Azərbaycan dilinə möhtac olan hibrid erməni dili İmran Verdiyev yazır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmran VERDİYEV
Əməkdar müəllim
Dünya dillərinin sırasına erməni dili adlı hibrid (melez) bir dil də daxildir. O öz varlığı üçün türk dillərinə, o cümlədən Azərbaycan dilinə borcludur. Çünki dünya dilləri arasında serb-xorvat dillərindən sonra türkmənşəli sözlərin ən çox yer aldığı ikinci dildir. Hələ 1902-ci ildə H.Açaryan adlı erməni dilçi "Türk dilindən erməni dilinə keçən kəlmələr Konstantipolun, Vanın, Qarabağın və Yeni Naxçıvanın dialektləri ilə müqayisədə" kitabında erməni dilində 4262 türk sözü müəyyən etmişdi. Təsadüfi deyildir ki, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq X.Abovyan "Ermənistanın yaraları" kitabında (Yerevan-1939, səh: 80-81) yazırdı: "Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir..." Elə bunlara görə də erməni müəllifi, ədəbiyyat tarixçisi M.Abekyan məcburiyyət qarşısında qalaraq deyirdi ki, "Erməni dili hibrid (calaq-melez) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir, ...başqa qonşuları assimilyasiya etmişdir".
Türk dillərinin erməni dilinə təsirinin tarixi çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı ki, "Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV-VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam". Sonra Mordman V-VI əsr erməni yazılı mənbələrindən topladığı 28 türk sözünü misal gətirir. (M.Məmmədov: "Dillərin qarşılıqlı əlaqəsi". İrəvan-1986, səh: 5)
Sonrakı əsrlərdə də "qədim erməni dili" həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur. Akademik T.Hacıyev erməni tarixçisi G.Qanzaketsiyə istinadən XIII əsrdə də erməni dilində türk sözlərinin fəal işləndiyini söyləyir və xeyli nümunə göstərir.
XIV əsrin sonunda Quzey Qafqazda olan xalqları sadalayan bir xristian yepiskop da qeyd edir ki, bunların hamısı tatarca (azərbaycanca) danışırdı. (F.Ağasıoğlu: "Doqquz bitik. Azərbaycan türklərinin islamaqədər tarixi", I bitik, Bakı-2014, "Ağrıdağ", səh:11). H.Açaryanın müəyyən etdiyi 4262 söz isə XV-XIX əsrlərdəki erməni yazılı mənbələrindən aşkarlanıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Q.Çaxmaqlı (Mehdiyev) özünün "Erməni-Türk dil ilişkiləri" məqaləsində göstərir ki, XIX-XX əsrlər erməni yazılarının dilində türk dilinin işlənmə nisbəti 40 faizdən yuxarı olub.
Tədqiqatçılar göstərirlər ki, Azərbaycan dilindən erməni dilinə keçmiş sözlərin çoxunu etnoqrafik və onomastik vahidlər təşkil edir. Etnoqrafik sözlərə yemək adlarından arişta (əriştə), xingal (xəngəl), lavaş, xaşıl (xəşil), piti, hadik (hədik) və s.; əlamət və keyfiyyət anlayışları bildirən sözlərdən laq (lax), xarib (qərib), hınayı (xınayı rəng), xart (qart), allam-qallam (həlləm-qəlləm) və s.; musiqi alətləri və oyun havalarının adlarından: zırna (zurna), tutak (tütək), tumbuq (dümbək), saz; "Qaytaqi", "Qazağı", "Koçari", "Karami" və s.; peşə-sənət, qohumluq anlayışı bildirən sözlərdən: dudukçi, nalbənd, qotanci (kotançı), tamurçi (dəmirçi), komurçi, xanum, xadjı (hacı), baci, dada (dədə) və s.; heyvan, quş, balıq adlarından: ceyran, porsiq (porsuq), tavar (davar), yabu (yabı), dzazan (sazan), ğaz (qaz) və s.; əşya adlarından qaranti (kərənti), çalma, kafkir (kəfkir), tas (ləyən) və s. sözləri nümunə göstərmək mümkündür.
Erməni dilində olan onomastik sözlərin də böyük bir qismini türk soyadları təşkil edir. Erməni tədqiqatçısı T.M.Avetisyanın iddiasına görə, "Erməni soyadlarının yalnız 26,3 faizi orijinal erməni dilində yaranmış, digərləri isə başqa dillərdən, o cümlədən türk (Azərbaycan) dillərindən keçmişdir (T.M.Avetisyan: "Erməni soyadları",Yerevan-1986, səh: 112-114, rusca). Əlbəttə, düz demir, bunların sayı daha çoxdur. Elə təkcə Ə.Ələkbərli və E.Qaraqoyunlunun "Türkmənşəli erməni soyadları" əsərində türk (Azərbaycan) mənşəli 1001 erməni soyadının elmi şərhi verilib. Professor A.Bayramov da özünün "Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər" adlı məqaləsində göstərir ki, "Azərbaycan antroponomikasında olduğu kimi, erməni onomastikasında işlənən şəxs adları və soyadların əksəriyyəti türkmənşəlidir". Alim erməni dilinə keçmiş türk mənşəli onomastik vahidləri belə qruplaşdırır: qədim türk-Azərbaycan tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Xalacyan, Avdalyan, Afşaryan, Tataryan və s); peşə, sənət bildirən tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Dolmaçıyan, Dulgəryan, Xarratyan, Dəlləkyan; şəxs adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Abasyan, Adilyan, Şaxmuradyan, Allaxverdiyan və s.) titul bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Ağayan, Paşayan, Atabekyan, Xanoyan, Bekzadyan və s.) ümumi apelyativlər əsasında işlənən familiyalar (məsələn: Altunyan, Cavanyan, İgityan, Çobanyan və s.); tərkibində baba, ata, dədə, ana və s. qohumluq bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar (məsələn: Ulubabyan, Atayan, Ananyan, Babacanyan və s.).
Erməni dillərinə keçmiş sözlərin bir hissəsi də şəxs adlarıdır. Bunlar əsasən mülki və hərbi titul (məsələn: Sardar, Beqlar, Yuzbaşı Orduxan və s.); zoonim və fitonimlər (Ceyran, Sona, Şahbaz, Güli, Qulnaz, Qonça, Maral və s.); qiymətli daş-qaş adları (məsələn: qohar (gövhər), zumrud, almas, sadaf (sədəf) və s.) və qohumluq münasibətləri, arzu və istək mənalı sözlər (məsələn: Arzu, Ayvaz, Arzuman, Badal, Murad və s.) əsasında yaranıb erməni dilinə keçən şəxs adlarıdır.
Onu da qeyd edək ki, təxmini hesablamalara görə, Ermənistanın toponomik Fondunun da 30-35 faizi türk mənşəlidir.
Ermənilər nəinki sözlərimizi, eləcə də atalar sözü və zərb-məsəllərimizi, yaxud idiomatik ifadələrimizi də tərcümə etmədən işlədirlər. Onlar bunu bilə-bilə edir, bu yolla Azərbaycan türkcəsindən aldıqları sözlərlə erməni dilini zənginləşdirir, onun poetik imkanlarını artırır, yaradıcılıq işi zamanı rastlaşdıqları boşluqları doldururdular.
Azərbaycan və türk dillərinin erməni dilinə təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni dilinin fonetikası da bu dillərin güclü təsirinə məruz qalıb. Türk, o cümlədən Azərbaycan dilinin təsiri erməni dilinin morfoloji və sintaksis quruluşunu belə dəyişdirib. Akademik Qraça Açaryan deyirdi: "...türk (Azərbaycan) dilinin təsiri altında erməni dilinin hətta qrammatik qanunauyğunluğu və qaydaları da dəyişib" ("Yeni erməni ədəbiyyatı tarixi", Vağarşabat, 1906, ermənicə).
Dillər arasında qarşılıqlı əlaqə ta qədim zamanlardan bu günə qədər olmuş, olmaqdadır, yəqin ki, gələcəkdə də olacaq. Əlbəttə, qohum olmayan dillərdə türkmənşəli dil vahidlərinin yer almasında coğrafi areal və qonşuluq prinsipləri mühüm rol oynayır. Lakin qohum olmayan dillərin birindən digərinə keçmiş sözlərin həddindən artıq çox olmasını nə qonşuluq, nə iqtisadi, nə də digər səbəblərlə əlaqəndirmək mümkündür. F.Ağasıoğlunun da qeyd etdiyi kimi, iki dilin birləşib qarışıq dilə çevrilməsi mümkün deyil, ona görə də, burada ancaq həmin dillərdən birinin üstünlüyü ilə yeniləşmiş digər dildən söhbət gedə bilər. E.Əhmədova özünün "Türk kökənli sözlərin dünya dillərində təzahürü" adlı məqaləsində məsələnin mahiyyətini belə izah edir: "Erməni dilində türk sözlərinin kəmiyyət çoxluğu onunla əlaqədardır ki, bu gün erməni kimi tanıdığımız xalqın etnik tərkibinin əsasını qıpçaq türklərindən olan ərmənlər təşkil edir... və eramızın XIII-XVII yüzilliklərində Qara dənizin şimal ərazilərində yaşayan qıpçaq ərmənlərin dili məhz türk dili idi" (SDU-nun "Elmi xəbərləri"-2020, №2, səh: 14-15).
Araşdırmaşı İ.Sadıq isə bu barədə deyir ki, "...erməni dili" anlayışı XIX əsrdən sonra yaranıb. Qrabar, aşxarabar və erməni sözlərinin bir-birinə uyğunsuzluğu isə ondan irəli gəlir ki, sonuncu bu gün özünü erməni adlandıranların yox, qədim türk tayfası olan ərmənlərin adıdır" ("Xalq cəbhəsi" qəzeti, 14 aprel 2012-ci il, səh:14).
Türk düşməni olan bu məxluqlar başa düşmək istəmirlər ki, onların əsl adı hay (Hayasa şəhər-vilayətinin adı ilə hay, yəni Hayasa qulu) olub. Hayların Cənubi Qafqaza kütləvi axını isə 1431-ci ildən - erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisinin pulla satın alımasından və 1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərindən bura köçürülməsindən başlayır. Yerli, yəni bizim din ayrı türk əsilli qardaşlarımızın (alban-oğuz, xüsusən türk əsilli və türk dilli xristan qıpçaqların-ərmənlərin) haylaşdırilması da elə bu vaxtlardan başlayıb. Bu proses XIX əsrin sonlarında başa çatmışdır. Ona görə XX əsr ermənişünası Q.Kapansyan deyirdi ki, "...haylaşma prosesi başa çatdığı üçün biz artıq yunanca formalaşmış yeni armen-oi, Armen-ia, həm də mümkün qədər hay dili dominantı ilə armen adı altında yeni etnik keyfiyyət düşünməliyik".
Lakin "mümkün qədər hay dili dominantı ilə" dil yarada bilmədilər. Çünki Qafqazda daha qədim, zəngin, gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu ilə könüllər oxşayan və əsas işlək dil (linqva franka) olan Azərbaycan dili vardı. O Azərbaycan dili ki, vaxtilə Y.Lermontov dostu Rayevskiyə bu dil barədə belə yazmışdı: "Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək bir o qədər əhəmiyyətlidir". "Erməni dili" adı ilə meydana çıxan dil də Azərbaycan dilinə möhtac idi.
Bəzi erməni alimləri hələ abırsızcasına soruşurlar ki, "Erməni dilinin quruluşundakı dəyişiklik nədən törəyib? Niyə erməni dili quruluşuna görə öz əhatəsində olan - latıncaya, yunancaya, fransızcaya, ərəbcəyə, aysoricəyə və hətta kürdcənin quruluşuna uyğun ola-ola birdən-birə bunlardan uzaqlaşır, türk dilinin strukturuna uyğunlaşır? Bu oxşayış nədən irəli gəlir? Bu, bir təsadüfdürmi? Erməni dilinin quruluşunun dəyişməsinə səbəb nədir?" Bu gün onlar həm də təəccüb edirlər ki, nə üçün qədim erməni-hay dili olan qrabardan fərqli olaraq çağdaş - XIX əsr erməni-hay dili olan aşxarabar bu qədər Azərbaycan-türk dilinə yaxındır. Erməni ədəbi dilinin (aşxarabar) banisi Xaçatur Abovyan da təəccübünü gizlətməyərək yazırdı ki, "dünyada iki elə dil tapmaq mümkün deyildir ki, onlar arasında qədim erməni (kilsə) dili (qrabar) ilə yeni erməni (xalq) dili (aşxarabar) arasındakı fərq qədər fərq olsun. Qədim erməni dili ("qrabar") Avropa dillərinə oxşayır, yeni erməni dili ("aşxarabar") isə türk (Azərbaycan) dilinə oxşayır".
Təəccüblənməyə heç bir əsas yoxdur. Səbəb çox sadədir. Səbəb odur ki, erməni dilinin formalaşmasında türk dilləri xüsusi rol oynayıb. Ən çox da ermənilərin xalq dili sayılan aşxarabarın formalaşmasında. Yerli xaçpərəst ərmən türklərinin (türk ərmənilərin), həm də müsəlman türklərin dili yeni erməni dilinin formalaşmasında həlledici olub. Türkoloq, professor F.Ağasıoğlu da bunu təsdiq edərək yazır ki, digər dillərə nisbətən türk dillərinin hay dilinə təsiri daha qüvvətli olub, bu təsirin altında hayların dili hətta hindavropa dilləri üçün xarakterik olan bir sıra əlamətlərini də itirib.
Yeni erməni dili türk dil sistemi və türk dili leksikası əsasında formalaşıb. Buna görə də başqa bir erməni yazıçısı Q.Ağayan deyirdi: "Erməni dilinin qrammatikası türk (Azərbaycan) dili ilə çox oxşardır. Erməni xalqı, aşıqlar onu öyrənəndə, sonra hətta türk (Azərbaycan) dilində danışanda çətinlik çəkmədilər. Hətta indinin özündə bir çox yazıçılar vardır ki, uzaqda olmalarına baxmayaraq, türk (Azərbaycan) dilində əla danışırlar....bu dil (Azərbaycan dili) ermənilər üçün doğma kimidir... Məhz buna görə də biz azərbaycanca oxuyuruq" (Q.Ağayan. "Əsərləri", III cild, İrəvan-1940, səh. 331, ermənicə). Görünür, buna görə fransız tarixçisi J.Ş.Deserbye qeyd edib ki, "Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir".
Bir sözlə, Azərbaycan dilinin erməni dilinə təsiri gün kimi aydındır. "Qədim erməni dili" öz varlığı üçün türk dillərinin, xüsusən Azərbaycan dilinin qarçısında baş əyməlidir. XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyanın da yazdığı kimi, əgər "Erməni dilindəki... başqa dillərdən alınma sözləri... çıxsaq, erməni dilinin əsasını, özəyini təşkil edən 5 minə qədər söz, 30-a qədər sözdüzəldici və sözdəyişdirici şəkilçi ya qalar, ya qalmaz".

