Azərbaycan sənayesinin yeni inkişaf mərhələsi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
İnkişaf tarixində müxtəlif təcrübələr göstərir ki, sənayeləşmənin uğuru ölkənin malik olduğu xammalı qlobal istehsal zəncirində daha yüksək dəyər yaradan məhsullara çevirmək bacarığından asılıdır. Bu baxımdan dağ-mədən sənayesi xammalı daha yüksək dəyərli məhsula çevirən istehsal zəncirinin başlanğıc mərhələsi kimi çıxış edir. Onun təmin etdiyi xammal metallurgiya və metal emalında istifadə olunur, ölkə daxilində emal dərinləşdikcə isə əlavə dəyər və yüksək rəqabətli ixrac imkanları artır.
Azərbaycanın sənayeləşmə tarixində təbii resursların istehsal imkanlarına çevrilməsi mühüm yer tutub. Ulu öndər Heydər Əliyevin 1970-ci illərdə həyata keçirdiyi dərin sənayeləşmə siyasəti nəticəsində ölkədə mühüm metallurgiya müəssisələri yaradılmış, istehsal infrastrukturu genişləndirilmiş və yerli mühəndis-texniki kadrlar hazırlanmışdır. Prezident İlham Əliyevin sənaye siyasəti bu xətti müasir tələblər əsasında davam etdirərək mineral xammalın hasilatından yüksək əlavə dəyərli məhsul istehsalınadək vahid zəncirin qurulmasını hədəfləyir. Bu siyasətin davamlılığını ötən ay qəbul edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” aydın ifadə edir.
Azərbaycanda sənayeləşmə: tarixi baxış
Azərbaycanda iri sənaye istehsalının formalaşması XIX əsrin ikinci yarısında Bakı neft sənayesinin sürətli inkişafı ilə birbaşa bağlı olub. Həmin dövrdə neft hasilatı və emalı ətrafında metal emalı, maşınqayırma və nəqliyyat sahələri də yaranmışdır. 1970-ci illər isə ölkədə sənayenin inkişafında yeni mərhələ kimi səciyyələnir: Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın sənayenin dayaqları olan maşınqayırma, metallurgiya, kimya və energetika sahələrinin istehsal bazası genişləndirildi. Həmin dövrdə cəmi 10 ildə ölkədə 250-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verildi, yeni istehsal sahələri Bakı və Sumqayıtla yanaşı, Gəncə və digər şəhərlərdə də yaradıldı. Bu proses ölkənin sənaye xəritəsini genişləndirdi, regionlarda yeni istehsal və məşğulluq imkanları artdı.
Bu dövrdə regionlarda təkcə yeni zavodlar açılmır, xammalın hasil olunduğu yerlə onun emal edildiyi müəssisələr arasında əlaqə də qurulurdu. Daşkəsən–Gəncə–Sumqayıt alüminium xətti bunun konkret nümunəsidir. Daşkəsəndə hasil olunan Zəylik aluniti Gəncə Gil-Torpaq zavodunda emal edilir, alınan gil-torpaq alüminium istehsalında istifadə olunurdu. Bu model hər şəhərə istehsal zəncirində ayrıca rol verirdi: Daşkəsən xammal mənbəyi, Gəncə emal mərkəzi, Sumqayıt isə alüminium istehsalı bazası kimi çıxış edirdi. Eyni zamanda, istehsalın davamlılığı üçün yerli xammal xaricdən gətirilən xammalla da tamamlanırdı.
Sənaye quruculuğunun digər mühüm istiqaməti kadr hazırlığı idi. Ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sənaye üçün zəruri olan mühəndis və texniki mütəxəssislərin hazırlanmasına, istehsal infrastrukturunun inkişafına da diqqət yetirilirdi. Bu siyasət Azərbaycanda sənaye təcrübəsinin, ixtisaslı kadr potensialının və regionlarda istehsal infrastrukturunun formalaşması üçün möhkəm bünövrə yaratdı. Ulu öndərin misilsiz xidmətlərindən olan yerli kadr potensialı ölkədə formalaşan sənaye ənənəsinin davamı və gələcək inkişafı üçün möhkəm əsas yaratdı.
Beləliklə, 1970-ci illərin sənayeləşmə siyasəti regionları və istehsal mərhələlərini birləşdirən vahid sənaye zəncirini formalaşdırdı. Daşkəsən–Gəncə–Sumqayıt xəttinin tarixi əhəmiyyəti də məhz yerli sərvəti regionlarda istehsala çevirməsində idi. Zəylik aluniti bu istehsalın əsasını təşkil edir, xaricdən gətirilən xammal isə təchizatı tamamlayırdı. Bu təcrübə göstərdi ki, sənaye gücü təbii ehtiyatlarla yanaşı, həmin ehtiyatı istehsala çevirən infrastruktur və mütəxəssislərlə formalaşır. Bu prinsipin əhəmiyyəti dünyada metallara tələbatın artdığı və etibarlı təchizat mənbələri uğrunda rəqabətin gücləndiyi şəraitdə daha da artır.
Mineral təchizat uğrunda qlobal rəqabət
Son illərin təcrübəsi göstərir ki, enerji keçidi dağ-mədən sənayesinin iqtisadi əhəmiyyətini artırır. Günəş və külək enerjisi, elektrik şəbəkələri, elektromobillər və enerji saxlama sistemləri böyük həcmdə metal və mineral tələb edir. Dünya Bankının hesablamasına görə, 2°C-dən aşağı istiləşmə ssenarisində bu texnologiyaların qurulması üçün 3 milyard tondan çox mineral və metal tələb oluna bilər. Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə isə misə tələbat artmaqda davam edəcək və 2035-ci ildə təklif çatışmazlığı təxminən 25 faizə çata bilər.
Artan qlobal tələbat Azərbaycan üçün yeni bazarlara çıxış imkanı yaradır. Bu tələbatdan əldə ediləcək iqtisadi fayda isə xammalın ölkə daxilində hansı mərhələyədək emal olunmasından asılıdır. Filizin xammal kimi satışı əsasən hasilat və ilkin emal gəliri gətirir. Emalın növbəti mərhələlərinin ölkədə qurulması isə hazır sənaye məhsulları istehsalına və daha çox əlavə dəyərin ölkədə yaradılmasına xidmət edir. Buna görə də ölkələr artan tələbatdan daha çox fayda əldə etmək üçün dərin emal və hazır məhsul istehsalını genişləndirməyə çalışırlar.
Hazırda dünyada minerallar uğrunda rəqabəti gücləndirən amillərdən biri də onların emalının az sayda ölkədə cəmləşməsidir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, nadir torpaq elementləri istisna olmaqla, 2025-ci ildə əsas minerallar üzrə ən böyük emalçı ölkənin orta bazar payı 72 faizə çatıb. Emalın az sayda ölkədə cəmləşməsi ixracda məhdudiyyət və ya istehsalda azalma baş verdikdə qlobal təchizatda riskləri artırır. Bəzi hesablamalara görə, nadir torpaq elementləri üzrə məhdudiyyətlərin tətbiqi Çindən kənarda avtomobil, yüksək texnologiya, müdafiə və enerji sahələrində ildə 6,5 trilyon ABŞ dolları dəyərində istehsalı risklə üzləşdirə bilər.
Azərbaycan da bu istiqamətdə sahəyə dövlət dəstəyi göstərməyi nəzərdə tutur. Dövlət Proqramında geoloji məlumatların və laboratoriya imkanlarının yenilənməsi, kəşfiyyat işlərinin genişləndirilməsi, investisiya layihələri üçün normativ və infrastruktur şəraitinin yaxşılaşdırılması, kadr hazırlığının gücləndirilməsi planlaşdırılır. Bu tədbirlər dağ-mədən və metallurgiya layihələrinin həyata keçirilməsi üçün zəruri ilkin şərait yaratmağa yönəlib.
Beləliklə, qlobal təchizat zəncirlərindəki dəyişikliklər Azərbaycan üçün mis və digər metalların emalı üzrə regional mövqeyini gücləndirmək imkanı yaradır. Dövlət Proqramının üstün cəhətlərindən biri də məhz mis istehsalında əsasən yerli xammaldan istifadə imkanını nəzərdən keçirməsidir. Bu, istehsalın genişlənməsinə və Azərbaycanın region ölkələri üçün metal emal edən mərkəzə çevrilməsinə şərait yaradacaqdır.
Xammaldan əlavə dəyərə: yeni sənaye yanaşması
Prezident İlham Əliyev 2026-cı il sentyabrın 22-də Dövlət Proqramına həsr olunmuş müşavirədə təbii resurslardan səmərəli istifadəni tam istehsal zəncirinin qurulması ilə əlaqələndirib: “Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Dövlət Proqramı faydalı qazıntıların hasilatını artırmaqla yanaşı, onların ölkə daxilində emalını və hazır sənaye məhsullarına çevrilməsini hədəfləyir. Məsələn, dəmir filizindən polad istehsalında istifadə olunan xammalın, alüminiumdan isə kabel, profil və folqa kimi məhsulların hazırlanması nəzərdə tutulur. Bu yanaşma xammalın daha çox mərhələdə ölkə daxilində emalına şərait yarada bilər.
Belə istehsal zəncirinin qurulması üçün yataqların dəqiq öyrənilməsi, müasir laboratoriyalar, enerji və nəqliyyat infrastrukturu, investisiya, ixtisaslı kadrlar və məhsul üçün alıcılar lazımdır. Dövlət Proqramının altı istiqamət üzrə 38 tədbiri bu işləri mərhələli şəkildə nəzərdə tutur: əvvəlcə geoloji məlumatlar və laboratoriya imkanları yenilənəcək, sonra axtarış işləri genişləndiriləcək, istehsal layihələri hazırlanacaq və kadr potensialı gücləndiriləcək.
Dövlət Proqramında 2030-cu ilədək qara metallurgiya üçün 1 milyon tonluq yerli xammal bazasının və ildə 2 milyon ton polad istehsalında istifadə olunan dəmir məhsulunun istehsal gücünün yaradılması hədəflənir. Alüminium istehsal gücünün 100 min tona, emal olunmuş alüminium məhsullarının istehsalının isə 50 min tona çatdırılması planlaşdırılır. Bundan əlavə, ildə təqribən 200 min ton ilkin alüminium istehsal edə biləcək yeni müəssisənin yaradılması imkanları qiymətləndiriləcək. Bu tədbirlərlə sahədə əlavə dəyərin iki dəfədən çox, illik ixrac potensialının isə, təxminən, 2 milyard ABŞ dollarına çatdırılması hədəflənir.
Daşkəsən layihəsində dəmir filizinin emal edilərək polad istehsalında istifadə olunan məhsula çevrilməsi nəzərdə tutulur. Müəssisə əvvəlcə xaricdən gətirilən xammalla işləyəcək, yerli istehsal qurulduqca isə idxalın tədricən azalması planlaşdırılır. Məhsulun yerli müəssisələrdə istifadəsi xaricdən alınan dəmir xammalına ehtiyacı azalda bilər. Alüminium sahəsində istehsalın və emal olunmuş məhsulların həcminin artırılması, Zəylik–Alunit yatağının imkanlarının araşdırılması nəzərdə tutulur. Söyüdlü, Filizçay, Dəmirli, Xarxar, Qaradağ və digər yataqlar üzrə işlər, həmçinin mis istehsalı imkanlarının öyrənilməsi proqramı başqa metallar üzrə də genişləndirir.
Dövlət Proqramının əsas iqtisadi nəticəsi də yaradılacaq yeni istehsal güclərinin vahid zəncir üzrə qurulması ilə səciyyələnir. Bu zəncir xammalın ölkə daxilində emalını, daha yüksək dəyərli məhsula çevrilməsini və satış bazarına çıxarılmasını əhatə edir. Beləliklə, dağ-mədən sənayesi metallurgiya və digər sənaye sahələrini xammalla təmin edən müasir, bilik və texoloji tutumlu istehsal sisteminin tərkib hissəsi kimi inkişaf etdirilir.
Dövlət Proqramı: Azərbaycan üçün yaranan imkanlar
Son illərdə metallurgiya məhsullarının istehsalında davamlı artım qeydə alınıb. Bu, Dövlət Proqramı üçün mühüm başlanğıc bazasıdır: ölkədə mövcud emal təcrübəsini yerli filiz və mineral ehtiyatlarla birləşdirmək mümkündür. Belə əlaqə qurulduqda, yeni yataqlar mövcud sənayeni xammalla təmin edər, metallurgiya müəssisələri isə bu xammala daxili bazar yaradar.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təbii resurslardan səmərəli istifadə üçün istehsal zənciri qurulmalıdır. Bu baxış hasil edilən filizin ölkədə emalını və daha dəyərli məhsullara çevrilməsini nəzərdə tutur. Bu, ilk növbədə, sənayenin təchizatını daha dayanıqlı etmək imkanıdır. Daşkəsən filizindən polad istehsalında istifadə olunan xammalın hazırlanması, alüminium və mis emalının genişləndirilməsi idxalın bir hissəsini yerli istehsalla əvəz edəcək. Nəticədə, müəssisələrin təchizat mənbələri artacaq, xarici bazarlardakı dəyişikliklərə həssaslıq azalacaq.
Digər mühüm imkan qeyri-neft ixracının məhsul çeşidini və satış coğrafiyasını genişləndirməkdir. Metalın daha dərindən emalı maşınqayırma, elektrotexnika və sənaye avadanlıqları istehsalı kimi mürəkkəb sahələrin inkişafına baza yaradacaq. Bu sahələrin formalaşması yerli xammala, təchizatçılara və ixtisaslı kadrlara tələbatı artıracaq. Nəticədə, ixracda emal olunmuş və texnoloji baxımdan daha mürəkkəb məhsulların, eləcə də ölkə daxilində yaradılan əlavə dəyərin payı yüksələcək. Bu isə iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlərin texnoloji mürəkkəblik səviyyəsinin artması deməkdir.
Azərbaycanın nəqliyyat və enerji infrastrukturu başqa bir imkanı – regiondan gətirilən xammalın ölkədə emalını və hazır məhsulun müxtəlif bazarlara çatdırılmasına imkan yaradır. Dövlət Proqramında mis və strateji mineralların emal imkanlarının araşdırılması qoyulan istiqamətlə uzlaşır. Bu sahədə regional mövqe qazanmaq üçün coğrafi üstünlüklə yanaşı, rəqabətli istehsal, etibarlı xammal təchizatı və yeni bazarlar təmin olunacaq.
Layihələrin regionlarda yerləşməsi sənaye fəaliyyətini Bakı və Abşerondan kənarda genişləndirmək imkanı verir. Gəncə–Daşkəsən, Gədəbəy, Kəlbəcər, Ağdərə, Şərqi Zəngəzur və Naxçıvanda müəssisələrin fəaliyyəti yerli şirkətlərə sifariş, sakinlərə isə yeni iş və peşə imkanları yaradacaq. Bu faydanın regionda qalması üçün yerli özəl biznesin layihələrə cəlbi və tələb olunan bacarıqların formalaşdırılması nəzərdə tutulur.
Nəhayət, metallurgiyanın enerji tutumlu sahə olması texnologiya seçimini ixrac rəqabətinin bir hissəsinə çevirir. Enerjiyə qənaət edən, karbon emissiyasını azaldan istehsal həm də xarici bazarların tələblərinə uyğunlaşmağa kömək edəcəkdir.
Beləliklə, Dövlət Proqramı minerallara qlobal tələbatın artdığı, təchizat zəncirlərinin yenidən qurulduğu və aşağı karbonlu istehsalın əsas rəqabət meyarına çevrildiyi dövrdə ölkəmizin yeni sənaye mövqeyi qazanmasına imkan yaradır. Bu prosesdə Azərbaycan emal, metallurgiya və yüksək əlavə dəyərli məhsul istehsal edən sənaye tərəfdaşı kimi iştirak etmək imkanı əldə edir. Nəticə olaraq iqtisadi artımın mənbələri genişlənir, qeyri-neft ixracının dayanıqlılığı artır və regionlarda uzunmüddətli istehsal ekosistemlərinin formalaşması üçün zəmin yaranır. Bu baxımdan proqram Heydər Əliyevin formalaşdırdığı sənaye quruculuğu ənənəsinin Prezident İlham Əliyevin müasir iqtisadi inkişaf strategiyası çərçivəsində yeni texnoloji və institusional mərhələyə yüksəldilməsini ifadə edir.
Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 16 Oktyabr 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















