AZƏRBAYCAN ARXEOLOGİYASI: KÖHNƏ PROBLEMLƏR, YENİ ÇAĞRIŞLAR, PRİORİTET HƏDƏFLƏR
Yeniazerbaycan-ə istinadən Icma.az xəbər verir AZƏRBAYCAN ARXEOLOGİYASI: KÖHNƏ PROBLEMLƏR, YENİ ÇAĞRIŞLAR, PRİORİTET HƏDƏFLƏR.
1. Azərbaycan - açıq səma altında təbii muzey
“Arxeologiya” “arxayos”- qədim, “loqos” - elm mənasını bildirən iki yunan sözünün birləşməsindən əmələ gəlib və qədim tarixi öyrənən elm deməkdir. Amma arxeologiyanın bir elm olaraq yaranma tarixi o qədər də qədim deyil. Başqa sözlə, arxeologiya tarixin nisbətən son dönəmində yaranan və çox sürətlə inkişaf edən elm sahələrindəndir. XIX əsrin sonu - XX əsrin əvvəllərində arxeologiyanın bir elm olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ də polemika mövzusu idi. Bəziləri onu antropologiya ilə birlikdə bioloji elmlər qrupuna, digərləri isə incəsənət tarixi ilə birlikdə incəsənət elmləri qrupuna aid edirdilər. Arxeologiyanın dəqiq və ya humanitar elmlərə aidliyi ətrafında diskussiya açanlar da az olmayıb. Amma hər cür fikir ayrılıqlarına rəğmən son və qəti sözü də elə arxeoloqlar özləri dedilər. Yəni, dünyanın ayrı-ayrı nöqtələrində arxeoloji tədqiqatlar elə vüsət aldı ki, artıq bu elmin ictimai elmlər sırasındakı yeri daha heç kəs üçün polemika mövzusu olmadı.
Məlum olduğu kimi, bəşər tarixi iki qrupdan olan mənbələr əsasında öyrənilir: 1. Maddi mədəniyyət nümunələri. 2. Yazılı mənbələr. Maddi mədəniyyət nümunələri o mənbələrdir ki, məhz onlar əsasında arxeoloqlar tarixi öyrənirlər. Onu da xatırladaq ki, yazılı qaynaqlar əsasında Azərbaycan tarixinin olsa-olsa son 2000 illik tarixini qismən öyrənmək mümkündür. Halbuki, yazılı mənbələrdəki bir sıra məlumatların özü də kifayət qədər səhih deyil. Deməli, yazılı qaynaqların qədim tariximizlə bağlı məlumatları da ancaq və ancaq arxeoloji tədqiqatlarla təsdiqləndiyi halda ciddi elmi istinad nöqtəsi hesab edilə bilər.
Təsəvvür edin, yazılı qaynaqların nisbətən daha geniş yayıldığı orta əsrlər dövrünün tarixini belə arxeoloji materiallarsız tam və əhatəli şəkildə öyrənmək mümkün deyil. Yəni, arxeoloji tədqiqatlar olmadan əsrlər boyu ölkənin iqtisadi, siyasi və mədəni həyatında olduqca mühüm iştirakı olan, bir çox iri hərbi əməliyyatlara şahidlik etmiş şəhər və qalalarımızın tarixini necə və hansı səviyyədə öyrənə bilərdik?! Nəhayət, belə bir məqamı da qeyd edək ki, əsrlər boyu torpaq altında yatan qədim yazılı mənbələrin bir çox nümunələri də məhz elə arxeoloji tədqiqatlar zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə arxeoloqların taparaq aşkara çıxarmış olduğu çoxsaylı daş, kağız, papirus, gil qablar, dəri və ağac nümunələri üzərində işlənmiş çox qiymətli kitabələr bəşər tarixinin bir sıra mühüm problemlərinin araşdırılmasında, sözün əsl mənasında, açar rolu oynamışdır. Deməli, yazılı mənbələrin mövcud olduğu dövrlərin də tarixini öyrənmək tarixçilərlə yanaşı, həm də arxeoloq alimlərin işidir.
Qürurverici haldır ki, ölkəmizin ərazisində yazıya qədərki və ondan sonrakı tariximizin bütün mərhələlərini tam şəkildə özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız sonrakı nəsillər üçün tarixin bütün mərhələlərinə aid olduqca zəngin mədəni irs qoyub getmişlər. Təsadüfi deyildir ki, Akademiyanın Tarix İnstitutunun ilk direktoru olmuş görkəmli tarixçi alim, akademik İ.İ.Meşşaninov hələ 75-80 il bundan öncə, yəni bir çox mühüm arxeoloji abidələrin yerinin hələ bəlli olmadığı dövrdə Azərbaycan ərazisini açıq səma altında zəngin təbii muzey adlandırıb.
Fəxr edirik ki, Azərbaycan ərazisi dünyada insanın ilkin olaraq məskunlaşdığı ərazilərdəndir. Fəxr edirik ki, ulu əcdadlarımız minilliklər boyu bu torpaqda məskunlaşaraq, dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr bəxş etmişlər. Bəli, Azərbaycan xalqı ulu, həm də şərəfli tarixi keçmişi ilə fəxr etmək haqqı olan bir xalqdır!
2. Tarixi-mədəni irsə münasibətin Heydər Əliyev nümunəsi
Ulu Undər Heydər Əliyevin tariximizin qədim dövrlərini özündə yaşadan arxeoloji abidələrə olan həssas və qayğıkeş münasibəti, bu sahədə biganəlik, səhlənkarlıq və prinsiplilik hallarına yol verənlərə, qanunsuz hərəkətlərin qarşısında sipər olmayanlara qarşı isə prinsipial və sərt mövqeyi nəsillərə örnək olası bir nümunədir. Təsəvvür edin, 1977-ci ilin sonlarında Mingəçevirdən Qəbələ RLS-ə çəkilən yüksək gərginlikli elektrik xətti ilkin layihəyə görə qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxtı Qəbələ şəhəri qalıqlarının olduğu ərazidən keçməli imiş. Bu isə geniş bir ərazidə abidənin dağıdılması, ondan daha geniş ərazinin isə elektrik xəttinin mühafizə zonasına düşməsi və gələcək tədqiqatlardan tam olaraq kənarda qalması demək idi. Təbiidir ki, arxeoloq alimlər buna etiraz ediblər. Hərbiçilər isə layihəni icra etməkdə israrlı idilər. Vəziyyətdən xəbər tutan Ulu öndər məsələni dərhal və hərtərəfli araşdıraraq Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarıb, cavabdeh şəxslərə vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri səhlənkarlığa, qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi partiya cəzası verilib. MK bürosunun qərarında qədim paytaxt şəhərimizin sel sularının dağıdıcı təsirindən qorunması, orada tədqiqatların intensivləşdirilməsi və abidənin Dövlət Qoruğu elan olunması məsələləri də öz əksini tapıb.
3. Arxeoloji irsin yaşadılmasına dövlət təminatı
Etiraf edək ki, Azərbaycan dövləti ölkə ərazisindəki abidələrin arxeoloji cəhətdən öyrənilməsi, onların qorunması və təbliği üçün nə lazımdırsa hamısını edib və bu gün də etməkdədir. Uzun illərdir ki, ali məktəblərimizin tarix fakültələrində arxeologiya müstəqil fənn kimi tədris olunur. Bakı Dövlət Universitetində arxeologiya kafedrası, AMEA-nın tərkibində isə Arxeologiya və Antropologiya İnstitutu fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Antropologiya İnstitutu nəzdindəki Arxeologiya Muzeyi, habelə respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və fondlarında yüz minlərlə arxeoloji material mühafizə və nümayiş olunmaqdadır. Hər il arxeologiya ixtisası üzrə neçə-neçə istedadlı gənc doktorantura və dissertanturaya qəbul olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq dissertasiya şuraları fəaliyyət göstərir. Hansı ki, hər il həmin şuralar vasitəsi ilə neçə-neçə elm adamı öz dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır.
Diqqətəlayiq haldır ki, hər il ölkəmizdə arxeoloji tədqiqatların aparılması üçün kifayət qədər sanballı büdcə ayrılır, geniş ərazilərdə arxeoloji tədqiqat işləri aparılır. Son illər arxeoloji ekspedisiyaların maddi-texniki təminatı və maliyyə təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Hər il büdcədə nəzərdə tutulan ayırmalarla yanaşı zərurət olduğu hallarda ölkə Prezidenti və respublika hökuməti tərəfindən də bu məqsədlə əlavə maliyyələr ayrılır.
4. Arxeoloji irsə həssas və qayğıkeş münasibətin İlham Əliyev nümunəsi
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu dövlətçilik siyasətinin möhtərəm cənab Prezidentimiz tərəfindən bütün istiqamətlər üzrə çox böyük müvəffəqiyyətlə davam etdiridiyinə indi təkcə Azərbaycan xalqı deyil, bütün dünya şahidlik etməkdədir. Dərin məmnunluq hissi ilə deməliyik ki, Ulu Öndər tərəfindən tarixi-mədəni irsimizə həssas və qayğıkeş münasibət bu gün cənab Prezidentimiz tərəfindən də uğurla davam etdirilməkdədir. Təsəvvür edin, 44 günlük Zəfər müharibəsi bitəndən az sonra, daha dəqiq desək 15 mart 2021-ci il tarixdə cənab Prezident ailə üzvləri ilə birlikdə işğaldan yenicə azad olunmuş Azıx mağara düşərgəsini ziyarət etdi. Tarixi-mədəni irsə həssas münasibət baxımından ölkənin bütün səviyyələrdən olan məmur korpusu üçün bundan daha yaxşı və daha təsirli nümunə ola bilərdimi?! Amma cənab Prezidentin Azıxa səfərinə qədər görün nə baş vermişdi?! 1994-cü ildə Azıxın dünyaşöhrətli tədqiqatçısı, professor Məmmədli Hüseynovun rəhbərliyi ilə orada aparılmış kompleks tədqiqatların nəticələrinə həsr olunmuş “Azıx - SSRİ ərazisində ən qədim paleolit düşərgəsi” adlı fundamental əsərin əlyazması AMEA-nın o zamankı Arxeologiya və Etnoqrafiya İnstitutunda seyflərdə gizlədilərək nəşrinə imkan verilmədi. Sanki Qarabağ kimi o əsər də işğal altına düşmüşdü.Dəhşət ondadır ki, İnstitut rəhbərliyi də, AMEA rəhbərliyi də, lap elə onlardan daha səlahiyyətli qurumların bəzi səlahiyyətli nümayəndələri də həmin əlyazmanın kimin seyfində yatdığını və niyə nəşr olunmadığını bildikləri halda onlar da susurdular. Çünki həmin məsul şəxslərin özlərinin də fəaliyyətində buna bənzər kölgəli məqamlar vardı. Nə qədər təəccüblü olsa da, o illər ərzində bu məsələ ilə bağlı AMEA rəhbərliyinə, aiddiyyəti digər rəsmi qurumlara müraciətlərim tam olaraq sükutla qarşılandı. Ədalət naminə etiraf etməliyəm ki, yalnız bir nəfər, o zaman Prezident Administrasiyasının Multikulturalizm şöbəsinin müdiri akademik Kamal Abdulladan institut rəhbərliyinə sərt təpki gəldi. Lakin bundan sonra da həmin əsərin nəşri təmin olunmadı. Amma görün cənab Prezidentin Azıxı ziyarətindən sonra vəziyyət necə dəyişdi?! Mart ayının 18-də mənim tərəfimdən bu məsələnin ictimailəşdirməsi ilə hamı bir-birinə dəydi, 28 illik sükutdan sonra Qarabağ tarixinə dair indiyədək qələmə alınmış ən sanballı elmi əsər, nəhayət ki, işıq üzü gördü.
Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən tarixi-mədəni irsə münasibətdə çox qabarıq şəkildə müşahidə edilən müsbət dinamikanı əks etdirən çoxsaylı digər misallar da göstərə bilərik. Ağdamda “İmarət” kompleksi, Şuşanın yaraşığı olan küçələri, meydanları və tarixi binaları, Gəncədə və Şəkidə həyata keçirilən iritutumlu tədqiqat, bəpa və konservasiya layihələri, Şamaxıda Pirsaat Xanəgahı, Şahxəndan türbəsi, Pir Ömər Sultan ziyarətgahı, Kələxana türbələr kompleksi, Qobustan rayonunda Diri-Baba türbəsi, Bakıda İçərişəhər, Atəşgah, Qala kompleksi və böyük Basqal layihəsi çərçivəsində görülən yaddaqalan işlər bunlara bariz misal ola bilər. Bu yerdə Azərbaycan Respublikası Prezidentinin arxeoloji tədqiqatların miqyasını artırmaq və keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı vaxtlarda imzalamış olduğu sərəncamları xüsusi olaraq qeyd etmək istərdim.
Sevindirici haldır ki, son illər tarixi-mədəni irsin arxeoloji cəhətdən tədqiqi və konservasiya işinə qeyri-hökumət təşkilatlarının və bəzi xeyriyyəçi insanların da töhfə verdiyinin şahidi olmaqdayıq. Əlbəttə ki, bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tək Azərbaycanda deyil, artıq bütün dünyada tarixi-mədəni irsin himayəçisi kimi son dərəcə şərəfli bir imic sahibinə çevrilib.
Bir sözlə, bu gün Azərbaycanda arxeoloqların yaxşı və səmərəli işləməsi, əhəmiyyətli elmi nəticələr əldə etməsi üçün hər cür şərait yaradılıb.
5. Problem nədədir?!
Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində göstərildiyi kimi, ölkəmizdə “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Lakin təəssüf hissi ilə onu da bildirməliyik ki, bir sıra hallarda müvafiq dövlət orqanlarının və ayrı-ayrı vəzifəli şəxslərin biganəliyi və səhlənkarlığı üzündən hələ də bu sahədə qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu hallarla rastlaşırıq. İnşaat və təsərrüfat işləri zamanı arxeoloji abidələrin dağıdılması hallarına xüsusilə tez-tez rast gəlinir. Bu da, hər şeydən öncə, iki səbəbdən baş verir. Birincisi, ölkə ərazisindəki arxeoloji abidələrin qeydiyyata alınması, inventarlaşdırılması, onların mühafizə zonasının müəyyənləşdirilməsi işi hələ də tələb olunan səviyyədə deyil. Yəni, geniş ictimaiyyət bir yana qalsın, hətta bir çox yerli hakimiyyət orqanları belə hələ də onların xidməti ərazisində konkret olaraq hansı arxeoloji abidələr olduğu barədə yetərincə məlumatlı deyil. Bu səbəbdən də yerlərdə torpaq islahatı həyata keçirilərkən bir çox mühüm əhəmiyyətli arxeoloji abidələr pay torpaq sahəsi kimi vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Əfsuslar olsun ki, bir çox hallarda vətəndaşlar həmin torpaqlardan istifadə zamanı üzə çıxan və tariximiz üçün son dərəcə əhəmiyyətli olan tapıntılar barədə aidiyyatı orqanlara məlumat vermirlər. Halbuki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərildiyi kimi “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal iş dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməlidir”.
Təəssüf hissi ilə onu da bildiririk ki, uzun illər ərzində elmi tədqiqatlar yolu ilə toplanan, habelə təbii dağıntılar, inşaat və təsərrüfat işləri zamanı üzə çıxan və tariximizin bütün dövrlərinin daha dərindən və hərtərəfli araşdırılması üçün nadir mənbəşünaslıq bazası olan yüz minlərlə maddi mədəniyyət nümunəsi indiki halda dağınıq və pərakəndə vəziyyətdə saxlanılmaqdadır. Bu səbəbdən də hətta arxeologiya sahəsində çalışan gənclərin də bir çoxu 60-70 il öncə Gəncə, Mingəçevir, Beyləqan, Xınışlı, Qəbələ və digər arxeoloji ekspedisiyaların materiallarının harada və hansı şəraitdə saxlanıldığından xəbərsizdirlər.
Son 30 ildə Arxeologiya və Antropologiya İnstitutunun arxeologiya fondu 5 dəfə müxtəlif ünvanlara köçürülüb. Üst-üstə qalaqlanmış qutulardakı tapıntıları boşaldaraq yerbəyer etməmiş, fondun başqa ünvanlara köçürülməsinə qərar verilib. Halbuki əksəriyyəti fraqmentlər halında tapılan və çox çətinliklə konservasiya və bərpa olunan arxeoloji materiallar, xüsusən də dəmir, keramika, şüşə, sümük və toxuculuq məmulatı nümunələri sadəcə yerindən tərpədildikdə belə dağılıb məhv olmaq təhlükəsi yaranır. İndi təsəvvür edin, bu qəbildən olan on minlərlə tapıntını vaxtaşırı ayrı-ayrı ünvanlara daşıyarkən nələr baş verə bilər?! Əlbəttə, heç istəməzdik ki, bu “praktika” nə vaxtsa bir daha təkrar olunsun. Arayış üçün onu da əlavə edim ki, hər il arxeoloji ekspedisiyalar təqribən daha 6-7 min ədəddən çox elm üçün nadir hesab olunan yeni eksponat da ölkənin arxeoloji fond bazasına əlavə olunur. Bu, o deməkdir ki, yalnız müstəqillik illərində Azərbaycan arxeoloqları tərəfindən ən azı 20-25 min ədəd nadir tarixi əhəmiyyəti olan eksponat aşkar edilərək qeydiyyata alınıb. Bu isə o deməkdir ki, mövcud muzey və fondlar da artıq dolub. Yəni, yeni tapıntıların lazımi səviyyədə qəbulu və nümayişi imkanları demək olar ki, tam olaraq tükənib.
Arxeologiya və Antropologiya İnstitutunun və Milli Azərbaycan Tarix Muzeyinin arxeologiya fondlarının darısqal və münasib olmayan zirzəmi tipli məkanlarda yerləşməsi səbəbindən uzun illərdir ki, bir çox arxeoloji ekspedisiyaların materialları Bakıya gətirilməyərək elə rayonlarda saxlanılır. Gəlin, görək rayonlarda o tapıntıların saxlanması, mühafizəsi və elmi cəhətdən işlənməsi üçün münasib şərait varmı?!
Son illər tarix və arxeologiyaya əsla dəxli olmayan digər peşə sahələrindən olan diletant insanların arxeologiyaya sahəsinə axını müşahidə olunur. Baza təhsili istiqamətində heç bir uğuru olmayan ayrı-ayrı şəxslər müxtəlif vasitə və yollarla Arxeologiya və Antropologiya İnstitutuna yerləşdirilib və çox keçmədən “alimlər” cərgəsinə qoşulublar. Belələrinin tələm-tələsik ona-buna yazdırdıqları başdan-başa saxta, plagiat və mənasız “elmi işlər” axı kimə lazımdır? Əlbəttə, uzun illərdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda hökm sürməkdə olan qeyri-sağlam elmi mühitin yaranmasında, problem və nöqsanların artan dinamika ilə “inkişafı”nda AMEA rəhbərliyi birbaşa günahkardır. O AMEA rəhbərliyi ki, zamanında kadrların seçilməsində, onların fəaliyyətinə nəzarətdə çox ciddi səhvlərə yol verib. İllərdir ki, davam edən arzuolunmaz mühitlə bağlı elm adamlarının müraciət, təklif, təşəbbüs və etirazları qulaq ardına vurulub. O AMEA rəhbərliyi ki, bu gün də institutların fəaliyyətini effektli şəkildə koordinasiya edə bilmir. Axı, qeyri-peşəkar heyətdən ibarət olan, illərdir ki, tərkibində bir nəfər belə tarixçi və ya arxeoloq alimin təmsil olunmadığı AMEA-nın Rəyasət Heyəti və İctimai elmlər bölməsi Tarix, Arxeologiya və Antropologiya İnstitutlarının fəaliyyətini necə koordinasiya edə bilər?!
6. Nədən başlamalı və nələri etməli?!
Yuxarıda qeyd olunan problemləri aradan qaldırmaqla Azərbaycanda arxeologiya elminin inkişafını təmin etmək, tarixi-mədəni yadigarların olduğu kimi, yəni dağıntısız və itkisiz şəkildə gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran ən ümdə vəzifələr bunlardır:
1. Təxirəsalınmadan respublika ərazisində mövcud olan bütün arxeoloji abidələrin müfəssəl uçotu və qeydiyyatı aparılmalı, onların mühafizə zonası müəyyənləşdirilməli, pasportlaşdırılmalı, müvafiq xəritələr işlənməli və nəhayət, onların mühafizəsi təşkil olunmalıdır. Yəni, aidiyyatı dövlət orqanları və müvafiq elmi idarələr Azərbaycan Respublikası Konstitusiyasından, habelə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrini tələb olunan səviyyədə icra etməlidirlər.
2. Torpaq islahatı zamanı naşılıq, məsuliyyətsizlik və ya başqa bir səbəb ucbatından vətəndaşların şəxsi mülkiyyətinə verilmiş ərazilərdə aşkar olunmuş xüsusilə mühüm əhəmiyyətli arxeoloji abidələrin taleyinə aydınlıq gətirilməlidir. Həmin abidələrin ərazisi heç bir halda ağır texnikadan istifadə olunmaqla qazıla və ya şumlana bilməz.
3. Fikrimizcə, respublikanın ayrı-ayrı muzey və fondlarında, şəxsi kolleksiyalarda pərakəndə halda, həm də münasib olmayan şəraitdə saxlanılmaqda olan zəngin arxeoloji tapıntıları bir yerə toplamaqla Azərbaycanda vahid mərkəzləşdirilmiş arxeoloji fond və arxeologiya muzeyinin yaradılmasının da vaxtı çatmışdır.
4. Arxeoloji abidələrin tədqiqinin başa çatdırılmasından sonrakı taleyi barədə də düşünməyə dəyər. Bizcə, konservasiya təminatı olmayan abidələrin tədqiqi hələlik təxirə salınsa yaxşıdır. Bu mənada arxeoloji tədqiqatların prioritet istiqamətlərinə yenidən baxmaq zərurəti gündəmdə olan məsələlərdəndir. Dağınıq, epizodik və məhəlli xarakter daşıyan və əslində, ciddi elmi məqsəd və nəticələrə hesablanmayan 3-4 nəfərlik heyətdən ibarət çoxsaylı xırda ekspedisiyalar əvəzində multidisciplinar tərkibdən ibarət kompleks arxeoloji ekspedisiyaların təşkili praktikasına üstünlük verilməlidir.
5. Arxeoloji tədqiqatların səmərəsini artırmaq, bütövlükdə respublikada arxeologiya elminin inkişafını təmin etmək naminə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təkmilləşdirilməsi, elmi kontingenti peşəkar olmayanlardan və uzun illər ərzində elmə heç bir fayda gətirməyən kadrlardan təmizlənməsi, arxeologiyaya dair əsərlərin və dissertasiyaların elmi səviyyəsinin qaldırılması, bu sahədəki səthilik, başdansovduluq, qeyri-peşəkarlıq və xalturaçılıq kimi neqativ halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməldir. Elmi Şuralar və Problem Şuraları tərəfindən dissertasiya mövzuları müəyyənləşdirilərkən mütləq surətdə Azərbaycan arxeologiya elminin prioritetləri əsas götürülməlidir.
6. Azərbaycan artıq müstəqil dövlətdir. Təbiidir ki, bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkənin milli maraqları daim nəzərə alınmalıdır. Etiraf edək ki, ali təhsil ocaqlarımızda arxeologiya fənninin tədrisi vəziyyəti bu sahədə xeyli problemin olduğundan xəbər verir. Odur ki, birinci növbədə ali məktəblərdə təhsilin həm bakalavr, həm də magistr pilləsi üçün qüvvədə olan arxeologiya fənninə dair tədris proqramları tam olaraq yenidən işlənməlidir. Ali məktəblərdə arxeologiyaya ayrılan saatlar əhəmiyyətli dərəcədə artırılmalıdır. Təsəvvür edin, bildiyimə görə bu gün Azərbaycan ali məktəblərinin tarix fakültələrinin bakalavr pilləsində arxeologiya fənninə cəmi 60 saat (30 saat mühazirə, 30 saat seminar) verilir. Həmin dərs yükü çərçivəsində, guya arxeologiyaya dair hər şey öyrədilir. Əslində, bu, reallıqla əsla səsləşməyən bir yanaşmadır. Fikrimizcə, bu praktikaya son qoyulmalı və arxeologiya fənninin tədrisi müstəqil dövlətin milli maraqlarına cavab verən səviyyədə aparılmalıdır.
7. Nəhayət, arxeologiya ixtisaslı keyfiyyətli kadrlar hazırlamaq məqsədilə fəaliyyətdə olan dövlət ali məktəblərindən birində arxeologiya fakülətisinin açılması barədə düşünmək də pis olmazdı.
Vətənin qədim, zəngin tarixini dərindən və hərtərəfli öyrənmək Azərbaycan arxeologiya elminin başlıca hədəfidir. Alim üçün belə bir nəcib və vacib missiyaya xidmət etməkdən daha şərəfli nə ola bilər?! Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqil Azərbaycanda fizika, riyaziyyat, bilogiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır”.
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

