Avtobus sürücülüyündən diktatorluğa Maduronun həyat hekayəsi
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son 3 gündə Venesuela dünyanın diqqət mərkəzindədir. ABŞ-nin xüsusi əməliyyatı zamanı ələ keçirilən ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores narkotik ticarəti ilə bağlı ittihamlarla üzləşmək üçün Nyu-Yorka aparılıb. ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-Yorkdakı ofisində Maduronun videosu da ictimaiyyətə yayılıb. Bəs ABŞ-a qarşı meydan oxuyan bəyanatları ilə yadda qalan Maduro kimdir? Daha da önəmlisi, ABŞ niyə Maduronu hədəf aldı?
23 noyabr 1962-ci ildə Venesuelanın paytaxtı Karakasda anadan olan Maduro orta məktəbdən sonra təhsilini davam etdirməyib.
1986-cı ildə həmkarlar ittifaqı üzrə təhsil almaq üçün bir il müddətinə kommunist Kubasına göndərilib. Ölkəsinə qayıtdıqdan sonra avtobus sürücüsü və həmkarlar ittifaqı təşkilatçısı kimi işləməyə başlayıb.
Maduronun Venesuelanın mərhum Prezidenti Uqo Çaveslə tanışlığı da 1980-ci illərin sonunda başlayıb.
Maduro üçün kritik dönüş nöqtələrindən biri 1992-ci il olub. Çavesi xalqın narazılığına səbəb olan qənaət siyasətini həyata keçirən hökumətə qarşı uğursuz çevriliş cəhdində dəstəkləməklə Maduro prezidentin rəğbətini qazana bilib.
Çevriliş cəhdindən sonra Çaves həbs olunsa da, Maduro onu dəstəkləməyə davam edib. Məhz bu zaman Maduro Çavesin vəkili olan həyat yoldaşı Siliya Floreslə tanış olub.
Maduronun 13 illik hakimiyyəti dövründə onun ən yaxın dəstəkçilərindən biri həyat yoldaşı Siliya Flores olub. Maduronun prezidentliyi dövründə Flores baş prokuror da daxil olmaqla bir neçə mühüm vəzifədə çalışıb və bu prosesdə öz siyasi kapitalını quraraq Venesuelanın ən güclü qadınlarından birinə çevrilib.
1956-cı ildə Tinaquillo şəhərinin fəhlə məhəlləsində anadan olan Flores Maduro ilə Çavista hərəkatının ilk günlərində tanış olub. Flores 1992-ci ildə çevriliş cəhdindən sonra məhkəmə prosesi zamanı Çavesi və onun zabitlərini dəstəkləyib. Maduronun mehribanlıqla "Silita" adlandırdığı münasibətləri 30 ildən çox davam etsə də, Flores də öz yolunu tutub. Cütlük 2013-cü ilin iyulunda rəsmi olaraq evlənib.
2000-ci ildə parlament üzvü seçilən və 2005-ci il seçkilərində öz yerini qoruyan Flores, Maduro xarici işlər naziri olduqdan sonra Venesuelada assambleyanın ilk sədri oldu. Floresin prezidentliyi jurnalistlərin iclas zalına gəlməsinə qadağa qoyması və onun qohumlarını işə götürməsi ilə bağlı geniş yayılmış iddialarla yadda qalıb.
Çaves azadlığa buraxıldıqdan sonra o, 1998-ci ildə prezident seçilib. O zaman gənc parlament üzvü olan Maduro Venesuelanın ölkənin neft sərvətlərinin və siyasi gücünün OPEC daxilində yenidən bölüşdürülməsi səylərində mühüm rol oynayıb.
Venesuela Vahid Sosialist Partiyasının tanınmış simasına çevrilən Maduro 2000-ci ildə Venesuela Milli Assambleyasına seçilib və 2005-ci ildə onun prezidenti olub. 2006-cı ildə Çaves Maduronu xarici işlər naziri təyin edib.
ÇAVEZ ONU XƏLƏFİ SEÇDİ
Maduro ilk dəfə 2012-ci ildə beynəlxalq mətbuatda manşetləri zəbt etdi. Həmin ilin oktyabrında dördüncü dəfə Venesuela Prezidenti seçilən Çaves ən yaxın müşavirlərindən biri olan və altı il xarici işlər naziri vəzifəsində çalışmış Maduronu vitse-prezident təyin etdi.
Əvvəldən Maduro Prezidentin varisi kimi görünürdü və xərçəng xəstəsi kimi həyatının son illərini yaşayan Çavesin yanında idi.
2013-cü ilin martında Çavesin ölümündən sonra "Maduro boşluğu doldura bilərmi?" sualı uzun müddət gündəmi zəbt etdi.
Venesuela konstitusiyasına görə, prezident altı il müddətinə fəaliyyət göstərir. Prezident səlahiyyətlərinin ilk dörd ilini başa vura bilmədikdə, vitse-prezident 30 gün ərzində seçkilər keçirilənə qədər səlahiyyətlərini icra edir. Bununla belə, prezident səlahiyyətlərinin son iki ilində istefa verməyə məcbur olarsa, vitse-prezident səlahiyyət müddətinin sonuna qədər onların səlahiyyətlərini icra edir.
2014-cü İLDƏ ETİRAZLARIN HƏDƏFİ OLDU
Maduronun müvəqqəti prezidentliyinin ilk aylarında Venesuelada iqtisadi çətinliklər və həyat səviyyəsinin aşağı düşməsi vətəndaşların etirazlarına səbəb oldu. Karakas hökumətinin etirazlara sərt reaksiyası Maduronun ölkədəki populyarlığının azalmasına səbəb oldu. Lakin Maduro elə həmin il seçkilərdə cüzi fərqlə də olsa, qalib gəlməyi bacardı
Üç il sonra etirazlar yoxsulluq və boş supermarket rəfləri səbəbindən daha şiddətli şəkildə davam etdi və nəticədə 100-dən çox adam öldü.
Venesuela iqtisadiyyatı 2012-2020-ci illər arasında 71 faiz kiçildi və inflyasiya 130.000 faizi keçdi.
SUİ-QƏSD CƏHDİ
Maduro 2018-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb. Televiziyada yayımlanan ictimai çıxış zamanı uzaqdan idarə olunan bombalar partlasa da, Maduro xəsarət almayıb. İnsident zamanı bir neçə əsgər yaralanıb.
2018-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi ölkədə etiraz aksiyalarının yatırılması zamanı törədilmiş mümkün insanlıq cinayətləri ilə bağlı təhqiqata başlayıb.
2019-cu ildə Venesuela Milli Assambleyası Maduronun seçkilərdə ədalətli qalib gəlmədiyi və ölkənin legitim prezidenti olmadığı barədə qərar çıxarmışdı.
2018-ci il prezident seçkiləri bir çox müxalifət liderinin seçkiyə qatılmasının qarşısı alındıqdan sonra müxalifət tərəfindən boykot edildi. Bundan sonra bir çox ölkə Maduronun yenidən seçilməsini qeyri-legitim elan etdi və Milli Assambleyanın prezidenti Xuan Quaydonu Venesuelanın seçilmiş lideri kimi tanıdı. Maduronun ABŞ Dövlət Departamentinin saytındakı profilinə görə, 2019-cu ildən bəri ABŞ da daxil olmaqla 50-dən çox ölkə Maduronu Venesuela prezidenti kimi tanımadıqlarını açıqlayıb.
2024-cü İL SEÇKİSİ
Maduro ən son 2024-cü ilin iyulunda keçirilən seçkilərdə yenidən qalib gəldi, lakin bu nəticələrin də qanun pozuntuları ilə əldə olunduğu iddia edildi.
ABŞ-ın o zamankı dövlət katibi Antoni Blinken də seçkilərdə Maduronun qalib gəlmədiyini bəyan etmişdi: “Böyük dəlilləri nəzərə alsaq, Birləşmiş Ştatlar və ən əsası Venesuela xalqı üçün aydındır ki, 28 iyulda keçirilən prezident seçkilərində Edmundo Qonzales Urrutia daha çox səs toplayıb”.
Maduro 2025-ci ilin yanvarında andiçmə mərasimində sonra etdiyi çıxışında bibliya hekayəsinə istinad edərək özünü David peyğəmbərin nəhənglə döyüşməsinə bənzədib, ABŞ-dakı rəqiblərini və tərəfdarlarını andiçmə prosesini “dünya müharibəsi”nə çevirməyə çalışmaqda ittiham edib.
Maduro əlavə edib ki, düşmənlərinin onun üçüncü altı illik səlahiyyət müddətinin başlamasına mane ola bilməməsi Venesuelanın sülhü və milli suverenliyi üçün "böyük qələbə" olub: "Mən ABŞ hökuməti və ya Latın Amerikasının imperialist tərəfdarı hökumətləri tərəfindən prezident təyin edilməmişəm. Mən xalqdan gəlirəm, mən xalqın bir hissəsiyəm və gücüm bütünlüklə tariximdən gəlir”.
Həmin vaxt sonradan 2025-ci il Nobel Sülh Mükafatına layiq görülən Maria Korina Maçadonun da olduğu müxalifətçilərin qızışdırdığı küçə etirazları bir müddət davam etdi. Lakin yekunda bu etirazlar sərt repressiyalarla və itkilərlə yekunlaşdı. Maduronu devirmək mümkün olmadı.
Maduro keçmiş açıqlamalarında tez-tez ölkəsindəki problemlərin ABŞ-ın müdaxiləsindən qaynaqlandığını və Vaşinqtonun ona sui-qəsd hazırladığını iddia edirdi. Digər tərəfdən, xüsusilə Çin və Rusiya Karakasın ən yaxın beynəlxalq dəstəkçiləri idi.
“GÜNƏŞ KARTELİ” İTTİHAMI
Hakimiyyətdə olduğu illərdə Maduro narkotik və silah alveri ilə məşğul olan “Günəş karteli” təşkilatının lideri olmaqda ittiham olunurdu. 2020-ci ilin mart ayında Nyu-York prokurorluğu Maduroya qarşı narkoterrorizm iddianaməsi irəli sürüb.
İttiham aktı Maduronu kokain idxalı və silah saxlamaqda ittiham edir. Onun tutulmasına səbəb olan məlumat üçün mükafat təklif olunur. Ötən il ABŞ prezidenti Donald Tramp “Günəş karteli”ni terror təşkilatı elan edib, Maduronu onun lideri kimi tanıyıb və Venesuela prezidentinin həbsinə gətirib çıxara biləcək məlumat üçün nəzərdə tutulan mükafatın məbləğini 50 milyon dollara çatdırıb.
Lakin Venesuela prezidenti bu iddiaları rədd edirdi. Maduro ABŞ-ı onu devirmək və Venesuelanın böyük neft ehtiyatlarını ələ keçirmək üçün “narkotiklərə qarşı müharibə”dən bəhanə kimi istifadə etməkdə ittiham edir.
ABŞ-nin MADURONUN ARXASINCA DÜŞMƏSİNİN 6 SƏBƏBİ
Bəs xüsusən də Tramp administrasiyası dövründə ABŞ-ın Maduroya təzyiqinin səbəbi nə idi? Ölkənin aparıcı siyasi nəşrlərindən biri olan “Axios” bu suala altı bənddə cavab verib:
1) Amerika qitəsinin bir nömrəli xalq düşməni: Ağ Ev üçün Maduro Qərb yarımkürəsindəki digər yaramazları dəstəkləyən yaramazdır. Tramp administrasiyası Venesuela, Kuba və Nikaraquaya “sosializm oxunun” əsas aktorları kimi baxır. Hətta Kolumbiya da nəzarət altındadır.
Administrasiya gizlətmir ki, Maduronun sosialist rejiminə qarşı düşmənçiliyi ideologiya olduğu qədər narkotiklə də bağlıdır.
2. Kokain alveri: ABŞ “Tren de Araqua” və “Sinaloa kartelləri” kimi narkotik ticarəti ilə məşğul olan qruplaşmaların Venesuela hökuməti tərəfindən dəstəkləndiyini, məhz dövlət tərəfindən maliyyələşdirildiyini iddia edir. Tramp həmçinin Maduronu bu qrupların üzvlərini qəsdən ABŞ-a göndərməkdə ittiham edib.
Keçən il yayımlanan ABŞ kəşfiyyat memorandumunda Maduronun “Tren de Araqua”ya faktiki nəzarət etmədiyi bildirilirdi. Bu, Tramp administrasiyasının bəzi üzvlərini qəzəbləndirdi, lakin Maduroya qarşı ittiham aktında onun narkotik alveri ilə əlaqəsi təfərrüatları ilə izah edilirdi.
Xatırladaq ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ABŞ-ın son bir neçə ayda narkotik daşımaqda şübhəli bilinən qayıqları hədəf alan reydlərinin rəsmi əsası idi. Maduronun başına qoyulan mükafat da narkotik ticarəti ilə bağlı ittihamlarla əlaqələndirilib.
3. Neft: Venesuela dünyanın ən böyük məlum neft ehtiyatlarına malikdir. Tramp Venesuelanı ölkənin neft yataqlarının milliləşdirilməsindən sonra avadanlığın ələ keçirilməsini əsas gətirərək, onu ABŞ neftini “oğurlamaqda” günahlandırıb. Dünən axşam verdiyi açıqlamada ABŞ prezidenti xüsusi olaraq bu məsələyə toxunaraq, ABŞ-ın Venesuelanın neft infrastrukturunu bərpa edəcəyini və ələ keçirmələr zamanı zərər görən ABŞ şirkətlərinə təzminat ödəyəcəyini bildirib.
4. Miqrasiya: Son illərdə Venesuelada iqtisadi çətinliklər və siyasi repressiyalar kütləvi miqrasiya dalğasına səbəb olub. Atlantik Şuranın məlumatına görə, son on ildə 8 milyon venesuelalı ölkəni tərk edib və bu, "yarımkürənin yaxın tarixində ən böyük kütləvi miqrasiya dalğası" olub.
Miqrasiya dalğası Venesuelanın problemlərini ABŞ-ın da probleminə çevirib. Yadınızdadırsa, Tramp 2025-ci ildə vəzifəyə qayıdandan sonra ABŞ-a miqrant axınını dayandırmaqda qərarlı olduğunu bildirmişdi.
5. Qızıl: Venesuela təkcə böyük neft ehtiyatlarına deyil, həm də böyük qızıl ehtiyatlarına malikdir. Vaşinqton iddia edir ki, Venesuela bu resurslar sayəsində illərdir ABŞ-ın təzyiqlərinə tab gətirə bilib.
Silah, yanacaq və ya nağd pul almaq üçün istifadə oluna bilən qızılın sanksiyalardan yayınmaq üçün əhəmiyyətli bir vasitə kimi istifadə edildiyi iddia edilir.
6. Maduronun xarici müttəfiqləri: Venesuela ABŞ-ın bir çox düşmənləri ilə müttəfiqdir. Ona görə də ABŞ-ın dünənki hücumunun bəzi xarici güclərə “Bu yarımkürədən uzaq dur” mesajı daşıdığı kimi də şərh edilir. Məsələn, Venesuela neftinin ən böyük alıcısı olan Çin ABŞ-ın ölkəyə müdaxiləsini pisləyib.
İran və Hizbullah ABŞ-ın xarici siyasətinə qarşı çıxan “birlik oxu” ittifaqının bir hissəsidir və Venesuela da onlardan biridir. Rusiya və Venesuela da uzun müddətdir tərəfdaşdırlar.
SON - MADURO VƏ HƏYAT YOLDAŞI NYU-YORK HƏBSXANASINDA
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanaya aparılıb. Maduro və Floresin olduğu təyyarə dünən yerli vaxtla saat 16:30 radələrində Nyu-Yorkdakı Stüart Hava Milli Qvardiyasının bazasına eniş edib.
Daha sonra Venesuela lideri və həyat yoldaşı Manhettendəki ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, oradan isə həbsxanaya aparılıb. Maduro bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxa bilər.
MADURO VƏ ONUN AİLƏSİ NƏDƏ İTTİHAM OLUNUR?
ABŞ Ədliyyə Departamenti Nikolas Maduro, onun ailəsi və Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını açıqlayıb. Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı, birinci xanım Siliya Flores, daxili işlər naziri Diosdado Kabeleo, sabiq ədliyyə naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Araqua”nın lideri Ektor Gerrero Floresin də adları var.
Hazırladı: İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















