Icma.az
close
up
RU
Bakı Roma dialoqu genişlənir

Bakı Roma dialoqu genişlənir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı–Roma münasibətlərinin bu gün malik olduğu siyasi çəkini anlamaq üçün sadəcə son səfərlərə baxmaq kifayət etmir. Bu xətt uzun illər boyu ardıcıl şəkildə qurulub. İtaliyanın Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş kimi seçməsi də mərhələlərlə formalaşmış strateji düşüncənin nəticəsidir. 2018-ci ildə İtaliya Prezidentinin Bakıya dövlət səfəri, ardınca 2020-ci ilin fevralında Prezident İlham Əliyevin Romaya səfəri iki paytaxt arasında münasibətləri sırf etik-protokol müstəvisindən çıxarıb, dayanıqlı siyasi konstruksiyaya çevirdi. 

Həmin səfər çərçivəsində imzalanan “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi üzrə Birgə Bəyannamə” sonrakı beş ilin siyasi gündəliyini müəyyən edən baza sənəd rolunu oynadı, iki ölkənin xarici siyasət institutları üçün praktiki “yol xəritəsi”nə çevrildi. 2020-ci il bəyanatının əhəmiyyəti təkcə siyasi ritorikada qalmadı, onun üstündə konkret mexanizmlər quruldu. Sənəd iki ölkənin XİN-ləri arasında Strateji Dialoq formatının yaradılmasını nəzərdə tutdu və bu mexanizm artıq praktik iş rejiminə keçib. Diplomatik müstəvidə paralel olaraq iqtisadi sahədə də struktur dəyişiklikləri baş verdi. Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilən İtaliya ilə dövriyyə illər üzrə artan dinamika göstərdi. 

2024–2025-ci illərin statistikasına görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən dörddə biri İtaliyanın payına düşür, ölkənin xam neft ixracında isə İtaliyanın xüsusi çəkisi 40–45 faiz diapazonunda dəyişir. Bu rəqəmlər iki paytaxt arasında siyasi bəyannamələrin real iqtisadi dayaqlarının formalaşdığını göstərən əsas indikatorlardan biridir. Bu fonda xarici işlər naziri Ceyhun Bayramovun Romaya son səfəri artıq yeni mərhələnin konturlarını cızır. 

C.Bayramov Baş nazir müavini və Xarici işlər naziri Antonio Tajani, eləcə də parlament rəhbərliyi – Senat sədri İqnasio La Russa və Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə keçirdiyi görüşlərdə formatı Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin müzakirə olunduğu platformaya çevirdi. Həmçinin XİN başçısının Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşü də önəmli yer tutur. Bugünkü şəraitdə İtaliyanın Cənubi Qafqazla bağlı mövqeyi, xüsusən Fransa xətti fonunda ayrıca diqqət tələb edir. 

Paris son illərdə Ermənistanı geosiyasi alət kimi önə çıxarmağa, regionu emosional təsir meydanına çevirməyə çalışdığı halda, Roma daha sakit, hüquq və real balans məntiqinə söykənən xətt seçib. İtaliya nə münaqişənin süni şəkildə uzadılmasında maraqlıdır, nə də status-kvonu donmuş vəziyyətdə saxlamaq istəyir. Əksinə, nəticə verən sülh mexanizmlərini dəstəkləyən, sınanmış və işlək formatları önə çəkir. Bu baxımdan Roma həm də Fransanın avantürist addımlarının yaratdığı mənfi fonu yumşaldan yeganə Aİ paytaxtlarından biridir. 

Bu siyasətin arxasında konkret strateji hesablamalar dayanır. İtaliya üçün Aralıq dənizi–Qara dəniz–Cənubi Qafqaz xətti enerji təhlükəsizliyinin, nəqliyyat marşrutlarının şaxələndirilməsinin və Avropa bazarının dayanıqlılığının əsas dayaqlarından biridir. Cənub Qaz Dəhlizi və onun İtaliya seqmenti sayılan TAP boru kəmərinin məhz Azərbaycan qazını Apennin yarımadasına çıxarması Roma üçün strateji dəyişiklik yaradıb. İtaliya həm enerji tədarükçüləri arasında balansı yenidən qurur, həm də Rusiya qazından asılılığı azaltmaq üçün real alternativ qazanıb. Bu layihələrin fonunda Azərbaycan, faktiki olaraq, İtaliyanın ən böyük enerji tərəfdaşlarından birinə çevrilib. TAP-ın kommersiya fəaliyyətinə başlamasından sonra bu rol daha da möhkəmlənib və Avropanın qaz xəritəsi Qafqaz istiqamətinə doğru yenidən çəkilib. 

Ceyhun Bayramovun Romadakı danışıqlarında regional təhlükəsizlik mövzuları da sırf deklarativ səviyyədə qalmadı. Ermənistanın daxili siyasətində radikallaşma meyilləri, Fransanın İrəvanı həddən artıq şişirdilmiş “qurban narrativi” ilə Qərb auditoriyasına təqdim etməsi, İranın bölgədə etimad boşluğu yaradan addımları Avropa üçün risk sahələrinin genişləndiyini göstərir. Mövcud mənzərədə Azərbaycan sabitlik faktorudur və İtaliyanın regiona baxışı da məhz bu reallığa söykənir. 

Digər tərəfdən, Roma Ermənistanın emosional arqumentlərini bölüşmür, Cənubi Qafqazda yeni qarşıdurma ocaqlarının açılmasının nə enerji bazarına, nə də Avropa təhlükəsizliyinə xidmət etmədiyini anlayır. Ona görə də İtaliya üçün əsas prioritet İrəvanın reallıqlarla barışması, sülh müqaviləsinin imzalanması və kommunikasiya layihələrinin siyasi şərtlərdən azad edilməsi xəttinin güclənməsidir. 

Burada Aİ-nin daxilində gedən proseslər də ayrıca qeyd olunmalıdır. Brüssel son illərdə enerji gündəmində yaşıl keçid, fosil layihələrinə maliyyə məhdudiyyəti, qısamüddətli müqavilələrə üstünlük kimi qərarlar verir, amma eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazına tələbatını artırır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Brüsselin uzunmüddətli kredit və zəmanət mexanizmlərindən imtinası TAP və bütövlükdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarını ləngidə bilər. Bu müzakirələr fonunda İtaliyanın rolu xüsusi əhəmiyyət kəsb edir. Roma bir tərəfdən Aİ qərarlarının iştirakçısıdır, digər tərəfdən isə bu layihələrin birbaşa faydaçısı kimi Brüsselin ehtiyatlı siyasəti ilə öz enerji təhlükəsizliyi maraqları arasında balans axtarır. Bu axtarış onu Bakının arqumentlərinə daha açıq edir. 

Roma–Bakı xəttinin siyasi etimad komponenti isə ayrı bir mövzudur. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Fransanın birtərəfli çıxışları Aİ–Azərbaycan münasibətlərini gərginləşdirdiyi halda, İtaliya bu prosesə daha soyuqqanlı yanaşdı. Roma nə “himayədar dövlət” rolu oynamağa çalışdı, nə də regionu özünün geosiyasi eksperiment meydanına çevirdi. Əksinə, beynəlxalq hüququ, suverenliyi, sərhədlərin toxunulmazlığını əsas referans nöqtəsi kimi saxladı və ritorikanı bu prinsipial çərçivədən kənara çıxarmadı. Bu, Bakının Cənubi Qafqaz üçün nəzərdə tutduğu yeni təhlükəsizlik memarlığı ilə səsləşir: konkret sərhədlər, real razılaşmalar, icra olunan öhdəliklər və nəticəyönümlü mexanizmlər. 

Roma Cənubi Qafqazda dominantlığın dalınca qaçmır, amma Parisin yaratdığı miflərə qoşulmaq da fikrində deyil. Bu, Azərbaycan üçün əlverişli modeldir. Bakı bölgədə nəticə verən qərar qəbul etmək iqtidarında olan, emosional bəyanatlarla deyil, siyasi məsuliyyətlə hərəkət edən tərəfdaşları seçir. İtaliya məhz bu kateqoriyaya aid ölkədir. Onun praqmatik siyasi mədəniyyəti, iqtisadi tərəfdaşlıqda ardıcıllığı, enerji və nəqliyyat layihələrinə uzunmüddətli baxışı Roma–Bakı xəttini Aİ–Azərbaycan münasibətlərində ayrıca qütbə çevirir. 

Nəhayət, bu münasibətlərin humanitar və mədəni ölçüsü də diqqətdən kənarda qalmamalıdır. 2020-ci ilin “İtaliyada Azərbaycan ili” çərçivəsində keçirilən tədbirlər mədəni əməkdaşlığı yeni səviyyəyə qaldırdı, universitetlərarası proqramlar, tələbə və akademik mübadilə layihələri bu siyasi və iqtisadi gündəmin arxa fonunu dolduran “yumşaq güc” elementləri kimi fəaliyyət göstərməyə başladı. Bu xətt Romada Azərbaycan haqqında təsəvvürləri tədricən stereotiplərdən çıxarıb, real iqtisadi və siyasi çəkiyə malik ortaqlıq modelinə yönəldir. 

Beləliklə, Ceyhun Bayramovun Roma səfəri bir neçə paralel xətti eyni anda gücləndirən mərhələ kimi görünür: siyasi etimad, enerji və iqtisadi inteqrasiya, Aİ daxilində Azərbaycanla bağlı qərarlarda Paris monopoliyasının yumşaldılması, regionda sülh gündəliyinin texniki və siyasi mexanizmlərinin dəstəklənməsi. Mövcud düzəndə İtaliya artıq sadəcə, Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı yox, eyni zamanda, Cənubi Qafqazda yeni regional konfiqurasiyanın formalaşmasında Bakının yanında dayanan əsas Avropa paytaxtına çevrilir.

Tacir SADIQOV 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see468

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see450

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see290

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see271

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see249

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see232

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see209

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see207

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see191

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see186

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see182

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see178

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see173

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see170

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see164

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see157

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see153

Azərbaycan və Türkiyə polisinin birgə əməliyyatı: cinayətkar şəbəkə üzvü həbs edildi VİDEO

17 Avqust 2026 11:43see150

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see150

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri