Aydın yolun yolçusu Daşdəmir ƏJDƏROĞLU yazır
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova (Musaqızı) ilə illərdir eyni binada çalışırıq. Vaxtilə minlərlə insanın iş yeri kimi qədəm qoyduğu “Azərbaycan” Nəşriyyatının əsas bir giriş-çıxışı olduğu üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban xanımdır. O qədər təvazökardır ki, yaxından bələd olmasan, heç baş redaktor olduğunu hiss etməzsən. Adama elə gəlir ki, binaya daxil olan bu xanım haradasa çalışan sadə peşə sahibidir...
İnsanları yaxşı tanıyır. Qayğıkeş olduğundan son tikəsini bölməyə hazırdır. Səbrli və təmkinlidir. Bu illər ərzində onun kiminləsə, nəyə görəsə mübahisə etdiyinin şahidi olmamışam. Ən gözəl xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət xüsusiyyətlərə önəm verir...
Müəllifi dəqiq yadımda qalmayıb, kimsə deyib ki, şairlər böyük şəhərlərin “cəhənnəm”indən bəs deyincə danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyib... Doğrudan da gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdır - insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır... Günəşin, Ayın, ulduzların... Allaha səcdə etdiyini görmədən necə sevsin?..”
Allahın sevdiyi və Allahı dərin məhəbbətlə sevən Şəmsiyyə xanım üçün tarazlıq çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddindən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozulduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Çox həssas insandır. Özündən əvvəl başqalarının reaksiyalarına diqqət yetirməyə meyllidir. Estetik hislərinin inkişafı, ictimai sahədə fəal olması onu sevilən, hörmətli insan kimi tanıtdırır... Xarakterik xüsusiyyətlərindən biri də budur ki, cazibədarlığı ilə münasibətlərdə son dərəcə təsiredici ola bilir. Dərin hislərə qapılmamağa üstünlük verir. Azadlığına önəm verməyi, müstəqilliyini qoruyub saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi gedir. Komandada çalışmağı xoşlayır...
O, çox prinsipial xanımdır. Jurnalistikanın mənafeyinə çox ciddi yanaşır, qlobal və taleyüklü məsələlərdə nadir hallarda güzəştə gedir. Əslində isə Şəmsiyyə Kərimova sadə qəlbə, düzgün dəyərlərə əsaslanan prinsipial xarakterə malik xanımdır və bir dəyərli qələm sahibi kimi həmişə həqiqət daşıyıcılarının - əsl yazarların, söz sərraflarının yanında durur.
Deyirlər ki, insanların bir-biri ilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində, əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmağın özüdür. Amma Ş.Kərimova Ucadan uca olan Allaha da, Onun yaratdığı insanlara - qohumlara da, dost-tanışa da, yerlilərinə də bağlı bir ziyalıdır. Təbiətdən bir an olsun belə ayrı qala bilmir. Hərdən elə mənəviyyatı zəif, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlara - o məşum dərin tənhalıq duyğusuna qapılanlara rast gəlirəm ki, həyatdan küsmək istəyirəm. İnsani hislərdən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur. Amma Şəmsiyyə xanımla ünsiyyət quran, onunla söhbət edən insan tamamilə dəyişir: saflığa, paklığa, təmizliyə, yüksək mədəniyyətə, xoş rəftara doğru...
Bəli, haqqında söhbət açdığım, şanlı yubileyinə xoş ürək sözlərimi ünvanladığım Şəmsiyyə Musaqızı maraqlı və məzmunlu xanımdır. Onu tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir. Onu tanıyandan sonra insanlara sevgin, məhəbbətin, ehtiramın artır.
Şəmsiyyə xanımın şirin danışıqları, maraqlı söhbətləri mənə güc verib, inam duyğusu aşılayıb. O, bir dost kimi gerçəklikləri üzə çıxarmaqda mənə yardım edib, əlindən gələni əsirgəməyib. Doğru-düzgün yolda olduğumu dönə-dönə bildirib. Gördüyüm işləri, yaradıcılıq uğurlarımı dəyərləndirməyi də unutmayıb. Yoluma su səpməkdən heç zaman çəkinməyib; “toz-tozanaq” olmasın deyə. Xeyirxahlığını, nəcibliyini dəfələrlə görmüşəm...
Böyük düşüncə adamı Mövlanə Cəlaləddin Ruminin ayrı-ayrı dillərə çevrilmiş “Məsnəviyi Şərifi” əsəri yeddi yüz ildən artıqdır ki, aktuallığını bu günədək qoruyub saxlayıb və bəşər tarixinin ölməz əsərləri sırasında yer tutub. Ortaq türk mədəniyyətinin parlaq və əvəzolunmaz şəxsiyyəti olan Rumi müdrikyana formada söylədiyi fikri elə bil ki, Şəmsiyyə xanıma şamil edib: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Bu sözlər böyük anlam daşıyır. Dərindən düşündükdə bəlli olur ki, dünya, Şəmsiyyə xanım kimi insanların üzərində qurulub, belə insanlara güvənir, duruş gətirir, yaşayır. Deyirlər ki, belə insanlar azdır. Olduqca az. Ola bilsin. Nə mən saymışam, nə də başqa birisi. Çünki bu, gerçəkdən də zor bir iş. Görünür, qızılın başlıca dəyərlərindən biri də onun azlığı və çətin tapılmasındadır. Odur ki, gerçək dəyərinin yüksək olması da elə bununla bağlıdır. Gerçək yaşamda olduğu kimi! Ancaq az da olsa, belə insanlar yaxşı ki, var. Onlara mən də rast gəlmişəm. Yaşam və yaradıcılığımın ayrı-ayrı dönəmlərində. Haqqında ağızdolusu və fəxrlə söz açdığım Şəmsiyyə xanım da o sıradan insanlarlandır...
Yaşlı nəsil qələm sahiblərinin sevimlisi, gənc bilim insanlarının yetişməsində və sonrakı gəlişməsində əlindən gələni əsirgəməyən dəyərli jurnalist. Ən başlıcası isə, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” fəlsəfəsinin klassik örnəyi.
O, gerçək dəyərindən də artıq dəyərlidir mənə. Çağı yetişdikcə, yaddaşımın dərin qatlarına baş vurur, gördüklərimi, bildiklərimi, eləcə də eşitdiklərimi tələsmədən, ardıcıllıqla sayğılı oxuculara – Şəmsiyyəsevərlərə çatdırmağa çalışıram. Bilənlər bilirlər, qoy bilməyənlər də bilsinlər. Haqqında söz açdığım insanı çoxu tanıyır. Tanımayanlar isə bu fani dünyada çox şey itiriblər. Çünki ulu Tanrının yaratdığı belə insanları, düşünürəm ki, hər kəs tanımalıdır. Odur ki, bir daha tanış olaq:
Şəmsiyyə Musa qızı Kərimova 24 noyabr 1955-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Tovuz şəhərində dünyaya göz açıb. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirib, elə həmin ildə sürücü-mexaniklik peşəsinə yiyələnmək üçün Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolunun Mərkəzi Komitəsi ona Bərdə rayonuna təyinat verib və burada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edən Şəmsiyyə xanımın müxtəlif məzmunlu yazıları “Azərbaycan gəncləri” qəzetində və o vaxt rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist... Jurnalist... Jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə tanınıb, oçerk müsabiqənin qalibi olub. Bu məqamı həmişə fərəhlə xatırladan Şəmsiyyə xanımın uşaqlıqdan yazıya böyük marağı olub.
O, 1979-cu ildə Bakıya gəlib, o vaxtkı “Komunist” nəşriyyatında işə başlayıb. Eyni vaxtda iki illik Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb və 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. Eyni zamanda ölkə mətbuatında mütəmadi olaraq çıxış edən Ş.Kərimova 1987-ci ildən “Azərbaycan gəncləri” qəzetində çalışıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1993-cü ildə universiteti bitirib. Respublikada baş verən məlum ictimai-siyasi proseslərdən sonra “Azərbaycan gəncləri” qəzeti fəaliyyətini dayandırdı. Məhz buna görə də taleyini mətbuata bağlamış bu qələm sahibi 1996-cı ildən “İki sahil”, 2003-cü ildə “Naxçıvan” qəzetində jurnalistlik fəaliyyətini davam etdirib. 2005-ci ildən isə “Yeni təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni təfəkkür" qəzetinin baş redaktorudur.
2010-cu ildə Milli Mətbuatın 135 illiyində ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır. “Nailiyyət”, “Fəxri jurnalist” diplomuna layiq görülüb. Vaxtilə təsərrüfatda çalışdığı dövrlərdə - 2 il yarım ərzində hər il “Ən yaxşı pambıqçı” döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vastələrinin inkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələrinin bir neçə dəfə qalibi olub, keçmiş KİVDF-nin diplomları ilə təltif edilib.
Yuxarıda Mövlanə Cəlaləddin Ruminin yüz illər öncə söylədiyi bir fikri xatırlatdım. Bu düşüncənin günümüzdə də keçərli olmasının başlıca nədənlərindən biri, bəlkə də birincisi, düşünürəm ki, çağdaş dünyamızda Şəmsiyyə Kərimova kimi hər baxımdan bütöv insanların var olmasıdır. Özəlliklə Şəmsiyyə xanıma gəldikdə isə bu düşüncə, məndə illər boyu etdiyimiz əməkdaşlıq prosesində formalaşıb və sonucda bütünlüklə özünü doğruldub. Əməkdaşlığın çevrəsi isə olduqca geniş olub. Əməkdaşlığımızın, dostluğumuzun özülü illər öncə qoyulub. Bir az da aydın və konkret desək, “İki sahil”də.
Şəmsiyyə xanımla bağlı gərəyincə bilgilərim olsa da, ilk vizual tanışlıq elə qədəm basdığı “Azərbaycan” nəşriyyatında olub. Onda heç düşünməzdim ki, bu qısa tanışlıq sonrakı dönəmdə başlanan, gündən-günə genişlənən əməkdaşlığın, böyük dostluğun, insani münasibətlərin, sirdaşlığın özülünü qoymuş olacaq. Dost, sirdaşlıq dedim, yenə də yadıma Cəlaləddin Ruminin sözləri düşdü: “Ey mərd insanlar..., özünüzə yaxşı dostlar, uyğun yoldaşlar tapın”. Çünki “könül hər dostdan bir qida alır”.
Onun yaradıcılığı barədə çox yazılıb. Elə özüm də müəyyən detalları zaman-zaman qələmə almışam. Amma bu yazı tamam başqadır. Odur ki, onunla bağlı nəsə demək, danışmaq, yazmaq istəyində bulunuram. Yalnızca onu bildirmək istəyirəm ki, jurnalistikanın bu günü ilə bağlı danışmalara fəal qatılan, dəyərli düşüncələri ilə məni ruhlandıran, bu sorumlu işin olduqca gərəkli olduğunu dönə-dönə təkrarlayan Şəmsiyyə Kərimovanın özünün də, sözün gerçək anlamında, alovlandığını öz gözümlə görə bilmişəm. Şəmsiyyə Kərimova intellektinin potensialı, peşə canıyananlığı göz qabağında olub.
Olduqca prinsipialdır. Qəzetçiliyin öləzidiyi bir vaxtda qəzetlə nəfəs alan Şəmsiyyə xanım onun çapını ləmgitmir, oxucu ilə mütəmadi görüşə gəlir.
Vizual görüşlərimiz az-az olsa da, telefon bağlantılarımız gərəyincədir. Əməkdaşlığımızın və dostluğumuzun yenicə qol-qanad açdığı bir çağda telefon zəng çaldı. Şəmsiyyə xanımın artıq yaxşı tanıdığım səsini eşitdim: “Novruz müəllim səni görmək istəyir. Vaxtını müəyyənləşdir, gedib görüşək”.
Vədələşdiyimiz vaxtda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerləşdiyi binaya yaxın ərazidə görüşdük və Novruz müəllimin qəbuluna getdik. Ondan qabaq görüşsək də, Novruz müəllimlə yaxından görüşümüz məhz Şəmsiyyə xanımın vasitəsilə alındı. İlk görüşümüz çox yaddaqalan oldu. Bunun da səbəbkarı xətrini çox istədiyim, şəxsiyyətinə böyük hörmət bəslədiyim Şəmsiyyə Kərimova idi. Bir neçə dəfə xeyirxahlığının şahidi olmuş, nəcibliyini dadmışam.
Onun ilk kitabı 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. “Şəmsiyyənin kitabı” adlanır. O vaxt mən də bu kitab haqqında fikir və mülahizələrimi mətbuat vasitəsilə bildirmişdim. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov kitab haqqında fikrini ifadə edərkən Şəmsiyyə xanımı məhz belə səciyyələndirmişdi: “Özü kitab olan xanım”. Novruz müəllimdən daha bir sitat: “Əsl jurnalist həmişə yaza-yaza öz işində böyüyür, özünü narahat edən hansısa suallara cavab tapır, hansısa hissin dərinliklərinə enir... Şəmsiyyə xanımın şəxsiyyətindəki və yaradıcılığındakı bu parametrlər birləşərək xoş aura, rəngarəng ahəng yaratdığı üçündür ki, bu kitabı birnəfəsə oxumaq mümkündür”.
“Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov: “...Biz Şəmsiyyə xanımı fədakar jurnalist, qələmi ilə məlhəm olan həmkar kimi tanımışıq”.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sabiq sədri, vaxtilə “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olmuş mərhum jurnalist Yusif Kərimovun dediklərindən: “Şəmsiyyənin kitabı” 60 yaşlı yubilyar qələm sahibinin jurnalist fəaliyyətinin hesabatıdır.
Bu hesabat nədən ibarətdir? Kitabda əsasən Şəmsiyyə Kərimovanın qələm dostları, həmkarları ilə bağlı oçerkləri toplanıb. O oçerklər isə bütöv bir tarixi mərhələyə işıq salmaq baxımından önəmlidir”.
Ələşrəf Niftiyev, AJB-nin üzvü, yazıçı-publisist: “Şəmsiyyə Kərimovanın səhifəyə çıxardığı qəhrəmanların portret cizgilərini, təsərrüfat göstəriciləri və maraqlarını, şəxsiyyət və istedadların fikirlərini götür-qoy edəndə hiss edirsən ki, belə yazıları yalnız yüksək peşəkar, intellektual səviyyəsi olan səmimi qəlbə, geniş ürəyə, dərin təfəkkürə malik insanın beyni qələmə ala bilər”.
Allahın hər şeyi görən gözlərindən uzaqda bir cənnətməkan guşə var, Azərbaycanımızın füsunkar bir elidir bura. Adına Tovuz deyirlər, Şəmsiyyə xanımın ata-baba yurdudur. Şəmsiyyə Kərimova üçün dünya Tovuz elindən başlayır...
Şəmsiyyə xanım bütün yaradıcılığı boyu özünün xarakterini, tədqiqatçı müşahidəsini qoruyub saxlayıb. Yəqin elə buna görədir ki, cəsarəti sıyrılmış qılınc kimi həmişə əlində olsa da, heç vaxt yıxılana balta çalmağıyla öyünən yol tutmayıb, özündən müştəbehlərə isə sərt olub həmişə.
Onun böyüyüb tərbiyə aldığı ailə öz sadəliyi, xeyirxah şəcərəsiylə seçilib və Şəmsiyyə xanım da bu ailədə doğulmaqla, bu şəcərənin daşıyıcısı olmaqla, çoxuşaqlı ailənin yükünü atasının yoxluğundan sonra mərhum anası Xanım xala ilə birlikdə çəkməklə, onu tanıyan hər kəsdə fəxr edən övlad təsiri bağışlayıb. Bu, 70 yaşlı Vətən övladı - bu yurdun, millətin jurnalist qızı, fəxarətli söz sahibi Şəmsiyyə Musa qızı Kərimovanın özüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















