Azərbaycan yeni dünya nizamına sürətli transformasiya və hərtərəfli inkişafla qovuşur
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumu kimi mötəbər bir tədbirin keçirilməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun parlaq nümayişi olaraq diqqət çəkir. Bu, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda sülh prosesinin bərpasında fəal iştirakına dünya birliyinin mühüm əhəmiyyət verdiyini nümayiş etdirir.
Belə bir mövqe Prezident İlham Əliyevin forumda regional və qlobal münaqişələrə, millətçiliyin baş qaldırmasına, iqlim məsələlərinə, miqrasiya problemlərinə, proteksionizmi və ticarət müharibələrinə konkret münasibət bildirməsində, postmüharibə dövründə respublikamızla Ermənistan arasındakı münasibətlər barədə beynəlxalq aləmə mesajlarında da bir daha öz ifadəsini tapır.
Etiraf edək ki, hazırda Azərbaycanın beynəlxalq nüfuzlu təşkilatların hesabatlarında öncül yerlərdə qərarlaşması ölkəmizin dünyada ən etibarlı müttəfiq kimi rolunu və əhəmiyyətini getdikcə artırır. Elə ölkəmizin iqtisadi siyasətinin əsas prioritetlərindən biri də məhz beynəlxalq təşkilatlarla, nüfuzlu dövlətlərlə əməkdaşlığı daha da möhkəmləndirməkdən ibarətdir. Sevindirici haldır ki, Azərbaycanın getdikcə artmaqda olan beynəlxalq nüfuzu bu istəyi reallaşdırmağa imkan yaradır.
Beləliklə, respublikamızın beynəlxalq mövqeləri getdikcə möhkəmlənir, istər dünya ölkələri ilə ikitərəfli formatda, istərsə də nüfuzlu təşkilatlarla işbirliyimiz ilbəil güclənir. Bu vacib məqama toxunan Prezident İlham Əliyev çıxışlarının birində deyir: “Artıq Azərbaycan diplomatiyasının fəaliyyət dairəsi genişlənir. Biz ənənəvi, regional tərəfdaşlıqdan yeni bölgələrə, yeni qitələrə çıxırıq–Afrika, Latın Amerikası ölkələri ilə daha sıx əməkdaşlıq qurulur. Bu da həm ölkəmizin yeni statusuna uyğun gəlir, həm ölkəmizin siyasi imicinin təzahür etdirir, eyni zamanda, xarici siyasətlə bağlı fikirlərimizin əlaməti kimi diqqət çəkir”.
Dövlətimizin başçısı VII ADA Siyasi Forumunda İsveçdən olan Svante Kornellinin – “Son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Azərbaycanın, eyni zamanda, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi özünü necə görməsi və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynaya biləcəyi rolu barədə bizə məlumat verə bilərsinizmi?” sualına cavabında bildirib ki, bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır.
Ölkə rəhbəri fikrini davam etdirərək Azərbaycanın Xəzər dənizinin o tayındakı və ölkəmizin cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq dövlətləri ilə çox güclü münasibətlər qurduğumuzu bildirib. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlıqdan bəhs edən Prezident İlham Əliyev bu ölkələrin bir çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayaraq qəbul etdiyini diqqətə çatdırıb. Beləliklə, artıq qurulmuş bu platformanın bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verdiyini xatırladıb.
Azərbaycan lideri daha sonra deyib: “Praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”.
Bəli, həqiqətən də, Azərbaycanın nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun yenilənməsinin diqqətdə saxlanılması, bu sahəyə xarici investisiyaların yatırılmasına önəm verilməsi nəticəsində nəqliyyat-logistika sistemi yüksək səviyyədə inkişaf edib. Dövlətimizin başçısı çıxışlarının birində bunun təsadüfi olmadığını xatırladaraq bu gün Transxəzər Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) heç vaxt olmadığı qədər ehtiyac duyulduğunu, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını bildirib. Ölkə rəhbəri daha sonra deyib: “Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Prezident İlham Əliyev sözlərinə əlavə edərək Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inamı olduğunu, həmçinin Azərbaycanda bu marşrutun inkişafı məqsədilə bütün lazımi infrastrukturun, o cümlədən müasir, yeni dəniz limanının inşa edildiyini, hazırda isə onun genişləndirilməsi üzərində iş aparıldığnı diqqətə çatdırıb. Dövləimizin başçısı belə bir fəaliyyətin təsadüfi olmadığını vurğulayaraq sözügedən limanın bugünkü 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyətinin yetərli olmadığnı bildirib: “Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanınının ümumi yükaşırma qabiliyyətinin 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEU-ya çatdırmaq istəyirik ki, təkcə Çindən deyil, həm də Mərkəzi Asiyadan həcmi artan yükləri qəbul etmək imkanımız olsun. Çünki söylədiyim kimi, bugünkü geosiyasi mühitdə bu marşruta ehtiyac var. Biz bu istiqamətdə institusional dəstəklə bağlı başqa addımlar da atırıq”.
Forumda Azərbaycanın olduqca geniş iqtisadi və nəqliyyat gündəliyinə malik olmasını diqqətə çatdıran və ölkəmizin, həmçinin digər mühüm infrastrukturun – Şimal–Cənub dəhlizinin tərkib hissəsinə çevrildiyini qeyd edən dövlətimizin başçısı bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüzlüyünü də xüsusi vurğulayıb. Ölkə rəhbəri respublikamızın ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısının icra edildiyini bildirib. Azərbaycan lideri daha sonra qeyd edib: “Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir”.
Bütün bunlar isə artıq Azərbaycanın nəqliyyat–tranzit–logistika xidmətləri ilə nəinki regionun, eləcə də Avropanın aparıcı dövlətinə çevrildiyini və bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin xüsusi önəm kəsb etdiyini deməyə əsas verir.
Xatırladaq ki, 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə start verilən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən bu dəhliz ilə daşımaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd – keçid prosedurlarının sadələşdirilməsi və digər məsələlər hər iki ölkənin prioritetlərinə daxil edilib.
“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda da bu nəqliyyat dəhlizinin potensial imkanlarını artıracaq çoxsaylı tədbirlər nəzərdə tutulub. Sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, yeni buraxılış məntəqələrinin yaradılması, gömrük xidməti ilə dəmir yolu qurumları arasında koordinasiyalı fəaliyyətin təşkili və s. nəqliyyat dəhlizinin imkanlarını reallaşdırmağa və artırmağa kömək edəcək.
Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi indiki dövrdə sözügedən beynəlxalq nəqliyyat layihəsi bir ümid dəhlizinə çevrilib. Sanksiyaların qüvvədə olduğu müddətdə Rusiyanın xarici bazarlara çıxışı, Rusiya məhsullarının dəhlizlə Azərbaycan üzərindən Fars körfəzinə daşınması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan hazırda nəqliyyat dəhlizi Azərbaycan–Rusiya iqtisadi bağlantılarında əsas həlqələrdən birinə çevrilib.
İlkin hesablamalara görə, ölkəmiz Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə, xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta Dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir, onda tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq.
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla, son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq– Qərb, Şimal – Cənub, Cənub – Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
Forumda Azərbaycanın qarşılıqlı hörmət və maraq əsasında dünya dövlətləri ilə çox güclü əlaqələr qurduğunu, artıq müxtəlif investisiya layihələri üzərində fəal işlər gördüyünü vurğulayan dövlətimizin başçısı bu məsələdə Mərkəzi Asiya ölkələrinin də fərqləndiyini bildirib. Ölkə rəhbəri Mərkəzi Asiya və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunun yaradılmasını da bunun bariz ifadəsi kimi səsləndirib.
Əlbəttə, ölkə rəhbərinin vurğuladığı kimi, belə bir sinerjinin yaradılması ölkəmizlə yanaşı, Azərbaycanın əməkdaşlıq etdiyi bütün dövlətlərə də böyük faydası var. Məsələn, 6 ay bundan əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək “yaşıl” enerji kabelinə dair mühüm bir müqavilənin imzalanması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyevin bu baxımdan sözügedən forumda səsləndirdiyi fikirlər də diqqət çəkir: “Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq... Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir”.
Azərbaycan bu gün “yaşıl” enerji istehsalında olduğu kimi, sosial, təhsil sahələrində də müəyyən layihələrə beynəlxalq tərəfdaşlarla birgə davamlı investisiya yatırır. Məsələn, mövcud vəziyyət Afrikanın timsalında daha aydın nəzərə çarpır. Dövlətimizin başçısının bununla bağlı forumda səsləndirdiyi fikirlər diqqət çəkir: “Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Bu, bizim Cənubi Afrika ilə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir”.
Respublika rəhbərinin sözlərinə görə, Azərbaycan COVID pandemiyası zamanı 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərib, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşib. Azərbaycan müxtəlif vasitələrlə təhsil və tibbi proqramları dəstəkləyib. Ölkəmiz Afrikadan olan tələbələrə təqaüdlər verib. Bu, dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibindəki beynəlxalq yardım üzrə agentlik vasitəsilə gerçəkləşib.
Azərbaycan hazırda Afrikadakı bəzi ölkələrə mühüm məsələləri həll etmək üçün aşağıfaizli kreditlər vermək üzrədir. Bunun üçün artıq investisiya portfeli hazırlanır. Beləliklə, bu, humanitar sahənin, eləcə də biznes, investisiya və əlbəttə ki, siyasi münasibətlərin inkişafını sürətləndirir.
Biz belə bir missiyanın COP29-da da şahidi olduq. Başqa sözlə, iqlim savaşında az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələrin zərərlərinin kompensasıyası məqsədilə onlara dəsdək siyasəti yönəldildi. Bu, beynəlxalq iqlim konfransının sonunda özünü aydın büruzə verdi. Prezident İlham Əliyevin VII ADA Siyasi Forumunda dediyi sözlər xüsusi diqqət çəkdi: “Baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, – biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP29-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir”.
Forumda bildirildi ki, COP29 zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, Azərbaycan sədrliyinin səmərəli fəaliyyəti və ən əsası dövlətimizin başçısına olan etimad sayəsində bu məsələ respublikamızda razılaşdırıldı. Dövlətimiz Azərbaycanda Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadı. Eyni zamanda, bu, həm də hökumətin qarşıya qoyduğu mühüm tapşırıqlardan biri idi.
Prezident İlham Əliyev VII ADA Siyasi Forumundakı çıxışında Azərbaycan ilə Çin arasındakı mövcud əməkdaşlığın dinamik inkişafını da yüksək qiymətləndirib. Dövlətimizin başçısı deyib: “Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir”.
Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Azərbaycan hazırda Çin şirkətləri ilə fəal çalışır. Azərbaycan onları müxtəlif sahələrdə, o cümlədən “yaşıl” enerji sahəsində strateji tərəfdaş olmağa dəvət edir.
Azərbaycan bu il “yaşıl” ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti ilə sıx əlaqə yaradıb və cari il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri istehsalçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Ölkəmiz, həmçinin Çin şirkətləri ilə “yaşıl” enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparır.
Sonda qeyd edək ki, hazırda Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda Çin investisiyalı 300-ə yaxın şirkət qeydə alınıb. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində icra olunan infrastruktur layihələrində Çin şirkətlərinin fəaliyyəti getdikcə genişlənib. Məsələn, “Huawei” şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” təşəbbüslərinin gerçəkləşməsində müəyyən uğurlar əldə edilib.
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin bu dövlətlə ticarət dövriyyəsi davamlı olaraq artır. Çin şirkətləri respublikamızda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər. Onların ölkəmizə böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiyaya, sahibkarlıq və biliyə əsaslanan sənaye iqtisadiyyatına keçidi uğurla gerçəkləşdirib. Tətbiq edilən vergi və kredit güzəştləri, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.
XQ-nin analitik qrupu


