Azərbaycanın informasiya və rabitə sektorunun 2025 ci il mənzərəsi TƏHLİL
Icma.az bildirir, Apa.az portalına istinadən.
2025-ci il Azərbaycanın informasiya və rabitə sektoru üçün institusional çərçivənin dərinləşdirildiyi, infrastrukturun genişləndirildiyi və rəqəmsal dövlət xidmətlərinin kütləvi istifadə mərhələsinə keçdiyi il kimi xarakterizə oluna bilər.
“APA-Economics” xəbər verir ki, il ərzində telekommunikasiya xidmətləri bazarının pul ifadəsində artımı, genişzolaqlı internet infrastrukturunun regionlarda genişləndirilməsi, dövlət buludu və rəqəmsal identifikasiya alətlərinin yayılması, eyni zamanda süni intellekt üzrə strateji sənədlərin qəbul edilməsi sektorun inkişaf trayektoriyasını formalaşdıran əsas amillər olub.
Ötən ilin yanvar–avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2,4 milyard manata çatmaqla illik müqayisədə 7,3% artım göstərib. Bu məbləğin 825,9 milyon manatı mobil telekommunikasiya xidmətlərinin payına düşüb. Yanvar–oktyabr aylarında isə sektor üzrə xidmətlərin dəyəri 3,12 milyard manat səviyyəsində qeydə alınıb. Yanvar–noyabr aylarında xidmətlərin dəyəri 3 464,3 milyon manat səviyyəsində olub ki, bu da illik müqayisədə 8,1% çoxdur. Bu göstəricilər informasiya və rabitə sahəsinin qeyri-neft sektorunda sabit artım tempini qoruduğunu göstərir.
Hüquqi və institusional çərçivə
Azərbaycanda informasiya və rabitə sektorunda dövlət siyasətinin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən koordinasiya olunur, tənzimləmə və nəzarət funksiyaları isə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçirilir. Ötən il rəqəmsal dövlət məhsullarının hazırlanması və tətbiqində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rolu daha da güclənib.
İlin əsas tənzimləmə mövzularından biri 5G texnologiyasına keçidlə bağlı hüquqi bazanın formalaşdırılması olub. Bu istiqamətdə keçirilən müzakirələrdə 5G üzrə yeni qanun layihəsinin hazırlanacağı, radiotezliklərin istifadəsi və mobil virtual şəbəkə operatorlarının (MVNO) lisenziyalaşdırılması kimi mexanizmlərin nəzərdə tutulduğu açıqlanıb. Bu yanaşma mobil rabitə bazarında rəqabətin və xidmət modellərinin diversifikasiyasına yönəlib.
Radiotezlik siyasəti kontekstində isə 700 və 800 MHz diapazonlarının mobil rabitə üçün əlçatan edilməsi məqsədilə İranla sərhəd ərazilərində televiziya yayımından mərhələli boşaldılma işlərinə başlanıldığı bildirilib. Bu addım geniş ərazi örtüyü tələb edən 4G və gələcəkdə 5G şəbəkələrinin regionlarda səmərəli qurulması baxımından əhəmiyyətli hesab olunur.
Telekommunikasiya: bazar göstəriciləri və şəbəkə infrastrukturu
2025-ci ildə telekommunikasiya sektorunda əsas tendensiya xidmət bazarının böyüməsi ilə infrastruktur modernləşməsinin paralel aparılması olub. Statistik göstəricilər mobil rabitənin sektor gəlirlərində aparıcı mövqeyini saxladığını göstərir. Eyni zamanda, genişzolaqlı internet şəbəkələrinin genişləndirilməsi, xüsusilə regionlarda fiber-optik infrastrukturun qurulması prioritet istiqamət kimi davam edib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr çərçivəsində 2025-ci ildə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu yaradılıb, 4 308 yeni abunəçi GPON texnologiyası ilə yüksək sürətli internetə qoşulub. Bu ərazilərdə 25 OLT avadanlığı istismara verilib, 25 magistral xəttin tikintisi tamamlanaraq ümumi uzunluğu 1 000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə formalaşdırılıb.
İnternet xidmətlərinin keyfiyyət göstəriciləri üzrə də müsbət dinamika müşahidə olunub. Speedtest Global Index məlumatına görə, 2025-ci ilin oktyabr ayında ölkədə orta sabit genişzolaqlı internet sürəti 84,82 Mbps, orta mobil internet sürəti isə 79,94 Mbps təşkil edib. Noyabr ayında sabit genişzolaqlı internet sürəti 86,15 Mbps, mobil internetin median sürəti isə 83,37 Mb/s səviyyəsinə yüksəlib.
Bulud texnologiyaları və "Azintelecom"
Ötən il bulud texnologiyalarının inkişafı əsasən dövlət sektorunda infrastrukturun mərkəzləşdirilməsi üzərindən aparılıb. “Azintelecom”un idarə etdiyi dövlət buludu çərçivəsində Bakı və Yevlax data mərkəzlərinin xidmətlərindən 250-dən çox qurumun istifadə etdiyi, 130-dan artıq dövlət qurumunun öz İT infrastrukturunu “Government Cloud” mühitinə miqrasiya etdiyi açıqlanıb.
Məlumatlara görə, data mərkəzləri TIER III sertifikatına malikdir ki, bu da fasiləsiz xidmət, ehtiyatlılıq və təhlükəsizlik baxımından beynəlxalq standartlara uyğunluq deməkdir. Dövlət buludu modeli dövlət qurumlarında İT xərclərinin optimallaşdırılması, texniki təhlükəsizliyin artırılması və xidmətlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır.
Rəqəmsal etimad infrastrukturu baxımından SİMA ekosistemi 2025-ci ildə genişlənməyə davam edib. SİMA İmzanın üç il ərzində 4 milyondan çox yüklənməsi, 80-dən artıq platforma ilə inteqrasiyası və rəqəmsal autentifikasiya proseslərində daha geniş istifadə olunması rəqəmsal əməliyyatların hüquqi və texniki əsaslarını möhkəmləndirib.
Rəqəmsal dövlət xidmətləri: “mygov” platforması
2025-ci il rəqəmsal dövlət xidmətləri sahəsində kəmiyyət mərhələsindən keyfiyyət və kütləvi istifadə mərhələsinə keçidlə yadda qalıb. Məsələn, avqust ayına olan məlumata görə, “mygov” platformasında qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1,5 milyonu ötüb, aktiv istifadəçi sayı isə 554 min olub. Platformada 386 rəqəmsal xidmət təqdim edilib.
Noyabr ayında isə istifadəçi bazasının 2 milyon nəfəri keçdiyi, aktiv istifadəçilərin sayının 800 minə yaxınlaşdığı açıqlanıb. Eyni zamanda platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı 400-dən çox olub. Bu dinamika dövlət xidmətlərinə çıxışın getdikcə daha çox rəqəmsal kanallar üzərindən həyata keçirildiyini göstərir.
Rəqəmsal iqtisadiyyat və süni intellekt təşəbbüsləri
2025-ci ilin mühüm hadisələrindən biri “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiqlənməsi olub. Strategiya süni intellekt texnologiyalarının tətbiqi, insan kapitalının inkişafı, etik və hüquqi çərçivənin formalaşdırılması kimi istiqamətləri əhatə edir.
Strategiyanın icrası çərçivəsində standartlaşma məsələləri ön plana çıxıb. Rəsmi açıqlamalara görə, süni intellekt sahəsində 8 beynəlxalq standart milli standart kimi qəbul edilib. Bu addım AI texnologiyalarının tətbiqində risklərin idarə olunması və vahid texniki yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
Ötən il Azərbaycanda “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” da təsdiqlənib. Sənəddə ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi, transformasiyanın sürətləndirilməsi, rəqabətliliyin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi və rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması əsas hədəflər olaraq müəyyən edilib.
Strategiya 4-cü Sənaye İnqilabının əsas texnologiyalarına (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud, “ağıllı şəhər” həlləri və s.) istinad etməklə rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılmasını və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqini prioritetləşdirir. Sənəddə rəqəmsal sektorun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyət və əlçatanlığının yüksəldilməsi, sahələr üzrə texnologiya tətbiqinin genişləndirilməsi, rəqəmsal bacarıqlı kadrların sayının artırılması və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəf kimi müəyyən edilib. Strategiyaya əsasən, Azərbaycanda rəqəmsal məhsul və xidmətlərə çıxış üçün mərkəzləşdirilmiş “Rəqəmsal həllər və xidmətlər platforması”nın yaradılması planlaşdırılır.
Eyni zamanda data mərkəzləri və bulud ekosistemi üzrə isə dövlət–özəl tərəfdaşlığı xətti ilə özəl data mərkəzlərinin yaradılmasını təşviq edən mexanizmlərin formalaşdırılması və 2 data mərkəzinin istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın hazırlanması və tətbiqi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək mexanizmlərinin təqdim edilməsi, habelə ən azı 12 müəssisənin transformasiya üzrə dəstək alması kimi hədəflər qarşıya qoyulub.
Problemlər və müzakirə olunan həll istiqamətləri
2025-ci ildə informasiya və rabitə sektorunda artım dinamikası qorunsa da, bazarın inkişafını məhdudlaşdıran bir neçə struktur problemlər də olub. İlk növbədə, yeni nəsil mobil texnologiyalara keçid (xüsusən 5G) üzrə hüquqi-tənzimləyici çərçivənin tamamlanmaması bazar iştirakçıları üçün açıq şəkildə müzakirə mövzusu olaraq qalıb. 5G-nin qurulması ilə yanaşı, ölkədə qəbul edilməsi gözlənilən yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə mexanizmi və mobil virtual şəbəkə operatoru (MVNO) icazələrinin nəzərdə tutulması planlaşdırılır ki, bu da praktiki olaraq bazarın yeni xidmət modellərinə və daha çevik rəqabət arxitekturasına ehtiyac duyduğunu göstərir.
İkinci problem internet xidmətlərinin qiymət-keyfiyyət balansı və istehlakçı gözləntiləri ilə bağlıdır. İl ərzində həm sabit internet, həm də mobil tariflər üzrə qiymət dəyişiklikləri ictimai müzakirələrin mövzusu olub. Bazar iştirakçılarının arqumentləri əsasən şəbəkə modernləşməsi və artan tələbatla izah edilsə də, qiymət həssaslığı fonunda bu məsələ xidmət əlçatanlığı və inklüzivlik gündəliyini aktual saxlayır. Dövlət operatoru üzrə qüvvədə olan internet paketlərində minimum aylıq ödəniş 25 manat təşkil edir. Mobil rabitə üzrə tarif dəyişiklikləri isə istehlakçılar arasında qiymət həssaslığını və xidmət dəyəri ilə gözləntilər arasındakı balans məsələsini gündəmdə saxlayır.
Üçüncü istiqamət regional rəqəmsal bərabərsizlik və bacarıqlar fərqidir. Beynəlxalq analitik materiallar Azərbaycanın şəhər-kənd kontekstində genişzolaqlı bağlantı və rəqəmsal savadlılıq baxımından fərqlərlə üzləşdiyini qeyd edir. Bu boşluqların bir hissəsi infrastruktur çıxışının qeyri-bərabərliyi, bir hissəsi isə rəqəmsal bacarıqların zəifliyi ilə əlaqələndirilir. OECD-nin müəssisələrin rəqəmsallaşması üzrə Azərbaycanla bağlı hesabatında həm infrastruktur, həm də bacarıqlar komponentinin gücləndirilməsinin vacibliyi ayrıca vurğulanır. Dünya Bankının kənd yerləri üzrə rəqəmsal ehtiyacların qiymətləndirilməsi sənədində də regionlarda əsas ehtiyacların təlim, e-ticarət bacarıqları, onlayn maliyyə idarəçiliyi və rəqəmsal marketinq kimi praktiki kompetensiyalar üzərində cəmləndiyi göstərilir.
Dördüncü problem kibertəhlükəsizlik və rəqəmsal etimad mühiti ilə bağlıdır. Dövlət informasiya resurslarında aşkar olunan boşluqların statistikası təhlükəsizlik tədbirlərinin sistemli şəkildə davam etdirilməsinin zəruriliyini göstərir. Dövlət informasiya resurslarında təhlükəsizlik boşluqları müşahidə edilir. Rəqəmsal dövlət xidmətlərinin kütləviləşdiyi dövrdə bu risklər həm xidmətlərin davamlılığına, həm də istifadəçi etimadına birbaşa təsir edən iqtisadi amil kimi qiymətləndirilir.
Nəhayət, rəqəmsal transformasiyanın biznes sahəsində kifayət qədər dərinləşməməsi də əsas məhdudiyyətlərdən biri kimi qalır. Qeyri-İKT sektorlarında fəaliyyət göstərən kiçik və orta sahibkarların rəqəmsal həllərə çıxış imkanları məhduddur, mövcud dəstək mexanizmləri isə hər zaman onların real ehtiyaclarına uyğun olmur. Bununla yanaşı, biznes üçün rəqəmsal texnologiyaların tətbiqinin nə dərəcədə sadə, təhlükəsiz və proqnozlaşdırıla bilən olması da şirkətlərin qərarlarına təsir göstərir. Bu məsələlər 2025-ci ildə beynəlxalq təşkilatların, o cümlədən OECD-nin tövsiyələrində xüsusi vurğulanıb.
Yekun: 2025-ci ilin iqtisadi mənzərəsi
2025-ci il Azərbaycanın informasiya və rabitə sektorunda iqtisadi məntiq baxımından üç əsas nəticə ilə xarakterizə oluna bilər. Birincisi, sektor üzrə xidmət dövriyyəsinin artması və sektorun qeyri-neft iqtisadiyyatında payının qorunmasıdır. İkincisi, rəqəmsal dövlət xidmətlərinin genişlənməsi və istifadəçi bazasının kütləviləşməsi hesabına əməliyyat xərclərinin azaldılmasıdır. Üçüncüsü isə 5G və süni intellekt kimi texnologiyalar üzrə normativ və institusional çərçivənin formalaşdırılmasıdır.
Eyni zamanda, ötən ilin mənzərəsi sektorun inkişafının bir sıra struktur məhdudiyyətlər və risklərlə paralel getdiyini də göstərir. Yeni nəsil mobil texnologiyalara keçidin hüquqi və spektr əsaslarının hələ tam tamamlanmaması, internet xidmətlərində qiymət-keyfiyyət balansı ətrafında davam edən müzakirələr, regionlar üzrə rəqəmsal imkanlar və bacarıqlar fərqi, eləcə də rəqəmsal dövlət xidmətlərinin kütləviləşməsi fonunda kibertəhlükəsizlik və rəqəmsal etimad məsələləri bu dövrdə sektor üçün əsas çağırışlar sırasında qalıb.
Formalaşan mənzərə göstərir ki, ötən il dövlət siyasətinin əsas xətti infrastrukturun genişləndirilməsi ilə yanaşı rəqəmsal davranışların dəyişdirilməsinə yönəlib, lakin növbəti mərhələdə davamlı iqtisadi effektlərin əldə edilməsi üçün tənzimləmə mühitinin dərinləşdirilməsi, insan kapitalının gücləndirilməsi və rəqəmsal etimad mexanizmlərinin möhkəmləndirilməsi həlledici əhəmiyyət kəsb edəcək. Bu yanaşma sektorun gələcək mərhələdə daha mürəkkəb və sistemli iqtisadi təsirlər yaratması üçün baza rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 07 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















