Icma.az
close
up
RU
15 İYUN: DÖVLƏTÇİLİK FƏLSƏFƏSİ VƏ TARİXİ DAVAMLILIQ Dövlət quruculuğunda liderlik modeli

15 İYUN: DÖVLƏTÇİLİK FƏLSƏFƏSİ VƏ TARİXİ DAVAMLILIQ Dövlət quruculuğunda liderlik modeli

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illər dərin siyasi və sosial təlatümlərlə yadda qalmışdır. Ölkədə idarəetmədə yaranan böhran, daxili çəkişmələr və regionlarda separatizm meyillərinin güclənməsi milli dövlətçiliyin taleyini ciddi sual altına almışdı. İctimai-siyasi institutlar iflic vəziyyətə düşmüş, rəhbərlikdəki legitimlik böhranı ölkəni parçalanmanın və xaosun astanasına gətirib çıxarmışdı.

Belə ağır şəraitdə xalqın ümid yeri kimi siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin missiyası yalnız böhranı aradan qaldırmaqla məhdudlaşmadı. Bu dönüş həm də Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən yeni dövlətçilik fəlsəfəsinin, rasional idarəetmə strategiyasının və milli ideologiyanın əsasını qoydu. Məhz bu səbəbdən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizdə sıravi bir hadisə deyil, dövlətin varlığı və gələcəyi üçün həlledici mərhələ hesab olunur.

Milli Qurtuluşun tarixi zəruriliyi və gələcəyə baxış

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Günü sadəcə bir siyasi dönüş nöqtəsi deyil, varolma fəlsəfəsinin bərpa və möhkəmlənməsi anıdır. Bu gün xalqımızın öz tarixi yaddaşına, dövlətçiliyinə və milli kimliyinə sahib çıxmasının konkret təcəssümüdür.

Əgər 1991-ci ildə əldə edilən müstəqillik hüquqi və simvolik bir status idisə, 1993-cü ildən başlayan yeni mərhələ bu müstəqilliyin məzmun və forma baxımından reallaşdırılmasına yönəldi. Böyük filosof Hegel deyirdi: "Gerçəklik yalnız məqsədli düşüncənin ifadəsidir".

Azərbaycan xalqının bu tarixdə etdiyi seçim, Heydər Əliyevin liderliyinə müraciəti məhz həmin məqsədli düşüncənin milli iradəyə çevrilmiş forması idi.

Hadisələri tam anlamaq üçün tarixə kiçik bir ekskursiya edək. 1991-1993-cü illər Azərbaycanda dövlət quruculuğu prosesinin ilkin və eyni zamanda ən mürəkkəb mərhələsi idi. Bu dövr postsovet məkanında baş verən geosiyasi təlatümlərlə, institusional boşluqlarla və hüquqi-normativ mexanizmlərin yetərsizliyi ilə səciyyələnirdi. AXC-Müsavat iqtidar tandeminin siyasi təcrübədən uzaq, populist yanaşması dövlət idarəetməsində xaotik vəziyyət yaratmış, idarəolunmazlıq şəraiti ölkənin suverenliyini və ərazi bütövlüyünü ciddi təhlükə altına atmışdı.

Bu kontekstdə 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri yeni yaranmış Azərbaycan dövlətçiliyinin mövcudluğunu sual altına alan vətəndaş qarşıdurması nümunəsinə çevrildi. Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstələrin mərkəzi hakimiyyətə qarşı üsyanı nəticəsində konstitusiya quruluşu faktiki olaraq pozuldu. Dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə düşdü, regionlarda mərkəzi hakimiyyətə tabeçilik zəiflədildi və ölkə genişmiqyaslı siyasi böhranla üz-üzə qaldı.

Qlobal və regional güc balansının yenidən formalaşdığı belə bir məqamda xalqın geniş sosial dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Bakıya dəvət olunması strateji qərar kimi tarixə düşdü. Onun əvvəlcə Gəncəyə səfər etməsi, daha sonra 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi idarəetmədə siyasi legitimlik və institusional sabitliyin bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu.

Sokratın "Ən güclü dövlət xalqın bilikli və müdrik rəhbərlə birləşməsidir" fikri bu kontekstdə praktiki reallığa çevrildi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəetmədə sistemli yanaşması sayəsində qısa zaman ərzində ölkədə sabitlik təmin edildi, hüquqi dövlət və bazar iqtisadiyyatı modellərinin tətbiqi istiqamətində ardıcıl addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkə daxilində siyasi sabitlik bərpa edildi, konstitusiya əsasları möhkəmləndi, xarici siyasət prioritetləri müəyyən olundu və iqtisadi islahatların təməli qoyuldu. Bu proseslər bir daha sübut etdi ki, həqiqi müstəqillik yalnız xarici güclərdən azad olmaq deyil, həm də daxili nizam-intizam, hüquqi legitimlik və milli maraqlara əsaslanan idarəetmə mədəniyyətidir.

Azərbaycan Respublikasının inkişaf modeli, xüsusilə XX əsrin sonlarından etibarən dövlətin konseptual inkişaf strategiyası ilə üst-üstə düşərək özünü doğrultdu. Nobel laureatı Amartya Senin dediyi kimi: "Həqiqi inkişaf - azadlıqların genişlənməsi deməkdir". Bu kontekstdə müstəqilliyin qorunması və inkişafı yalnız iqtisadi göstəricilərdə deyil, sosial rifahın artması, milli vətəndaş kimliyinin formalaşması və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmaqla nəticələndi. Beləliklə, Milli Qurtuluş Günü xalqın öz taleyinə sahib çıxmaq qabiliyyətinin rəmzidir. Bu tarix təkcə keçmişin bir dönüm nöqtəsi deyil, həm də gələcəyin aydın ideoloji yol xəritəsidir. Məhz bu baxımdan müstəqilliyimizin reallığa çevrilməsi prosesinin başlama nöqtəsini 15 İyun tarixində görmək elmi, tarixi və məntiqi əsaslara söykənir.

Heydər Əliyev 1993-cü il 15 iyun tarixli çıxışında demişdir: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm".

Daha sonra Ümummilli Lider deyir: "Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm. Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində şübhəsiz ki, biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".

Heydər Əliyevin bütövlükdə 1993-cü il 15 iyun tarixli çıxışı Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideoloji bünövrəsi olmaqla, milli şüurun, siyasi məsuliyyətin və hüquqi təfəkkürün formalaşmasında mühüm rol oynamışdır. Ulu Öndər bu çıxışında yalnız Ali Sovetin Sədri vəzifəsini qəbul etməklə kifayətlənməyib, həm də bütün xalq qarşısında tarixi öhdəlik götürərək, dövlətçiliyin əsas prinsiplərini bəyan etmişdir.


Azərbaycanın o dövrdəki mürəkkəb vəziyyətini dərk edən Heydər Əliyev xalqın milli maraqlarını rəhbər tutaraq dövlət müstəqilliyinin qorunmasını və möhkəmləndirilməsini ali vəzifə kimi qəbul etmişdi. Onun "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında təmin olunmalıdır" fikri yalnız tarixi varisliyi deyil, həm də dövlət quruculuğunda ideoloji dayaq nöqtəsinin mövcudluğunu göstərirdi. Burada Hegelin tarixin təkrarsızlığı və fərdin tarixdəki məsuliyyəti barədə düşüncələri öz əksini tapır. Tarixin davamlılığını və rasional əsaslara söykənməsini vurğulayan bu yanaşma Ümummilli Liderin çıxışında geniş məna daşıyırdı.

Heydər Əliyev Sovet İttifaqının bərpası ilə bağlı səslənən fikirləri "xülya" adlandıraraq təkcə siyasi mövqe bildirməmiş, eyni zamanda ictimai şüura müraciət etmişdi. Bu, Nitsşenin iradə azadlığı və fərdin öz kimliyini dərk etməsi barədə düşüncələri ilə səsləşir. Ümummilli Lider milli iradənin süni ideoloji təsirlərdən azad olması zərurətini qabardır və bu azadlığı müstəqilliyin ən əsas dayağı kimi təqdim edir. Onun ifadəsi ilə desək, "Azərbaycan bundan sonra heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək". Bu fikir sadəcə siyasi bəyanat deyil, həm də milli özünüdərkin simvolik ifadəsidir.

Ulu Öndər çıxışında hüquqi dövlətin əsas elementlərinə - qanunun aliliyinə, siyasi plüralizmə, vətəndaş cəmiyyətinin təşəkkülünə önəm verirdi. O, hüququn pozulmasına qarşı ciddi mövqe sərgiləyərək, Konstitusiyaya və dövlət orqanlarının legitimliyinə riayət edilməsinin vacibliyini bildirirdi. Bu düşüncə hüquq nəzəriyyəçisi Hans Kelsenin dövlətin hüquqi əsaslar üzərində qurulması prinsipini xatırladır. Dövlətin idarəçiliyində qayda və qanunun üstünlüyünü təməl şərt kimi göstərən bu çıxış Azərbaycanın gələcək demokratik inkişafının yol xəritəsini təqdim edirdi. Heydər Əliyev eyni zamanda milli birliyin vacibliyini ön plana çəkərək, cəmiyyətdəki parçalanmalara qarşı çıxış edirdi. Onun "kiçik hissiyyatı kənara qoymaq lazımdır" çağırışı cəmiyyətin daxili enerjisini bir hədəfə yönəltmək arzusunun təzahürüdür. Burada o, şəxsi ədavətdən imtina etdiyini və heç bir halda qisasçılıq hissi ilə hərəkət etməyəcəyini bildirərək, siyasi etikaya sadiq qaldığını bəyan edir. Senekanın "Əzəmət insanın düşmənini bağışladığı yerdə başlanır" fikri bu kontekstdə xüsusi aktuallıq kəsb edir. Ümummilli Lider özünü bu düşüncə səviyyəsində tutaraq, keçmişdə ona qarşı çıxanlara belə nümunəvi davranış nümayiş etdirməsi ilə xalq üçün əsil lider obrazını formalaşdırırdı.

Ümumilikdə, Heydər Əliyevin 15 İyun çıxışı yalnız siyasi liderlik aktı deyil, eyni zamanda milli ideologiyanın, etik siyasətin və demokratik dövlət düşüncəsinin manifestidir. Bu nitqdə təkcə Azərbaycanın o dövrdəki durumu deyil, həm də gələcək istiqamətləri müəyyən olunmuş, dövlətin fəlsəfi və hüquqi çərçivəsi aydın təsvir edilmişdir. Ulu Öndərin çağırışları, milli həmrəyliyə, hüquqa sadiqliyə, qisasdan imtinaya və müstəqilliyə bağlılığa əsaslanan çıxışı Azərbaycanın müasir tarixində əbədi ideya kimi qalır. Bu ideya yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilmiş milli iradənin təcəssümüdür.

1993-cü ilin iyun hadisələri təkcə bir hakimiyyət dəyişikliyi deyil, Azərbaycan dövlətçiliyinin yenidən qurulması və möhkəmləndirilməsi baxımından həlledici mərhələ kimi tarixə düşmüşdür. Bu dövr ərəfəsində yaşanan hadisələr ətrafında illər sonra formalaşdırılan bəzi subyektiv mövqelər və siyasi təhriflər tarixi gerçəkliklərin süni şəkildə gözdən salınmasına yönəlmişdir. Xüsusilə hər il 15 İyun Milli Qurtuluş Günü yaxınlaşdıqca, bəzi dairələr tərəfindən aparılan məqsədli kampaniyalar vasitəsilə hadisələrin əsl mahiyyətindən uzaq, siyasi ideoloji motivasiyalı təqdimatlar ictimaiyyətə ünvanlanır. Həmin dairələr, - keçmiş AXC-Müsavat iqtidarının ideoloji mirasını təbliğ edən və siyasi reallıqdan uzaq şəkildə öz fəaliyyətlərinə təəssübkeşlik donu geyindirməyə çalışan qruplar, - iyun hadisələrini müstəqil dövlətçiliyin yenidən dirçəldiyi dövr kimi deyil, guya milli hökumətin devrilməsi kimi qələmə verməyə çalışırlar. Halbuki bu yanaşma nə tarixi faktlara əsaslanır, nə də ictimai məsuliyyətin əsaslarını daşıyır. Filosof Martin Heideggerin "gerçəklik yalnız faktların yığımı deyil, onların mahiyyətinin anlaşılmasıdır" fikri burada xüsusi önəm daşıyır. Həmin dövrün reallıqlarını anlamaq üçün Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetində etdiyi çıxışa istinad etmək zəruridir. 

Dahi şəxsiyyət öz çıxışında bu hadisələrə birbaşa və prinsipal münasibət bildirmişdi: "Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim... Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm... Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm".

Bu bəyanat yalnız şəxsi istəklər çərçivəsində verilmiş bir cavab deyil, həm də milli məsuliyyət hissi ilə formalaşmış dövlətçilik mövqeyinin ifadəsidir. Həmin dövrün iqtidar təmsilçilərinin özləri tərəfindən Bakıya dəvət edilən Heydər Əliyevin bu çağırışlara qarşı göstərdiyi ilkin təmkin və sonrakı qətiyyət onun siyasi uzaqgörənliyinin və xalqın mənafeyinə xidmət edən liderlik əzminin sübutudur.

Heydər Əliyevin xalq sevgisi ilə yenidən hakimiyyətə gəlməsi Milli Qurtuluşumuzun ən böyük təntənəsi idi. Bundan sonra isə böyük strateq Heydər Əliyev zərgər dəqiqliyi ilə hadisələri idarə etməyi, strateji hədəfə yönləndirməyi uğurla bacardı. Həmin dövrlərdə Heydər Əliyevin söylədiyi hər bir kəlmə sonradan aforizmə çevrildi. Azərbaycanın ən ümdə taleyüklü problemi olan Qarabağ probleminin həllində çox mühüm addımlar atıldı. Heydər Əliyevin siyasi dühası ilə görülən işləri aşağıdakı kimi qruplaşdıra bilərik.

1) Atəşkəs elan olundu.

2) Ölkə daxilində siyasi sabitlik əldə edildi.

3) Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi.

4) Neft sazişinin bağlanması üçün münbit şəarit yaradıldı və nəticədə "Əsrin müqaviləsi" imzalandı.

5) İqtisadi inkişaf təmin edildi.

6) Qeyri-neft sektorunun inkişafına yönəlik addımlar atıldı.

7) İnflyasiyanın qarşısı alındı, manatın sabitliyi təmin olundu.

8) Ordu quruculuğu həyata keçirildi

9) Demokratik dəyərlər və siyasi plüralizm təmin edildi.

Milli Qurtuluş Günü kimi tarixə düşən 15 İyun tarixi Azərbaycanın müstəqillik tarixində yalnız bir siyasi dönüş nöqtəsi deyil, həm də gələcək Zəfərin təməl daşı və strateji bünövrəsi oldu. Məhz həmin gün Azərbaycan parlamentində çıxış edən Heydər Əliyev sonrakı illərdə həyata keçirəcəyi siyasi kursun əsas tezislərini irəli sürdü. Bu çıxışda səsləndirilən fikirlər zamanla öz təsdiqini tapdı və real siyasi praktikada gerçəkləşdi. Bu isə Heydər Əliyevin uzaqgörən və strateji düşünən dövlət xadimi olmasının bariz göstəricisidir.

Heydər Əliyev epoxası yalnız bir liderin fəaliyyəti ilə deyil, həm də onun yetişdirdiyi siyasi varislə yadda qaldı. Bu varis öz ustadı ilə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyü və davamlı inkişafı uğrunda mübarizə aparan, müasir dövlətçiliyimizin sütunlarını möhkəmləndirən Prezident İlham Əliyevdir. Uğurlu siyasi kursun davamlılığını təmin edən əsas amil isə məhz bu varisliyin düzgün müəyyənləşdirilməsi idi.

İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi bu missiyanı uğurla yerinə yetirdi.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə formalaşan siyasi tandem müasir Azərbaycan dövlətçiliyində uğurlu varisliyin və strateji sinxronluğun nümunəsidir. Bu tandem bir-birini tamamlayan liderlik keyfiyyətləri ilə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.

Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev ikiəsrlik məğlubiyyətçilik sindromuna son qoyaraq, hərbi-siyasi iradə ilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdi. Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpası idi.

Eyni zamanda İlham Əliyev "Bir millət, iki dövlət" siyasi fəlsəfəsi çərçivəsində Türkiyə ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu münasibətlər yalnız diplomatik deyil, həm də hərbi və geosiyasi baxımdan yeni üfüqlər açdı. Türkiyə-Azərbaycan qardaşlığı regional sabitliyin və güc balansının əsas dayaqlarından birinə çevrildi.

İlham Əliyev: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim"

Şuşa şəhərinin azad olunması ilə Prezident İlham Əliyev həm də Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu hadisə yalnız hərbi əməliyyatın uğuru deyil, həm də tarixi yaddaşın və milli kimliyin bərpası kimi qiymətləndirilir.


Qardaş Türkiyə ilə hərbi-siyasi müttəfiqliyimizin mühüm təzahürü olan Şuşa Bəyannaməsinin 15 iyun 2021-ci il tarixdə imzalanması təsadüfi deyildi. Bu tarix Azərbaycanın müasir dövlətçiliyinin dönüş nöqtəsi olan Milli Qurtuluş Günü ilə üst-üstə düşməklə həm rəmzi, həm də strateji məna daşıyır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı bu sənəd iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi.

Bəyannamədə xüsusi olaraq vurğulanan məqamlardan biri tərəflərin 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliklərini bir daha təsdiq etməsidir. Bu vurğulama, yalnız hüquqi və diplomatik bağlılıq deyil, həm də tarixi yaddaşa və siyasi irsə sədaqətin ifadəsidir. Qars müqaviləsinə istinad eyni zamanda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunun alternativsizliyini və davamlılığını təsdiqləyən mühüm göstəricidir.

Ulu Öndər Heydər Əliyev Qars müqaviləsinin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunmasında oynadığı rolu yüksək qiymətləndirərək bildirmişdi: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə, Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri olan tarixi və siyasi varislik prinsipi bu gün uğurla həyata keçirilir. Tarixi irsimizə həssas münasibət dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qarabağ probleminin həllindən sonra əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtması məsələsi aktual siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız humanitar və hüquqi məsələ deyil, həm də geosiyasi və ideoloji mahiyyət daşıyan bir platformadır. Tarixi torpaqlarımızda süni şəkildə yaradılmış Ermənistan dövləti Türk dünyasının coğrafi bütövlüyünü pozmaq məqsədilə formalaşdırılmış xristian bufer zonası funksiyasını daşıdığı kimi, bu torpaqlara qayıdış da türk dünyasının siyasi və mənəvi birliyini təmin etməyə yönəlmiş strateji hədəfdir. Bu ideyanın təməlini isə məhz Ümummilli Lider Heydər Əliyev qoymuşdur.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Heydər Əliyev siyasi dühası yalnız milli dövlətçiliyin deyil, həm də türk dünyasının inteqrasiyasının əsasını formalaşdırmışdır. Bu baxımdan bir-birini tamamlayan strateji siyasət və uğurlu siyasi varislik müasir Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişaf modelinin təcəssümüdür.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyun 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran münaqişəsi nə vaxt bitəcək? İsrail kəşfiyyatI açıqladı

14 İyun 2025 23:30see169

Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var

14 İyun 2025 08:09see137

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see136

Azərbaycanlı aktrisa boşana bilmir: Üçüncü həyat yoldaşıyam...

14 İyun 2025 19:22see128

İlanlar evləri basıb, Lerik Rayon İcra Hakimiyyəti tədbir görmür VİDEO

15 İyun 2025 00:39see127

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see123

Təl Əvivdə son vəziyyət Fotolar

14 İyun 2025 05:45see119

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

14 İyun 2025 02:41see118

Yaşıl çay deyil, kefir və portağal suyu deyil: 3 ən faydalı içkinin adı

14 İyun 2025 19:33see117

İrandan İsrailə növbəti hücum dalğası: 13 nəfər yaralandı

14 İyun 2025 08:12see117

Tesla ilk pilotsuz taksi xidmətini təqdim edib Video

14 İyun 2025 07:46see116

Van Dammın azərbaycanlı gəlini: Çətin günlərdə bir birimizi sevdik

15 İyun 2025 01:42see115

İki güləşçimiz qızıl medal qazandı Avropa çempionatı

14 İyun 2025 20:55see115

Bilgəhdə dənizdə batan uşağın meyiti sudan çıxarıldı

14 İyun 2025 22:21see115

Makaronda qurğuşun şoku

15 İyun 2025 07:18see115

Messi klubunu dəyişə bilər

15 İyun 2025 00:23see114

Putinlə Tramp 50 dəqiqə telefon DANIŞIĞI APARDI: Nüvə dosyesi ilə bağlı….

15 İyun 2025 00:32see113

Bu şəxslər 4000 manat maaş ala bilər ŞƏRTLƏR

14 İyun 2025 09:17see112

Əfi ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ

15 İyun 2025 01:30see112

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri