Belen fiaskosu: Bakı konfransını keçici hesab edənlər yanıldılar
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP29 təkcə qərarların miqyası ilə deyil, həm də qlobal siyasi və diplomatik çəkisi ilə iqlim tarixində mühüm iz buraxdı
Braziliyada təşkil edilən COP30 yekunlaşdı. Bakının ev sahibliyi etdiyi COP29 və Braziliyanın Beləm şəhərində təşkil olunan COP30 iqlim diplomatiyasının iki tam fərqli modelini ortaya çıxardı. Bir tərəfdə strateji planlaşdırma, sabitlik, yüksək təşkilati koordinasiya və real nəticələrə söykənən Bakı modeli, digər tərəfdə isə başlanğıcdan etibarən siyasi xaos, institusional boşluqlar, zəif infrastruktur və məhdud diplomatik iştirakla yadda qalan Beləm təcrübəsi. Məhz bu ziddiyyətli mənzərə göstərdi ki, COP29 qlobal iqlim prosesində yeni standart müəyyən etdiyi halda, COP30 beynəlxalq tədbirin necə uğursuzluğa düçar ola biləcəyinin nümunəsi oldu. Beləmin uğursuzluğunun əlamətləri konfrans başlamazdan əvvəl özünü göstərməyə başlamışdı. Əsas müzakirə sənədlərinin hazırlanmasında yetərsiz irəliləyiş, danışıqlar gündəminin qeyri-müəyyənliyi və ölkələrə aydın texniki-siyasi istiqamətlərin təqdim edilməməsi COP30-un əvvəlcədən zəif formatda qurulduğunu göstərirdi. Aparıcı dövlətlər bir-bir tədbirdən kənara çəkildikcə, COP30-un qlobal qərarvermə meydanı kimi rolu demək olar ki, sıradan çıxdı. Nəticədə konfrans həm diplomatik legitimlik, həm təhlükəsizlik, həm də praktiki təşkilatçılıq baxımından gözləntilərin xeyli altında qaldı. COP29 və COP30 arasında ən kəskin fərqlərdən biri iştirakçı sayı və ölkələrin təmsil olunma səviyyəsində özünü göstərdi. Bakıda təşkil olunan COP29 son illərin ən genişmiqyaslı və ən çox iştirakçı cəlb edən iqlim tədbirlərindən biri kimi yadda qaldı. Rəsmi rəqəmlərə əsasən, konfransda 72 min nəfər iştirak edib ki, bu da həm Azərbaycanın təşkilati potensialının, həm də ölkənin beynəlxalq arenadakı artan diplomatik nüfuzunun bariz göstəricisidir. Üstəlik, 190-dan çox ölkə tədbirdə yüksək səviyyədə - dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq qurum rəhbərləri və aparıcı qlobal institutların nümayəndələri ilə iştirak edib. Məhz bu geniş təmsilçilik fonunda COP29-un ən mühüm nəticələrindən biri kimi COP29 Sədrliyi tərəfindən qəbul olunan Bakı Maliyyə Hədəfi sənədi xüsusi qeyd olunmalıdır. COP29 iqlim diplomatiyası tarixində dönüş nöqtəsi kimi yadda qaldı. COP29-un ən mühüm nailiyyəti kimi qiymətləndirilən Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) - yaxud “Baku Breakthrough”, qlobal iqlim maliyyəsində tarixi dönüş yaratdı. Bununla əvvəlki iqlim maliyyəsi hədəfləri üç dəfə artırılaraq, bütün dövrlərin ən böyük maliyyə öhdəliyini ortaya qoydu. Yeni məqsədə əsasən, inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində vəsait inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bununla yanaşı, Bakı Maliyyə Məqsədi bütün aktorları birgə fəaliyyətə çağıraraq 2035-ci ilə qədər ümumi iqlim maliyyəsini illik 1,3 trilyon dollara qədər artırmaq məqsədini ortaya qoydu. COP29 zamanı çoxtərəfli inkişaf bankları da iqlim fəaliyyəti üzrə illik 170 milyard dollarlıq vədi verdilər ki, bunun 130 milyardı inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu qərar iqlim maliyyəsinin praktiki şəkildə səfərbər edilməsində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir. Bundan əlavə, Paris Sazişinin 6-cı Maddəsi üzrə karbon bazarlarının çoxdan gözlənilən çərçivəsini yekunlaşdırmağa nail olduq və bununla da, Paris Qaydalar Toplusu (Paris Rulebook) tam formalaşaraq, sazişin qəbulundan 10 il sonra tam əməli mərhələyə keçidini təmin etdik. Bu bazarlar milli iqlim planlarının icra xərclərini illik 250 milyard dollaradək azalda bilər. 2050-ci ilə qədər isə illik 1 trilyon dollara qədər dəyərə çatmaq potensialına malikdir və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə əlavə resurs axını yaradacaq. COP29 Prezidentliyi, həmçinin enerji keçidini dəstəkləmək məqsədilə öz təşəbbüslərini irəli sürdü. Bu təşəbbüslər qlobal bərpaolunan enerji gücünün üç dəfə enerji səmərəliliyinin isə ikiqat artırılmasını, metan emissiyalarının azaldılmasını və karbonsuz enerji sistemlərinə keçidi hədəfləyir. COP29 çərçivəsində irəli sürülən 14 Qlobal Təşəbbüs, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil, urbanizasiya və rəqəmsallaşma kimi müxtəlif sahələri əhatə edir. Bu təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uyğunlaşdırılıb və dövlətlərə milli iqlim planlarına sektor hədəflərini daxil etmək imkanı verir. Adaptasiya məsələləri uzun illər diqqətdən kənarda qalsa da, COP29 bu sahədə qlobal səviyyədə dönüş yaratdı. Bakıda keçirilən konfransda Bakı Adaptasiya Yol Xəritəsi təqdim olundu. Bu sənəd Paris Sazişi çərçivəsində Qlobal Adaptasiya Məqsədinə nail olmaq üçün konkret addımları müəyyənləşdirir və UNFCCC-nin institusional dəstək mexanizmlərini gücləndirir. Bundan əlavə, COP29-da keçirilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində itkilər və zərər üzrə illik yüksək səviyyəli dialoq təsis olundu. Bu platforma maliyyə mexanizmləri arasında koordinasiyanı gücləndirmək və kollektiv cavab tədbirlərini təşviq etmək məqsədi daşıyır. Braziliyada keçirilən COP30 zamanı baş verən yanğın səbəbilə toplantı sahəsindəki iştirakçılar təxliyə edilib. Yanğın, zirvəyə qatılan ölkələr və beynəlxalq təşkilatların stendlərinin yerləşdiyi "Mavi Zona"da başlayıb. Təhlükəsizlik personalı tərəfindən təcili çıxışlar açılaraq, "Mavi Zona"dakı iştirakçılar təxliyə edilib. Qısamüddətli panikaya səbəb olan yanğında, indiyə qədər heç bir can itkisi bildirilmir. Yanğının başvermə səbəbi və verdiyi zərərin müəyyənləşdirilməsi üçün əraziyə mütəxəssis qruplar göndərilib. Braziliyanın turizm naziri Selso Sabino, yanğınla bağlı mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Bir COP-a od qoymaq üçün həqiqətən çox pis biri olmanız gərəkir" dedi. Nazir, yanğının səbəbinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, lakin hadisənin qəsdən törədilməsinə ehtimal vermədiyini bildirdi. Rəsmi şəxslər, yanğında yaralanan olmadığını və binadakı hər kəsin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqladılar. Lakin binanın zərər gördüyü və iştirakçıların yenidən içəri alınmasının bir neçə saat çəkəcəyi bildirildi.
Millət vəkili Vüqar İskəndərov deyib ki, dünya düzənində cərəyan edən bəzi xoşagəlməz proseslər, hansısa qaranlıq məqamlara xidmət edən cəhdlər gec-tez iflasa uğrayır. Onun sözlərinə görə, eyni ilə COP29-la bağlı xaricdə sərgilənən anti-Azərbaycan kampaniyası və təbliğatı da bu cür iflasa uğradı:

"Xüsusilə bu günlərdə Belen şəhərində cərəyan edənlər bizə qarşı məkrli olan qüvvələr üçün növbəti sarsıdıcı zərbə oldu. Vaxtilə Bakıda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunanda, bəzi qərəzli beynəlxalq dairələr və müəyyən media resursları bu qərarın guya "keçici xarakter" daşıdığını iddia edirdilər. Onlar israr edirdilər ki, guya əsas qərarlar COP29-dən sonra növbəti konfransda - Braziliyanın Belen şəhərində keçiriləcək tədbirdə qəbul olunacaq. Bu yanaşma ilə Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası aparılır, ölkəmizin bu miqyasda beynəlxalq tədbiri təşkil etmək bacarığı və nüfuzu şübhə altına alınırdı. Təəssüf ki, bu cəhdlər həm konfransın ərəfəsində, həm də onun keçirildiyi günlərdə müxtəlif informasiya kanalları vasitəsilə davam etdirildi. Lakin hadisələrin gedişi tamamilə fərqli oldu. COP29 təkcə yüksək təşkilatçılıq səviyyəsi ilə deyil, həm də qəbul edilən qərarların miqyası və tarixi əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Konfrans çərçivəsində Zərər və İtki Fondunun əməliyyat fəaliyyətinə başlaması, qlobal maliyyə mexanizmlərinin formalaşması, iqlim ədalətinin təmininə yönələn praktik mexanizmlərin razılaşdırılması kimi mühüm qərarlar qəbul edildi. Bu, COP29-un sadəcə müzakirə platforması deyil, konkret nəticələr doğuran bir tədbir olduğunu təsdiqlədi".
Deputat vurğulayıb ki, Bakı konfransı həm təmsilçilik, həm zənginlik, həm də qəbul olunmuş qərarların dərinliyi baxımından BMT-nin iqlim proseslərində dönüş nöqtəsi kimi qiymətləndirilir:
"COP29 bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, qlobal səviyyədə də dayanıqlı inkişaf və iqlim diplomatiyası sahəsində etibarlı tərəfdaşdır. Bunun fonunda Belen şəhərində 10-21 noyabr tarixlərində keçiriləcək növbəti tədbir isə əks mənzərə ilə yadda qaldı. Dünya liderləri iştirak etmədi, gündəliyin konkret mövzuları formalaşmadı, həmçinin konfrans ərəfəsində heç bir əhəmiyyətli müzakirə prosesi aparılmadı. Bu vəziyyət bir daha göstərir ki, Bakı konfransını "keçici" hesab edənlər yanıldılar. COP29 təkcə qərarların miqyası ilə deyil, həm də qlobal siyasi və diplomatik çəkisi ilə iqlim tarixində mühüm iz buraxdı. Nəticə etibarilə COP29 Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi, ölkəmizə qarşı aparılan əsassız təbliğatın və skeptik yanaşmaların tam iflası oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 22 Noyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















