Icma.az
close
up
RU
“Bakıdan Londona” Britaniyada yaşayan azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

“Bakıdan Londona” Britaniyada yaşayan azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 8 aprel, AZƏRTAC

Bugünkü müsahibimiz Günel Mirzəyeva Bakıda anadan olub və musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayıb. O, 19 yaşında Londona köçərək dünyanın aparıcı musiqi təhsil ocaqlarından biri olan Guildhall Musiqi və Dram Məktəbinə tam təqaüdlə qəbul olunub. Hazırda Böyük Britaniyada yaşayan pianoçu, İohann Sebastyan Baxın yaradıcılığını Azərbaycan muğamı ilə birləşdirən fərdi layihələri ilə Avropa səhnələrində çıxış edir. O, AZƏRTAC-ın London bürosuna verdiyi müsahibədə musiqi yolu, milli kimliyinin yaradıcılığına verdiyi ruh və özünəməxsus yaradıcılıq baxışından söz açıb.

– Piano ilə tanışlığınız necə baş verdi? Azərbaycanda aldığınız musiqi təhsili sizin şəxsiyyətinizin və yaradıcılığınızın formalaşmasında hansı rolu oynayıb?

– Mənim piano ilə tanışlığım Bakıda başlayıb. İlk dəfə bir neçə ay Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində oxudum, daha sonra isə anam məni 1994-cü ildə məşhur Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoydu. Orada 11 il təhsil aldım. Anam özü rəssamdır və incəsənətə, musiqiyə böyük sevgisi olub. O, mənə və bacıma sənət yolu arzulayırdı. Ailəmizdə heç kim musiqi alətində ifa etməsə də, valideynlərimiz bizim təhsilimizə və mədəni inkişafımıza böyük diqqət göstərirdilər. Hətta musiqi məktəbində oxuyarkən bir neçə il şahmatla da məşğul olmuşam. Daha sonra bacım skripka ilə məşğul olmağa başladı.

Azərbaycanda aldığım musiqi təhsili və tərbiyəsi ümumilikdə 11 il davam etdi. Uşaqlıqdan etibarən mütəmadi şəkildə konsertlərə, musiqi gecələrinə, balet və opera tamaşalarına aparılırdıq. Bundan əlavə, Rostropoviç və Bella Davidoviç kimi əfsanəvi musiqiçilər tez-tez Bakıya gəlir və ustad dərsləri verirdilər. Bu tədbirlər yaddaşımda çox canlı qalıb və indiyə qədər böyük sevgi ilə xatırlayıram.

Bacımla birlikdə biz tez-tez konsertlər verirdik, Bakı Musiqi Akademiyasının zalında, daha sonra isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında tez-tez çıxış edirdik. Yay aylarında isə atamla Azərbaycanın müxtəlif bölgələrinə səyahət edirdik – o, əslən İsmayıllı rayonundandır. Ona görə də Azərbaycan təbiətinin gözəlliyini, xüsusilə Qafqaz dağlarını hər zaman musiqi ilə, xüsusilə Baxın əsərləri ilə əlaqələndirmişəm.

Bu mədəni zənginliklə yanaşı, musiqi tərbiyəm həm də ciddi intizam üzərində qurulmuşdu. Biz çox çalışırdıq, hələ uşaq yaşlarımızdan peşəkar musiqiçi olmağı qarşıya məqsəd qoymuşduq və bu yolda tam sadiqliklə irəliləyirdik. Ətrafımdakı dostlarım və sinif yoldaşlarım da çox istedadlı musiqiçilər idilər. Belə bir mühitdə formalaşmaq mənim üçün böyük üstünlük oldu.

– Musiqinin həyatınızın əsas hissəsinə çevriləcəyi anı xatırlayırsınızmı?

– Bəli, bu, 14 yaşımda baş verdi. Həmin il bacım Nigar Londonda yerləşən Yehudi Menuhin məktəbində təhsil almağa dəvət aldı və düşündüm ki, əgər çox çalışsam, bir gün bu cür imkanlar mənim üçün də açıla bilər. Xüsusilə də ona görə ki, Bülbül adına musiqi məktəbində aldığım təhsil möhtəşəm idi – orada mənə güclü musiqi bazası verən əla müəllimlərim oldu. Xüsusilə də piano müəllimim Tatyana Ryabuha - o, bu gün də həmin məktəbdə dərs deyir. O, mənə qəlbini, ruhunu və vaxtını sərf etdi və bu da məndə musiqiyə olan sevgini alovlandırdı. Bu sevgi ildən-ilə daha da gücləndi.

Müxtəlif konsertlərdə çıxış etməyə başladım və Azərbaycanda bir neçə müsabiqədə qalib oldum. Bu cür imkanlar məni daha da ruhlandırdı. 2006-cı ildə Bakı Musiqi Akademiyasında Yuri Sabayevlə bir neçə ay təhsil aldığım müddətdə Londondakı Guildhall Musiqi və Dram Məktəbinə sənəd verdim. Qəbul imtahanımdan sonra dərhal həmin məktəbdən mənə tam təqaüd təklif edildi və Londona köçmək imkanı yarandı. Elə həmin il də Londona köçdüm – o vaxtdan etibarən Birləşmiş Krallıq mənim evimə çevrildi və burada yeni bir həyat başladı.

– Sizi məhz İohann Sebastyan Baxın yaradıcılığına cəlb edən nə oldu?

– Mən İohann Sebastyan Baxın musiqisini ilk gündən ifa etmişəm. İlk əsərlərimdən biri onun Do major invensiyası idi. Demək olar ki, bütün həyatım boyu, bəlkə də, hər gün Baxın musiqisini ifa etmişəm. Müəllimim Tatyana Ryabuha daim Bax üzərində çalışmağımı təkid edirdi – bu, əvvəllər mənə o qədər də maraqlı gəlmirdi. Amma kiçik yaşlarımdan kitabları, tarixi və ədəbiyyatı sevən biri kimi zamanla anladım ki, Baxın musiqisi özünəməxsus bir kainatdır. Onun musiqisini ifa edən böyük sənətkarları – Glenn Gould və Tatyana Nikolayevanı dinləməyə başladım və nəticədə başa düşdüm ki, mən də bu əsərlərə öz səsimi, öz yozumumu qata bilərəm. Bu hiss illərlə Bakıda və sonradan Londonda Baxın musiqisini ifa etdikdən və araşdırdıqdan sonra tam mənası ilə formalaşdı.

19 yaşımda Londona köçdükdən sonra onun musiqisi haqqında biliklərimi daha da genişləndirdim və bu mövzuya tam şəkildə qərq olmağa qərar verdim. Almaniyaya səyahət etdim, Guildhall Musiqi və Dram Məktəbində bir çox professorlarla çalışdım, Leypsiqdə Bax üzrə ustad dərslərində və müsabiqələrdə iştirak etdim. Sonra maraqlı Bax proqramları hazırlamağa başladım və nə vaxt ki, özümü hazır hiss etdim, təcrübələrə başladım – onun musiqisinə əsaslanan öz improvizasiya və rekonstruksiya əsərlərimi yaratmağa başladım.

Baxı ifa etmək sanki bir marafona bənzəyir. Burada ənənəvi ilə yenini, çətini və sadəni, komediyanı və faciəni tarazlaşdırmaq lazımdır. Mən həyatda sevdiyim və bacardığım bir işi tapdığım üçün özümü şanslı hesab edirəm. İohann Sebastyan Bax mənim Şimal ulduzumdur!

-Britaniya və Azərbaycan - iki mədəniyyətin kəsişməsində formalaşan musiqi yolunuzun sənət dünyanıza təsirini necə izah edərdiniz?

-Bu il mənim üçün xüsusi əhəmiyyət daşıyır. Artıq həyatımın yarısını rəsmi olaraq Birləşmiş Krallıqda yaşamışam. Azərbaycanlı kimliyim mənim köklərimdir – uşaqlığımı və gəncliyimi simvollaşdırır. Azərbaycan mənə şəxsiyyət kimi formalaşmağım üçün lazım olan hər şeyi verib – ailə, tarixi köklər, zəngin mədəniyyət və təhsil. Britaniya kimliyim isə mənim formalaşma və yetkinlik dövrümə təsir edib, bir çox mənada xarakterimin formalaşmasına səbəb olub. Burada yaşamaq mənim üçün çoxlu qapılar açdı. Əla təhsil aldım, dünyanın hər yerindən dostlar qazandım, ən yaxşı qalereya, muzey və konsert zallarına çıxış imkanım oldu. Mən bu iki tərəfi balansda saxlamağa çalışıram və fəaliyyətimdə həm azərbaycanlı, həm də britaniyalı/avropalı dəyərləri birləşdirməyə səy göstərirəm. Belə bir vəziyyətdə olduğum üçün özümü çox şanslı və imtiyazlı hiss edirəm.

-Azərbaycan musiqi kökləri, xüsusilə muğam və xalq ritmləri sizin Qərb klassik musiqisinə yanaşmanıza necə təsir edib?

-Çox gözəl sualdır. Düşünürəm ki, bu köklər mənim klassik Qərb musiqisinə, xüsusilə də Baxın yaradıcılığına olduqca yaradıcı və fərdi yanaşmamda mühüm rol oynayıb. Azərbaycan musiqisi olduqca zəngindir. Hesab edirəm ki, biz təbiətən musiqiliyik – bu, sanki genetikamızda var. Xalq və milli musiqi ənənələrinin zənginliyi mənim Qərb klassik bəstəkarlarını anlama və ifadə etmə tərzimi formalaşdırıb.

Düşünürəm ki, məhz bu səbəbdən Azərbaycan bir çox yaradıcı ifaçılar və xüsusilə bəstəkarlar yetişdirib. Mən də, nəhayət, klassik repertuara bu cür yanaşmağa qərar verdim: onu bəzəmək, ornamentləşdirmək, improvizə etmək, Mozart və ya Baxın musiqisində yeni kadenza hissələri yaratmaq. Əslində, bu, Qərb bəstəkarlarının da öz dövrlərində niyyət etdiyi bir yanaşmadır. Belə bir fərdi yanaşma, dəyişiklik etməyə və klassik repertuara öz möhürümü vurmağa olan cəsarətim məhz mənim azərbaycanlı mədəni köklərimdən qaynaqlanır. Ola bilər ki, Barokko musiqisinə xüsusi marağım da buradan gəlir. Bu dövrün musiqisi muğam və caz kimi ifaçıya azadlıq verir: əlavə etmək, dəyişmək, mətnlə oynamaq və onu yenidən kəşf etmək imkanı yaradır.

– Azərbaycan musiqisinə xas elementlər- muğam və ya milli ritmlər sizin ifanızda öz əksini tapırmı? Xaricdə çıxışlarınızda Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmisinizmi? Onlar necə qarşılanır?

– Əlbəttə! 2020-ci ildə Londondakı Guildhall Musiqi və Dram Məktəbində doktorantura təhsilimi tamamladım. Tədqiqatımda müasir ifaçılıq təcrübələrində klassik Qərb və Azərbaycan improvizasiya ənənələrinin müxtəlif təzahürlərini, xüsusilə də Baxın klaviatura alətləri üçün yazılmış musiqi əsərləri üzərindən araşdırdım. Bu araşdırma müddətində mən Kanadadakı Banff İncəsənət və Yaradıcılıq Mərkəzinə və Parisdəki Cité Internationale des Arts rezidensiyasına dəvət aldım. Bu imkanlar mənə yeni musiqi layihələri üzərində düşünmək və Baxın musiqisini muğamla birləşdirərək yaradıcı interpretasiyalar inkişaf etdirmək üçün ilham verdi.

2023-cü ildə “Bach-Muğam” adlandırdığım bu mədəniyyətlərarası kompozisiya layihəsi “Help Musicians UK” tərəfindən “Musiqi Yazmaq və Buraxmaq” qrantına layiq görüldü. Bu layihəni Böyük Britaniya və Avropada bir sıra konsertlərdə ifa etməyə başladım. Bu yay Londonda təxminən 12 konsertim olacaq və həmin layihə ilə çıxış edəcəyəm. Eyni zamanda, daha “Qərb yönümlü” rekonstruksiya edilmiş Bax layihələrimi də təqdim edəcəyəm. Gələn həftə bu proqramı İsveçrədə ifa edəcəyəm.

Yalnız bir neçə gün öncə Mozartın “Türk marşı” əsərini Azərbaycan xalq rəqsi elementləri ilə yenidən işlədim və onu gələn ay Londonda ilk dəfə səhnəyə çıxaracağam. Tədqiqatlarım zamanı Qara Qarayevin, Firəngiz Əlizadənin və Fikrət Əmirovun musiqisini ifa etdim və öyrəndim. Bu əsərlər həmişə böyük maraq və həvəslə qarşılanıb. Dünyanın müxtəlif yerlərində Azərbaycan klassik musiqisini təqdim etmək mənim üçün böyük şərəfdir və bu, hər zaman belə olacaq.

-Sizcə, Azərbaycan mədəniyyəti dünya klassik musiqi səhnəsində hansı rolu oynaya bilər?

– Mən inanıram ki, Azərbaycan musiqi və incəsənət səhnəsində getdikcə daha qlobal rol oynayır. Dünyanın müxtəlif ölkələrində azərbaycanlı ifaçı və sənətçilərin çalışdığını, uğur qazandığını görmək məni çox sevindirir. Beynəlxalq auditoriyanın bizim zəngin musiqi irsimiz haqqında məlumatlı olması və ölkəmizin bu sahədə təmsil olunması çox vacibdir. Öz fəaliyyətimdə bunu etməyə çalışıram. Çox sayda konsert verirəm və hər birini tamaşaçılara Azərbaycan klassik musiqisi və ya onun Qərb musiqisinə təsiri haqqında nəsə çatdırmaq üçün fürsət kimi dəyərləndirirəm.

Mən, həmçinin Westminster Universitetində Musiqi Biznesi Menecmenti üzrə təhsil almışam. Bu sahədə də gələcəkdə çalışmaq niyyətindəyəm. Məqsədim odur ki, azərbaycanlı sənətçilərin öz musiqilərini və sənətlərini beynəlxalq səviyyədə tanıtmasına dəstək olum.

-Beynəlxalq səviyyədə karyera arzulayan gənc azərbaycanlı musiqiçilərə nə demək istərdiniz?

– İntizamlı olun, açıq olun, qarşınıza çıxan bütün imkanlara “bəli” deməkdən çəkinməyin. Əgər beynəlxalq səviyyədə çıxış etmək arzusundasınızsa, bu yolda irəliləmək üçün mübarizə aparın və nəticələri dərhal görmədiyiniz zaman belə ruhdan düşməyin. Eyni zamanda, konsert proqramlarınızı qurarkən və ya sənət yolunuzu seçərkən öz fərdiliyinizdən çəkinməyin. Sizi həyəcanlandıran musiqi istiqamətini tapın və o sahədə mütəxəssis olun.

Dünya yaradıcı beyinlərə ehtiyac duyur. Biz sənətçilər görünməyənlə görünəni birləşdirən körpüyük. Düşünürəm ki, insanın həqiqətən sevdiyi bir işdə mükəmməlliyə nail olması qədər həyəcanverici bir şey yoxdur. Bu, nə olursa olsun. Azərbaycanın olduqca zəngin bir tarixi, mədəniyyəti və musiqisi var – yaradıcılığınızı formalaşdıran bu amillər gec-tez sizi gözəl bir yerə aparacaq.

-Gələcək planlarınız nələrdir?

– Hazırda ilk albomum üzərində işləməyə hazırlaşıram. Eyni zamanda, İohann Sebastyan Baxa həsr olunmuş irihəcmli və iddialı bir kinematoqrafik layihə üzərində də çalışıram. Əgər oxucularınızdan hər hansı biri bu yaz və yay aylarında Londonda olarsa, fürsətdən istifadə edib onları konsertlərimə dəvət etmək istərdim. 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see124

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see119

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see110

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see110

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see110

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see109

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see109

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri