Icma.az
close
up
RU
Azərbaycan yeni dünya nizamına önəmli töhfələr verir

Azərbaycan yeni dünya nizamına önəmli töhfələr verir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin növbəti mesajları ölkəmizin qlobal proseslərə həssas münasibətini ifadə edir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb. Məsələn, dövlətimizin başçısı COP29 iqlim konfransının gerçəkləşdiyi günlərdə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına uğurla nail olduğunu qeyd edib.

Ölkə rəhbəri bu beynəlxalq iqlim sessiyasında respublikamızın səyi ilə digər mühüm bir uğura – karbon bazarının funksional edilməsi ilə bağlı razılığa gəlinməsinə də imza atıldığını diqqətə çatdırıb. Azərbaycan lideri daha sonra deyib: “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a evsahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”.

Yeri gəlmişkən, BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının gərgin keçməsi, lakin uzun müzakirələrin sonunda uğurlu razılaşmanın əldə edilməsi iqlim dəyişikliyi ilə mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri – təbii fəlakətlərin zərərinin azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması məqsədilə hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.

Bağlanış mərasimində BMT Baş katibi Antonio Quterreş çıxışında həm hökumətləri, həm də qlobal ictimaiyyəti bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal olmağa, iddialı addımlar atmağa səslədi, eyni zamanda, bu məsələdə xüsusilə G20 ölkələrinin dəstəyinə daha çox ehtiyac duyulduğunu vurğuladı.

Antonio Quterreş Azərbaycana COP29 sammitinə uğurla evsahibliyi etdiyinə və konfransın təşkilini yüksək səviyyədə həyata keçirdiyinə görə minnətdarlığını bildirdi. Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə, COP29 prezidenti Muxtar Babayevə və iqlim konfransı komandalarına təşəkkürünü çatdıraraq dedi: “Bakı iqlim mübarizəsində beynəlxalq həmrəyliyin və əməkdaşlığın simvoluna çevrildi. Azərbaycan bu sammitlə qlobal problemlərin həllində nə qədər əhəmiyyətli rol oynadığını bir daha sübut etdi”.

COP29-un son plenar iclasının gecə yarıya qədər davam etməsi və uğurla yekunlaşması isə çoxunun yuxusuna haram qatdı. Bu nüfuzlu konfransın Azərbaycanda keçiriləcəyi ilə bağlı yekdil qərar imzalandığı ilk günlərdən ta indiyədək Fransa, ABŞ, Niderland, Norveç, Almaniya və digər ölkələrın respublikamıza qarşı qarayaxma, təzyiq kampaniyaları səngimədi. Qarabağ savaşında olduğu kimi, ədalətsiz, haqsız çağırışları, şər-böhtanları heç bir nəticə vermədi, konfrans vurğuladığımız kimi, uğurlu sonluqla yekunlaşdı. Şübhəsiz ki, BMT kimi nüfuzlu bir təşkilatın Baş katibi belə bir taleyüklü sessiyanı yüksək səviyyədə yekunlaşdırdığına görə, Azərbaycan Prezidentinə təşəkkürünü bildirməsi də işğalçı Ermənistanın havadarlarını məyus etdi.

Prezident İlham Əliyev beynəlxalq forumda çıxışı zamanı Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığının tamamilə azaldığını da xatırladaraq deyib: “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”.

Qeyd edək ki, ölkəmizdə son illər xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya artımı reallaşıb.

Ölkədə xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.

Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.

Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənilir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.

Azərbaycanın xarici dövlət borcunun azalması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə, düşünülmüş uzunmüddətli strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam – “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da bunun bariz ifadəsidir.

Yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında Azərbaycanın Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini də bildirib. “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, – deyən dövlətimizin başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat, yəni Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.

Türk Dövlətləri Təşkilatının (TDT) 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib, 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Azərbaycanla TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.

Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsi önəmlidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala sahib olsa da, onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas çağırışlardır.

2024-cü ildə TDT dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. Təşkilata üzv dövlətlərin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə təşkilata üzv ölkələrdəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18,6 trilyon kubmetr, neft ehtiyatları isə 5,3 milyard ton səviyyəsində qiymətləndirilir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumdakı çıxışında Azərbaycanın Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstək verdiyini də bildirib: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.

Sonda onu da bildirək ki, Azərbaycan bu gün regionda “yaşıl” enerji lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: “Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə “yaşıl” enerji sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Onların şirkətləri “yaşıl” ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda, biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə “yaşıl” enerji sahəsinə yatırımlar qoyulsun”.

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.

İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.

Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji zonası”nın yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində 2 ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib.

XQ-nin analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see125

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see125

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see124

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see121

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see118

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see117

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see116

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see115

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see115

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see113

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see111

Avropa və Konfrans liqalarında nəticələr necə olub?

11 Aprel 2025 09:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri