Icma.az
close
up
RU
Aydın Kazımzadə: İki qadın var idi, həyat yoldaşları haqqında danışanda göz yaşları tökürdülər

Aydın Kazımzadə: İki qadın var idi, həyat yoldaşları haqqında danışanda göz yaşları tökürdülər

Kinomuzun fədakar tədqiqatçısı Aydın Kazımzadənin 85 yaşı tamam oldu. Onu "canlı kino ensiklopediyası" da adlandırırlar. Zarafat deyil, gəncliyindən bəri ömrünü bu sahənin araşdırmasına həsr edib, bilinməyən faktları, tanınmayan insanları tanıdıb. Ən əsası, kinomuzun başlanğıc tarixi onun üzə çıxardığı faktlarla təsdiq olunub.

A.Kazımzadə kinoşünas və peşəkar jurnalist kimi bu sahədə onlarla kitabın müəllifidir. Aydın müəllim bu gün də kinoya sədaqətindən əl çəkmir, yazır, yaradır...

Oxu.Az "Kaspi" qəzetinə istinadən Aydın Kazımzadə ilə müsahibəni təqdim edir:

Ömürdən düşən kərpiclər

- Aydın müəllim, 85 yaş ömrün həssas çağıdır. Özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha... Ayağımda ağrılar olmasa, daha yaxşı olaram. Qocalıqdır. Ömür gedir....

- Demək istəyirsiniz, yaş öz işini görür?

- Əlbəttə, yaş öz işini görür. Allah insanın elə yaradıb ki, o, ömrünün axırına qədər eyni vəziyyətdə qalmır. Ona görə deyirlər ki, insan 40 yaşına qədər inkişaf edir. Necə ki, ev tikəndə bünövrə qoyursan, insan da elədir. Bünövrə insanın yaranmasıdır. Sonra kərpiclər qoyulur. Bunlar da insan bədənindəki hüceyrələrdir. İnsan inkişaf edir və 40 yaşına çatır. Bu yaşda ev tikilir, qurtarır, insan da inkişafdan dayanır. Hər kərpic düşdükcə ev tökülüb gedir və nə vaxtsa o ev artıq öz ömrünü başa vurur. Artıq onun yerinə başqasını tikirlər, amma həmin insanı yenidən yarada bilmirlər.

- Amma şükür ki, siz yazırsınız, yaradırsınız...

- Məni yazmaq saxlayır. İnsan təqaüdə çıxandan sonra bekar qalırsa, bu, onu məhvə aparır. Çünki işsiz qalanda darıxır, nə edəcəyini bilmir. Bir də var ki, təqaüdə çıxandan sonra işləyəsən. İnandırım sizi, mənim nə şənbəm, nə bazar günüm var. Yuxudan duran kimi bütün prosedurları yerinə yetirirəm. 30 dəqiqə idman edirəm, səhər yeməyi yeyirəm, dərmanlarımı içirəm, həyətdə gəzirəm: bu, mənim rejimimdir. Addımölçənlə gündə 3 km gəzirəm, sonra iş stolumun arxasına keçirəm. Həkim dedi ki, səhər gündə bir km-dən az gəzsən, ayaqların əməliyyat olunacaq. Mən də həkim deyənə əməl edirəm. Artıq bu, mənim həyat tərzimdir. Nə qədər ki həyat yoldaşım vardı, hər şey başqa idi. Hər işi o həll edirdi, mənim dünyadan xəbərim yox idi. İndi evdə olsaydı, sizin üçün də stol açacaqdı. Amma o, artıq yoxdur... Mən də tək yaşayıram. Əhmədli qəsəbəsində yaşayırdım. İndi köçüb 8-ci km qəsəbəsinə gəlmişəm. Qonşu blokda nəvəm yaşayır. Sağ olsun, Prezident mənə ev hədiyyə etdi. Günümü o evdə nəvə-nəticələrimlə keçirirəm. Yazı yazmaq üçün buraya gəlirəm. Bilirsinizmi, mən çox çətin həyat yaşamışam. Nə atam, nə arxamda duran bir başqa kimsəm olub.

Anam iki oğul böyüdüb və hər ikimizi oxudub. Çətin dövr idi. Mən yeddi illik məktəbi bitirmək haqqında sənəd aldım və gecə məktəbinə getdim, gündüzlər isə işləyib ailəyə kömək edirdim. Xarrat sexində işləyirdim. İşim çox ağır idi. Gecə məktəbinə gedəndə məni yuxu basırdı. Universitetin jurnalistika fakültəsinə daxil oldum. Həmçinin "Lenin tərbiyəsi uğrunda" qəzetində korrektor, daha sonra ədəbi işçi işləyirdim. 30 manat əmək haqqı və institutdan da o qədər təqaüd alır, evə kömək edirdim. Dərsdən sonra redaksiyaya qaçır, axşam də gəlib dərs oxuyurdum. Beş ilim belə keçdi. 60-70-ci illərdə "Bakı" qəzetində kino ilə bağlı məqalələrim çap olunurdu. Bu yolla gəlib kinoya düşdüm. "Kinoprokat"dakı kino bülleteni şöbəsində fotoqraf kimi işə başladım. Bir müddət sonra həmin reklam bülletenini kino qəzetinə çevirdim. 1966-cı ildə "Film" jurnalının nəşrinə icazə aldıq. Jurnalın və qəzetin ölkə üzrə böyük abunəsi vardı. Ona görə Azərbaycanda kino mətbuatının yaradıcısı olmağımla fəxr edirəm. Bu minvalla bütün SSRİ-ni gəzdim, BAM-a qədər gedib çıxdım.

"Mən elə şeylər bilirəm ki..."

- Şkafdakı qovluqlar nə haqdadır? Onları arxivə vermək haqda düşünürsünüzmü?

- Yox, düşünmürəm. Orada bunları dağıdarlar. Nəticələrimə əmanət edəcəyəm. Birinin 9, birinin 5 yaşı var. Hər ikisi dram dərnəyinə gedir. Böyük nəticəm, həmçinin piano məktəbində oxuyur. Bunlar mənim 1963-cü ildən, kinoya gəldiyım gündən bu günə qədər yığdığım arxiv materiallarıdır. Bizim redaksiyamız sovet dövründə bütün qəzetləri alırdı. Kino ilə bağlı hansı material gedirdisə onu kəsir, tarixlərini yazırdılar. Sibirdən, BAM-dan kino ilə bağlı materialları kəsib göndərirdilər. Mən də onları toplayırdım. Özüm də "Sovet ekranı", "Kino incəsənəti" jurnallarına abunə idim. O jurnallarda ölkəmizə aid nə material vardısa kəsib götürürdüm. Həmçinin bu arxivdə bizim müxtəlif kino adamları haqqında materiallar var. Adil İsgəndərov, Rüstəm İbrahimbəyov, Eldar Quliyev, Leyla Bədirbəyli, Rasim Balayev, Ağarza Quliyevə və başqalarına aid qovluqlar var.

Elə adamlar var ki, haqlarında 3-4 qovluq toplamışam. Hüseyn Seyidzadə haqqında kitab yazmalı idim, amma yiyə duran olmadı. Kitabı yazıb Mədəniyyət Nazirliyinin nəşriyyat şöbəsinə verdim. "Sən yaz, göndərək yoxlatdıraq, görək lazımdır, yoxsa yox" dedilər. Dedim "37 kitab çap etdirmişəm, indi lazım olmadı? Mən başdan-ayağa kinoyam. Kino mətbuatının əsasını qoymuşam". Ona görə "Ekran arxasındakı həyat" kitabını öz xərcimlə çap etdirdim. Nəşrə altı min manat xərclədim. Satışa da qoymadım. Bir var, kitab yazanda hansısa mənbələrdən istifadə edəsən, bir də var, mən bu adamlarla oturub-durmuşam. 1963-cü ildə ilk dəfə kinostudiyanın qapısından daxil olanda Tofiq Tağızadə, Muxtar Dadaşov və səs operatoru Ağahüseyn Kərimovu gördüm. Mən Tofiq Tağızadə ilə görüşməyə gəlmişdim. 23 yaşım vardı. Vaxt keçdikcə kinostudiyanın bütün nəhəng insanları ilə tanış oldum. Sonra da onlardan ayrıla bilmədim. Onlarla dostlaşdıqca aramızda ata-bala münasibəti yarandı. Onların isti münasibəti məni tamamilə kinostudiyaya bağladı. Onlar dünyalarını dəyişdikcə hər dəfə elə bilirdim ki, atamı itirirəm.

İndi siz necə mənim evimə gəlmisiniz, mən də on illərlə bu cür insanların evində olmuşam. Mən elə şeylər bilirəm ki...

- Kino adamlarının da tanımadığı adamları deyirsiniz yəqin...

- Siyahımda nə qədər "ilklər" var. Elə adamlar var ki, heç kino adamları onları tanımır. İki qadın var idi, onlar həyat yoldaşları haqqında danışanda göz yaşları tökürdülər. Biri Həsən Seyidbəylinin həyat yoldaşı idi, biri də Mirzəquliyevin - "Məşədi İbad"da Sərvəri oynayan aktyorun həyat yoldaşı. 20-ci illərdən kinoda işləyən Mikayıl Mikayılovun İçərişəhərdəki evində olmuşam. Onun gözləri tutulmuşdu. Azərbaycanın ilk kinooperatoru İsmixanovu tapdıq. "Gəlin, onun yaşadığı evə bir lövhə vuraq. Qoy gələcək nəsil bilsin ki, ilk filmlərimiz harada istehsal olunub", - deyə təklif etdim. Filmlərin ilk nümayiş olunduğu yeri də tapmışam. İlk dəfə Məsumə Rzayeva adlı bir alimimiz qəzetdə oxumuşdu ki, Mişon adında bir nəfər Bakıda kino çəkib. Mən onun kimliyini araşdırmağa başladım. Öyrəndim ki, Aleksandr Mixaylovuç Mişon fransız deyil, rusdur. 1879-cu ildə ailəsi ilə Bakıya gəlib və 35 il burada yaşayıb. O dövrün qəzetlərini araşdırarkən onun haqqında yazılar tapdım. Məlum oldu ki, bu adam təkcə kinooperator olmayıb. Burada nəşriyyat açıb, jurnal çıxarıb, filmlər çəkib, fotoatelyesi olub.

"Kaspi" qəzetindən onun foto dərnəyində dərs dediyi proqramı da tapdım. İlk dəfə filmləri nümayiş etdirdiyi yeri, atelyesini də aşkarladım. Araşdırmalar zamanı çox maraqlı faktlar üzə çıxdı. Məlum oldu ki, Mişon 1898-ci il iyunun 21-də çəkdiyi filmləri eksperiment kimi Vasil-Vyatskinin teatr sirkində göstərib ki, görsün, camaat necə reaksiya verir. Avqustun 2-də həmin teatr sirkdə "Bibiheybətdə neft fontanı yanğını", "Gəminin yola düşməyi", "Şəhər bağında xalq gəzintisi" kinosüjetlərini nümayiş etdirib və böyük uğur qazanıb.

Amma o filmlərlə bağlı heç yerə lövhə vurulmayıb. Məsələn, 1915-ci ildə Bakıya gələn "Piron qardaşları" studiyasında "Neft və milyonlar səltənətində" filmini çəkiblər. O film "Malakan bağı"nın yerində çəkilib. Həmin yerə bir lövhə vurmaq olar. Xarici ölkələrdə belə yerlər turizm marşrutuna çevrilir. Bizdə nəinki turistlər, heç özümüzünkülər bilmir. Amma görürəm ki, bu heç kəsin vecinə deyil. Milli kinomuzun tarixinin üzə çıxarılması ilə bağlı başım çox ağrıdı. Üstümə düşənlər çox oldu. Səndən qabaq bunları yazanlar var dedilər. Dedim ki, var, amma sübut yoxdur.

"Nə yaz, nə oxu, nə də televizora bax"

- Gərək ki, "Azərbaycan Kino Salnaməsi"nin birinci cildi çap olundu. Bəs ikinci cild nə vaxt işıq üzü görəcək?

- Bəli, birinci cild çap olundu. Bu, 1898-2018-ci illəri əhatə edir. İkinci cildin materialları 10 aydır ki, Mədəniyyət Nazirliyinə təqdim olunub. Film Fondun rəhbəri Cəmil Quliyev nazirliyə məktub da yazaraq materialı göndərib. Amma heç kəs maraqlanmır. Zəng vuranda da telefona cavab verən yoxdur ki, bir söz soruşasan.

- Salnamədə müasir kino dövrü də yer alıb?

- 2018-ci ilə qədər olan dövr əhatə olunub. Allah mənə ömür versə, ondan sonrakı dövrü də yazacağam. Amma kim bunu çap edəcək? Kim maraqlanacaq? Onu bilmirəm. 2018-dən sonra müharibə dövrüdür - Zəfər dövrü. O cümlədən, cənab Prezidentin Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi ilə bağlı Sərəncamına əsasən Azərbaycan Kino Ensiklopediyasının birinci cildi çap olunub. Hazırda ikinci cild üzərində işləyirəm. Allah mənə nə qədər ömür verib, o qədər də yaşayacağam. Allah mənə tapşırıb ki, bunların hamısını yaz, qurtar. Bu, missiyadır. Özümdən asılı olmadan edirəm. Mənə sanki vəhy gəlib. Saatın zəngini səhər 7-yə qurmuşam. Bunları yazmaq lazımdır. Haqqında yazılacaq adamlar var. Sadəcə, çatdıra bilmirəm. Səhhətim mane olur. Kinoda bilirsiniz nə qazandım? Açıq ürək əməliyyatına məcbur qaldım və hər iki gözüm kor oldu. Hər ikisini əməliyyat etdilər. Dedilər ki, nə yaz, nə oxu, nə də televizora bax. Mən də tərsinə etdim. Yazdım, oxudum və televiziyada xəbərlərə və Azərbaycan filmlərinə baxıram.

- Arzunuz nədir?

- Ulu Öndər Heydər Əliyev kinonun tarixinin dəyişdirilməsi ilə bağlı bir sıra adamlara fəxri adlar verdi. O cümlədən, mən də Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldüm. Beş ildən sonra Polad Bülbüloğlu mənim məşğul olduğum işlərin miqyasını və əhəmiyyətinə dəyər verdi. Əməkdar incəsənət xadimi adına layiq görülməyim üçün təqdimatımı şəxsən verdi. Kinoittifaqın ovaxtkı rəhbəri Şəfiqə Məmmədova gördü ki, təqaüdə çıxsam da, gecə-gündüz işləyirəm. Mənə Prezidentin fərdi təqaüdü və evin verilməsi üçün şəxsən o, təşəbbüs irəli sürdü. Bunların müqabilində mən də borclu qalmaq istəmirəm, öz töhfəmi verməliyəm. Dövlətimiz tərəfindən göstərilən qayğının müqabilində, bu diqqətə cavab verəcək qədər iş görmək istəyirəm...

seeBaxış sayı:26
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri