Azərbaycan iqtisadiyyatının yeni xəritəsi: Son beş ildə qeyri neft sektoru TƏHLİL
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan iqtisadiyyatı yeni dönüş nöqtəsinə qədəm qoyub. Əgər bir vaxtlar iqtisadi artımın əsas dayağı neft hasilatı idisə, bu gün artıq qeyri-neft sektoru iqtisadi inkişafın və dayanıqlı gəlirlərin əsas mənbəyinə çevrilməkdədir. Pandemiya, regional gərginliklər və qlobal bazarlardakı dalğalanmalara baxmayaraq, Azərbaycan iqtisadiyyatı son 5 ildə sabit artım trayektoriyasını qoruyub saxlayıb. Qeyri-neft ÜDM-i ardıcıl şəkildə böyüyüb, ixracda qeyri-neft sektorunun payı genişlənib, dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisi əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Dövlət büdcəsinin və qeyri-neft gəlirlərinin artımında yeni mərhələ
Son beş ildə Azərbaycanın dövlət büdcəsi ardıcıl şəkildə böyüyərək ölkə iqtisadiyyatının ümumi inkişaf tempinə paralel sabit artım nümayiş etdirib. 2020-ci ildə büdcə gəlirləri 24,7 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm artıq 37,2 milyard manata çatıb. Yəni cəmi beş il ərzində dövlət büdcəsinin gəlirləri 50 faizdən çox artıb.

Bu artımda təkcə neft amili deyil, daxili iqtisadi fəallığın və real sektorun genişlənməsi əsas rol oynayıb. Qeyri-neft gəlirləri üzrə dinamika bunu aydın göstərir. 2020-ci ildə 10,7 milyard manat olan qeyri-neft gəlirləri 2024-cü ildə 19,2 milyard manata yüksəlib. Artım tempi 80 faizə yaxın olub ki, bu da büdcənin strukturunda mühüm dəyişiklik deməkdir.

Əgər 2020-ci ildə dövlət büdcəsinin təxminən 43 faizi qeyri-neft gəlirlərinin payına düşürdüsə, 2024-cü ildə bu göstərici 52 faizə yaxınlaşıb. Bu, fiskal siyasətin əsas məqsədinə - büdcə gəlirlərinin diversifikasiyasına doğru əhəmiyyətli addımdır.
Artımın əsas mənbəyi isə iqtisadiyyatın “ağarması” olub. Son illər həyata keçirilən vergi və gömrük islahatları, elektron uçot və nəzarət sistemlərinin tətbiqi, kölgə iqtisadiyyatının azaldılması və rəqəmsal ticarətin şəffaflaşdırılması nəticəsində dövlət büdcəsinə daxilolmalar xeyli artıb.
Nəticədə, son beş ildə dövlət büdcəsi təkcə nominal deyil, struktur baxımından da daha dayanıqlı hala gəlib. Artıq Azərbaycanın fiskal sabitliyi getdikcə daha çox real sektorun və vergi intizamının hesabına təmin olunur. Bu da neft qiymətlərindəki dəyişkənliyə qarşı iqtisadi sistemin dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirir.
Qeyri-neft ixracının artımı: Yeni bazarlar və məhsul xəritəsi
Son beş ildə Azərbaycanın qeyri-neft ixracı əhəmiyyətli yüksəliş nümayiş etdirib. 2020-ci ildə 1,85 milyard ABŞ dolları təşkil edən ixracın həcmi 2024-cü ildə 3,35 milyard dollara çatıb. Bu, cəmi beş il ərzində təxminən 81 faiz artım deməkdir.

Qeyri-neft məhsulları üzrə dinamika
2020-2024-cü illərdə qeyri-neft sektorunun ixracında meyvə-tərəvəz məhsulları lider mövqedə qalmaqda davam edib. Bu istiqamət üzrə ixrac beş il ərzində 607 milyon dollardan 707 milyon dollara yüksələrək, ümumilikdə 3,34 milyard dollarlıq dövriyyə formalaşdırıb. Azərbaycanın kənd təsərrüfatı potensialı, yeni saxlanc və emal müəssisələrinin açılması bu sektoru ixracın lokomotivinə çevirib.

Növbəti sıralarda qızıl, pambıq lifi və elektrik enerjisi qərarlaşıb. 2020-2024-cü illər ərzində qızıl ixracından 958,7 milyon dollar, pambıq lifindən 820,5 milyon dollar, elektrik enerjisindən isə 747,3 milyon dollar gəlir əldə olunub. Xüsusilə, 2023-cü ildə elektrik enerjisi ixracının kəskin artımı (402 milyon dollar) Azərbaycanın enerji tranzit mərkəzi rolunun gücləndiyini göstərir.
Qeyri-neft məhsullarınım əsas ixrac bazarları
Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ixrac istiqamətləri Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan olub. Bu beş ölkə 2020-2024-cü illərdə ümumi ixracın 73%-ni formalaşdırıb.

2020-2024-cü illərdə Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir - 4,77 milyard dollar. Bu, əsasən, kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz tədarükü hesabınadır.
Türkiyə 3,09 milyard dollarlıq göstərici ilə ikinci yerdə qərarlaşıb - sənaye malları üstünlük təşkil edir. İsveçrə Azərbaycanla qiymətli metallar sahəsində mühüm tərəfdaşdır.
Ümumilikdə, son beş ildə Azərbaycanın qeyri-neft ixracı coğrafi baxımdan da şaxələnib. Əgər 2020-ci ildə ixrac, əsasən, yaxın qonşu bazarlarla məhdud idisə, indi məhsullar həm Avropa, həm Mərkəzi Asiya bazarlarına istiqamətlənib. Bu, ölkənin ixrac siyasətində yeni mərhələnin - dayanıqlı və çoxşaxəli ticarət modelinin formalaşdığını göstərir.
Turizm və otel gəlirləri: Neftdənkənar gəlirlərin yeni dayağı
Son illər Azərbaycan üçün turizm sektoru təkcə iqtisadiyyatın sosial yönümlü sahəsi deyil, həm də büdcəyə neftdənkənar gəlir gətirən əsas istiqamətlərdən birinə çevrilib. Pandemiyadan sonra bərpa mərhələsini uğurla geridə qoyan turizm sənayesi artıq sabit artım trayektoriyasına daxil olub.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci ildə 304 milyon ABŞ dolları olan turizm xidmətləri üzrə ixrac 2024-cü ildə 2 milyard dollara çatıb. Bu, cəmi dörd il ərzində 6,5 dəfə artım deməkdir. Xüsusilə 2022-ci ildən etibarən ölkəyə gələn əcnəbi turistlərin sayında kəskin artım qeydə alınıb, nəticədə turizm gəlirləri 2022-ci ildə 823 milyon, 2023-cü ildə isə 1,5 milyard dollara yüksəlib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikasına dünyanın 196 ölkəsindən 2 milyon 626,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da əvvəlki illə müqayisədə 25,9 faiz çoxdur. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfərə, Körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 18,8 faiz artaraq 979 min nəfərə çatıb.
Bu dinamika göstərir ki, Azərbaycan artıq regionda turizm cəlbediciliyi üzrə yeni mərhələyə daxil olub. Bakı ilə yanaşı, Quba, Qəbələ, Şamaxı, Şuşa və Naftalan kimi istiqamətlər də beynəlxalq turizm xəritəsində möhkəmlənir.
Otel gəlirləri rekord səviyyədə artıb
Turizmin inkişafı otel sektorunun gəlirlərində də əksini tapıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə otellərin gəlirləri 116,8 milyon manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 694,2 milyon manata yüksəlib. Yəni, son beş ildə otel sektorunun dövriyyəsi 6 dəfəyə yaxın artıb.

Bu artım həm daxili turizmin canlanması, həm də xarici turist axınının artması ilə izah olunur. Eyni zamanda, ölkədə beynəlxalq otel brendlərinin sayının çoxalması, regional turizm infrastrukturuna investisiyaların genişlənməsi və tədbir turizminin inkişafı gəlirlərin artmasına mühüm təsir göstərib.
Turizm və otel sənayesində müşahidə olunan bu artım, faktiki olaraq, Azərbaycanın qeyri-neft gəlirləri strukturunda xidmət sektorunun çəkisini gücləndirir. İndi turizm təkcə iqtisadi göstərici deyil, həm də ölkənin brend kapitalını və valyuta daxilolmalarını artıran strateji sahə kimi çıxış edir. Beləliklə, son beş ildə Azərbaycan turizmi həm xidmət ixracında, həm də daxili dövriyyədə ölkənin “post-neft iqtisadiyyatına keçid” prosesində əsas dayaqlardan birinə çevrilib.
Nəqliyyat dəhlizləri – Azərbaycanın yeni gəlir mənbəyi
Azərbaycanın coğrafi mövqeyi son illər təkcə tranzit ölkə statusunu deyil, həm də regional logistika mərkəzi rolunu möhkəmləndirib. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə ölkə üçün dəhliz iqtisadiyyatı nəqliyyat xidmətlərinin ixracı və qeyri-neft gəlirləri baxımından strateji əhəmiyyət kəsb edir.
2024-cü ildə ölkə üzrə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33,26 milyon ton, yük dövriyyəsi isə 13,2 milyard ton-kilometr təşkil edib. Daşınan yüklərin 56,6 faizi (18,84 milyon ton) tranzit yüklərin payına düşüb.
Nəqliyyat və logistika sektorunun inkişafı tədricən xidmət ixracının əsas istiqamətinə çevrilir. 2024-cü ildə nəqliyyat xidmətlərinin ixrac dəyəri 3,2 milyard dolları ötüb ki, bu da qeyri-neft gəlirlərinin mühüm hissəsini təşkil edir. Tranzit daşımalar və liman xidmətlərindən əldə edilən gəlirlər enerji sektorundan asılılığı azaldan real valyuta mənbəyinə çevrilməkdədir.
Uzunmüddətli perspektivdə Azərbaycanın logistika potensialı daha da genişlənəcək. Zəngəzur dəhlizinin işə düşməsi, eləcə də Çin-Avropa yük axınının artması ölkəyə əlavə tranzit gəliri gətirəcək. Beləliklə, nəqliyyat dəhlizləri təkcə regional inteqrasiyanın deyil, həm də Azərbaycanın post-neft iqtisadi modelinin dayanıqlı sütunlarından birinə çevrilməkdədir.
İqtisadi artımın xəritəsi dəyişir: Ön planda qeyri-neft sektoru
Azərbaycan iqtisadiyyatında son beş ildə baş verən struktur dəyişikliklər investisiya axınında və ÜDM strukturunda özünü aydın şəkildə göstərir. 2020-ci ildə qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,1 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 15,7 milyard manata yüksəlib. Yəni, beş il ərzində real sektora qoyulan vəsait 41 faiz artıb.

Bu artım, bir tərəfdən dövlətin regionlarda infrastruktur və sənaye parkları layihələrinə verdiyi dəstəyin, digər tərəfdən isə özəl sektorun istehsal və xidmət sahələrinə yönəlik aktivliyinin nəticəsidir.
Son beş ildə qeyri-neft ÜDM-də ardıcıl artım

Diaqramdan göründüyü kimi, qeyri-neft ÜDM-in həcmi 2020-ci ildə 50,8 milyard manat olduğu halda, 2024-cü ildə 85,7 milyard manata çatıb. Bu, cəmi beş il ərzində 68,7 faizlik artım deməkdir.
Neft-qaz sektorunda eyni dövrdə artım 21,6 milyard manatdan 40,6 milyard manata yüksəlsə də, qeyri-neft sektorunun artım tempi daha sabit və dayanıqlıdır. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir - artıq iqtisadi genişlənməni təkcə neft hasilatı deyil, istehsal, xidmət və innovasiya sahələri təmin edir.
Son beş ildə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin, turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb. Bu tendensiya göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq - yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyur.
Nəticə olaraq son beş ildə Azərbaycanın iqtisadi mənzərəsində baş verən dəyişikliklər bir həqiqəti tam aydın göstərir: ölkə artıq təkcə neft gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür. Büdcədə qeyri-neft gəlirlərinin payının 52 faizə yaxınlaşması, ixrac strukturunda qeyri neft məhsullarının artması, turizm və logistika xidmətlərindən əldə edilən valyuta daxilolmalarının çoxalması yeni modelin əsas dayaqlarıdır.
Xidmət sektorunda, xüsusilə turizm və nəqliyyat dəhlizlərində müşahidə olunan artım, neftdənkənar gəlirlərin növbəti strateji mənbələrini formalaşdırır. 2024-cü ildə 2,6 milyon turistin ölkəyə səfəri və 33 milyon ton yükün dəhlizlər vasitəsilə daşınması Azərbaycanın valyuta gəlirlərini şaxələndirən əsas vektorlar kimi çıxış edir.
Bütün bu göstəricilər sübut edir ki, Azərbaycan iqtisadiyyatı artıq tək resursa deyil, müxtəlif gəlir mənbələrinin sinerjisinə əsaslanır. Qeyri-neft sektorunun artımı, sadəcə, rəqəmlərdə deyil, həm də iqtisadi düşüncə tərzində dönüş yaradır - daha çox istehsal, daha çox ixrac, daha çox xidmət deməkdir.
Gələcək mərhələdə bu siyasətin davamı ölkəyə yalnız sabit büdcə deyil, həm də dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model qazandıracaq. Azərbaycan artıq neft dövrünü arxada qoyub və qeyri-neft əsrinin əsaslarını sistemli şəkildə formalaşdırır.


