət çəkdi. Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı üzərində dayanıldı. Bütün bunlar öz yerində. Diqqət yetirmək istədiyimiz mətləb isə xeyli fərqlidir. Özü də bu mətləb yalnız Almaniyanın XİN rəhbəri ilə bağlı deyil.
Yohan David Vadeful Cənubi Qafqaza səfəri əsnasında bildirmişdi ki, Rusiyanın regiona təsirini gücləndirmək cəhdləri fonunda Ermənistan və Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə yardım göstərmək niyyətindədir. İlk sual da budur: Nəyə görə Bakı və İrəvanla əlaqələrin möhkəmləndirilməsinə yardım məsələsi Rusiyanın təsiri kontekstində dəyərləndirilməlidir? Belə çıxır ki, bu təsir olmasa, yardım da olmayacaq?
Daha bir sual budur ki, yardım Cənubi Qafqaz ölkələrinin anti-Rusiya dirənişini körükləmək üçündürmü? Yəni avropalılar bu düşüncənin zərərli olduğunu anlamırlar? Məlumdur ki, “köhnə qitə”də anti-Rusiya ovqatını diri tutmaq istəyən yalnız Almaniyanın XİN rəhbəri deyil. İndiki halda Yohan David Vadeful belələrinin, müəyyən mənada, ümumiləşdirilmiş obrazıdır. Avropada çoxu Cənubi Qafqaz ölkələri ilə münasibətlərin yeni anti-Rusiya cəbhəsi yaratmaq üçün lazım olduğu qənaətindədir.
Baxış olduqca primitivdir. Təxminən, belə: Rusiyanı qovun, onunla münaqişəyə girin, öldürün və ölün, sağ qalsanız, bizə tərəf gələrsiniz. Gəlib qapıda gözləyək? Hər halda, Avropanın qonaqpərvər siması yoxdur və ya bu sima çoxdanın söhbətidir. Belə olan təqdirdə, nə üçün regiondakı xalqlar “köhnə qitə”nin təhriki ilə Rusiyaya qarşı durmalıdırlar?
Əlbəttə, Rusiyaya simpatiya ilə yanaşmağımız mümkünsüzdür. Çünki Cənubi Qafqaz xalqlarının baxışları anti-Rusiya təmayüllüdür və bunu hansısa avropalı aşılamayıb. Rusiya özü özünə hər cür pisliyi edib. Region xalqları, sadəcə, bu pisliyi dərk ediblər. Nəticədə, ölkə hazırda, yumşaq desək, müsbət imicə malik deyil.
Sözümüz ondadır ki, kimə qarşı cəbhə açmaq, kimə simpatiya ilə yanaşmaq qərarını region xalqlarının özləri verməlidirlər. Azərbaycan çoxdan belə düşüncədədir və yanaşmasını balanslı xarici siyasət strategiyasında möhkəmləndirib. Ermənistan rəhbərliyi də tədricən müstəqil siyasət xətti göstərmək əzmini ortaya qoymaqdadır. Buna müvəffəq olacaq, yoxsa olmayacaq, başqa söhbətin mövzusudur.
***
Əlqərəz, Yohan David Vadeful bildirib ki, Ukrayna nümunəsində Avropa Rusiyanın təsirinin güclənməsinin hansı nəticələrə gətirib çıxara biləcəyini görür. Bəs “köhnə qitə”nin görmədiyi, yaxud görməzdən gəldiyi nədir? Avropa Ukrayna nümunəsində gördüklərinə görə özünü günahkar sayırmı? İnanmırıq ki, saysın və düşünsün ki, dünya müharibəsi həddinə gəlmiş Ukrayna böhranı yaşanmaya bilərdi.
Görəsən, hər gün canlar alan Rusiya- Ukrayna müharibəsi yalnız ikincinin Avropaya yaxınlaşmaq kursu səbəbindənmi baş verdi? Əlbəttə ki, yox. Digər tərəfdən, artıq müharibə “köhnə qitə”yə də sıçrayıb. Bu gün Qara dənizin Bolqarıstan və Rumıniya sularındakı gəmilər PUA hücumuna məruz qalmaqdadırlar, ölən və yararlananlar, hətta itkin düşənlər var. “Köhnə qitə”nin siyasətçiləri və bu siyasətçiləri əlində alətə çevilmiş media orqanları isə ağızlarına su alıb susublar. Görəsən, niyə mövzuya toxunmurlar? Axı başqa vaxt qarışqadan fil düzəltməkdə pərgar idilər...
Nə isə, almaniyalı nazir hesab edir ki, Ermənistanın Avropaya yaxınlaşması imkanından istifadə etmək, bu ölkə ilə siyasi və ekoloji əlaqələri genişləndirmək lazımdır. Yəni bunlar lazımdır ki, İrəvan yenidən Moskvanın peykinə çevrilməsin. Cənab Vadeful əlavə olaraq Ermənistanın uzun müddət iqtisadi və hərbi baxımdan Rusiyadan asılı vəziyyətdə qaldığını vurğulamağı da yaddan çıxarmayıb.
Əlbəttə, səfər öncəsi özünü erməni auditoriyasına hesablanan fikir bildirməyə kökləmiş alman naziri sırf bu mənada anlamaq mümkündür. Amma biz ona ciddi siyasətçi kimi yanaşdığımızdan, əvvəl diqqətə çatdırdığımız fikirlərini də nəzərə alıb sual edirik: Avropa Ermənistanı ikinci Ukrayna etməyi düşünür? Yaxud Ermənistan daha nə etməlidir ki, ona “Cənubi Qafqazın Ukraynası” deyilsin, şəninə musiqilər qoşulub, saxta sentimental havalar çalınsın?
Aydındır ki, nə Ukraynadakı, nə də Ermənistandakı inkişaf, lap elə demokratik tərəqqi kimi qələmə verilənlər Avropa standartlarına uyğun deyil və yaxın 50 ildə bu uyğunluğa ümid bəsləməyə dəyməz. Elə isə Almaniya kimi aparıcı Avropa ölkəsinin məsul şəxsi, yəni XİN rəhbəri İrəvanın “köhnə qitə”yə yaxınlaşmaq kursuna dəstək deyəndə nəyi nəzərdə tutur? Bəlkə Rusiyanın sanksiyaları səbəbindən yollarda zay olmuş erməni əriyi üçün Avropada piştaxtalar tapmaq göstərişi verəcək?
Dediklərimizdən elə çıxmasın ki, Almaniyanın XİN rəhbərinin Cənubi Qafqaz ölkələrinə səfərini gözdən salmaq niyyətindəyik. Əsla belə deyil. Əvvəldə də Bakı- Berlin münasibətlərinin müsbət ahəngindən söz açdıq. Elə cənab Vadefulun səfər əsnasında dilə gətirdiyi fikirlərdə də pozitiv məqamların olduğunu vurğulamaq yerinə düşər. Məsələn, alman nazir digər məqsədinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərmək olduğunu bildirib. Onun sözlərinə görə, bu, sülh yolu ilə nizamlanma perspektivi olan azsaylı münaqişələrdən biridir.
“İki ölkə arasında sülh sazişinin imzalanmasına öz töhfəmi vermək istəyirəm”, – deyən XİN başçısı vurğulayıb ki, tərəflər artıq əsasən hazırlanmış saziş mətninin qəbuluna razıdırlar. Vadefulun sözlərinə görə, onilliklər boyu davam edən qarşıdurmadan sonra bu razılaşma müharibələr və insan tələfatı ilə dəfələrlə üzləşmiş Avropa regionunda sülhün qərarlaşması üçün imkan yarada, sıx iqtisadi əməkdaşlıq perspektivləri formalaşdıra bilər. Amma...
“Əmma” ondadır ki, avropalılar həmişə əsas mahiyyətin ətrafında gəzişirlər. Onlar hələ torpaqlarımız işğal altında olanda sülhün vacibliyini bildirir, buna səy göstərdiklərini dilə gətirir, pasifist görkəm alır, barış naminə təcavüzə son qoymağın zəruriliyi bildiriləndə isə özlərini görməzliyə və eşitməzliyə vururdular. Durum, daha doğrusu, yanaşma heç dəyişməyib.
Yenə avropalılar, bütövlükdə, qərblilər sülhdən dəm vururlar, amma onun fundamentallığı kazusunu gündəmə gətirmir, demirlər ki, Ermənistan konstitusiyasının işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsi istinadı sıradan çıxarmalı, ümumən, ölkənin hüquq sistemi başqa dövlətə qarşı ərazi iddiası məntiqindən uzaq durmalıdır. Axı bu məntiq həm də ağır yük, obrazlı desək, ağır daş olub sadə ermənilərin boyunlarından asılmışdı.
Səmimi şəkildə, heç bir məqsəd və məram güdmədən onların qayğısına qalmaq olmazmı? Sualımız ritorikdir. Çünki sadəlövh deyilik.
Əvəz CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Noyabr 2026 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















