BDU da beynəlxalq fənlərarası seminar
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bakı Dövlət Universitetində (BDU) "Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” mövzusunda ikigünlük beynəlxalq fənlərarası seminar öz işinə başlayıb. Tədbir BDU-nun ev sahibliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lüksemburq Universiteti, İsrailin Təl-Əviv Universiteti və Ben-Qurion Negev Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.
Bu barədə 525.az-a BDU-dan məlumat verilib.
Tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev bildirib ki, Qobustan təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin ortaq tarixi irsidir. 2007-ci ildən etibarən Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Lakin Qobustanın tarixinin böyük bir hissəsi hələ də gizli qalmaqdadır. Torpağın altında hələ heç bir qazıntının çatmadığı qədim yaşayış məskənləri, tikililər və qədim su idarəetmə sistemləri (qanazlar) ola bilər. Seminarın əsas məqsədi də məhz bu sirləri arxeoloji qazıntı aparmadan – qədim landşaftı zədələmədən öyrənməkdir.
Rektor bu çətin tapşırığın geofizika, məsafədən zondlama, coğrafi informasiya sistemləri (GIS), rəqəmsal humanitar elmlər və süni intellekt (AI) kimi fərqli sahələrin birgə əməkdaşlığı sayəsində mümkün olduğunu bildirib: “Bu sirləri aşkarlamaq bir çox elmi sahələrin birgə işləməsini tələb edir. BDU-nun potensialından istifadə etməklə fənlərarası tədqiqatların aparılması Qobustanın dərindən tədqiqinə mühüm töhfə verəcək”.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev isə qeyd edib ki, bu il qoruğun 60 illik yubileyi qeyd olunub. Qoruq kimi fəaliyyət göstərdiyi dövrdən bəri ərazidə müxtəlif arxeoloji tədqiqatlar aparılıb. O, Qobustan Milli Tarix-Bədii Qoruğunda arxeoloji tədqiqatların ilk dəfə olaraq müasir mərhələyə qədəm qoymasını yüksək qiymətləndirib, bu tədqiqatların qədim mədəni irs nümunələrinə fiziki təmas etmədən, qorunan qata zərər vurmadan aparılacağını bildirib.
BDU-nun professoru Fəxrəddin Qədirov, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaum çıxışlarında arxeoloji geofizikanın ən müasir metodlarından istifadə etməklə tədqiqatların aparılmasının bəşər tarixi üçün qiymətli mənbə olan Qobustanın elmi cəhətdən daha dərindən araşdırılmasına xidmət edəcəyini vurğulayıblar.
Seminarın elmi sessiyasında İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaumun “Arxeoloji qalıqların qeyri-invaziv geofiziki üsullarla aşkarlanması”, Lüksemburq Universitetinin professoru Olqa Xabarovanın “Məsafədən zondlama və süni intellektin arxeologiyada tətbiqi”, Ben-Qurion Negev Universitetinin professoru Mihal Birkenfeldin “Rəqəmsal dövrdə arxeologiya: GIS və rəqəmsal humanitar elmlər” mövzularında və digər alimlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq seminar işini sabah da davam etdirəcək.
Tədbir çərçivəsində Qobustan arxeoloji sahəsində qabaqcıl texnologiyalarla geofiziki ölçmələrin və məsafədən zondlama məlumatlarının toplanması üzrə sahə tədqiqatları aparılacaq. Sabah günün ikinci yarısında isə toplanmış real məlumatların BDU-da ilkin analizi, süni intellektəsaslı emalı və müzakirələri keçirilərək Qobustanın gələcək tədqiqat prioritetləri müəyyən ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















