Icma.az
close
up
RU
Menu

Naməlum obyekt Saturna çırpılır...

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

JLonun konsert üçün tələbləri məlum olub

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

Milli Çinə rəqib oldu

Yamal 18 yaşını harada qeyd edəcək?

Almaniyada komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

Azərbaycanın dil siyasəti və Türk dünyası Aydın Talışinski yazır

Azərbaycanın dil siyasəti və Türk dünyası Aydın Talışinski yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ulu Öndər Heydər Əliyev: “Azərbaycan dili bizim milli sərvətimizdir”.

Tanınmış bir fikir var: "Yaşadığı dövlətin dilini bilməmək – yalnız qonağa, axmağa və ya öz dilini zorla qəbul etdirməyə çalışan işğalçıya yaraşar." Əgər bu fikrin məntiqinə uyğun yanaşsaq və nəzərə alsaq ki, Azərbaycanda intellektual səviyyə kifayət qədər yüksəkdir, artıq ölkəmizdə işğalçılar da yoxdur, o zaman doğrudanmı bu qədər "qonağımız" var?!

Qonaq yaxşıdır, axı biz qonaqpərvər xalqıq. Amma artıq bəziləri ya "qonaq” olmaqdan çıxıb ev sahibi olmalı, ya da hörmətlə sağollaşmalıdırlar.

Hazırda dünyada təqribən 200 ölkə, 2000-dən çox etnos və 7000-ə yaxın dil mövcuddur. Bəşəriyyətin qarşısında duran vəzifələrdən biri budur: insan cəmiyyətlərini  və onların ünsiyyət vasitələrini düzgün şəkildə sistemləşdirərək elə bir model yaratmaq lazımdır ki, qlobal davamlı inkişaf balansı pozulmasın.

Dünyada yaşayan insanların təxminən üçdə ikisi cəmi 40-a yaxın dildə danışır. Planetdə rus dilində danışanların sayı 200–250 milyon nəfərə çatır. Əgər bütün türk dilləri və dialektlərini birlikdə hesablasaq, bu rəqəm təxminən 300 milyon nəfərə çatır. Əlbəttə, bu insanların içərisində həm türk, eyni zamanda başqa dillərdə danışan milyonlarla şəxs də var.

Müasir Azərbaycanda dilin vəziyyəti

Bəs, bu gün Azərbaycanda və digər postsovet türk respublikalarında çoxdillilik məsələsi necədir?! Bu vəziyyət, doğrudan da, unikaldır. Vətənimiz zəngin mədəniyyətə, qədim tarixə, inkişaf etmiş elmə malikdir. Bir ölkəni böyük edən bütün xüsusiyyətlərə sahibik.

Azərbaycan hələ qədim dövrlərdən böyük filosofları, şairləri, memarlıq abidələri və dahi alimləri ilə tanınırdı. Əgər bu irsə digər türk xalqlarının da mədəni mirasını əlavə etsək, çox az ölkə və xalq bu səviyyəyə çata bilər. Məsələn, Qobustanın qədim qayaüstü yazıları 10 000 il, Azıx mağarası isə təxminən 100 000 illik tarixə malikdir.

Bu qədim tarixə və zəngin irsə sahib olan türk ölkəsi tarix boyu dəfələrlə müstəmləkəyə çevrilmişdir ki, bu da dilin formalaşmasında və milli kimliyin müəyyən dərəcədə dəyişməsində mühüm rol oynamışdır.

Yurdumuz təxminən iki yüz il əvvəl iki böyük dövlət – Rusiya imperiyası (daha sonra SSRİ) və İran (Persiya) tərəfindən işğala məruz qalmışdır. Bu acı həqiqətdir və mən bu həqiqəti yumşaltmağın və ya bəzəməyin tərəfdarı deyiləm, çünki obyektiv nəticələr çıxarmaq üçün reallığı qəbul etmək şərtdir.

Hər bir müstəmləkəçi fərqli intensivlikdə assimilyasiya siyasəti apararaq, öz dilini, mədəniyyətini, tarixə baxış tərzini və ən əsası – bizim millətimizin qlobal dünyada yerinə dair təsəvvürünü zorla qəbul etdirməyə çalışmışdır. Bizim tariximizi bizim yerimizə başqaları yazıb və təhrif edib.

Bütün bunların nəticəsində, Şimali Azərbaycan (biz) müstəqilliyini əldə etdikdən sonra belə, bəzi zehniyyət xüsusiyyətləri dəyişmədən qalmaqda davam etmiş, hətta bəzən tam mənəvi yadlaşmış (manqurtlaşmış) fərdlərə də rast gəlməkdəyik.

Sovet dövründə rus dilində danışmaq bəziləri üçün intellektual statusun göstəricisi sayılırdı. Bu fakt bir daha göstərir ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də insanın və cəmiyyətin düşüncə tərzinə təsir edən ideoloji alətdir.

Rusdilli azərbaycanlılar kimdir?

Əvvəl düşünürdüm ki, bunlar həm Azərbaycan, həm də rus dillərini mükəmməl bilən, intellektual insanlar olmalıdır. Lakin təəssüf ki, bu kateqoriyada Azərbaycan dilini bilməyən və rus dilini ana dili kimi qəbul edən insanlar da var. Onlar rus ədəbiyyatını Azərbaycan ədəbiyyatına qarşı, rus dünyagörüşünü Azərbaycan baxışının yerinə qoyurlar. Bu yanaşma mənəvi cəhətdən qəbulolunmazdır və gələcəkdə hüquqi müzakirəyə də çıxarıla bilər.

Rus, ərəb, fars və hətta erməni dilini bilmək faydalıdır. Lakin hər bir Türk Dünyası mənsubu üçün dünyaya nəyinki ermənilik, hətta rusçuluq və ya farsçılıq prizmasından baxmaq çox təhlükəlidir. Məsələn, İranda ibtidai məktəbdə ingilis dilinin tədrisi qadağan olunub, çünki ölkənin rəhbərliyi hesab edir ki, dilin erkən öyrədilməsi “Qərb mədəniyyəti işğalına” yol açır. Mən bu mövqeni ifrat sayıram, lakin bir çox dövlətlərin dil məsələsinə strateji təhlükəsizlik kimi yanaşması bir faktdır.

 Məhz ideoloji amillərə görə uşaqlıqdan xarici dildə təhsil almaq və dövlət dilini bilməmək ölkə vətəndaşının sırf şəxsi məsələsi yox, siyasi və ideoloji əhəmiyyət daşıyan problemdir; cəmiyyətin və dövlətin müdaxiləsini tələb edir.

Bəzi insanlar düşünürlər ki, dünyəvi dövlətdə hər kəs istədiyi dildə danışa, istədiyi dili öyrənə və ya heç öyrənməyə bilər. Kim necə istəsə geyinə və ya geyinməyə də bilər. Halbuki dünyəvilik, sadəcə, dinin dövlətdən ayrılması deməkdir, milli və mənəvi özbaşınalığa dəlalət deyil. Bilirik ki, Azərbaycan xalqının böyük əksəriyyətinin dini olan İslam və ayrıca, Türklük ədəb-ərkanı, mütləq hörmətlə yanaşılmalı dəyərlərdir. Yəni ki dünyəvilik adı altında bizim qədim tarixə malik ölkəmizi ənənəsi, tarixi olmayan, dini, mədəniyyəti və bütünləşdirici dili olmayan xalq kimi təqdim edilməsinə yol verilməməlidir. Allah qorusun! Biz çox vektorlu məfhum olan Azərbaycançılıq ətrafında, o cümlədən rəsmi dövlət dilimiz olan Azərbaycan dili ətrafında birləşməliyik. Əsl demokratiya elə budur. Ulu Öndər Heydər Əliyevin məşhur çıxışında dediyi kimi: “Bizim milli mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz, - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir”.

Xarici dilin təsirləri

Xarici dilin təsirini çox üsullarla göstərmək olar. Patriotizm və milli kimliklə bağlı sosioloji sorğu aparmaq kifayətdir. Sadəcə müvafiq suallar birbaşa yox, dolayı şəkildə qoyulmalıdır. Məsələn, müvafiq türk dövlətlərində, vətəndaşlardan, "Siz Qazaxıstanı və ya Özbəkistanı sevirsinizmi?", - deyə soruşulsa, təbii olaraq "bəli" cavabı veriləcək. Ancaq sual bu formada qoyularsa: "Siz özünüzü türkdilli yox, həqiqətən Türk hesab edirsinizmi? Biz burada sadəcə etnik Türklüyü deyil, ümumən Türk sivilizasiyasında yoğurularaq, bu tarixi-coğrafi vahidə mənsub olmağı nəzərdə tuturuq." – o zaman daha obyektiv nəticələr alınar.

Bu zaman öz ana dilini bilənlərlə bilməyənlər, dövlət dili ilə digər dillərdə təhsil alanlar arasında fərq ortaya çıxacaq. Bu fərq əksər hallarda rus dilində (həmçinin digər dillərdə) təhsil alanların zərərinə olacaq. Mən şəxsi müşahidələrimdə bunun şahidi olmuşam.

Bəzi müqayisələr və faktlar

“Türklük" mədəni və mənəvi mənsubiyyət deməkdir. Məsələn, Türkiyə vətəndaşlarının hamısı rəsmi olaraq türk sayılır, halbuki etnik türklərin faizi Azərbaycandakından daha aşağıdır.

Qeyd etmək yerinə düşər ki, rus dilinin ilkin forması olan qədim rus dilinə aid qorunub saxlanılmış ən qədim ədəbi abidələr uzağı XI əsrə aiddir. Alimlər IX–X əsrlərdən daha əvvəl Rus dövləti və ya “Rus” adı ilə bağlı elmi cəhətdən təsdiqlənmiş heç bir ciddi mənbə tapmayıblar. Bu, əlbəttə ki, nə rus dilinin, nə də bu dili daşıyan xalqın mədəni və elmi töhfələrini kiçiltmir – bu, sadəcə tarixi bir faktın qeydidir. Maraqlıdır ki, rus dilinin ədəbsiz (obsen) leksikasında heç bir türk mənşəli söz yoxdur. Bu sözlərin demək olar ki, hamısı rus dilinin öz daxili inkişafına əsaslanır.

Dövlət dilindən əlavə, misal rus dilinə hakim olmaq, eyni coğrafiyada və eyni etnos daxilində çoxdilli şəraitdə zənginlik sayılsaydı, bu, təqdirəlayiq hal olardı. Lakin təəssüf ki, bəzi vətəndaşlarımız üçün rus dili yeganə danışıq və düşüncə vasitəsidir – bu isə zənginlik deyil, potensial kimlik itkisidir.

Mən anlayıram və qəbul edirəm ki, insan Azərbaycan dilini bilmədən də Vətən üçün canını fəda edə, şəhid ola və ya mühüm elmi nailiyyətlərə imza ata bilər. Həqiqətən, belə istisnalar az deyil. Lakin söhbət istisnalardan yox, Vətənə instinktiv vurğunluqla və bağlılıqla kifayətlənmədən, Ana yurdumuzun bütün tarixi mədəni zənginliklərinə, həmçinin bu məfhumu özündə ehtiva edən Azərbaycan dilinə bələd olaraq əsl sevgidən gedir.

Bir çox mütəxəssislər Rusiyanın rus dilini postsovet məkanında təşviq etməsini sadəcə mədəni inteqrasiya ilə deyil, həm də siyasi və iqtisadi təsir imkanlarını qorumaq məqsədləri ilə də bağlayırlar. Onlara görə Kreml rus dili vasitəsilə regional informasiya məkanı nəzarətdə saxlamağa,  ideoloji təsir vasitələrini genişləndirməyə, geosiyasi maraqlarını daha asan reallaşdırmağa çalışır. Rusiyanın yuxarı dairələri də  dəfələrlə bəyan edib ki, rusdilli əhali yaşayan bölgələr Rusiyanın “mədəni sərhədləri” sayılır. Bu isə dil siyasətinin klassik ekspansionist mahiyyətini göstərir.

Məsələ burasındadır ki, qonşunun dilini körpəlikdən yeganə ana dili kimi öyrənmək, xüsusilə də minlərlə şəhidin canı bahasına yenidən dirçəlmiş bir xalq üçün, özünüdərketmə və şəxsiyyətin formalaşması baxımından təhlükəli nəticələrə səbəb ola bilər.

Bəzi istisna hallar (məsələn, xarici dil öyrənmək məqsədi, ya da konspirativ danışıq) nəzərə alınmasa, iki etnik azərbaycanlının gündəlik məişətdə, səbəbsiz yerə xarici dildə danışması nə qədər doğrudur? Bu, patriotizmin nümunəsidirmi? Bu, ölkəmizin inkişafına xidmət edirmi? Bu mənzərə bizə baxan qardaş Türkiyə vətəndaşını çaşdırmazmı? Görəsən, bu hal zamanla bizim və övladlarımızın dünyagörüşünü dəyişmirmi? Ritorik suallardır.

Xarici dili ünsiyyət üçün öyrənmək və istifadə etmək faydalı və zəruridir. Ancaq bu xarici dili rəsmi dövlət dili kimi qəbul edən yad ölkənin  ideologiyasını, dünya baxışını və siyasi-mədəni təsirini mənimsəmək və onunla öz kimliyini eyniləşdirmək, fərqli və zərərli bir yanaşmadır. Bu iki məsələni bir-birindən mütləq ayırmaq lazımdır. Şərti desək, əgər Cənubi Azərbaycan müstəqillik qazansaydı, fars dili ilə bağlı da eyni problem ortaya çıxacaqdı.

Digər xarici dillərin təsirini isə o qədər də təhlükəli və həssas hesab etmirəm, çünki bizim ətrafımızda coğrafi və ideoloji baxımdan yaxın başqa güclü dövlətlər yoxdur. Yalnız bəzən ingilisdilli məktəblərimizdə, məsələn, I Dünya müharibəsinin hadisələrinə Britaniya imperiyasının gözü ilə baxılması, Osmanlı imperiyasının mənfi rakursda təqdim edilməsi hallarını müşahidə etmişəm. Lakin bu, qlobal yox, daha çox lokal xarakterli təsir daşıyır.

Son vaxtlar Rusiyada Azərbaycan əsilli insanlara qarşı keçirilən diskriminasiya və qeyri-insani hərəkətlər fonunda bəzi ölkə vətəndaşları dövlət hesabına rus dilində təhsil verməyin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirirlər.

Düzdür Azərbaycan Konstitusiyasının 21-ci maddəsinə əsasən, ölkədə dövlət dili Azərbaycan dilidir. Ona görə də dövlətin bütün qurumlarında, təhsil sistemində, mətbuatda və ictimai həyatda Azərbaycan dilinin üstünlüyü təmin edilməlidir. Bəzi ziyalılar və dilçi alimlər hesab edirlər ki, rus dilində tədrisin belə geniş şəkildə mövcudluğu bu prinsipə ziddir. Eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda Azərbaycan Respublikasında təhsilin dövlət dili olan Azərbaycan dilində aparılmasını təsbit olunub.

Bununla yanaşı qanunvericilik vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, qanunvericiliklə müəyyən olunmuş hallar və qaydalar daxilində təhsil müəssisələrində tədrisin digər dillərdə də aparılmasını qadağan etmir. Amma bu müddəanı rus dilinə prioritetin tanınması kimi də şərh etmək doğru deyil.  Söhbət vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyinin nəzərə alınmasından gedir. Bu daha çox digər yerli etnosların öz dillərində təhsil alması imkanlarına aiddir.

Azərbaycanda rusdilli təhsilin geniş yayılması praktikası, sözsüz ki, tarixi kontekstdən qaynaqlanır. Müəyyən mənada dövlət dili siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də milli kimliyin qorunmasıdövlət dilinin prioritetliyi baxımından, rus dilində dövlət hesabına təhsilin verilməsi tənqid edilir. Fikrimcə, bu gün üçün rusdilli təhsilin tamamilə qadağan olunması radikal və kortəbii addım ola bilər. Rusdilli təhsilin kəskin formada aradan qaldırılmasının tərəfdarı deyiləm. Məncə burada daha çox dövlətin maraqlarına müvafiq balanslı, planlı yanaşma olmalıdır.

Eyni tarixə və eyni qəhrəmanlara münasibət Azərbaycan, Rusiya və İran dərsliklərində bəzən tamamilə fərqli təqdim olunur, bu isə şəxsi düşüncə tərzinə və gələcəyə baxış bucağına birbaşa təsir edir. Bax, paradoks da məhz buradadır. Mən bu məsələyə öncəki yazılarımda toxunmuşdum: Azərbaycan vətəndaşı, əgər o, sırf “ura-patriot” tipli Rusiya mərkəzli düşüncə ilə dünyaya baxırsa, o, nə Rusiyaya, nə Azərbaycana xeyr verə bilməz; cəmiyyət üçün dağıdıcı təsirə malik ola bilər. Belə fərqli baxışlar daxilimizdə parçalanma yaradır, bu da ölkəni zəiflədir və nəticədə bizim hər hansı ölkəyə verə biləcəyimiz dəstək, ən yaxşı halda, rəmzi xarakter daşıyar. Əgər biz öz daxilimizdə zəifiksə, bizim dəstəyimizin heç kimə faydası olmayacaq. Belə olduqda Rusiya niyə bizi dəstəkləsin ki? Axı biz ona qarşılığında heç nə verə bilməyəcəyik. Sanki “bir addım irəli, iki addım geri” prinsipi ilə hərəkət edirik.

“Məntiqi Avrasiyaçılıq”, zamanında təklif etdiyim türk-slav yaxınlaşma modelində, bunun reallaşması üçün ümumtürk milli özünüdərk şərtdir. Bu özünüdərkin əsas dayaqlarından biri isə şübhəsiz ki, dövlət dilini, yəni bizlər üçün, Azərbaycan dilini mükəmməl şəkildə bilməkdir.

Əgər bu məntiqi davam etdirsək və məsələni Rusiya üçün faydalılıq baxımından qoysaq, sual yaranır: Rusiyaya hansı azərbaycanlı faydalıdır? Faydalı olan – öz doğma vətənini – Azərbaycanı və bütöv Türk Dünyasını sevən, türk və slavyan xalqları arasında tarixi simbioz dövrlərini anlayan, sadəcə Ukraynaya, Belorusa deyil həmçinin Rusiyaya bərabərhüquqlu tərəfdaş kimi yanaşan azərbaycanlıdır. Yalnız özünü və öz xalqını tanıyan şəxs başqasını da tanıya bilər. Ancaq öz tarixinə bələd olan şəxs başqalarının tarixini hörmətlə qarşılaya bilər. Məhz dövlət dili olan Azərbaycan dilini mükəmməl bilən şəxs digər xarici dilləri lazım olduğu qədər və düzgün formada öyrənə bilər və öyrənməlidir. Rusiya da anlamalıdır ki, Rusiyanın beynəlxalq arenada keyfiyyətli dəstəyə ehtiyacı varsa, bu dəstəyi yalnız güclü və inkişaf etmiş Azərbaycandan ala bilər. Rusiyaya fayda baxımından vassal və itaətkar Ermənistanla, qürurlu və müstəqil qərarlar verə bilən Azərbaycan və Türkiyə ilə qurulan tərəfdaşlıq eyni səviyyədə müqayisə oluna bilərmi?

Bəli, Rusiya ilə Türkiyə və digər türk dövlətləri arasında tarixən bir çox müharibələr olub, lakin bu münaqişələrdən daha çox mədəni qarşılıqlı təsir və inteqrasiya baş verib. Nəticədə, rus dilində çoxlu türk mənşəli sözlər (istər ümumi, istərsə də xüsusi isimlər) formalaşıb. Hətta türk etnosları rus aristokratiyasının formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Postsovet məkanındakı digər türk diyarlarında da bu baxımdan oxşar vəziyyət müşahidə olunur, Məsələn, Qazaxıstan, Qırğızıstan və Moldovanın türk bölgəsi olan Qaqauziyada rus dili hələ də rəsmi statusa malikdir. Lakin türklük şüuru və milli özünüdərk baxımından Azərbaycan yaxşı nümunədir. Əlbəttə,  hələ görüləcək işlər var.

Biz sübut edə bilərik ki: Türk dövlətləri üçün vahid rəsmi dövlət dili kifayətdir (bizim halda – Azərbaycan dili). Bu dili hər kəsin yüksək səviyyədə mənimsəməsi mümkündür. Eyni zamanda digər yerli etnosların dilləri inkişaf etdirilə bilər və bütün bunlarla yanaşı böyük dövlətlərlə ideoloji sabitliyi pozmadan bərabərhüquqlu və isti münasibətləri qoruyub saxlamaq mümkündür.

Sadəcə, Rusiya deyil, İran və Çin də tarix boyu milyonlarla türkün və türk dillərinin assimilyasiyası üçün müxtəlif təzyiq formaları ilə siyasət həyata keçirmişlər. Bizim vəzifəmiz isə bu təzyiqlərə qarşı elə bir Qlobal Türk Ruhu formalaşdırmaqdır ki, gələcəkdə, misal, Çin rəhbərliyi belə düşüncədə möhkəmlənsin: yeni bir türkün doğulma haqqıyla və ya miqrasiya nəticəsində Çin vətəndaşlığına keçməsi Çin üçün itki yox, əksinə, böyük qazancdır: Müsəlman və Türk Dünyasına bir körpü və dayaqdır.

Fikrimcə, müasir Azərbaycan vətəndaşı azı 4–5 dili bilməlidir. Əvvəlcə, Azərbaycan dilinə (Azərbaycan Türk dilinə) mükəmməl şəkildə yiyələnməli, daha sonra isə ingilis və ardınca rus dilini öyrənməlidir – bu, savadlı və müasir bir vətəndaş üçün vacibdir.

Bundan əlavə, ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələrinin öz ana dillərini qoruması üçün tədbirlər görülməli, o dillərinin də inkişaf etməsi üçün imkanlar yaradılmalıdır. Bu, Azərbaycanı daha zəngin, daha birləşmiş, daha güclü və daha rəngarəng edəcək.

Türk dilini (Türkiyə Türk dilini) biz artıq əksər hallarda uşaqlıqdan gözəl anlayırıq və bu belə də olmalıdır. Ayrıca, gələcəkdə rəsmi olaraq qəbul ediləcəyi halda, ortaq ümumtürk dilini də bilmək arzuolunandır. Elə bu kontekstdə Azərbaycanı inkişaf etmiş, həmrəy, çoxdilli ölkələrlə müqayisə etmək lazımdır. Belə vətənpərvər bir fərddə düzgün formalaşmış çoxdillilik təkcə Azərbaycanı birləşdirmir, həm də zəkanı, intellekti gücləndirir.

Həkim kimi qeyd etmək istəyirəm ki, iki (bilinqv) və ya daha çox dilə (multilinqv) aktiv şəkildə yiyələnmiş insanlar, hesab olunur ki, icraedici funksiyaları daha çox inkişaf etmiş olur və dil öyrənmənin bir çox sahələrində monolingvlərlə müqayisədə daha yaxşı nəticə göstərirlər. Multilingvin beyni adətən daha çevik, cəsarətli, bacarıqlı olur, daha sürətli və dəqiq reaksiya verir, qeyri-müəyyənlik vəziyyətlərində daha yaxşı davranır, konfliktləri həll edir, müxtəlif nevroloji xəstəliklərə, o cümlədən demensiyaya qarşı daha davamlı olur. Bilingvlər bir sıra səbəblərə görə əmək bazarında monolingvlərlə müqayisədə ciddi üstünlüklərə malik ola bilər, çünki bərabər şərtlərdə daha geniş müştəri seqmentini əhatə edə bilər və monolingvlərin bacarmadığı funksiyaları yerinə yetirə bilər. Uşaqlıqda multilingvlər ən azı bir dili mənimsəyirlər — bu dil birinci dil adlanır. Müəyyən bir vaxta qədər bu dil formal təhsil olmadan mənimsənilir və bu şəkildə iki dili öyrənmiş uşaqlara isə adətən “paralel bilingvlər” deyilir.

Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd etmək istərdim ki, Azərbaycanın daxili həmrəyliyi və dost ölkələrlə möhkəm əlaqələri və onlara davamlı dəstəyi baxımından, bütün vətəndaşlarımızın Azərbaycan dilinə yüksək səviyyədə yiyələnməsi, eyni zamanda bir neçə xarici dili bilməsi mühüm əhəmiyyət daşıyır.

Orxon-Yenisey yazıları və ortaq türkcə təklifi

Türk dünyasının birliyini möhkəmləndirmək üçün bütün türkologiya konfranslarında türk xalqlarının qarşılıqlı inteqrasiyası üçün ortaq türkcənin qəbulu müzakirə olunur. Yaxın zamanda təsdiq olunmuş ortaq türk müasir əlifbası, bir çox latın qrafikalı türk əlifbalarındakı hərfləri özündə birləşdirib. Bu hal, daha çox rəqəmsal aləmdə faydalı ola bilər və birbaşa ünsiyyət üçün əhəmiyyəti azdır. Amma buna baxmayaraq, bu cür ortaq qərarların qəbulu sevindiricidir.

Mənim şəxsi əminliyim odur ki, türk dünyasına mənsub hər bir insana ortaq türk dili lazımdır. Ortaq dil ortaq şüur və kimliyimizi möhkəmləndirər, ortaq mədəni mühit yaratmaqla türk inteqrasiyasını gücləndirər. Ortaq dil həm də birgə hərbi, diplomatik, elmi əməkdaşlığı da asanlaşdırar, ortaq media, təhsil, texnologiya sistemləri qurmağı sürətləndirər. Ortaq dil türk kimliyinin rəmzinə çevrilməklə, türk gəncliyi arasında ortaq kimlik hissini gücləndirər.

 Lakin ortaq Türk dili və onun əlifbası ilə əlaqəli on illərlə davam edən müzakirələr hələ də gözlənilən nəticəni vermir. Bəziləri ortaq türkcə olaraq  bu gün mövcud olan çoxsaylı türk xalqlarından birinin dilini qəbul etməyi irəli sürürlər, digərləri isə müxtəlif türk xalqlarının əlifba və leksikasından söz, ifadə və hərfləri özündə birləşdirən süni ortaq türkcə yaratmağı müdafiə edirlər. Amma süni bir dili öyrənmək istəyən çoxmu adam tapılar? Bu, axı proqramlaşdırma dili deyil ki, süni olsun. İnsanların ünsiyyət dili tarix, ənənə, mədəniyyət və əsrlərlə formalaşmış mentaliteti əks etdirməlidir.

Tarix boyu bizdə müxtəlif ümumtürk dilləri mövcud olub: oğuz, uyğur, çağatay dilləri və s. Onlardan bəziləri — qarluq, qıpçaq və oğuz dialekt qruplarının nümayəndələrinin bir-birinə coğrafi yaxınlığı və fəal təmasları nəticəsində ümumidialekt dillərinə çevrilmişdi. Bəs görəsən, hamımızın ümumi köklərinə dayanan və eyni zamanda barəsində kifayət qədər məlumatımız olan hansı dil və əlifbanı tapmaq olaq ki, bu gün o ortaq Türk ünsiyyət ünsürü kimi çıxış edə bilsin?

Axtardığımız, məhz Orxon-Yenisey-Altay-Talas-Turfan yazıları dövrünün dilidir və əsl türk runi əlifbasıdır, hansı ki, prototürklərin miqrasiyası nəticəsində Şərqi və Şimali Avropaya qədər yayılmışdı. Məhz bu yazıların əsasında ortaq türk dili və əlifbası üçün normalar hazırlanmalıdır. Buna alternativ görmürəm.

Yusif Balasaqunlunun “Türklərin şahnaməsi” kimi tanınan “Xoşbəxtliyə aparan elm” əsəri belə başlayır:

Mən çağırış edirəm izimdən gələnə,

Bələd olacaqsan Türk kəlamın lütfünə...

Qeyd etmək istərdim ki, məşhur danimarkalı alim Vilhelm Tomsenin, 19-cu əsrdə Orxon yazılarını deşifrə edib dərc etdirdiyi ilk jurnalın orijinalına sahibəm. Həmin tarixi əsəri vərəqləyəndə məni bu fikirlər yaxaladı.

Elə ki, Orxon-Yenisey yazılarının dili ortaq türk dili kimi qəbul olunacaq, bu türk xalqları arasında tarixə və sənədlərə marağı kəskin şəkildə artıracaq və qarşılıqlı təbii, səmimi bağları möhkəmləndirəcək. Mən əminəm ki, bu hadisə dolayı yolla Avropa xalqları və slavyan-türk icmaları ilə dostluğun möhkəmlənməsinə də xidmət edəcək. Çünki bizim eramızın ikinci minilliyinin başlanğıcındakı dastanlarımız tez-tez bir-biri ilə üst-üstə düşür. Məsələn, türklərlə qohumluq əlaqələrini qəbul edən və Türk Şurasının üzvü olan macarlar son illərdə şəhərlərdə bəzi küçə adlarını türk runi əlifba ilə də yazmağa başlayıblar. Əfsus ki, Türkiyəmizdən fərqli olaraq, Azərbaycanımızda və digər Türk dövlətlərində Göytürkçə kursların sayı son dərəcə məhduddur.

Məhz ərəb və fars dillərindən təsirlənməmiş, türklər tərəfindən əsrlər boyu formalaşdırılmış və “İrk Bitig” (“Əlamətlər kitabı”) kimi yazılı abidələrin yaranmasından əvvəlki dil bizim əzəli dilimizdir. Türk runik yazısı, hansını ki, onu unudan türklər sonradan əfsanəvi adla “səbir bitik” (yəni “igidlərin yazısı”) adlandırmağa başladılar, əvvəlcə qədim uyğur, sonra isə ərəb əlifbası ilə əvəz olundu. Bu ərəb əlifbası, İslam dinimizin yayılması ilə əlaqədar geniş istifadə olunsa da, türk dillərinin fonetikasına uyğun gəlmirdi. Təəssüf ki, XIII əsrə qədər bu əlifbamız ərəb yazısı ilə əvəz olundu və nəticədə “Kitabi Dədə Qorqud” bizə ilkin formada deyil, dəyişmiş şəkildə çatdı.

XI əsr Qaraxanilər dövlətinin alimi Mahmud Kaşğarinin “Divani lüğət-it-Türk” əsərində “oğuzlarda”, “qıpçaqlarda” qeydləri ilə təqdim olunan sözlər və dil xüsusiyyətləri yer alır. Bu mənbə, eləcə də XIV əsr İbn Mühnanın lüğətindəki məlumatlar bu dillərlə müasir Azərbaycan dili arasında genetik əlaqənin olduğunu göstərir. “Qutadğu Bilik” kimi qədim türk əsərlərindən də çox şey öyrənmək mümkündür.

Əgər biz əcdadlarımızın qədim dilini, Göytürklərin dilini ortaq türk dili edə bilsək, bu dil zamanla bəlkə də bütün dünya üçün də bir “lingua franca”ya çevrilər, çünki o, həmrəyliyin, yaradıcılığın, sülhpərvərliyin simvolu olar.

Azərbaycanın 5 manatlıq pul əskinazını əlinizə alın: burada aydın şəkildə qədim türk Orxon yazısı ilə, runi əlifbamızda, böyük türk xaqanı Gültəkinin sözləri yazılıb: “Türk adının və şərəfinin silinməməsi üçün...” Bu yazılarda ülvi bir ruh və milli duyğu vardır. Hətta Bilgə Xaqanın abidəsində Göytürk dövlətinin Çin tərəfindən işğalından sonra həyata keçirilən 50 illik assimilyasiya siyasətinin faciəvi nəticələri də təsvir olunur. Həmin dövrdə  türklər bir-biri ilə çin dilində danışmağa başlayır, milli ruhlarını itirir, uşaqlarına türk adları deyil, yad adlar verirdilər. Nəticədə, xalq öz kimliyini itirməyə başlayır, bu faciə yalnız çox böyük bədəl hesabına, ağır mübarizə ilə aradan qaldırılır.

Doğrudur, bəzən xarici düşmənlə mübarizə aparmaq daxili düşmənlə mübarizədən asandır. Çünki ən böyük təhlükə – insanın öz ruhunu, kimliyini itirməsidir. Bu məsələdə ən vacib silah isə dildir. Ona görə də düşünmək sadəlövhlük olardı ki, qədim runi yazımız təsadüfən milli valyutamızda yer alıb. Bu yazılar milli bayrağımızda türkçülüyümüzü simvolizə edən mavi zolaq kimi, çox mühüm anlam daşıyır.

İdeal halda, əcdadlarımızın dili -  Türk xaqanlıqları dövründə (e.ə. 552–704) istifadə olunmuş dil və runi əlifba - ortaq türk dili kimi qəbul olunmalıdır. Bu dil zəngin bədii-üslubi vasitələrə və ümumtürk dialekt xüsusiyyətlərinə malik idi və sırf türk leksikasına əsaslanırdı. Əgər bu dil ortaq türk dili kimi qəbul olunarsa, onun təmizliyi qorunmalı, yad sözlərlə çirkləndirilməməli və yeni anlayışlara yalnız türk mənşəli qarşılıqlar tapılmalıdır. Bu dil bizim ümumi böyük tariximizin, həmrəyliyimizin, qarşılıqlı inteqrasiyamızın və anlayışımızın simvoluna çevrilə bilər.

Azərbaycan dilinin rolunun gücləndirilməsi üçün islahatlar

Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi təsbit olunub və bu, yalnız hüquqi deyil, həm də milli mənəvi məsələdir. Lakin real həyatda hələ də bəzi ictimai sahələrdə, xüsusən də təhsil, media və biznesdə yad dillərin, xüsusilə rus dilinin dominantlığı müşahidə olunur.

Bəzən bu vəziyyət bəzi şəxslər tərəfindən "qərb və ya şərq dəyərlərinə açıq olmaq", "qlobal trendlərə uyğunlaşmaq" kimi təqdim edilir. Amma dil siyasəti milli suverenliyin vacib komponentidir və burada kompromislər dövlətin gələcəyinə təhlükə yarada bilər.

Azərbaycan dilinin rolunu artırmaq üçün hansı tədbirlər görülməlidir? Bu istiqamətdə tədbirləri iki əsas kateqoriyaya bölmək olar: birincisi – dövlət dilini inkişaf etdirən tədbirlər qrupu, ikincisi isə – dilə hörmət etməyən şəxslərə qarşı tətbiq ediləcək inzibati tədbirlər qrupu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı, onun dövlət dili statusunun qorunması istiqamətində ardıcıl siyasət yeridib. Cənab Prezident İlham Əliyev də bu siyasi kursu davam etdirərək, verdiyi çoxsaylı sərəncamlarla dövlət dilinin rolunu daha da gücləndirdi.

Azərbaycan dili ilə bağlı normativ hüquqi bazanın təhlili göstərir ki, ilk illərdə qanunlar daha çox tövsiyə xarakteri daşıyırdısa, sonralar müəyyən cəza elementləri də qanunvericiliyə daxil olmağa başladı. Bu isə tamamilə doğru yanaşmadır. Azərbaycan rəhbərliyi dilə qarşı son dərəcə balanslı və yumşaq, eyni zamanda qətiyyətli siyasət aparır.

Unutmayaq ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncə və milli kimliyin formalaşma vasitəsidir. İctimai şüurda Azərbaycan dilinin yalnız dövlət dili kimi yox, həm də məişət, elm, texnologiya və biznes dili kimi yer alması üçün ardıcıl siyasət həyata keçirilməlidir.

Müəyyən ölkələrdə bu sahədə ciddi cərimələr tətbiq olunur. Mütəxəssislərin fikrincə isə, cərimə çox böyük olmamalıdır ki, insanlar anlayışla qəbul etsinlər və bilsinlər ki, dili öyrənmək lazımdır və qanunu pozmaq olmaz. Əgər qanunun icrasına görə cərimələr nəzərdə tutulmayıbsa, onun tətbiqini nəzarət altına almaq çətin olacaq. Bununla belə, cərimə əsas deyil, əsas odur ki, insan dövlət dilinin əhəmiyyətini dərk etsin. Monitorinq məktəblərdə, universitetlərdə və müəssisələrdə də aparıla bilər. Cərimələr yalnız dili bilməməyə görə deyil, həm də dili düzgün istifadə etməməyə görə də tətbiq olunur.

Bəzi ölkələrdə dövlət dilindən klinikalarda, səhiyyə müəssisələrində və xidmət sahələrində istifadə etməyənlərə qarşı tədbirlər görülür. Yəni, xidmətlər təməl olaraq dövlət dilində göstərilməlidir və işçilər içtimayətə açıq yerdə öz aralarında dövlət dilində danışmalıdılar. Təbii ki, dövlət dilində salamlaşmadan sonra, xəstənin və ya müştərinin istəyinə uyğun olaraq fərdi xidmət qarşı tərəf üçün anlaşılan dildə göstərilə bilər. Türkiyəmizdə Tibbdə Uzmanlıq təhsili aldığımız dövrdə bu formada yanaşmanı mənimsəmişəm.

Əlbəttə, Azərbaycan qanunvericiliyinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan vətəndaşlığına qəbul olunarkən Azərbaycan dili üzrə imtahan verirlər. Bu qanunun aydın şəkildə tələb etdiyi bir məsələdir: Azərbaycan vətəndaşı dövlət dilini lazımi səviyyədə bilməyə borcludur.

Həm də buna görə, bəzi mütəxəssislər haqlı olaraq hesab edirlər ki, əgər məktəb yaşına çatan uşaq Azərbaycan dilində danışmağı bacarmırsa, valideynlər məsuliyyət daşımalıdırlar. Məsələn, cərimə tətbiq edilməlidir. Azərbaycan vətəndaşının dövlət dilini bilməməsi, eləcə də övladlarına Azərbaycan dilini öyrətməyə səy göstərməməsi yolverilməzdir və məsuliyyət yaradır.

Uşaq bağçalarının və məktəblərin rusdilli qruplarında dövlət dili tədris olunmalıdır; Azərbaycan dili bu bölmələrdə bütün uşaqlara “Ana dili” və ya daha yaxşısı, “Vətən dili” adı ilə dərindən öyrədilməlidir.      

Bəzi inkişaf etmiş ölkələrdə geniş yayılan bilinqval təhsil (müəyyən fənlərin paralel şəkildə təhsil aldığı bölmənin dilində və dövlət dilində tədrisi) bizim ölkəmizdə də yaxşı həll yollarından biri ola bilər.

Ana dili dövlət dili olmayan uşaqlara öz ana dillərini öyrənmək imkanı yaradılmalıdır ki, etnoslarının və əcdadlarının mədəniyyəti ilə əlaqəni itirməsinlər. Bununla yanaşı, onlar dövlət dilini yaxşı mənimsəməlidirlər ki, ali təhsil almaqda çətinlik çəkməsinlər və əmək bazarında rəqabətə davamlı olsunlar. Daha da önəmlisi, bu məsələ Azərbaycan xalqının vahid vətənpərvərlik ruhunu təmin etmək üçün çox zəruridir.

Alimlər artıq çoxdan sübut ediblər ki, körpələrin eyni vaxtda iki dili öyrənməsi mümkündür və ev şəraitində Azərbaycan dilinə azı 50% vaxt ayrılmalıdır; əgər bu nisbət azdırsa, o zaman dövlət dili fərdin azərbaycanlı kimliyinin formalaşmasında əhəmiyyətli rol oynaya bilməz.

Uşaqlar üçün əsasən iki prinsipdən istifadə olunur: birinci — “bir valideyn – bir dil” prinsipi, ikinci isə dilləri saatlarla ayırmaq. Hər halda rahat üsul tapmaq mümkündür. Yetər ki, istək olsun. Hər halda evdə ana dilində danışmaq o qədər çətin olmaz. Unutmayaq bu məsələ, milli işə töhfə verməyin bir yoludur. SSRİ bizə təbliğatla təsir göstəribsə və bəzi vətəndaşlarımız ana dillərini unudublarsa, bu bizim günahımız deyil. Amma əgər biz tarixi ədalətin bərpası üçün səy göstərmiriksə və bu məsələni düşmənlərimizin manipulyasiyasına buraxırıqsa, bu artıq bizim məsuliyyətimizdir.

Dövlət dilini öyrənmə qaydası universitetlərimizin xarici məzunlarına da şamil olunmalı – tədris dilindən asılı olmayaraq onlar da Azərbaycan dilini öyrənməlidirlər. Hətta təkcə tələbələr deyil, ölkəmizdə yaşayış icazəsi alan bütün əcnəbilər də Azərbaycan dilini lazımi səviyyədə mənimsəyənədək yaşayış müddətlərinə uyğun olaraq mütəmadi imtahan verməlidirlər.

Maraqlı bir nüans: dövlət qurumlarımızın birgə təşəbbüsü ilə pravoslav kilsələri nəzdində Azərbaycan dili üzrə pulsuz kurslar açılıb. Bu da xristian vətəndaşlarımızın və qonaqların Azərbaycana və ümumtürk dünyasına sevgisinin formalaşmasında böyük rol oynamalıdır.

Başqa bir vacib məqam: bu gün küçədə, sosial mediada bəzi azərbaycanlıların danışığını dinlədikdə görürük ki, o, saysız-hesabsız rus sözlərindən istifadə edir, bu da dilimizi tanınmaz hala salır. Azərbaycan dilini kreol və ya picin dilinə çevirmək – hətta məişət səviyyəsində belə – yolverilməzdir. Belə nöqsanı olan soydaşlarımız, bu aspektdə də öz üzərində işləməlidirlər.

Azərbaycan dilinin inkişafında və təbliğində milli mətbuatımızın yeri böyükdür. Mütəxəssislərin fikrincə, mətbuat ilk növbədə dil hadisəsidir. Müasir mətbuatımızın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Amma mətbuatın dilində inkişafın olduğunu, onun rəsmi dövlət dilinin təkmilləşməsindəki, o cümlədən Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq rolu danılmazdır.

Cənab Prezident İlham Əliyev mətbuatın əhəmiyyətini daim vurğulamış və bu sahənin inkişafını daim diqqətdə saxlamışdır. Bu sahədə dövlət tərəfindən aparılan siyasətdə son illər media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Bu il cənab Prezidentin sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Sözsüz ki, mətbuatımız bundan sonra da yüksək milli şüur və vətənpərvərlik, aktual problemlərə diqqət yönəldilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında öz  müstəsna xidmətlərini layiqincə davam etdirəcək.

Dil təhsil və mədəniyyət alətləri vasitəsilə də inkişaf edir. Bu səbəbdən də çoxistiqamətli əsaslı islahatlara ehtiyac var. Amma ilk növbədə Azərbaycan dilinin mövqeyi gücləndirilməlidir: dünya elmi ədəbiyyatları Azərbaycan dilinə tərcümə olunmalı, keyfiyyətli dərsliklər yazılmalı və müəllimlərin peşəkarlıq səviyyəsi artırılmalıdır. İlk növbədə ədəbi dili, məqsədəuyğun olduğu qədər, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində xalq danışıq dili ilə yaxınlaşaraq formalaşmış təbii normalara uyğunlaşdırmağı təklif edərdim. Çünki “Oktyabr inqilabından” sonra Azərbaycan ədəbi dili tədricən “Azərbaycan sosialist milləti”nin dilinə çevrilməyə başlamışdı. Qeyd edim ki, Türkiyə Cümhuriyyəti qurulduğu ilk illərdə, dili yenidən türkləşdirmək və müasirləşdirmək məqsədilə islahatlar aparmışdır. Gündəlik danışıq dilimizi müasir Türkiyə türkcəsində işlənən bir neçə nəzakət ifadələri və bəzi digər faydalı sözlərlə zənginləşdirmək olar.

Əsrlər boyunca Azərbaycan dili İran, Qafqaz və cənub-şərqi Dağıstanda ticarət və etnoslararası ünsiyyət dili olmuşdur. Onun regional təsiri XIX əsrə qədər davam etmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun Ensiklopedik Lüğətində Azərbaycan dili haqqında belə yazılıb: “sadəliyi və əlçatanlığı bu ləhcəni bütün Cənubi Qafqaz üçün beynəlxalq dilə çevirmişdir”. Son illər dövlətimizin incə siyasəti nəticəsində Azərbaycan dili regionda müəyyən mənada "lingua franca" funksiyasını  geri qazanmağa başlayıb.

Ən önəmli məsələlərdən biri elmi Azərbaycan dilinin islahatıdır. Çünki bu milli elmin inkişafının və intellektual müstəqilliyimizin əsas şərtidir. Əgər dövlət dili elmi sahədə "tərcümə vasitəsinə" çevrilibsə, bu, onun statusunu formal edir. Ana dilində elmi düşünə, elmi mühakimə yürüdə və yaza bilməyən cəmiyyət öz milli elmini qura bilmir. Milli elmi məktəbin inkişafı üçün beynəlxalq standartlara uyğun olaraq elmi terminlərin formalaşma prinsipləri yenidən nəzərdən keçirilməlidir. Azərbaycan dilində vahid, dinamik terminoloji baza formalaşdırılmalıdır. Yeni terminlər mütəxəssislərin iştirakı ilə elmi dilə uyğunlaşdırılmalıdır. Elmi əsərlərdə terminoloji dəqiqlik və dil uyğunluğu əsas meyarlardan biri olmalıdır. Misal üçün, qərb ölkələrinin əksəriyyətində olduğu kimi qardaş Türkiyədə tibbi terminologiya latın mənşəlidir. Türkiyədə bu terminlər türkcə sonluqlarla istifadə olunur. Bu isə bir tərəfdən Qərb tibb sisteminə inteqrasiyanı asanlaşdırır, digər tərəfdən isə tibbi sirrin qorunmasına imkan verir, çünki Türkiyədə həkimlər arasındakı tibbi danışıqları sadə vətəndaşlar başa düşmürlər. Azərbaycanda isə SSRİ-dən qalma ənənə davam etdirilərək, tibbi terminlər hələ də sözbəsöz, hərfi şəkildə tərcümə olunur və nəticədə, bu terminlər beynəlxalq anlayışdakı termin funksiyasını itirir, bu da Avropa tibb sisteminə inteqrasiyanı son dərəcə çətinləşdirir. Ölkəmizdə oxşar terminoloji problemlər texniki və digər elmlərdə də mövcuddur.

Hər bir insan fikirlərini ifadələr və cümlələr vasitəsilə ötürür, sözlər arasında əlaqələr qurur. Bu baxımdan, dil islahatı eyni zamanda düşüncə tərzinin islahatı deməkdir. Dildə inqilaba səbəb olan amillər eyni zamanda bu prosesin məqsədlərini də müəyyən edir.

Azərbaycan dilində təhsil rus dilindən qat-qat güclü olmalıdır. Elə etməliyik ki, bu, həm də milyonlarla türkün yaşadığı bugünkü Rusiya da daxil olmaqla, bütün xalqların nümayəndələrinin Azərbaycana beynəlxalq səviyyədə və münasib qiymətə Azərbaycan və digər xarici dillərdə təhsil almaq üçün gəlməsinə səbəb olsun. Biz bu gün elmi cəhətdən geridə qalmış Rusiya ilə deyil, digər Avropa dilləri vasitəsilə beynəlxalq elmi ədəbiyyata çıxış əldə etməliyik. Son illər ölkəmizin ali məktəblərinə qəbul statistikası da göstərir ki, rus bölməsinin bilik səviyyəsi geri qalır.

Güclü dil yalnız güclü elmin nəticəsidir və ya əksinə. Yalnız güclü elmi olan zaman digər dünya xalqları sizin ənənənizə, mədəniyyətinizə, tarixinizə hörmətlə yanaşacaq, sizi dinləyəcək, sizinlə hesablaşacaqlar.

Dil islahatı imkan verəcək ki, biz inkişaf etmiş ölkələrin elmi-tədqiqatlar bazasında rahat yer alaq və eyni zamanda, elmi nailiyyətlərimizi Qərb üçün daha əlçatan edək. Bu, həmçinin dolayı yolla kulturologiya elmi əsasında yüksək mədəniyyətimizi Qərbə yaymağa da şərait yaradacaq.

Daha əvvəl qeyd etdiyim kimi, dünyada təxminən 200 ölkə var və yalnız onların elmi güclü olanları şöhrət və hörmət zirvəsində yer alır. Bu prinsip əsasında dünyanın dominant dilləri tarix boyunca dəyişib. Bu qaydanın istisnası olmayıb, yoxdur.

Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə çıxışında ideoloji məsələlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulamış, bu istiqamətdə boşluqların və zəifliklərin mövcudluğunu qeyd etmişdir. Dil isə ideoloji ruhun daşıyıcısı və xalqı birləşdirən əsas sütunlardan biridir.  Qarabağda düşmən üzərində qazanılmış tarixi Qələbə, eləcə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dəqiq və uzaqgörən siyasət fonunda əminliklə demək olar ki, dil məsələsi də tolerant və multikultural ölkəmizdə, həm də bütöv Türk Dünyasında optimal formada öz həllini tapacaqdır.

Ortaq türk dili ideyasının gerçəkləşdirilməsi, eləcə də Azərbaycan dilinin sistemli şəkildə təkmilləşdirilməsi və tədrisi məsələsi Vətənimizin birliyi və milli həmrəyliyimiz baxımından strateji əhəmiyyət daşıyır. Bu mənada, dil xalqın ruhudur, sağlam ruh isə istənilən şəraitdə qələbəni təmin edən ən qüdrətli silahdır. Biz heç kimin əleyhinə deyilik. Biz yalnız öz kimliyimiz, milli varlığımız,  ümumilikdə bəşəriyyət naminə və daha ədalətli dünya nizamı uğuruna çalışırıq.

Azərbaycanlı alimlərin fikrincə, türk xalqlarının mədəniyyəti bir tərəfdən ümumi tarixi, etnik və dil köklərinə malikdir, digər tərəfdən isə müxtəlif coğrafi bölgələrdə formalaşdığı üçün zəngin və çoxşaxəli xarakter daşıyır. Lakin bu fərqliliklərə baxmayaraq, təməldə vahid ümumtürk mədəniyyəti dayanır.

Dayanıqlı inkişaf konsepsiyasına əsasən, gələcəkdə iqtisadi mərkəzli strategiyaların yerini tədricən insan mərkəzli strategiyalar alacaq. Bu baxımdan, mədəniyyətin zənginləşməsinin əsas yolu cəmiyyətin mənəvi və elmi-nəzəri inkişafından keçir. Bu inkişafın möhkəm təməlini isə məhz təhsil sistemi təşkil edir. Çünki təhsil yalnız bilik ötürmək deyil, həm də dəyərlər formalaşdırmaq, milli və ümumbəşəri kimliyi bəsləmək missiyasını daşıyır.

Arzu edirəm ki, bizə hörmətlə yanaşan daha çox əcnəbi ölkəmizdə təhsil alsın, xalqımızı yaxından tanısın.  Mən Azərbaycan cəmiyyətinin etnik və mədəni müxtəlifliyini, mədəniyyətlərin qarşılıqlı zənginləşməsini səmimiyyətlə dəstəkləyirəm. Eyni zamanda arzu edirəm ki, azərbaycanlılar mümkün qədər çox dilə yiyələnsinlər, lakin Azərbaycan türkcəsi həm xalqımızı birləşdirən, həm də bizimlə təmasda olan digər xalqlarla ortaq ünsiyyət körpüsü rolunu oynasın. Azərbaycanlı olan hər bir kəsin Azərbaycan dilində sərbəst danışması onun vətənə bağlılığının təbii ifadəsidir. Azərbaycanı sevən digər insanların da Azərbaycan dilində sərbəst danışması çox arzuolunandır, bu zaman onun qəlbi Azərbaycana daha dərin sevgi ilə döyünəcəkdir.

Azərbaycan dili elə erkən yaşlardan öyrənilməyə başlanmalıdır. Bu, vətənpərvərlik ruhunu daha da artıracaq. Çünki, uşağın ana dilində düşünməyi və hiss etməyi bacarması onun milli kimliyinə bağlılığını daha da möhkəmləndirir.

Eyni zamanda, sosial birliyin və ictimai vəhdətin təmin olunması üçün balanslaşdırılmış və ardıcıl dil siyasəti zəruridir. Rəsmi və ya dövlət dilinin dəstəklənməsi ictimai nizamın qorunması, milli kimliyin möhkəmləndirilməsi və sosial birliyin təmin edilməsi baxımından dövlət siyasətinin əsas və legitim məqsədi olmalıdır.

Azərbaycanın dövlət dilini yaxşı bilmək, vətəndaşların etnik və ya mədəni mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətimizin vəhdətinə, ümumi maraqların qorunmasına xidmət edir. Çünki Vətənimizin dili bizi bölən deyil, bizi birləşdirən mənəvi dəyərdir.

Türk xalqları tarixindəki parçalanmanın yalnız siyasi və hərbi səbəblərlə deyil, dil birliyinin pozulması ilə də bağlı olması mühüm bir məqamdır. Tarixi təcrübə göstərir ki, dil birliyi pozularsa, milli ruh zəifləyir, xalqlar arasında qarşılıqlı anlaşma itir.

Məşhur türkçü İsmayıl Qaspıralı isə tarixin müdrüklüyündən irəli gələrək belə demişdi: “Dildə, fikirdə, əməldə birlik!”

Elə isə “bir olaq, iri olaq, diri olaq”- Rəcəb Tayyip Erdoğan.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir”  nəsihəti isə bu mövzuda bizim üçün yol göstərən həyat şüarı olsun.

Uzman Dr. Aydın Talışinski

“Dialoq və İnkişaf Naminə” QHT-nın təsisçisi

UİD Azərbaycan (United International Democrats) idarə heyətinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 13 İyul 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see191

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see183

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see129

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see124

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see120

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see115

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see114

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see114

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see114

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see114

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see113

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

12 İyul 2025 13:20see113

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see112

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Almaniyada komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

12 İyul 2025 08:16see111

“Sabah”ın Avroliqa macərası deyəsən, elə indidən bitir Gələnin, gedənin yanında bizi biabır eləməsəniz, olmaz?

12 İyul 2025 10:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri