“Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və tərəqqinin aparıcı mərkəzinə çevrilib”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Son illərdə Azərbaycan Respublikası həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində həm dayanıqlığı möhkəmləndirib, həm də Cənubi Qafqaz regionunda aparıcı iqtisadi lider mövqeyini daha da gücləndirib. Makroiqtisadi sabitliyin qorunması, regional inkişafın təşviqi, qeyri-neft sektorunun genişlənməsi və müasir texnologiyalara əsaslanan yeni inkişaf hədəfləri ölkənin uzunmüddətli strateji baxışının əsas sütunlarını təşkil edir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
P.Vəliyeva bildirib ki, Ermənistanla paraflanmış sülh sazişi regional təhlükəsizlik və sabitlik baxımından mühüm dönüş nöqtəsi oldu: “Bu proses Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olunmasına xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirir. Regional risklərin azalması xarici investorlar üçün əlverişli biznes mühiti yaradır. Təsadüfi deyil ki, bu il Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklərlə qeyri-rezident olan sahibkarlar üçün vergi güzəştləri və azalmaları tətbiq olunub. Bu isə xarici sərmayə axınını artırmaq məqsədi daşıyır. Azərbaycanın iqtisadi uğurlarının əsas göstəricilərindən biri xarici borcun aşağı səviyyədə saxlanılması, eyni zamanda, yüksək valyuta və qızıl ehtiyatlarının formalaşdırılmasıdır. Beynəlxalq kredit reytinq agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yenilənməsi və nisbətən yüksəldilməsi aparılan iqtisadi islahatların və fiskal intizamın effektivliyinin göstəricisidir”.
Deputatın sözlərinə görə, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir: “Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, multimodal daşımalar və regional bağlantı layihələri ticarət həcmlərinin artmasına və ölkənin tranzit potensialının reallaşdırılmasına şərait yaradır. Bundan başqa, hazırda Zəngəzur istiqamətinə doğru dəmiryolunun tikintisi davam edir. Ələtdən başlayaraq Zəngilana, sonra 43 km-lik hissədə (TRİPP) Zəngəzurdan Naxçıvana - Sədərəyədək uzanacaq nəhəng marşrut üzrə Qars-Dilucu istiqamətində Türkiyədən dəmiryolu çəkiləcəkdir. Bu, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında ilk birbaşa dəmiryolu əlaqəsi olacaqdır. Türk dünyasının birliyinin gücləndirilməsi baxımından da bu marşrut rəmzi xarakter daşıyır. Mərkəzi Asiyadan Türkiyəyə uzanan nəhəng beynəlxalq marşrut olacaqdır. Beləliklə, Çindən başlayan, Avropada bitən nəhəng Orta Dəhlizin etibarlı, qısa və sürətli bir logistik imkanı açılmış olacaq. Hazırda Orta Dəhlizlə yük daşımaları 15 milyon ton və 160 min konteyner təşkil edir, ancaq bunun infrastuktura sərmayə qoyulması ilə və Zəngəzurun açılması ilə daşınan konteyner həcminin 2040-cı ilədək 865 minədək artırılması gözlənilir”.
O əlavə edib ki, bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri regional inkişafın yeni mərhələsini formalaşdırır: “Bu ərazilər “yaşıl enerji zonası” və müasir iqtisadi modellər əsasında inkişaf etdirilərək milli iqtisadiyyata mühüm töhfə verməkdədir. Qeyri-neft sektorunda müşahidə olunan davamlı artım kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrinin inkişafı hesabına təmin olunur. Eyni zamanda, enerji sektorunda bərpa olunan enerji mənbələrinə keçid, enerji səmərəliliyinin artırılması və ixrac potensialının genişləndirilməsi üzərində daim iş aparılır. Süni intellekt sahəsində müəyyən edilmiş strateji hədəflər isə Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil edir. Ümumilikdə, Azərbaycan iqtisadi inkişaf, regional inteqrasiya və institusional islahatlar sahəsində əldə etdiyi uğurlar sayəsində Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və tərəqqinin aparıcı mərkəzinə çevrilib”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















