Baş katibin müavini: NATO Azərbaycanın təhlükəsizlik və müdafiə islahatlarına dəstək verməyə hazırdır MÜSAHİBƏ
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
NATO Baş katibinin müavini Radmila Şekerinskanın APA-ya müsahibəsi
Azərbaycanın qaz ixracı bir sıra NATO üzvlərinin enerji müstəqilliyini gücləndirib
- Xanım Şekerinska, Azərbaycan uzun illərdir NATO-nun tərəfdaşıdır və sülhməramlı missiyalara töhfə verib. Azərbaycanın NATO ilə tərəfdaşlığının genişləndirilməsi, o cümlədən nə zamansa üzvlük məsələsi müzakirə mövzusudur?
- Azərbaycan uzunmüddətli NATO tərəfdaşıdır. Üç onillikdən çoxdur biz qarşılıqlı faydalı sahələrdə siyasi dialoq və praktik əməkdaşlıq aparırıq. Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində, “Planlaşdırma və Analiz Prosesi” vasitəsilə NATO qüvvələri ilə interoperativlik səviyyəsini artırmağa davam edir.
Azərbaycan eyni zamanda, NATO ilə hərbi təhsil sahəsində yaxından əməkdaşlıq edir. NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) proqramı çərçivəsində, eləcə də NATO tərəfindən idarə olunan məktəblər və təhsil-təlim mərkəzləri vasitəsilə təşkil olunan kurslarda bu proses davam edir.
Biz Azərbaycanın Ukrayna üçün yanacaq təmin etməsi daxil olmaqla, Avropanın enerji müstəqilliyinə göstərdiyi dəstəyi də yüksək qiymətləndiririk, ölkənizin qaz ixracı bir sıra NATO üzvlərinin enerji müstəqilliyini gücləndirib, xüsusilə də Rusiya tərəfindən Ukraynaya genişmiqyaslı hücumdan sonra.
Əfqanıstandakı missiyalarımızda iştirakına görə Azərbaycana təşəkkür edirik. Azərbaycan hərbçiləri 2021-ci ildə Kabildən çıxan son qüvvələrdən olub. Bu, ölkənizin yüksək səviyyədə öhdəlik göstərdiyini təsdiqləyir. Azərbaycanla tərəfdaşlığımız möhkəm və etibarlıdır. Biz dialoqu və əməkdaşlığı daha da gücləndirməyə hazırıq. NATO üzvlüyü ilə bağlı hər hansı müzakirələr yoxdur. Nəticədə, NATO ilə münasibətlərdə istənilən səviyyədə ambisiyanı müəyyən etmək Azərbaycanın hökumətinin və ya hər hansı digər Avropa tərəfdaşının suveren hüququdur.
Biz Azərbaycanın təhlükəsizlik və müdafiə islahatlarına dəstək verməyə hazırıq
- Azərbaycana səfəriniz zamanı xarici işlər naziri və digər rəsmilərlə ikitərəfli əməkdaşlıq barədə müzakirələr apardınız. Azərbaycan və NATO arasında əməkdaşlığın müxtəlif sahələrində hər hansı konkret yeni planlar var?
- Bakıdan yeni qayıtmışam, orada xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar müzakirələr apardım, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşdüm. Bizim əməkdaşlığımız qarşılıqlı faydalı xarakter daşıyır və hər iki tərəfin razılaşdırdığı bir mövzudur. Biz Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı daha da gücləndirməyə, həmçinin Azərbaycanın təhlükəsizlik və müdafiə islahatlarına dəstək verməyə hazırıq.
Biz ilk Fərdi Tərəfdaşlıq Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramını (Individually Tailored Partnership Program/ITPP) təsdiqləməyi səbirsizliklə gözləyirik. ITPP çoxillik proqramdır və Azərbaycanı müxtəlif tərəfdaşlıq fəaliyyətlərinə, o cümlədən müdafiə təhsili modernizasiyası, minatəmizləmə, insan təhlükəsizliyi, informasiya təhdidlərinə qarşı mübarizə və kibermüdafiə sahələrinə çıxış imkanı ilə təmin edəcək. Proqram NATO-nun missiya və əməliyyatlarına dəstəyin artırılmasına da imkan verəcək.
Bundan əlavə, qeyd etmək istərdim ki, NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndə təyin edib və o, yaxın zamanda vəzifəsini icra etməyə başlayacaq. Bu, Azərbaycanın tərəfdaşlığına və daha geniş mənada Cənubi Qafqazdakı tərəfdaşlıqlarımıza verdiyimiz əhəmiyyətin növbəti nümunəsidir.
Bakı və İrəvan arasında atmosfer əhəmiyyətli dərəcədə yaxşılaşıb
- Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regional sabitlik üçün böyük önəm daşıyır. Bu kontekstdə, regional dialoq və əməkdaşlıq məqsədilə yaradılmış TRIPP kimi təşəbbüslər ortaya çıxıb. NATO belə platformaların tərəflər arasında etimadın gücləndirilməsinə və davamlı sülhün formalaşmasına töhfə vermək potensialını necə qiymətləndirir?
- Biz Azərbaycan və Ermənistan arasında keçən ilin avqust ayında Vaşinqtonda imzalanmış bəyannaməni və xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayırıq. Bakı və İrəvan arasında atmosfer əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bunu da təqdir edirik. Bakı səfərim zamanı mənə iqtisadi sahədə atılan bir çox müsbət addımlar və Azərbaycanla Ermənistan arasında nəqliyyat yollarının və rabitə xətlərinin inkişaf etdirilməsi planları barədə məlumat verildi. Dinamikanı qorumaq və sülh gündəliyini gecikdirmədən həyata keçirmək vacibdir, bu, həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması deməkdir. Sülh müqaviləsi bölgədə davamlı sülh üçün həyati əhəmiyyət daşıyır və nəticədə daha geniş Avro-Atlantik təhlükəsizliyə töhfə verəcək.
- Son illərdə NATO daxilində fərqli mövqelər və açıq fikir ayrılıqları müşahidə olunur. Bu fərqliliklər İttifaqın strateji qərar qəbulu mexanizmlərinə necə təsir edir? NATO daha dərin parçalanmanın qarşısını almaq üçün necə çalışır?
- NATO Avropa və Şimali Amerika Müttəfiqləri arasında ümumi təhlükəsizliyimizə aid məsələlər barədə əsas məsləhətləşmə və qərar qəbulu platformasıdır. Onun gücü buradadır ki, 32 üzv dövlət öz baxışlarını sərbəst ifadə edir və fikir ayrılıqlarını səsləndirir. Lakin söhbət bu ittifaqın əsas məsələsinin həll olunmasından getdikdə, yəni Avro-Atlantik məkanda yaşayan bir milyardlıq əhalinin müdafiə olunması gündəmdə olduqda, alyans üzvləri bir yerə toplaşa bilir. 1949-cu ildə yaradıldığı gündən bəri NATO böhranlardan uğurla çıxmaq, beynəlxalq təhlükəsizlik mühitindəki dəyişikliklərə uyğunlaşmaq və öz vəzifəsini yerinə yetirmək üçün potensialını qorumaq qabiliyyətini sübut edib. Keçən il iyun ayında Haaqada keçirilmiş NATO Zirvəsində Alyansa üzv dövlətlərin başçıları tərəfindən qəbul edilmiş tarixi qərarlarda özünü göstərdi. Liderlərimiz 2035-ci ilə qədər ÜDM-in 5%-ni müdafiəyə sərf etməyə, müdafiə sənayesinin istehsalını artırmağa – Atlantik okeanının hər iki tərəfində müdafiə sənaye bazamızı genişləndirməyə, həmçinin Ukraynada ədalətli və davamlı sülhün təmin olunması üçün səyləri davam etdirməyə və Ukraynaya hərbi yardım da daxil olmaqla, dəstək göstərməyə qərar verdilər. Əsas məqam odur ki, bəzən fərqli baxışlarımız olsa da, müttəfiqlər NATO vasitəsilə davamlı olaraq bir araya gələrək ortaq təhlükəsizliyimiz üçün birgə çalışmağa davam edirlər. Biz görüşür, müzakirə aparırıq. Silahlı qüvvələrimiz birgə təlim keçirlər. Kişilərimiz və qadınlarımız birlikdə xidmət edir, potensial aqressiyaya qarşı çəkindiricilik nümayiş etdirir və kollektiv müdafiəmizi təmin edirlər. Və bütün bunlar sayəsində bizim bağlarımız möhkəm qalır.
Hazırda Ukraynanın NATO-ya qoşulması ilə bağlı konsensus mövcud deyil
- Ukraynanın NATO üzvlüyünə toxunmaq istərdim...
- Ukraynaya davamlı dəstək bizim gündəliyimizin başında gəlir. Biz hər hansı bir sülh sazişinin davamlı olmasını təmin etməyə tam fokuslanmışıq, bu, Ukrayna qüvvələrinin güclü olmasını və onların ehtiyac duyduğu əsas hərbi dəstəyi almasını təmin etməklə mümkündür. Alyans üzvləri dəstəyi elan etməyə davam edir, o cümlədən PURL təşəbbüsü vasitəsilə, hansı ki, ABŞ-ın həyati əhəmiyyətli avadanlıqlarını, o cümlədən hava müdafiə sistemlərini Ukraynaya təmin edir, bunların maliyyəsi NATO üzvləri və tərəfdaşları tərəfindən ödənilir.
Biz Ukrayna ilə işimizi başqa, çoxsaylı yollarla davam etdiririk. Visbadendəki komandanlığımız hər gün Ukraynaya təlim və təhlükəsizlik yardımlarının koordinasiyasını həyata keçirir və onun gələcək qüvvələrinin inkişafına kömək edir.
Böyük Britaniya tərəfindən idarə olunan NSATU (NATO Security Assistance and Training for Ukraine – Ukraynaya NATO Təhlükəsizlik Yardımı və Təlimi) Trust Fund isə NSATU tərəfindən müəyyən edilmiş qabiliyyət sahələrində Ukrayna Silahlı Qüvvələri üçün təcili lazım olan materialların və təkrarlanan ehtiyatların sürətli təminatını mümkün edir. Bu, digər mexanizmlərlə doldurula bilməyən qısa müddətli boşluqları aradan qaldırmağa kömək edir.
Biz 2025-ci ilin fevralında Polşada JATEC (Birgə Analiz, Təlim və Təhsil Mərkəzi-red.) işə saldıq. Bu, NATO və Ukrayna arasında yaradılmış ilk birgə təşkilatdır. Mən NATO-nu açılış mərasimində təmsil etmək şərəfinə malik olmuşam. Biz hər gün Ukrayna ilə Brüsseldə, Kiyevdəki NATO nümayəndəliyimiz vasitəsilə və yerlərdə də sıx əlaqədəyik.
Eyni zamanda, müntəzəm olaraq NATO-Ukrayna Şurasında məsləhətləşmələr aparırıq. Beləliklə, bizim Ukrayna ilə tərəfdaşlığımız möhkəm və etibarlı yoldadır. Ukraynanın gələcəkdə NATO-ya üzv olub-olmaması məsələsi NATO-nun 32-i üzvü və Ukrayna tərəfindən qərarlaşdırılmalıdır.
Alyansın rəsmi mövqeyi dəyişməz olaraq qalır: Ukrayna üzvlüyə doğru dönməz bir yoldadır, bu da 2024-cü ildə Vaşinqtonda keçirilmiş NATO Zirvəsində təsdiqlənib. Prinsipi praktikadan ayırmaq vacibdir. Praktik tərəfdə isə, hər hansı bir ölkənin NATO-ya qoşulması üçün bütün Alyans üzvlərinin konsensusuna ehtiyac var. Hazırda Ukraynanın NATO-ya qoşulması ilə bağlı konsensus mövcud deyil.
ABŞ-ın NATO-ya öhdəliyi möhkəm və dəyişməz olaraq qalır
- NATO Avropanın təhlükəsizliyinin ABŞ-dan asılılığını azaltmağı planlaşdırır?
- ABŞ-ın NATO-ya öhdəliyi möhkəm və dəyişməz olaraq qalır. Tramp administrasiyası dəfələrlə NATO-ya güclü sadiqliyini təsdiqləyib. Biz bunu dəfələrlə Prezident Tramp, dövlət katibi Rubio, nazir Heqset və başqalarından eşitmişik. ABŞ Konqresi də bunu açıq şəkildə bildirib. Amerikalıların üçdə ikisi NATO-ya dəstək göstərir. Haaqadakı Zirvədə Prezident Tramp bir daha NATO-ya dəstəyini təsdiqlədi, lakin bu dəstək o gözlənti ilə gəlir ki, Alyans üzvləri öz öhdəliklərini icra etsin və müdafiəyə investisiyalarını artırsın. Elə məhz bu da baş verir. Güclü Transatlantik ittifaq təhlükəsizliyimizin əsasını təşkil edir. ABŞ-ın nüvə çəkindiriciliyini əvəz etmək mümkün deyil, amma Avropa ənənəvi müdafiə sahəsində öz payını artırmalıdır. Müdafiə və təhlükəsizlik sahəsində daha yaxşı tarazlıq olmalıdır. Bu cür ədalətlidir və alyans üzvləri məhz bunu edirlər. Onlar öz paylarını artırır, birlikdə çalışır və ABŞ-la əməkdaşlıq edirlər. NATO-da güclü müdafiə planları mövcuddur və biz potensial aqressiyanı çəkindirmək, kollektiv müdafiəmizi təmin etmək üçün lazımi qüvvələr və imkanları qorumağa çalışırıq. ABŞ da daxil olmaqla bütün alyans üzvləri bu işdə iştirak edir.
NATO Arktika regionuna diqqətini artırır
- Çin və Rusiyanın Arktikada artan fəaliyyəti NATO-nun strateji planlamasına necə təsir göstərib?
- Arktika kollektiv təhlükəsizliyimiz üçün mühüm bölgədir. NATO-nun Skandinaviyada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın qorunmasında açıq-aydın marağı var. Bütün Alyans üzvlərinin müdafiə sahəsinə investisiyaları əhəmiyyətli dərəcədə artırmaq öhdəliyi Haaqadakı tarixi Zirvədə razılaşdırıldığı kimi, artıq nəticələrini verməkdədir və bu, NATO-nun Arktika bölgəsində aqressiyanı çəkindirmək və regionu müdafiə etmək qabiliyyətini gücləndirəcək. Bununla belə biz bilirik ki, daha çox iş görməliyik. Buna görə alyans üzvləri yeni hava və dəniz imkanlarına sərmayə qoyur. NATO Arktika regionuna diqqətini artırır, bu, situasiyanın daha yaxşı izlənməsi, təlimlərin artırılması və imkanların təkmilləşdirilməsi vasitəsilə həyata keçirilir.
Biz Arktikada müntəzəm təlimlər keçiririk ki, bütün şəraitdə fəaliyyət göstərməyə hazır olaq və Alyans üzvləri arasında birlikdə işləyərək Arktika təhlükəsizliyini daha da gücləndirəcək. Buna görə NATO ölkələri yeni hava və dəniz imkanlarına sərmayə qoyur.
- NATO-nun baxışına görə, 2030 və sonrasında əsas təhlükə mənbələri hansılardır? Rusiya, Çin, regional münaqişələr, yoxsa Alyans daxilində daxili parçalanma?
- NATO-nun eyni anda yalnız bir problemə fokuslanmaq kimi imkanı yoxdur. Buna görə də biz təhlükəsizliyə 360 dərəcə yanaşma tətbiq edirik: bu yanaşma vasitəsilə ortaq təhlükəsizliyimiz üçün hər hansı çətinliklərə və təhdidlərə hazır olduğumuzdan əmin oluruq. İndi biz Haaqadakı 2025 Zirvəsi ilə Ankaradakı 2026 Zirvəsi arasında yolun yarısındayıq. Sürət və nəticə əldə etmək həyati əhəmiyyət daşıyır. Haaqada blok üzvləri çox ambisiyalı müdafiə investisiya planı üzrə razılığa gəldilər. Ankarada isə müttəfiqlərin necə addım atacaqlarını görəcəyik və çəkindiriciliyimizi, müdafiəmizi daha necə gücləndirə biləciyimizi nəzərdən keçirəcəyik. Bizim kifayət qədər vəsaitimiz var və onu ağıllı şəkildə istifadə etməyimiz böyük əhəmiyyət daşıyır. Ukraynaya dəstəyimiz də böyük əhəmiyyəti malikdir. Sülh prosesi ilə bağlı vəziyyət necə olursa-olsun, Ukraynanın bizim dəstəyimizə olan ehtiyacı davam edəcək və biz əmin olmalıyıq ki, Ukrayna suveren və müstəqil bir ölkə kimi özünü müdafiə edə biləcək.
Son dövrlərdə Rusiya dronları və təyyarələrinin hava məkanımıza girməsi NATO-nun müdafiəsini sınağa çəkməyə çalışıb
- İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən sonra Alyansın şərq və şimal cinahları daha təhlükəsiz olub, ya yeni gərginlik xətləri yaranıb?
- İsveç və Finlandiyanın NATO-ya üzvlüyü mühüm bir dövrdə hamımız üçün təhlükəsizlik səviyyəsini artırıb. Nəticədə NATO bütün sahələrdə daha yaxşı çəkindiricilik və müdafiə imkanına malikdir. Son dövrlərdə Rusiya dronları və təyyarələrinin hava məkanımıza girməsi NATO-nun müdafiəsini sınağa çəkməyə çalışıb. Bizim sürətli və qətiyyətli cavablarımız alyansın əzmini, birliyini və artan təhdidlərə çevik adaptasiya qabiliyyətini nümayiş etdirib.
2025-ci ilin sentyabrında NATO “Eastern Sentry” adlı çoxsahəli fəaliyyət əməliyyatı başladıb. Bu, şərq cinahında nəzarət və hazırlığı artırmaq, sürətli və qətiyyətli tədbirlərə sadiqliyimizi göstərmək məqsədi daşıyır. Birlik və cəldlik göstərməklə NATO Rusiyaya və bizə meydan oxumaq istəyə biləcək digər tərəflərə qətiyyətli mesaj göndərdi. Arktikada və Baltikdəki dəniz mövcudluğumuz da vacibdir – istər “Baltic Sentry” vasitəsilə, istər müntəzəm patrullar, istərsə də təlimlər yolu ilə. Bu kontekstdə Finlandiya və İsveçin töhfələri xüsusilə əhəmiyyətlidir.
Rusiya NATO üzvlərinin təhlükəsizliyi və Avro-Atlantik bölgədə sülh və sabitlik üçün ən ciddi və birbaşa təhdiddir
- Bir müddət əvvəl NATO-nun Baş katibi Mark Rutte bildirdi ki, Alyans Rusiyaya qarşı müharibəyə hazır olmalıdır. NATO belə bir ssenari üçün hazırlıqlara başlayıb?
- Rusiya NATO üzvlərinin təhlükəsizliyi və Avro-Atlantik bölgədə sülh və sabitlik üçün ən ciddi və birbaşa təhdiddir. Alyans bunu 2022-ci ilin Strateji Konsepsiyasında açıq şəkildə göstərib. Bu, indi də keçərlidir. Dəyişən odur ki, biz Rusiyanın daha ehtiyatsız davrandığını müşahidə edirik. Bunu şərq cinahımız boyunca, hava məkanının pozulması, sabotaj aktları və kiberhücumlarda da görürük.
Buna görə də biz hazırlaşırıq: müdafiəyə daha çox sərmayə qoyuruq və müdafiə sənayemizi gücləndiririk, Ukraynaya dəstəyimizi davam etdiririk. Biz çevikliyimizi artırır və innovasiyaları inteqrasiya edirik. Bu, yuxarıda qeyd etdiyim “Eastern Sentry” vasitəsilə də həyata keçirilir. Bütün bunlar aqressiyanı çəkindirmək və müdafiə üçün lazım olan imkanlara sahib olmağımızı təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















