Icma.az
close
up
RU
Azərbaycan elminin dünyaşöhrətli yetirməsi

Azərbaycan elminin dünyaşöhrətli yetirməsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Əmirulla Məmmədov – 80

Türk dünyasının elm və düşüncə xəritəsində özünəməxsus iz qoyan, ömrünü elmə, vətənə və milli kimliyin qorunmasına həsr edən görkəmli alim – Əmirulla Məmmədəli oğlu Məmmədovun 80 yaşı tamam olur. Ölkəmizin və qardaş xalqların elmi ictimaiyyəti əlamətdar yubileyi alimin zəngin yaradıcılığına və geniş ictimai fəaliyyətinə sevgi-sayğı ilə qeyd edir.

Əmirulla Məmmədov 1946-cı ildə Bakı şəhərində Fatmayı kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərinin Xəzərin sahilində, qədim Bakının elm və mədəniyyət nəfəsi ilə yoğrulan mühitində keçməsi onda yalnız bilik sevgisi deyil, həm də düşünmək, araşdırmaq və həqiqəti tapmaq ehtirası oyatdı.

Bakı Dövlət Universitetinin tələbəsi olanda isə fizikanın mürəkkəb və cazibədar dünyası onun üçün sadəcə bir ixtisas deyil, həyatın mənasına çevrilir. 1968-ci ildə universiteti bitirərkən o, artıq gələcəyin alim potensialını özündə daşıyan bir tədqiqatçı idi. Hərbi xidmətdən qayıtdıqdan sonra özünü tamamilə elmi axtarışlara həsr etdi.

Elmi fəaliyyətə kiçik elmi işçi kimi başlamaq onun üçün sadəcə bir başlanğıc idi. O, hər yeni araşdırmada bir addım irəli gedir, hər nəticədə yeni suallar doğur, hər sualda isə daha böyük üfüqlər axtarırdı.

Beynəlxalq konfranslarda səslənən fikirləri, çap olunan məqalələri və dərin elmi baxışları onu getdikcə daha geniş auditoriyaya tanıdırdı. Beləcə, o, addım-addım, zərrə-zərrə qazandığı nüfuzla professor zirvəsinə yüksəldi – amma bu zirvə onun üçün son deyil, yeni başlanğıcların qapısı idi.

Əmirulla müəllim üçün elm heç vaxt dar çərçivəli sahə olmayıb, hər zaman düşüncənin sərhədsiz üfüqlərinə açılan yol kimi yaşanıb. Onun elmi-pedaqoji fəaliyyəti məhz bu sonsuzluğun içində formalaşıb, zənginliyi və çoxşaxəliliyi ilə seçilib.

1973-cü ildə İoffe adına Fizika-Texnika İnstitutunün elmi mühitində müdafiə etdiyi dissertasiya həyatında yeni bir mərhələnin başlanğıcı oldu. “Bərk cisimlər fizikası” kimi mürəkkəb bir sahədə qazandığı ilk böyük elmi uğur, sanki, gələcək zirvələrin müjdəçisi idi. İllər keçdikcə elmi düşüncəsi daha da dərinləşdi, baxışları genişləndi. 1986-cı ildə Latviya Dövlət Universiteti nəzdində optika sahəsində qazandığı elmlər doktoru dərəcəsi onu sadəcə, şəxsi uğur deyildi, bütöv bir elmi məktəbin potensialının təsdiqi idi. Çünki o, SSRİ məkanında bu sahədə ilk azərbaycanlı alim kimi bu zirvəyə yüksəlib.

Onun elmi dünyası yalnız nəzəriyyələrlə məhdudlaşmırdı. Əmirulla Məmmədov elmi həyatın praktik tərəfini də dərindən dərk edən alimlərdən idi. Xüsusilə müdafiə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən sistemlər üzərində apardığı tədqiqatlar yalnız laboratoriyalarda qalmır, real texnoloji həllərə çevrilərək dövlətlərin strateji gücünə töhfə verirdi.

1970-ci illərin mürəkkəb və məsuliyyətli dövründə onun yolu daha məsuliyyətli bir sahəyə – SSRİ-nin ən yüksək qərarverici elmi-strateji qurumlarından birinə uzandı. Hərbi Sənaye Məsələləri üzrə Komissiyada elmi ekspert kimi fəaliyyəti böyük etimadın göstəricisi idi. Burada o, sadəcə, alim deyil, həm də gələcəyin texnologiyalarını formalaşdıran düşüncə adamı kimi çıxış edirdi. Qəbul edilən qərarların arxasında onun analitik zəkası, elmi əsaslandırmaları və uzaqgörən baxışları dayanırdı.

California Institute of Technology, Stanford University və digər nüfuzlu mərkəzlərdə apardığı tədqiqatlar onun elmi düşüncəsinin coğrafiyasını genişləndirdi. Laboratoriyalarda keçən uzun saatlar, müzakirələrlə dolu elmi mühit və daim yenilənən texnologiyalar onun baxışlarını daha da dərinləşdirdi. O, artıq yalnız bir ölkənin deyil, beynəlxalq elmin nümayəndəsinə çevrilirdi.

1980-ci ildə isə Şərqin texnoloji möcüzəsinin mərkəzinə qədəm qoydu. “Nippon Electric Company” və “Sumitomo Electric” kimi qabaqcıl elmi müəssisələrdə apardığı tədqiqatlar elmi yaradıcılığına yeni çalarlar qatdı. Tsukuba şəhərinin müasir laboratoriyalarında elmi ideyaları real nəticələrə çevirirdi.

1986-cı ildə qazandığı elmlər doktoru dərəcəsi onun illərlə davam edən zəhmətinin bəhrəsi idi. 1988-ci ildə layiq görüldüyü Dövlət mükafatı isə elmi nüfuzunun dövlət səviyyəsində qəbulunun parlaq sübutuna çevrildi.

1989-cu ildən Sapienza Universitetinin auditoriyalarında, Fraskati şəhərinin elmi mərkəzlərində onun səsi eşidilməyə başladı. Burada o, təkcə tədqiqatçı deyil, həm də biliklərini paylaşan, yeni nəsil alimləri ruhlandıran müəllim idi. Beləcə, onun elmi yolu okeanları, qitələri aşaraq bir həqiqəti sübut edirdi: həqiqi alim üçün dünya bir laboratoriyadır, elm isə bu laboratoriyada daim davam edən böyük bir axtarış.

Həyat yolunda 1990-cı il yeni bir səhifə kimi açıldı – bu səhifə onu qardaş ölkə Türkiyəyə apardı. Bu, sadəcə coğrafi dəyişiklik deyildi, elmin, təcrübənin və milli ruhun yeni mühitdə çiçəklənməsi idi. Adana şəhərindəki Çukurova Universitetində o, yalnız bir professor kimi deyil, böyük bir elmi məktəbin daşıyıcısı kimi qarşılandı. Fizika və mühəndislik fakültələrində keçdiyi dərslər, sadəcə, mühazirə deyildi, düşünməyi öyrədən, sual verməyə cəsarət aşılayan, gənclərin zehni dünyasını genişləndirən bir məktəb idi. Onun yetişdirdiyi tələbələr yalnız bilik qazanmır, həm də elmi düşüncənin fəlsəfəsini mənimsəyirdilər.

Lakin onun fəaliyyəti universitet divarları ilə məhdudlaşmadı. O, elmin real həyatda tətbiq olunduğu ən strateji sahələrdən birinə – müdafiə sənayesinə üz tutdu. ASELSAN kimi mühüm bir qurumda elmi məsləhətçi olaraq çalışmaqla, o, nəzəri bilikləri texnoloji gücə çevirməyi bacaran nadir alimlərdən olduğunu bir daha sübut etdi. Mikroelektronika və elektrooptik sistemlər sahəsində onun fikirləri, təklifləri və elmi yanaşması gələcəyin texnologiyalarını formalaşdıran əsas sütunlardan birinə çevrildi.

2011-ci ildə rəsmi qaydalara uyğun olaraq o, professor vəzifəsindən təqaüdə çıxdı. Lakin bu, onun üçün dayanmaq demək deyildi. Əksinə, yeni bir başlanğıc idi. Bilkent Universitetinin nanotexnologiya mərkəzində fəaliyyətini davam etdirdi.

Onun elmi irsinin ən parlaq nümunələrindən biri isə MEROPS sistemi oldu. Bu sistem elmi düşüncənin praktiki gücə çevrilməsinin simvolu idi. Onun ideyaları, rəhbərliyi və zəhməti nəticəsində bu layihə reallığa çevrildi və Türkiyənin müdafiə qabiliyyətinin güclənməsində mühüm rol oynadı. Əmirulla Məmmədovun Türkiyə dövrü göstərdi ki, həqiqi alim heç vaxt təqaüdə çıxmır. O, sadəcə fəaliyyət sahəsini dəyişir, amma düşünmək, yaratmaq və gələcəyi formalaşdırmaq missiyasını ömrünün sonuna qədər davam etdirir.

Əmirulla müəllim üçün həyat yalnız laboratoriyalardan və auditoriyalardan ibarət olmayıb. Onun taleyində elm ilə vətən sevgisi, bilik ilə mənəvi məsuliyyət həmişə yanaşı addımlayıb. O, harada yaşamasından asılı olmayaraq, qəlbində daşıdığı Azərbaycanı heç vaxt tərk etməyən ziyalılardandır.

Yarım əsrə yaxın doğma yurddan uzaqda yaşasa da, onun düşüncələri, qayğıları və mübarizəsi daim Azərbaycanın taleyi ilə bağlı olub. 1980-ci illərin mürəkkəb siyasi atmosferində Azərbaycanın səsinin dünyaya çətinliklə çatdığı bir zamanda, onun səsi uzaq ölkələrdə eşidildi. “Azadlıq”, “Azad Avropa” və “Amerikanın Səsi” radiolarında çıxışları, həqiqətin, ədalətin və milli mövqenin səsi idi.

Xüsusilə 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə çıxışları yaddaşlara həkk olundu. O, tribunada yalnız bir alim kimi deyil, ağrını yaşayan bir xalqın nümayəndəsi kimi danışırdı. Adana şəhərində onun təşəbbüsləri real nəticələrə çevrildi. Xocalı həqiqətlərinin tanıdılması istiqamətində atılan addımlar, qəbul edilən qərarlar, ucaldılan abidə və salınan park onun yorulmaz fəaliyyətinin sübutu, həm də tarixə yazılmış ədalət çağırışı idi.

Onun ictimai fəaliyyəti getdikcə daha da genişləndi. Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmlənməsi, diasporun təşkilatlanması və elmi əlaqələrin qurulması istiqamətində birləşdirici bir qüvvə kimi çıxış etdi.

Əmirulla Məmmədovun həyatının bu tərəfi bir həqiqəti xatırladır: həqiqi ziyalı yalnız bilik sahibi deyil, həm də cəmiyyətin vicdanıdır. O, harada yaşamasından asılı olmayaraq, öz xalqının səsini daşıyan, tarixini qoruyan və gələcəyinə yol açan işıqdır.

Əmirulla Məmmədəli oğlu Məmmədov bu gün də yorulmadan fəaliyyət göstərən, zamanın axarına deyil, onu istiqamətləndirən nadir ziyalılardandır. Onun üçün illər sadəcə rəqəm, yaş isə yalnız təqvim göstəricisidir. Düşünən beyin, axtaran ruh və vətənə bağlı qəlb isə dəyişməz qalır. O, bu gün də müxtəlif ölkələrdə keçirilən elmi toplantılarda, ictimai platformalarda və diplomatik mühitlərdə çıxış edərək Azərbaycanı tanıdır, ölkənin inkişaf yolunu, qazandığı uğurları və gələcəyə yönəlmiş strategiyasını dünyaya çatdırır.

Bu uzun və mənalı yol, təbii ki, diqqətdən kənarda qalmamışdır. Çoxillik elmi, pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, nüfuzlu mükafat və fəxri adlarla təltif olunmuşdur. O, 1988-ci ildə Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatı laureatı, 2016-cı ildə isə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. 2021-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medala, 2022-ci ildə isə “Dostluq” ordeninə layiq görülməsi onun zəngin və fədakar fəaliyyətinin parlaq göstəricisi olmaqla, illərlə davam edən zəhmətin, sədaqətin və xidmətin etirafıdır. Hər bir mükafat onun həyat yolunun bir mərhələsini, bir uğurunu, bir izini simvolizə edir.

Lakin onun ən böyük mükafatı ordenlər, fəxri adlar deyil, yetişdirdiyi tələbələr, yaratdığı elmi məktəb, qurduğu mənəvi körpülər və qoruduğu milli dəyərlərdir.

Əmirulla Məmmədovun ömür yolu bizə bir həqiqəti xatırladır: böyük xidmətlər zamanla ölçülmür, onların dəyəri yaratdığı təsirlə, qoyduğu izlə müəyyən olunur. Onun fəaliyyəti isə artıq bir insanın ömrünü aşaraq bir məktəbə, bir ənənəyə, bir örnəyə çevrilmişdir.

Namiq QƏDİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see426

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see392

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see324

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see262

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see252

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see242

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see239

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see237

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see234

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see221

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see207

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see205

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see204

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see201

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see201

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see198

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see195

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see181

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see172

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri