“Azərbaycana təhlükə var: konkret adlar çəkmək lazımdır” Fazil Mustafa sirləri açır
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Globalinfo.az Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:
– Fazil bəy, ölkədə xüsusi karantin rejimi aprelin 1-nə qədər uzadılıb. Bu da quru sərhədlərin həmin tarixədək bağlı qalması deməkdir. Azərbaycan üçün hələ də hansısa təhlükələr mövcuddurmu?
– Təhlükəsizliklə bağlı məsələ olduğu üçün quru sərhədlər bağlı saxlanılır. Hökumətin bu mövzuda daha geniş informasiyası var və bəzi məsələlərin açıqlanması çətindir. Görünür, əldə olunan məlumatlar hökuməti bu addımı atmağa vadar edir. Hansı hökumət sərhədlərin bağlı qalmasını istər? Bu, turizmin inkişafına da mənfi təsir göstərir. Amma məcburiyyət diktə edir ki, sərhədlər müəyyən müddət bağlı qalsın. Bu məsələyə mənfəət və təhlükəsizlik dilemması prizmasından baxmaq lazımdır. Hamımız sərhədlərin açılmasını, turizmin inkişafını, vətəndaşların əlavə xərclərlə üzləşməməsini istəyirik. Xəstələr, tələbələr bundan daha çox əziyyət çəkirlər. Amma ölkədə başlıca məsələ təhlükəsizliyin təmin olunmasıdır.
– Təhlükələrdən danışmışkən, qonşu ölkələr İran və Rusiya Azərbaycanın da dəstəklədiyi TRİPP dəhlizinin açılmasına qarşı olduqlarını bəyan ediblər. Bunu milli maraqlarına zidd hesab etdiklərini bildirirlər.
– Zəngəzur dəhlizi nə Rusiyanın, nə də İranın problemidir. Bu, Azərbaycan və Ermənistan arasında həll olunmalı məsələdir. ABŞ-ın bu layihəyə birmənalı dəstəyi var. Əgər mane olmağa çalışsalar, birbaşa ABŞ-la üz-üzə qalacaqlar. Ona görə də bu prosesə hansısa bəhanələrlə qarşı çıxmaları ciddi qəbul edilə bilməz.
İran nəyə etiraz edir? İranla ayrıca yolumuz var və ondan istifadə edirik. Əməkdaşlığın bütün parametrlərini həyata keçirməyə hazır olduğumuzu da göstəririk. Tehran nə edəcək – Azərbaycana bu layihədən imtina etməyi tapşıracaq, yoxsa Ermənistana yolu açmamağı deyəcək? Heç bir ölkənin bu istiqamətdə bizə təsir göstərmək və ya mane olmaq potensialı yoxdur.
Bu dəhliz Rusiyanın və İranın maraqlarına uyğundur. Sadəcə, bölgədə söz sahibi olduqlarını nümayiş etdirmək üçün verilən bu cür sərt bəyanatlar əslində onların özlərinə zərər vurur. Çünki qərarverici tərəflər iki dövlətdir: Azərbaycan və Ermənistan. Çin də bu layihəni dəstəkləyir. Kommunikasiya xətlərinə qarşı mənfi münasibət həmin ölkələri çətin vəziyyətdə qoyur.
Vaxtilə Ermənistana dəstək verən İranın hansı nəticə “əldə etdiyini” xatırlamaq kifayətdir. Öz seçimlərinin yanlış olduğunu gördülər. Rusiya və İranın kifayət qədər daxili problemləri var. Bunu rəsmi səviyyədə özləri də etiraf ediblər. Başqa ölkələrin iqtisadi əməkdaşlıq və rifah yolunda irəliləməsinə mane olmaq qəbuledilməzdir.
– Keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə bağlı həbs qərarı ölkənin gündəmini ciddi dəyişdi. AXCP sədri Əli Kərimlinin həbsindən sonra isə mövzu ətrafında müzakirələr daha da intensivləşib. R.Mehdiyevin və Əli Kərimlinin Rusiyaya bağlı olduğu haqda iddialar dolaşır. Onlar məhz Rusiyanın bəzi dairələrinin vasitəsi ilə Azərbaycanda dövlət çevrilişi etməkdə ittiham olunurlar. Maraqlıdır ki, bu iki şəxsin həbsinə ən sərt reaksiya Rusiyadan yox, İrandan verilir. İstər “Səhər Azəri” televiziyası olsun, istər Azərbaycanda İrana bağlı olan qüvvələr – məsələn, Taleh Bağırzadə və onun təsirində olan şəxslər, ayrı-ayrı sosial şəbəkə səhifələri – Əli Kərimlini müdafiə fonunda Azərbaycan dövlətini sərt dildə tənqid edirlər. Bu təzadı necə izah edərdiniz?
– Ramiz Mehdiyevin Rusiya xəttinə bağlı olması məlum idi. Lakin Əli Kərimli məsələsində birbaşa Rusiya ilə əlaqə qurmaq müəyyən mənada kamuflyaj edilərək prosesdə guya Rusiyaya qarşı mövqe sərgilədiyi təsiri yaradılırdı. Halbuki biz dəfələrlə bildirmişik ki, Rusiya ilə bağlılıq daha çox İranın dəstəyi üzərindən reallaşırdı.
“Müsəlman Birliyi” hərəkatı, “Səhər Azəri” kanalı bizə qarşı genişmiqyaslı şər və böhtan kampaniyası aparır. Onlar açıq şəkildə verdikləri bəyanatlarla bu şəxsləri müdafiə edirlər. Həmin qüvvələrin təşkil etdiyi mitinqlərin sosial bazasını da məhz “Müsəlman Birliyi” hərəkatına daxil olan, İran seqmentinə çalışan qüvvələr formalaşdırırdı.
Bu gün həmin şəxslərin həbsdə olduğu bir vaxtda bütün bəyanatların AXCP funksionerləri tərəfindən yayılması da təsadüfi deyil. Onları insan haqları təşkilatlarına siyasi məhbus kimi təqdim edənlər də məhz bunlardır.
İran və Rusiyanın xüsusi xidmət orqanları əlaqəli şəkildə fəaliyyət göstərirlər. İrana aid təşkilatlara Rusiyada heç bir maneə yaradılmır. Halbuki Türkiyəyə aid təşkilatların böyük əksəriyyəti qadağan edilib, hətta bəzi filmlərin nümayişinə belə icazə verilmir.
İran dini fanatizm ideyalarını yaymaq baxımından Kreml üçün daha təhlükəli görünə bilərdi. Ancaq görünür ki, müəyyən əməkdaşlıq mövcuddur. Bu tip qüvvələrin İranla gizli əlaqələrinin üzə çıxması son dövrlərdə verilən bəyanatlarda bir daha öz təsdiqini tapır. Ona görə də məsələyə yalnız bir vektorlu – Rusiya xətti prizmasından baxmaq düzgün deyil.
– Son həbslər fonunda belə fikir də səslənir ki, Azərbaycanda müxalifətçilik bir institut kimi ləğv edilir. Siz Milli Məclisdə müxalifət partiyasının – Böyük Quruluş Partiyası – sədri kimi təmsil olunursunuz. Əvvəla, müxalifətçiliyin ləğv olunması iddiasına münasibətinizi öyrənmək istərdik. İkincisi, partiya sədri olaraq hazırkı missiyanızdan, özünüifadə imkanlarından, fəaliyyət coğrafiyanızdan razısınızmı?
– Bu iddialar əsassızdır. Cəmiyyətdə bütövlükdə hamının hər şeydən razı qalacağına dair bir qayda yoxdur. Müxalifətçilik hansısa formada həmişə mövcud olacaq. Çünki sosial və iqtisadi şərtlər hamını eyni şəkildə razı sala bilməz. Lakin müxalifətin institusional formasının qorunması vacibdir. Əks halda bu, sonradan xaotik proseslərin körüklənməsinə səbəb ola bilər.
QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının fəaliyyət imkanlarına da daha çox şərait yaradılmalıdır. Bu sahədə müəyyən problemlər yarana bilər. Amma bütövlükdə Azərbaycanda institusional mexanizm hələlik işləkdir. Tənqidə və açıq fikirliliyə qarşı hər hansı formada maneə yoxdur. Bu baxımdan da belə iddialar və ya iradlar ortaya atıla bilər.
Mahiyyət etibarilə isə parlamentdə və digər müstəvilərdə siyasi partiya təmsilçiləri özləri nöqsanları dilə gətirir, tənqidlərini edirlər, problemlərin həlli istiqamətində təkliflərini səsləndirirlər. Radikal inkarçılıqdan söhbət gedirsə, bu cür müxalifət ölkənin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
Azərbaycanın gələcəyi üçün tənqidsiz və qapalı bir mühitin yaradılmasının zərərli olacağı da aydın görünür. Elə edilməlidir ki, bu mühit qorunub saxlanılsın. Bu isə siyasi partiyaların cəmiyyətdə rolunun daha da artmasına xidmət edər.
– Beynəlxalq təcrübədə var: məsələn, Özbəkistanda nazirlik efir mədəniyyətinə nəzarət edir. Azərbaycanda da efirin biabırçı vəziyyətdə olduğu deyilir. Siz necə düşünürsünüz?
– Ümumiyyətlə, efirin biabırçı vəziyyətdə olması təkcə orada çılpaq müğənnilərin və ya üzünü, dodağını şişirtmiş, qeyri-əxlaqi görüntülər təqdim edən şəxslərin çoxluğu ilə müəyyən olunmur. Əsas problem alternativ verilişlərin olmamasıdır. Daha ciddi müzakirələr aparılsa, sanballı sosial layihələr həyata keçirilsə, bu cür epizodlar arxa plana keçər. Doğrudur, bütün ölkələrdə şou xarakterli verilişlər mövcuddur və nə qədər nəzarət olsa da, müəyyən problemlərin yarandığını görürük.
Birinci növbədə diqqət yetirməliyik ki, bu cür verilişlərin yayğınlaşması alternativ proqramların olmamasından qaynaqlanır. Əvvəllər televiziyada siyasi, sosial və digər istiqamətli debatlar daha çox ön plana çıxırdı. İndi isə bu tip verilişlər məhdudlaşıb və digər sahələr tüğyan etməyə başlayıb.
Nəyisə qapatmaq və ya məhdudlaşdırmaq əvəzinə, keyfiyyətli alternativləri önə çıxarmaq istər-istəməz televiziya məkanını öz-özünə tənzimləyəcək. Mədəniyyət Nazirliyi hər kəsin ağzına qıfıl vurub, nəzarət mexanizmi yerləşdirə bilməz. Bu baxımdan da problemi obyektiv və sağlam yanaşma ilə həll etməyə çalışmalıyıq.
– Fazil bəy, son olaraq, 2023-cü ildə hücuma məruz qalmış və güllə yarası almışdınız. Məhkəmədə üzləşmə oldumu? Onlar konkret səbəb kimi nəyi irəli sürmüşdülər?
– 2023-cü ildə baş verən terror hadisəsi göstərdi ki, Azərbaycanda xurafat və cəhalətin xarici ölkələr tərəfindən stimullaşdırılması real faktdır. Xeyli Azərbaycan vətəndaşı bu qüvvələrin pultu ilə idarə olunur. Məhkəmə prosesində də bu faktlar sübuta yetirildi. Aldıqları maddi mükafatların məbləği, Azərbaycan dövlətinə qarşı nifrətləri, qonşu ölkənin ideologiyasını yaymağı özlərinə mənəvi vəzifə hesab etmələri açıq şəkildə ortaya çıxdı.
Məhkəməyə çıxanlar əmrin icraçıları idilər. Bu baxımdan onlarla üz-üzə gəlməyə ehtiyac olmadı. Məhkəmə prosesi obyektiv keçirildi və nəticədə layiqli cəzalarını aldılar.
Lakin bu proses bizi bir daha ayıq-sayıq olmağa, dövlətimizin gələcəyində bu cür xurafat elementlərinin böyük təhlükə yaradacağını indidən nəzərə almağa və konkret qabaqlayıcı tədbirlər görməyə vadar edir. Ölkəmizdə dünyəvi dövlətin dəyərlərinin qorunması üçün əlimizdən gələni etməliyik. Çünki bu dövlətin dəyərləri sıradan çıxarsa, onların yerini cəhalət, xurafat və xarici ölkələr tərəfindən idarə olunan şəbəkələr tutacaq. Bu baxımdan bütün dövlət qurumlarının məsuliyyətlə davranması, maarifçilik və təbliğat işinin gücləndirilməsi son dərəcə vacibdir.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:92
Bu xəbər 26 Dekabr 2025 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















