Icma.az
close
up
RU
Azərbaycan bu gün də türkoloji mərkəzdir

Azərbaycan bu gün də türkoloji mərkəzdir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

I Türkoloji Qurultay – 100

Bir əsr öncə – 1926-cı ilin fevralında Bakı şəhəri təkcə Azərbaycanın yox, bütün türk dünyasının elm və mədəniyyət salnaməsinin ən parlaq səhifələrinin yazıldığı paytaxta çevrilmişdi. Həmin günlərdə Bakının intellektual mühiti yalnız bir beynəlxalq elmi-məfkurəvi toplantıya deyil, türk xalqlarının mənəvi birliyinə, mədəni həmrəyliyinə və elmi tərəqqiyə qovuşmaq məramına da şahidlik etmişdi.

I Türkoloji Qurultay, sadəcə, geniş elmi müzakirə və mübadilə hadisəsi deyil, türklüyün elm, dil və mədəniyyət müstəvisində özünü dərk etməsinin təcəssümü, türk xalqlarının gələcək mənəvi birlik yolunu müəyyənləşdirmək cəhdi, mənəvi platforma idi. O dövrün siyasi məhdudiyyətləri və sosial təzyiqlərinə baxmayaraq, Qurultay türk xalqlarının tarixində intellektual azadlığın, elmi əməkdaşlığın və milli birliyin bərqərar olduğu nadir məqam kimi yadda qaldı.

Bakı o illərdə, sanki, bütün Türk dünyasının düşüncə və yaradıcılıq enerjisini özündə cəmləmiş bir mərkəzə çevrilmişdi. Krımdan Qazaxıstana, Türkmənistandan Anadoluyadək müxtəlif bölgələrdən gələn alimlər, dilçilər, tarixçilər və ədəbiyyatşünaslar burada türklük ideyasının elmi əsaslarını formalaşdırmaq, ortaq dil, ortaq əlifba və ortaq gələcək barədə düşünmək üçün bir araya gəlmişdilər. Türkoloji Qurultay qədim bir mədəniyyətin etnik-mədəni kimliyini elmi dildə ifadə etdiyi tarixi dönüş nöqtəsi, türk xalqları arasında intellektual və mənəvi qovuşmanın başlanğıcı idi.

100 il sonra da bu hadisəyə dövlət səviyyəsində verilən qiymət, xüsusən də möhtərəm Prezident İlham Əliyevin Qurultayın 80, 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar bir daha sübut edir ki, Azərbaycan türklüyün mərkəzi, türk birliyinin ideya və mədəni dayağı olaraq qalmaqdadır.

Prezident İlham Əliyevin “Türk dünyası bizim mənəvi dayağımızdır, biz bu birliyin güclənməsi üçün bütün istiqamətlərdə fəaliyyət göstəririk” fikri, əslində, sadəcə siyasi bəyanat deyil, tarixi və mənəvi ardıcıllığın ifadəsidir. Bu yanaşma təkcə siyasi mövqenin ifadəsi deyil, həm də 1926-cı il Bakısında təməli qoyulmuş ideyanın – türk xalqlarının mədəni və elmi birliyinin müasir dövrdə davamıdır.

Azərbaycan Prezidentinin vurğuladığı bu konsepsiya, türklüyün yalnız tarixi keçmişdə deyil, müasir dünyada da vahid mənəvi güc kimi mövcud olduğunu göstərir. Əgər 1926-cı ildə Bakı elm və mədəniyyət sahəsində türk xalqlarının ortaq düşüncə mərkəzinə çevrilmişdisə, bu gün həmin missiya müstəqil Azərbaycan dövlətinin siyasi iradəsində və İlham Əliyevin strateji baxışında öz davamını tapır.

1920-ci illərin ortalarında SSRİ məkanında baş verən mürəkkəb proseslərə baxmayaraq, Bakı həmin dövrdə həm iqtisadi, həm də intellektual baxımdan regionun ən mühüm mərkəzlərindən biri idi. Burada fəaliyyət göstərən ziyalı təbəqə – Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, eləcə də kommunist rəhbərlər Səməd ağa Ağamalıoğlu, Ruhulla Axundov və başqaları — türklüyün elmi əsaslarını formalaşdırmaq, mədəni inteqrasiyanı təmin etmək məqsədilə böyük işlər görürdülər.

Məhz belə bir şəraitdə keçirilən Birinci Türkoloji Qurultay 131 alim və ziyalını bir araya gətirdi. Onların arasında Türkiyədən Fuad Köprülü, Qazaxıstandan Əhməd Baytursun, Tatarıstandan Qalimcan Şərəf, Yakutiyadan İsidor Baraxov, Rusiyadan Vasili Bartold, Aleksandr Samoyloviç, Özbәkistandan Abdurrәşid Abducabbarov, Almaniyadan Radebold Valter kimi böyük adlar da var idi.

Qurultayın əsas məqsədi türk xalqları arasında ortaq əlifba, elmi metodologiya və mədəni əlaqələrin formalaşdırılması idi. Ən çox müzakirə olunan mövzulardan biri əlifba islahatı və ortaq latın qrafikasına keçid məsələsi idi. Bu, bir tərəfdən elmi yenilik, digər tərəfdən isə milli oyanışın simvolu idi. Elə bu səbəbdən də Qurultay Sovet rəhbərliyi tərəfindən “pantürkizm” meyli kimi qiymətləndirildi.

Qurultayın ən mühüm və strateji hədəflərindən biri türk xalqları arasında elmi, mədəni və yazı birliyinin bərqərar olunması idi. Bu məqsədlə toplantının əsas müzakirə mövzularından biri ortaq əlifba məsələsi olmuşdu. Türk dünyasının müxtəlif bölgələrindən gələn alimlər — Bəkir Çobanzadə, Fuad Köprülü, Əhməd Baytursun və başqaları — hər biri öz baxış bucağından çıxış etsələr də, hamısını bir ideya birləşdirirdi: türk xalqları arasında elmi ünsiyyətin asanlaşdırılması və ortaq mədəni sistemin qurulması. Bu məqsədlə latın qrafikalı yeni əlifbaya keçid ideyası xüsusilə böyük maraq doğurmuşdu.

Bu təklif həm dilin tədrisini və elmi yazılış qaydalarını sadələşdirməyi hədəfləyirdi, həm də türklərin ortaq mənəvi köklərini birləşdirən mədəni bağ rolunu oynayacaqdı. Məhz bu səbəbdən əlifba məsələsi sıradan bir texniki yenilik deyil, türklüyün elmi və ideoloji birliyi məsələsinə çevrilmişdi.

Lakin o dövrdə Sovet rəhbərliyi, xüsusilə Moskva ideoloqları, türk xalqlarının yazı birliyini və mədəni inteqrasiyasını “pantürkizm” və “milli təəssübkeşlik” kimi qələmə verirdilər. Onların baxışına görə, ortaq əlifba yalnız elmi proses deyil, həm də türklər arasında milli həmrəyliyi gücləndirən amil idi və bu, imperiyanın gələcək idarəçiliyi üçün potensial təhlükə yarada bilərdi. Buna görə də Bakı Qurultayı həm türk xalqları arasında elmi modernləşmə ideyasının, həm də mərkəzdə qorxu doğuran milli oyanış prosesinin simvoluna çevrildi.

Qurultayın gedişində 17 iclas keçirilmiş, onların 10-dan çoxu dil və əlifba məsələlərinə həsr olunmuşdu. Türk dillərinin tarixi mənşəyi, qohumluq əlaqələri, orfoqrafiya və terminologiya prinsipləri geniş şəkildə müzakirə olunmuşdu. Bəkir Çobanzadə türk dillərinin fonetik sistemləri üzərində elmi əsaslı çıxış etmiş, Hənəfi Zeynallı isə məktəblərdə tədris dili məsələsini gündəmə gətirmişdi.

Birinci Türkoloji Qurultayda ən çox fikir ayrılığı doğuran məsələlərdən biri əlifba problemi idi. Bu məsələ, əslində, yalnız yazı sisteminin seçimi ilə məhdudlaşmırdı — o, dərin ideoloji və siyasi məna daşıyır, sovet məkanında milli kimliyin gələcək istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı. Uzun elmi müzakirələrdən sonra 1926-cı il martın 4-də Qurultayın 13-cü iclasında əlifba məsələsi səsverməyə çıxarıldı. Səsvermə nəticəsində 101 nümayəndə latın qrafikasının, 7 nəfər ərəb əlifbasının tərəfdarı oldu, 9 nümayəndə isə bitərəf qaldı. Bu qərar yalnız Azərbaycanın deyil, həm də sovet məkanında yaşayan digər türkdilli və qeyri-rus xalqlarının yazı sistemlərinin gələcək inkişaf istiqamətinə təsir göstərən mühüm hadisəyə çevrildi.

Əslində, bu müzakirələr sadəcə dil elmi çərçivəsində deyildi. Bunlar türk xalqlarının öz kimliyini elmi əsasda ifadə etməsinin təzahürü idi. Lakin bu ideya dövrün siyasi sisteminə uyğun gəlmirdi. 1937-ci ilin repressiyaları zamanı Qurultayda fəallıq göstərən çoxsaylı ziyalılar – Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Nazir Torequlov, Eldes Omarov, Bilal Süleyev, Nikolay Qavriloviç Katanov və başqaları – “pantürkist” damğası ilə güllələndı, bəziləri isə ən yaxşı halda sürgünlərə məhkum edildilər. Beləcə, Qurultay bir tərəfdən milli-mədəni yüksəlişin, digər tərəfdən isə sovet totalitarizminin faciəvi simvoluna çevrildi.

Tarix göstərir ki, milli yaddaşın qorunması, Türk dünyasının elmi və mənəvi birliyinin bərpası yalnız müstəqillik dövründə mümkün oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət məhz 1926-cı il ideallarının müasir mərhələdə davamı kimi qiymətləndirilməlidir.

2006 və 2016-cı illərdə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanlarla I Türkoloji Qurultayın 80 və 90 illik yubileylərinin qeyd olunması dövlət səviyyəsində təmin olundu. Hər iki yubiley çərçivəsində elmi konfranslar, sərgilər və beynəlxalq toplantılar təşkil edildi. Bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan dövləti türk mədəni irsinin qorunmasını milli ideologiyanın əsas istiqamətlərindən biri kimi qəbul edir.

Ulu öndər Heydər Əliyev Türk dünyası ilə bağlı çıxışlarında tez-tez vurğulayırdı ki, ulu babalarımız və əvvəlki nəsillər əsrlər boyu bu dostluq və qardaşlıq münasibətlərini formalaşdırmış, onları qoruyub saxlamış və bu günə qədər yaşatmışlar. Eyni kökdən gələn xalqlarımız tarixən öz dostluq ənənələrinə sadiq qalmış, bu ənənələr sayəsində dil, din və mənəvi dəyərlərimizi qorumuşlar. Prezident İlham Əliyevin fikirləri də bu baxışın məntiqi davamıdır: bizim kökümüz, dilimiz, dinimiz və mənəviyyatımız eynidir. Türk dünyası arasındakı birlik və həmrəylik möhkəmləndikcə, bölgədə sülh, sabitlik və inkişaf daha da güclənəcək.

Qurultayın ən mühüm nəticələrindən biri – ortaq əlifba və dil birliyi ideyası – bu gün yenidən aktuallaşıb. Türk Dövlətləri Təşkilatı 2023-cü ildə “Ortaq Türk Əlifbası Konsepsiyası”nı qəbul etdi. Bu sənəd, əslində, 1926-cı ildə Bakıda səslənən ideyanın çağdaş elmi-siyasi ifadəsidir.

Bu gün Azərbaycanla Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi artıq bütün Türk dünyası üçün strateji modelə çevrilib. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Macarıstan kimi dost dövlətlərin də bu birliyə qatılması Bakının 1926-cı il missiyasının XXI əsr reallığına çevrildiyini göstərir.

Türkoloji Qurultayın 100 illiyi ərəfəsində bu elmi və mənəvi hadisəni formalaşdıran zəka və fədakarlıq nəslini yad etmək təkcə keçmişə hörmət deyil, həm də milli yaddaşımızın dirçəldilməsi deməkdir. O dövrün alimləri, maarifçiləri və ideoloqları yalnız öz xalqlarının deyil, bütün Türk dünyasının gələcəyi üçün düşünür, çalışır və mübarizə aparırdılar. Türkçülük tarixini düşünərkən unutmamalıyıq ki, onların yaratdığı ideyalar — türk birliyi, mədəni inteqrasiya, ortaq əlifba, dil və elm birliyi — qələmlə yazıldı, lakin zamanla bu ideallar can bahasına qorundu, həyatlarını qurban vermiş qəhrəmanların iradəsi ilə möhkəmləndi.

I Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsinin qərara alınması, əslində, təkcə yubiley xarakteri daşımır, o, həm də Azərbaycanın türk birliyinin elmi-mədəni mərkəzi statusunu təsdiqləyir. Bu Sərəncam həm də onu göstərir ki, Bakı 1926-cı ildə olduğu kimi, bu gün də Türk dünyasının intellektual paytaxtıdır. Azərbaycan artıq təkcə keçmişin mirasını qoruyur, həm də Türk Dövlətləri Təşkilatında elmi, mədəni və siyasi inteqrasiyanın lideri rolunu oynayır.

N.ƏHMƏDOV,
Əməkdar jurnalist,
filologiya üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see213

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see205

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see162

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see153

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see149

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see143

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see136

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see130

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see128

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see126

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri