Icma.az
close
up
RU
Azərbaycan Oman şirkətləri üçün Orta Asiya və Avropaya çıxış nöqtəsi ola bilər

Azərbaycan Oman şirkətləri üçün Orta Asiya və Avropaya çıxış nöqtəsi ola bilər

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun "525-ci qəzet"ə müsahibəsi.

- Cənab səfir, Oman Sultanlığı Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub. Amma iki dövlətin əlaqələrində inkişaf son illərdə, xüsusilə Omanda səfirliyimizin təsis olunmasından sonra müşahidə edilir. Siz Azərbaycan-Oman münasibətlərini necə xarakterizə edərdiniz?

- Oman Sultanlığı Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olub. Oman Sultanlığı 30 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 13 iyul 1992-ci ildə qurulub. Azərbaycan və Oman Sultanlığı arasındakı münasibətlər dostluq və qarşılıqlı ehtirama əsaslanır. Son illərdə, xüsusilə 2024-cü ildə Omanda Azərbaycan səfirliyinin təsisindən sonra əlaqələrdə yeni müsbət dinamika müşahidə edilir. Bu addım diplomatik əlaqələrin daha da güclənməsinə və müxtəlif sahələrdə, o cümlədən ticarət, investisiyalar, mədəniyyət, turizm, enerji və bu kimi digər strateji istiqamətlərdə əməkdaşlığın perspektiv inkişafına təkan verib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Oman Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səid əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının siyasi iradəsi iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə və bütün sahələrdə daha sıx işbirliyinin qurulmasına zəmin yaradır. Bu, təkcə iqtisadi və siyasi sahədə deyil, eyni zamanda mədəni və humanitar sahələrdə də özünü göstərəcəkdir.

Önümüzdəki illər ərzində yüksək səviyyəli səfərlərin həyata keçirilməsi planlaşdırılır ki, bu da ikitərəfli əlaqələrin daha da inkişafına önəmli təkan verəcək, münasibətlərin hərtərəfli inkişafında mühüm rol oynayacaq.

- Beynəlxalq təsisatlar çərçivəsində iki ölkənin əməkdaşlığı nə yerdədir?

- Oman Sultanlığı beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib, bu da iki ölkə arasındakı dostluq və qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan da öz növbəsində Omanın beynəlxalq arenada irəli sürdüyü təşəbbüslərə daim dəstək nümayiş etdirir. Hazırda Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda Azərbaycan və Oman arasında fəal əməkdaşlıq davam edir. Xüsusilə İƏT çərçivəsində hər iki dövlət müsəlman dünyasının maraqlarının müdafiəsində və qlobal sülhün təmin olunmasında eyni mövqedən çıxış edir. Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyi dövründə Oman bu fəaliyyətləri dəstəkləyib. BMT çərçivəsində də Azərbaycan və Oman beynəlxalq təhlükəsizlik, sülh və ədalətin bərqərar olması üçün bir-birinə qarşılıqlı dəstək göstərir. Əminəm ki, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək praktikasının müsbət dinamikası gələcəkdə də davam edəcək.

- Siyasi əlaqələr yaxşı səviyyədə olsa da, iqtisadi sahədə bunu demək mümkün deyil. İqtisadi əlaqələrin inkişafı üçün nə kimi yeni təşəbbüslər var?

- Doğrudur, iqtisadi əlaqələrdə hələ də tam potensialdan istifadə olunmadığını qeyd etmək lazımdır. Bu sahədə əlaqələrin inkişafı üçün bir sıra yeni təşəbbüslər gündəmdədir.

Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə işçi qrupun yaradılması istiqamətində işlər aparılır. Bu qrup qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes forumların təşkili kimi məsələlərdə mühüm rol oynayacaq. Eyni zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində də işlər aparılır. Hazırda bir sıra önəmli saziş və anlaşma memorandumlarının imzalanması üçün tərəflər arasında müzakirələr davam edir. Bu sənədlər iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın enerji sektoru, nəqliyyat-tranzit imkanları və kənd təsərrüfatı sahəsində Oman şirkətləri üçün geniş imkanlar mövcuddur. Azərbaycan regionun mühüm logistika mərkəzi kimi Oman şirkətləri üçün Orta Asiya və Avropa bazarlarına çıxış nöqtəsi ola bilər. Bu baxımdan, iki ölkə arasında birbaşa aviareyslərin açılması və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biridir.

Bütün bu təşəbbüslər iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.

- Ötən ay keçirilən Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələr zamanı yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə mümkün birgə layihələr üzrə imkanlar da nəzərdən keçirildi. Bu istiqamətlərdə hansı birgə layihələr mümkündür?

- Azərbaycan və Oman xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə də təşəbbüslər müzakirə olunub və bu istiqamətdə mümkün birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bu, iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addımdır. Yaşıl enerji sahəsində Azərbaycan və Oman arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı Omanın bu sahədəki təcrübəsi ilə birləşdirilərək birgə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə yol aça bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonalarının yaradılması və bu sahəyə Oman investisiyalarının cəlb edilməsi mümkün perspektivlərdən biridir. Bundan əlavə, Azərbaycanın Xəzər dənizində külək enerjisi potensialı Oman şirkətləri üçün cəlbedici ola bilər və burada birgə enerji parklarının qurulması imkanları mövcuddur.

Nəqliyyat və kommunikasiyalar sahəsində də əməkdaşlıq üçün mühüm potensial var. Azərbaycanın tranzit imkanları və coğrafi mövqeyi Oman üçün Mərkəzi Asiya və Avropa bazarlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Oman məhsullarının Avropa və MDB bazarlarına çıxarılması üçün birgə logistika mərkəzlərinin yaradılması nəzərdən keçirilir. Həmçinin Bakı və Maskat arasında birbaşa aviareyslərin açılması turizm və biznes əlaqələrinin inkişafına əlavə təkan verə bilər.

Digər perspektivli sahələrə gəldikdə, infrastruktur və informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Bundan əlavə, kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində əməkdaşlıq üçün də geniş imkanlar var. Oman bazarı üçün Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsulları - xüsusilə meyvə, tərəvəz və süd məhsulları cəlbedici ola bilər.

Turizm sahəsində də əməkdaşlıq üçün potensial böyükdür. Azərbaycanın qış dağ turizmi, termal kurortları və mədəni irsi Oman turistləri üçün maraqlı ola bilər. Bu istiqamətdə birgə turizm paketlərinin hazırlanması və turizm agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

- İnvestisiya imkanları barədə soruşmaq istərdim, Omanda Azərbaycan yatırımları mövcuddurmu?

- Oman Sultanlığı investisiyaya açıq ölkədir. Bununla bağlı Oman hökuməti hər il "Duqm Forumu" təşkil edir. Məqsəd mavi iqtisadiyyat, ərzaq təhlükəsizliyi, logistika, turizm və bərpa olunan enerji sektorlarında ölkəyə investisiya cəlb etməkdir. 1995-2024-cü illər üzrə Omandan Azərbaycana 6,6 milyon ABŞ dolları (əsasən qeyri-neft sektoruna), Azərbaycandan Omana isə 1,5 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. Bunun da əsas hissəsini qeyri-neft sektoru təşkil edir. Hazırda Azərbaycan tərəfi Omana investisiyaların yatırımının artırılması üçün işlər aparır. Yaxın zamanlarda sözügedən investisiya artımlarının şahidi olacağıq.

- Oman əsasən idxal ölkəsi sayılır. Bu baxımdan Azərbaycan mallarını Omanda bazarlarında görmək mümkündür?

- Bəli, düz qeyd etdiniz, Oman hazırda əsasən idxaldan asılı ölkədir və buna görə də bir çox ölkələr bu boşluqdan məharətlə istifadə edərək öz məhsullarını Oman bazarına çıxartmaqda maraqlıdırlar. Eləcə də ölkəmiz də Omana məhsul ixrac etməkdə maraqlıdır. Ölkəmizdən ixrac olunan mallar əsasən tütün və tütün məmulatları, kakao və kakao məmulatları, qoz-fındıq məhsulları, meyvə və tərəvəz, ölkəmizə idxal olunan əsas mallar isə dərman preparatları, elektrik naqilləri, mərmər və travertin, ətir və s.

Məlumat üçün bildirim ki, 2024-cü il üzrə Azərbaycanla Oman Sultanlığı arasında ticarət dövriyyəsinin həcmi 66,57 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,38 mln. ABŞ dolları təşkil edib. Xarici ticarət saldosu isə müsbət 65.81 mln. ABŞ dolları olib.

Gələcəkdə Azərbaycan brendi ("Made in Azerbaijan") adı altında çoxlu məhsul çeşidlərinin Oman bazarlarında görəcəyik. Bununla bağlı Səfirliyimiz Azərbaycanın bir sıra biznes sektorlarının Oman bazarlarına çıxması istiqamətində işlər aparır.

- Oman turizm istiqaməti kimi də populyarlıq qazanmaqdadır. Azərbaycan və Omanın bu sahədə əməkdaşlığı nə yerdədir?

- 2024-cü il üzrə Omandan Azərbaycana 24140 nəfər turist səfər edib. Səfərlərin əksəriyyəti yay aylarına təsadüf edir. Yay mövsümü zamanı Omanın "SalamAir" aşağı büdcəli aviaşirkəti iki paytaxt arasında birbaşa uçuşlar yerinə yetirir. Bir məsələni də qeyd etmək istərdim ki, 2016-cı ilin 1 fevral tarixindən Oman vətəndaşları sadələşdirilmiş viza rejimindən istifadə etməklə Azərbaycanın istənilən hava limanlarından viza əldə edə bilir.

- Birbaşa reyslərin açılması hazırda müzakirə olunur? Eyni zamanda, viza rejiminin aradan qaldırılması mümkünlüyü barədə də soruşmaq istəyirdim...

- Səfirliyimizin öndə duran əsas priotetlərindən biri də Azərbaycan Hava Yollarının (AZAL) Bakı və Maskat şəhərləri arasında birbaşa aviareysinin açılmasıdır. Hazırda bunun üzərində işlər aparılır. Aviareysin açılması ölkə iqtisadiyyatına və turizminə təkan verəcək. Eyni zamanda, hər iki ölkənin hava limanlarından "hub" kimi istifadə oluna biləcəyinə zəmin yaradacaq.

Ümumvətəndaş pasportlarına sahib vətəndaşların qarşılıqlı olaraq vizasız səfər etmələri üçün də Səfirlik tərəfindən işlər aparılır. Bu, həmçinin Azərbaycanla Oman arasında iqtisadi, ticarət xüsusən də turizm sahəsində əlaqələrin inkişafına, iş adamlarının qarşılıqlı səfərlərinin artmasına, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.

- Humanitar, eyni zamanda mədəniyyət, təhsil sahəsində əməkdaşlıq üçün hansı işlər görülür?

- Öncədən vurğuladığım kimi, Səfirliyimizin Oman Sultanlığında yeni açılması ilə əlaqədar diplomatik korpusun 2025-ci il iş planına uyğun olaraq bir sıra mədəni, humanitar tədbirlərin keçirilməsi planlaşdırılır. Təhsil sahəsində əməkdaşlıqla bağlı qeyd etmək istərdim ki, səfirlik qarşılıqlı tələbə mübadilə proqramlarının həyata keçirilməsi və bu çərçivədə omanlı tələbələrin ölkəmizdə təklif edilən təhsil təqaüdlərindən fəal istifadə etmək üçün təbliğat işləri aparacaq. Eyni zamanda, azərbayanlı tələbələrin və mütəxəssislərin ərəb dilini öyrənməsi və təkmilləşdirilməsi üçün Oman tərəfindən dil təlimlərinin təşkil edilməsi üzərində işlər aparılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see183

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see133

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see132

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see131

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see129

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see123

46 illik ömür...

20 İyun 2025 08:17see122

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see117

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see117

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see116

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see116

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see116

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see115

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see115

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see114

PSJ Braziliya klubuna məğlub oldu

20 İyun 2025 07:10see114

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see113

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see113

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri