Icma.az
close
up
RU
BAHAR BAYRAMININ TARİXİ VƏ FƏLSƏFƏSİ

BAHAR BAYRAMININ TARİXİ VƏ FƏLSƏFƏSİ

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır.Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bayramdır.Yəni bu bayramın, yenə də deyirəm, bəlkə də dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu, təbiətlə, kainatla əlaqədardır, bunun elmi əsasları var. Bu bayram min illər boyu bizim xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir və keçirəcəkdir. Çünki, bu Azərbaycan xalqının bayramıdır”.

Ümummilli Lider Heydər Əliyev

Yaz bayramı türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardandır. Bu bayram türk xalqlarının yayıldığı coğrafi areal və bu xalqların mənəvi təsiri olan yerlərlə bağlıdır. Yaz bayramının Azərbaycanda qeyd edilməsinin azı 5-6 min illik tarixi var. Həm də türk xaqları arasında bu bayramın yaz bayramı adlanmasının özü xüsusi anlama malikdir.Çünki bu bayramın sahibi toplum fəlsəfəsini yaradan türklərdir.Bu bayramın fəlsəfəsinə görə, yazda başlayan "həyat" payızın sonunda başa çatır ki, bu da insanın ana bətnindən həyata gəlişinə qədərki 9 aylıq bir dövrü əhatə edir. Yəni yaz, yay, payız fəsilləri hər biri 3 ay olmaqla 9 ay davam edir. 3 ay qış fəslinə gəlincə, türk düşüncəsi buna Şər kimi baxdı, qışdan yaza çıxmaq isə Xeyirin Şər üzərində qələbəsi sayıldı.Türk dünyasında 24 müxtəlif adı olan bu bayramın mifikləşdirilməsi, dini bayram çərçivəsinə salınması nə qədər absurd bir şey olsa da, bütün bunların Novruzun gözəlliklərindən doğduğu aydındır.Çünki Novruz, yenidən doğmanın, canlanmanın, oyanışın bayramıdır. İnsanın cismində, toplumun təbiətdə oyanışı, həmrəy olmasını ifadə edən Novruz Ön Asiyadan Ural və Altaya doğru, həmçinin müxtəlif təzahür formasında Amerika qitəsinin yerli xalqlarının yaşadıqları əraziləri əhatə edən, sözün bütün anlamlarında dünyəvi bayramdır.Yaz bayramının bilinən ən qədim qeyd olunma tarixi Ön Asiya xalqlarından qutilər və lulubilərin dönəminə aiddir. Hər iki etnos Urmiya gölünün ətrafında yaşayıblar, Azərbaycan tarixində ilk tayfa ittifaqlarını yaradıblar, Azərbaycan türklərinin etnogenezisində önəmli rol oynayıblar. Mesopotomiyanın sirli xalqı şumerlər bu bayramı Akitil (“til” yaşamaq, yenidən doğmaq mənasını ifadə edir) adı altında qeyd edib. Eyni zamanda miladdan öncə XVIII yüzillikdən etibarən Babildə arpa əkinindən əvvəl Akitu adlı şənliklərin keçirilməsi mənbələrdən məlumdur. Qədim Babildə bahar bayramında Tanrının simvolik təsviri yaradılaraq çay kənarında yerləşən Akitu məbədlərinin içərisinə qoyulur ki, bu ənənə Tanrının yenidən Yer üzünə qayıtmasını, daha doğrusu ölən təbiətin yenidən dirilməsi prosesini özündə əks etdirir. Şumerlərin “Bilqamus” abidəsində bahar şənliklərinin keçirilməsi qeyd olunur. Amerika qitəsində Kaliforniya ətrafında yaşayan hindu tayfalarından Yurok, Karuk, Hupa, Yuki, Pomo, Modoç və Maidu tayfaları şaman öndərliyində mart ayında yeni il bayramı keçirirlər. “Diriliş” şənlikləri adlanan bu bayramda hindular yaşadıqları ərazinin tam ortasına uzun və düz şəkildə bir dirək basdırır, bunun dünyanın mərkəzinin və tanrının simvolikası olması bildirilir. Burada daha maraqlı hadisə şamanın həmin dirəyə çıxaraq mənsub olduğu qəbiləni şər ruhlardan, xəstəliklərdən, hər cür bəladan qurtararaq, onlara bol məhsul verməsi məqsədilə Ulu Ruha- Gök Tanrıya dua etməsidir. Bu adət daha çox Kaliforniyada yaşayan Kamella qəbiləsinə xasdır. Bu qəbilələrlə yanaşı hazırda Boliviyada yaşayan Aravak və Manası, Meksikada yaşayan Arıkara qəbilələri də Gök Tanrı inancına uyğun şəkildə martda bahar şənlikləri keçirirlər. Qədim keltlərin də bahar bayramı keçirmələri bəllidir və hazırda İrlandiyada qeyd olunan Belteyn törəni Novruzun analoqlarındandır.Zərdüştilərin inancına görə müqəddəs mələk Vohuman Novruz günündə Zərdüştə Tanrının sözlərini çatdırıb. Zərdüştün həyatından bəhs edən “Mövludnameyi-Zərdüşt” və “Zərdüştnamə” adlı salnamələrdə yazılır ki, Zərdüşt Novruz günündə Dərcaçayın sahilində olarkən müqəddəs mələklərdən Vohuman ona görsənir və onu Ulu Hörmüzdün yanına aparır. Burada Tanrı ona Yerdə görməli olduğu missiyasını izah edir və ona bir çox sirlər agah edilir. Salnaməyə görə, Tanrı ilə olan bu görüş Xara dağının başında yerləşən və Homa ağacının bitdiyi Qerozemanda-yəni cənnətdə baş verir. Salnamədə Zərdüşt peyğəmbər bu barədə deyir: “Elə ki, Ulu Tanrını öz gözlərimlə gördüm, həmin an dərk etdim ki, dünyada baş vermiş bütün əməllərə ən doğru, ən ədalətli hökm çıxaran hakim təkcə Odur”.Novruz bayramında edilən, bayramın mahiyyətinə aidiyyatı olmayan yanlış hərəkətlərdən biri odun üzərindən atlanmaqdır. Mifik inanclarda od günahları yandıran deyil, günahlardan arındırandır. Odun ən müqəddəs hesab edildiyi din olan zərdüştilikdə kahinlər atəş qarşısında dayanarkən nəfəsləri odu çirkləndirməsin deyə patidan adlanan geyim geyinirdilər. Əski türklərdə atəşin üzərinə su tökmək, tüpürmək, atəşlə oynamaq günah sayılırdı. Odun nəfəslə belə çirkləndirilməsi qadağan olduğu halda, üzərindən tullanaraq ritual keçirilməsi ənənələrə uyğun deyildir.Yaz bayramı türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardandır. Bu bayram türk xalqlarının yayıldığı coğrafi areal və bu xalqların mənəvi təsiri olan yerlərlə bağlıdır. Yaz bayramının Azərbaycanda qeyd edilməsinin azı 5-6 min illik tarixi var. Həm də türk xaqları arasında bu bayramın yaz bayramı adlanmasının özü xüsusi anlama malikdir.Çünki bu bayramın sahibi toplum fəlsəfəsini yaradan türklərdir.Bu bayramın fəlsəfəsinə görə, yazda başlayan "həyat" payızın sonunda başa çatır ki, bu da insanın ana bətnindən həyata gəlişinə qədərki 9 aylıq bir dövrü əhatə edir. Yəni yaz, yay, payız fəsilləri hər biri 3 ay olmaqla 9 ay davam edir. 3 ay qış fəslinə gəlincə, türk düşüncəsi buna Şər kimi baxdı, qışdan yaza çıxmaq isə Xeyirin Şər üzərində qələbəsi sayıldı.Hələ insanların gücü-qüvvəni, xeyiri-şəri ayrı-ayrı hadisə və cisimlərdə axtardığı vaxtda Həqq bəşəri bu yollardan keçirərək özünə tərəf gətirirdi. Amma türkün içində yaranışından tanrıçılıq (allahçılıq) var idi. Həmin tanrıçılıq türkə Yaz bayramı kimi bayramlarüstü bir şənlik yaşatdı. Elə bir bayram ki, bu bayramın rəmzləri Həqq-insan fəlsəfəsinə bağlandı.Həqq-Təala insanı topraqdan yaratdı, yaz bayramı özü torpağın bayramıdır.Həqq bəşərə nemətlər verdi, yaz bayarmının süfrəsi həmin nemətlərin nümayişidir.Həqq-Təala bəşərə müxtəlif səbəbli məşğuliyyət olan oyunlar verdi, yaz oyanları onların göstərisidir. Yəni yaz bayramında elə bir rəmz yoxdur ki, onun fəlsəfi əsası olmasın.Yaz bayramının kökü torpağa, insan adlı varlığın yaranmasının və yaşamasının ən əsas atributuna bağlıdır.Yazmaq türk dilində təkcə vərəq üstündə nəyisə yazmaq olmadığı kimi, yazı da təkcə vərəq üstündə yazılmış mətn deyil. Çöl, torpaq mənası daşıyan "yazı" sözü yaz sözünə və ya yaz bayramına bağlıdır. İnsanın yarandığı torpaq yazı olduğu kimi, elə onun üzərində əsl həyat da yazdan başlayır. Yəni yazın gəlişi ilə torpaq üzərində şumlama, arat, ağacların budanması, gübrələnməsi kimi proseslər işə düşür. Yaz torpağın qışdan çıxması və dirilməsi olduğu üçün həyat elə bu fəsildən başlanır. Torpaq üzərində iş və ya yazı üzərində yazılar, yəni şumlamalar başlayır. Bütün türk dünyasının elatlarında, obalarında, uluslarında el şənlikləri başlanır. Türk xaqlarının bu şənlikləri eyni vaxtda başlaya bilməsi üçün dağ zirvələrində tonqallar yandırılar, Köhnə Dünyanın orta çoğrafi zolağında olan türklər bütün qitə boyu şənliklərə başlayardılar. Çünki türk xaqları bu bayrama təkcə yeni il kimi yanaşmadı, həmin bayramın əsl fəlsəfəsini yaratdı və yaşatdı, onu türkün dünyanı dərketməsi biçiminə saldı. Yəni bu bayramın qeyd edilməsindən bu bayramla bağlı bütün xırda təfərrüatlara qədər hər şeyin öz fəlsəfi anlamı var.Yaz bayramı, yeni ilin ilk günü kimi, ilin 365 və ya 366 gün olmasından asılı olaraq, martın 20-21-nə təsadüf edir və bu bayram Köhnə dünyanın (yəni Asiya qitəsinin) ən qədim bayramı sayıla bilər. Əski türk anlamında yaz bayramının qeyd olunması təkcə ilin dəyişməsi və ya qışdan yaza keçidə bağlı deyil. Bu bayramın tərkibində qədim türk nəsillərinin dünyaya baxışlarının nümunələri də ortadadır.Türk xalqları qış fəslinə yatmaq və ya ölmək kimi yanaşıblar, hətta yuxunun özünə "kiçik ölüm" deyiblər. Bu mənada torpağın 3 ay qışda bar verməməsinə "ölməsi" baxışı ifadə ediblər.Əski türk düşüncəsinə "qış dumanı qar gətirir, yaz dumanı bar gətirir" kimi bir anlam hakimdir. Təbiət hadisələrini izləyənlər bilir ki, qış dumanı torpağı bərkidir, qış fəsli ərzində yağan qar tədricən torpağın üzərinə çökərək suya dönür, yaz fəslinin başlanması ilə yaz dumanı yenidən torpağı yumşaldır və həmin qar suyu torpağın canına hopur. Hətta türk xalqları göydən yağan qarın torpağın canına hopmasına belə bir intimlik ovqatı qatıb. "Atam Göyün göz yaşından Anam Yerin bətni cücərdi" deyimilə bu məsələyə qadın-kişi münasibətləri müstəvisindən yanaşıb. Türk anlamı yazın gəlməsini Xeyirin Şərə qalib gəlməsi kimi dəyərləndirdi. Xeyirin qələbəsi ölmüş həyatı dirildib. Əbədi dirilik fəlsəfəsində öz yeri olan Xıdır Nəbi və ya Xızır Nəbi məsələsi həmin əbədi dirilik anlamıdır. Zaman və dövrdən, rejimlərin zalımlığındın və xoş rəftarlılığından asılı olmadan xeyir mücəssəməsi Xızır-Nəbi dara düşmüş yaxşılara köməyə gəlir.Xızır-Nəbi əbədi xilaskardır, xeyirxahlığın, imdada çatmağın rəmzidir. Həm də türk düşüncəsindən kənarda Xızır Nəbi fəlsəfəsi yoxdur. Odur ki, türk düşüncəsində yazın əbədi dirilik nişanələri bu peyğəmbərə də bağlanıb və yazın gəlişinə qədərki həftələrdən biri Xızır Nəbi həftəsi adlanır. Yaz bayramının atributlarından səməni, yumurta, çərşənbələrin qeyd olunması, şam yandırılması, meydan tamaşaları təsadüf deyil, dünyanı dərk formasıdır. Bayramın qışdan yaza keçiddə qeyd olunması torpağın oyanması, məhsul verməyə hazırlanması məcazi mənada torpağın dirilməsi anlamına gəlir.Səməni diriliyin rəmzi olan yaşıllığı ilə həyatın canlanması və əbədiliyini ifadə edir.Yumurta Yer kürəsinin özüdür, yəni mövcud dünyamızın mini maketidir. Həm də dünyanın ilkin yaradılışının əsasına dair "yumurta əvvəl olub, yoxsa toyuq" sualının özüdür. Bu bayramla Yer kürəsində iki bərabərlikdən biri olan yaz bərabərliyi baş verir, daha sonra isə günlərin uzanması, gecələrin qısalması başlayır. Yeri gəlmişkən, 21 mart dünya astronomlarının bayram günüdür.Əbədi gecə-gündüz əvəzlənməsinə Xeyir ilə Şər arasında mübarizənin tərkib hissəsi kimi baxan türk xalqlarının təfəkkürünə görə, yazın gəlişi, gündüzlərin uzanması Xeyirin Şərə qalib gəlməsinin təcəssümüdür.Şamların yandırılması xatirə anlamıdır, dünyasını dəyişən nəsillərə yaşayan nəsillərin ehtiram ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycanın rayonlarında qəbirlər üzərində şam yandırılması adəti indi də qalır.Bundan əlavə, şamın həm də nur anlamına gəlməsi kimi bir keyfiyyəti var.Yaz bayramına türk xalqlarının dünyagörüşünün məcmusu kimi də baxmaq olar.Türk xalqlarının anlamında od hərarət, həyat mənbəyi, qorunma vasitəsi, mənfi olan hər şeyi yandıra bilmək gücü kimi qavranılıb. Od üstündən tullanmaq adəti isə mənfi və pis olan hər şeyin odda yandırılması, köhnə ildə qalması, yeni ilə keçməməsi anlamına gəlir. Ona görə də od yazın gəlişilə torpağın hərarətə gəlməsi, canlanması, yaşaması mənasıdır. Bütün arat yazda başlanır, yazda başlanan torpaq işi yayda yetişərək payızda bar, məhsul adlı nəticəyə dönür. Üç qış ayının 40 və 20 gün çəkən böyük və kiçik çillələri çıxdıqdan sonra qalan bir ayı türk düşüncəsi boz ay adlandırıb. Həmin bu boz ay təbiət hadisələri baxımından zəngindir. Məhz bu ayda Xeyirlə Şər döyüşü son mərhələyə daxil olur, çərşənbələr bu ayda qeyd edilir. Hər çərşənbə Xeyirin qələbəyə doğru atdığı bir addımdır. Bu dörd çərşənbənin hər birində Xeyir oda, suya, havaya, torağa hakimliyi Şərin əlindən alır və nəhayət, son olaraq yaz fəsli bu qələbə nəticəsində bütün insanlara canlanmaq, işləmək, zəhmət çəkmək kimi fəaliyyət haqqını qaytarır. Yaz bayramı türkün tanrıçı düşüncəsinin, dünyanı dərk fəlsəfəsinin nümunəsidir. Bu bayram türk xalqlarının həyatında mühüm yerə malikdir və el şənlikləri kimi qeyd edilmək hüququnu özündə saxlayır. Hətta Azərbaycanda İslamın yayılması, sərt dini baxışlar belə bu bayramı sıradan çıxara bilmədi.Əksinə, İslam bu bayrama bəzi çalarlar qatmaqla özününkü etmək istədi. Sovet rejiminin hakim kəsildiyi 70 il ərzində bu bayramın el şənklikləri səviyyəsində qeyd olunmasına yasaq qoyuldu, sovet dönəminə aid yalnız 1966-67-ci illərdə bu el bayramı bütün əzəmətilə qeyd olundu və bu bayramın həmin dönəmdə ən yüksək səviyyədə qeyd edilməsi bir tərəfdən rəhmətlik Şıx-Əli Qurbanovun şəxsi təşəbbüsünün, digər tərəfdən xalqın əcdad bayramına sədaqətinin danılmaz nəticəsidir.Türkiyənin son illərə kimi kürd məsələsinə görə "bu bayramı kürdlər keçirir" deyə yaz bayramından imtina etməsi bu bayramdakı "türklük silsiləsi"ni qırmışdı. Şükr ki, qardaş Türkiyə bu bayrama sahibliyini qaytarır və əski çağlardakı kimi türk dünyası bu bayramı boya-boy qeyd edir.  Xalqların tarixi dinlərin tarixindən qədimdir, xalqlara məxsus adətlər dini qaydalarla çulğalaşa və ya çulğalaşmaya bilər. Çünki hər bir xalq, dinin əməl atributları istisna olmaqla, düşüncə, təfəkkür tələb edən hissələrini öz milli süzgəcindən keçirir və onu özünəməxsus şəkildə qəbul edir. Bu mənada yaz bayramı türk milli təfəkkürünün məhsuludur, hətta İslam dinini qəbul etməsi onun bu bayramı əziz tutmasına mane olmadı. Yazla bağlı türk xanımlarının öz düşüncələri var idi. Öncə ev-eşik, həyət-baca təmiz olmalı idi, çünki səliqə-sahman təkcə evin rahatlığı deyildi, həm də bu evin xanımı, qızı-gəlini barədə yaranacaq təsəvvür idi. Bayrama qədər xanımların "yaz təmizliyi" başlardı. Evlərin divarları suvaqlanır, qapı-pəncərə yuyulur, yorğan-döşək, xalça-kilim, palaz -paltar günə verilir, yuyulur və yeni ilə təmiz vəziyyətdə keçirdi. Bu təmizliyin özünü yaz bayarmının atributu da saymaq olar. Hökmən evə və ailə üzvlərinə yeni bir şey alınmalı idi. Əski çağlarda bu, xanımların yundan toxuduğu corablar, köynəklər, arxalıqlar, xalçalar idi. Bundan əlavə, su çərşənbəsində su üstünə getmək, axır çərşənbədə qulaq falına çıxmaq, su dolu fincanda bəxtə "baxmaq", ərə getməmiş qızların bir qoluna ağ, digər qoluna qara bağlamaqla axar su üstünə gedərək su üzərindən atılmaları və son çərşənbədə səhərə qədər oturaraq "çillə" çıxarmaları kimi adətlər vardı. Bu adətlərin hər biri uzun tarixi dövləri keçib gələn və min illərin sınaqlarından çıxan əməllər toplumu idi.Bu bayramda bəd danışmaq, acıqlı söz demək, qəlbə dəymək yasaq əməllər sırasındadır. Məhz qız-gəlinin qulaq falına çıxması adətinə görə böyüklər, xüsusilə həmin günlərdə hər hansı bədniyyətli söz deməyi, nifrin-qarğış etməyi, dava-dalaş salmağı ədəbdən bilməzdilər.Novruz adətləri içərisində İslam dini ilə,şəriət qaydaları  səsləşən motivlər çoxdur. Çillə çıxarmaq adəti sabaha qədər oyaq qalmaq,ramazan ayının son on günlüyündə izlənilən Qədr gecələri ilə çox səsləşir. Və yaxud sol əlinin verdiyini sağ əlin bilməməsi ehkaml ilə torba atmadakı anlam eynilik təşkil edir. Torba atan adam gizlənir ki,onu heç kim görməsin. Torba atan adam ehtiyac üçün atırmış. Müasir dövrdə isə bu adət artıq bir əyləncəyə çevrilibdir. Bu bayramı Zərdüşt dini ilə bağlamaq, Əhəməni və Sasani dövlətlərinin mövcudluğu dövründə genişlənməsi fikrini irəli sürənlərin məqsədləri məlumdur.Lakin bunu elmi cəhətdən sübut etmək mümkün deyildir. Əhəməni sülaləsinin özü türk dövləti olan Midiyada dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirmiş və Midiya səltənətinə yiyiələnmişlər.Azərbaycan ədəbiyyatında Novruza və zərdüştiliyə verdiyi önəm baxımından Y.V. Çəmənzəminli mühüm yer tutur. Onun “Azərbaycanda zərdüşti adətləri” adlı məqaləsinin ilk başlığı Novruza həsr olunub. Çəmənzəminli yazır ki, Novruz adətinə Avestada rast gəlmiriksə də, fəlsəfəsi tamamilə oradan alınıb: “Novruzun Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. İran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaradıb, Midiya səltənəti yarandıqda bu mədəniyyət zərdüştiliklə bərabər İrana keçib və əsrlərcə azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləyiblər. Novruz və başqa adətlərimiz də o vaxtdan qalmadır”.Hunların miladdan öncə III yüzillikdən, uyğur türklərinin isə miladi IX əsrdən etibarən “yanqı kün” şənlikləri keçirmələri qeyd olunur. Əski uyğurların insanlara xoşbəxtlik bəxş edən "Akkuza" ulduzunun adına uyğun olaraq verdikləri Akkuza ayının başlanğıç gününü (miladi 21 mart) bayram kimi keçirmələri bildirilir. X əsrə aid olan Maytrısimit əsərində “yanqı kün”də uyğurların teatrda müxtəlif pyesləri oynamaları, güləş keçirmələri haqqında məlumatlar vardır. Tsi-Ma-Çianın əsərinin “Hun adətləri” adlı bölməsində hunların müxtəlif şənliklər keçirmələri, atalarının ruhlarını yada salmaları, ibadət etmələri və Gök Tanrıya qurban kəsmələri qeyd olunur. Digər bir Çin tarixçisi Fenyenin “Son Xan sülaləsi” adlı əsərinin “Cənub hunları” adlı bölməsində hunların başda 21 mart olmaqla ildə 3 dəfə toplanıb (milad təqvimi ilə 3-cü, 8-ci, 12-ci ayda) qurban kəsdikləri bildirilir.Novruzun türk dünyasında geniş yayılan digər adı olan Ergenekon eyniadlı əfsanədən götürülüb. Əfsanəyə görə türklər çinlilər tərəfindən məğlub edildiklərində xaqan oğulları Nüküz və Qıyan və iki qız xilas olur. Onlar bir maralın arxasınca düşərək yaşıllığın olduğu bir yerə çatırlar. Gənclər evləndikdən sonra 400 il burada yaşayırlar, bir gün bozqurdun yol göstəriciliyi ilə ərazidən çıxmağa yer tapırlar və yenidən öz yurdlarına qayıdırlar.
Bu günün özündə də uyğur, qazan, ufa türklərində Ergenekon dastanı Novruzda, həmçinin digər dini bayramlarda Qurani- Kərimin oxunması bitdikdən sonra da söylənir:

Ərgənəkon! Ərgənəkon!
Davarlar yox oldu,
Kişilər qocaldı,
Yenidən balalar doğdu,
Bizim yolumuz hələ bitmədi
Əcəba dənizə daha çoxmu var?
Ağaclar yaşıllaşdı, quzular doğdu,
Çiçəklər açdı, indi yaz gəldi.
Bu gün bizim bayramdır,
Ərgənəkona dönmək istəyirəm.

TBMM açıldıqdan sonra ilk Novruz 21 Mart, 1921-ci ildə keçirilir. İstiqlal savaşı dönəmində ən möhtəşəm Novruz törəni 22 Mart, 1922-ci ildə Ankarada Taşhan meydanında qeyd olunur. Bu törəndə Mustafa Kamalın Azərbaycan, Özbəkistan, Əfqanıstan və Rusiyadan gələn nümayəndələrlə birlikdə bir çadırdan bayramı seyr etdiyi bildirilir. Bir il qabaqkı törənlə əlaqədar olaraq Atatürk 24 Mart, 1921-ci ildə N. Nərimanovdan teleqraf alır: “Cənubi Qafqaz komissarı, Azərbaycan Sərbəst Hərbi Məktəb tələbələri, iki bölüklü Süvari əsgərləri, Şuşa Mühafizə Taboru əsgərləri Türk millətinin böyük Novruz bayramını təbrik edir və biz ümid edirik ki, Azərbaycan İnqilab Ordusu qəhrəman Türk ordusu ilə bərabər bu yaxınlarda Şərq millətlərini Qərb imperializminin təzyiqindən qurtararlar. Yaşasın Şərq inqilab başçılarından Mustafa Kamal!” (Nəriman Nərimanov, Azərbaycan Hökumətinin başçısı).Nə qəribədir ki, Nərimanovun özü də Novruz gününün axşamı zəhərlədilərək öldürülür.2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilir, 23 fevral, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" kimi elan edilir.

Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının tarixində, adət-ənələrində, məişətində özünəməxsus yeri olan Novruz bayramının daha geniş tədqiqinə ehtiyac çoxdur.Bu bayram haqqında Nizami Gəncəvinin poemalarında, Qazi Bürhanəddinnin qəzəllərində, Kişvərinin yaradıcıllığında, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Mikayıl Müşviqin, Hüseyn Cavidin, şeyirlərində XI əsir Azərbaycan şairi Qətram Təbrizinin Divanında, orta əsir şairlərimizdən Həqiqinin, M.F.Axunzadənin əsərlərində S.Vurğunun Komsomol peomasında, İ.Şıxlının Dəli Kür romanında Əzizə Cəfərzadənin sərlərində, M.Şəhliyarın Heydər Babaya salam poemasında və başqa görkəmli şairlərimizin, yazıçılarımızın və elm adamlarımızın əsərlərində misallar gətirilir.Ancaq Novruz bayramının tarixinin və fəlsəfəsinin araşdırılmasına ehtiyac hələ də hiss olunmaqdadır.Bu istiqamətdə folklorşunas alimlərimizin üzərinə olduqca məsuliyyətli bir vəzifə düşür. Novruz atributlarında zaman- zaman məqsədli şəkildə təhrif olunmalar edilmişdir. Bayramın atributlarından olan Bahar qızı personajı sovet dövründə edilmiş əlavələrdən biridir.Başqa bir məqam isə daha çox öz qəribəliyi ilə diqqət çəkir.” Necə olur ki,başqa xalqların bayramlarında olan əsas atribut personajlar möcüzə yaradır,insanları çətin vəziyyətdən çıxarır, uşaqlara hədiyələr verir,lakin bizim Keçəl ilə Kosa öz qida ehtiyaclarını belə ödəməkdə acizdilər?! “Unutmayaq ki, tariximizi,xususilə fəlsəfi fikir tariximizi  bilmədən gələcəyimizi qura bilmərik və gələcəyə gedə bilmərik. Çünki gələcək heç vaxt öz özünə gəlməyəcək..

Qaynaq:
1. Prof.Dr. Abdulhaluk M.Çay “Türk Ergenekon bayramı Nevruz”, Ankara, 1991
2. Y.V. Çəmənzəminli “Əsərləri-3-cü cild”, Bakı, 1977
 3.M.Qasımlı,B.Abdulla,T.Babayev"Novruz Bayramı Ensiklopediyası ",Bakı,2008
4.Paşa əfəndiyev " Azərbaycan Şifahi Xalq Ədəbiyyatı " Bakı-1981, Maarif Nəşriyyatı
5.Əzizə Cəfərzadə " Aləmdə səsim var mənim" Bakı-1978, Gənclik Nəşriyyatı

Ağdam rayon 95 nömrəli tam orta məktəbin tarix müəllimi Novruzov Kərim Əvəz oğlu
15.03.2024

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://adalet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see250

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see250

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see230

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see124

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri