Icma.az
close
up
RU
Beşillik Zəfər yolu Sərkərdəlik, milli həmrəylik və post müharibə reallığı

Beşillik Zəfər yolu Sərkərdəlik, milli həmrəylik və post müharibə reallığı

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bir anlıq geri dönsək, görərik ki, otuz ilə yaxın bir müddət ərzində Qarabağ məsələsi Azərbaycan cəmiyyətinin yaddaşında təkcə itirilmiş torpaq deyil, ədalətin bərpasına yönəlmiş milli iradənin simvolu kimi yaşayırdı. 1990-cı illərin əvvəllərində formalaşan geosiyasi proseslər, regional qeyri-sabitlik və beynəlxalq münasibətlər sistemindəki boşluqlar nəticəsində ölkənin 20 faizi işğal olunmuş, bir milyondan çox insan doğma yurdlarından didərgin düşmüşdü. Tarixi şəhərlərin dağıdılması, mədəni irsə qarşı məqsədli vandalizm və dərin sosial fəsadlar Azərbaycan dövlətinin öz suveren hüquqlarını bərpa etmək əzmini daha da gücləndirən amillər oldu.

Bu illər ərzində Azərbaycan ordusunu modernləşdirməklə yanaşı, həm də siyasi, iqtisadi və diplomatik dayaqlarını gücləndirərək münaqişənin həlli üçün ardıcıl, strateji xətt formalaşdırdı. Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyinin, milli ləyaqətin və tarixi həqiqətin bərpası kimi qəbul olunurdu. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi məşhur sözlər bu iradəni aydın ifadə edirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi bu uzunmüddətli strategiyanın nəticəsi olaraq tarixə düşdü. Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər strateji əraziləri ardıcıllıqla azad etdi, 8 noyabrda Şuşanın işğaldan azad edilməsi isə müharibənin taleyini həll edən məqam oldu. Prezidentin xalqa müraciətində bildirdiyi kimi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.”

10 noyabr 2020-ci il bəyanatının imzalanması ilə Ermənistan kapitulyasiyaya məcbur edildi və bununla bölgədə yeni geosiyasi reallıq formalaşdı. Prezident İlham Əliyev həmin günlərdə bu tarixi mərhələni qiymətləndirərək bəyan etmişdi ki, “10 noyabr bəyanatı Ermənistanın kapitulyasiyasıdır.” Dövlət başçısı eyni zamanda Zəfərin mənəvi dayağını vurğulayaraq şəhidlərin rolunu xüsusi qeyd edirdi: “Şəhidlərimizin qanı yerdə qalmadı. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.”

Beş il sonra bu tarixi Zəfər yalnız xatırlanmaqla kifayətlənmir - o, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsini müəyyənləşdirən əsas məqam kimi dəyərləndirilir. Qarabağ bu gün həm azad torpaq, həm yenidənqurma və inkişaf məkanı, həm də gələcək nəsillərə ötürülən dövlətçilik iradəsinin rəmzidir.

44 günlük Vətən müharibəsinin gedişi göstərdi ki, bu Zəfərin əsas dayaqlarından biri Ali Baş Komandan İlham Əliyevin strateji liderliyi, hərbi əməliyyatlar ilə diplomatiyanın sinxron və paralel şəkildə idarə olunması, cəmiyyətin bütün təbəqələrini bir məqsəd ətrafında birləşdirən siyasi iradə idi.

Sərkərdəlik və Ali Baş Komandanın rolu

Prezident İlham Əliyevin 2003-cü ildən etibarən davam etdirdiyi siyasi kursun ən mühüm prioritetlərindən biri güclü ordu quruculuğu oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan milli ordu konsepsiyası bu dövrdə yeni mərhələyə keçdi: hərbi büdcənin genişləndirilməsi, peşəkar zabit heyətinin hazırlanması, Türkiyə ilə strateji hərbi əməkdaşlığın dərinləşdirilməsi, müasir PUA sistemlərinin inteqrasiyası və hərbi sənayenin inkişafı illər əvvəl müəyyənləşdirilmiş strateji xətti gücləndirərək müasir döyüş qabiliyyətli ordunun formalaşmasını təmin etdi.

Sərkərdəlik konsepsiyası yalnız döyüş əmrləri ilə məhdudlaşmırdı, o, uzunmüddətli hazırlıq, ardıcıl planlaşdırma və mütəşəkkil dövlət idarəetməsinin nəticəsi idi. Prezident İlham Əliyev 2018-ci ildə çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan güclü dövlət və ordu qurur və bu gücün əsas məqsədi ölkənin ərazi bütövlüyünün bərpasıdır. Bu fikirlər həmin illərdə aparılan hərbi islahatların və strateji xəttin mahiyyətini aydın şəkildə ifadə edirdi.

44 günlük savaş dövründə diplomatiya hərbi əməliyyatlardan heç də az əhəmiyyət daşımadı. Ali Baş Komandan həm döyüş meydanında, həm də beynəlxalq informasiya və diplomatiya məkanında üstünlük qazandı. Dünyanın aparıcı mediasına - CNN, BBC, Al Jazeera, France 24, TRT World və digər kanallara verdiyi müsahibələrdə Azərbaycanın mövqeyi ardıcıl, hüquqi əsaslarla və qətiyyətlə təqdim edildi. Prezidentin 2020-ci ilin noyabrın 6-da BBC “News”a müsahibəsi zamanı söylədiyi ifadə dünya gündəminə düşdü: “Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq.”

Zəfərin əsas dayaqlarından biri də liderlə xalq arasında möhkəm etimad və dəstək idi. Cəmiyyətin bütün təbəqələri - yaşlısı, gənci, qadını, kişisi - Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Həm ön cəbhədəki əsgərin, həm də arxa cəbhədəki vətəndaşın bir məqsədi var idi: Vətən torpaqlarının azad olunması.

          Bu birlik modelinin mahiyyəti Prezidentin xalqa müraciətlərində aydın ifadə olunurdu: Azərbaycan xalqının iradəsi, həmrəyliyi və ordu–xalq birliyi Qələbənin əsas şərtlərindən biri kimi təqdim edilirdi. Bu, modern dövlətçilik tarixində nadir hallarda görülən, xalq, lider və ordunun tam sinxron hərəkətidir.

44 gün ərzində sərkərdəlik fəaliyyətinin bir neçə kritik məqamı xüsusi qeyd olunmalıdır:

Cəbrayıl (4 oktyabr) - müharibənin ilk böyük strateji qələbəsi. Füzuli əməliyyatı (17 oktyabr) - Azərbaycan ordusunun müdafiə xəttini yarmaq bacarığının göstəricisi. Zəngilan və Qubadlının azad edilməsi (20–25 oktyabr) - Qarabağa giriş koridorunun açılması. Şuşa əməliyyatı (8 noyabr) - sərkərdəlik fenomeninin ən parlaq nümunəsi. Dağlıq-relyef şəraitində yalnız xüsusi hazırlıqlı qüvvələrin edə biləcəyi döyüş taktikası.

Ali Baş Komandan bu tarixi anı belə qiymətləndirmişdi: “Şuşanın işğaldan azad edilməsi xüsusi təyinatlılarımızın qəhrəmanlığının, xalqımızın iradəsinin və tarixi ədalətin təntənəsidir.”

“Dəmir yumruq” modeli

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun ardıcıl və planlı irəliləyişi təsadüfi deyil, uzun illər ərzində qurulan müasir ordu modelinin nəticəsi idi. “Dəmir yumruq” ifadəsi hərbi-siyasi termin kimi ilk dəfə məhz bu dövrdə rəsmi məkanlarda səsləndi və daha sonra qələbənin rəmzinə çevrildi.

2003–2020-ci illər ərzində Azərbaycanın hərbi büdcəsi dəfələrlə artdı və bu, modernləşdirmə prosesinin əsas dayaqlarından biri oldu. Türkiyə, İsrail və digər tərəfdaş ölkələrlə aparılan hərbi-texniki əməkdaşlıq nəticəsində Azərbaycan döyüş meydanında müasir texnoloji üstünlük qazandı. Xüsusilə, zirehli texnika parkının yenilənməsi, yüksək dəqiqlikli artilleriya sistemləri, tank əleyhinə modern vasitələr, PUA-ların (Bayraktar TB2, Harop, Orbiter) döyüş əməliyyatlarına inteqrasiyası ordunun döyüş qabiliyyətini keyfiyyətcə dəyişdirdi.

Müharibənin gedişində bu üstünlük açıq şəkildə göründü: düşmənin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması, zirehli texnikasının məhv edilməsi və ön xətdə böyük itkilərə məruz qalması məhz texnoloji üstünlüyün nəticəsi idi.

Azərbaycan Ordusunun müasir obrazı təkcə texniki silahlanma ilə formalaşmırdı; əsas amil peşəkar zabit korpusu idi. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən təlim proqramları, NATO standartlarına uyğun hazırlıq, komando modelinin tətbiqi orduda yeni döyüş məktəbi yaratdı.

Şuşa əməliyyatı bu hərbi məktəbin zirvəsi idi - çətin relyef şəraitində piyada xüsusi təyinatlıların dağ-döyüş taktikası ilə şəhərə daxil olması müasir hərbi planlaşdırmanın nümunəsi kimi tarixə düşdü.

Müharibənin əsas taktiki üstünlüyü kəşfiyyat və PUA sinerjisi oldu. Azərbaycan ilk dəfə olaraq kəşfiyyat məlumatlarının real vaxtda PUA sistemləri ilə inteqrasiyasını tətbiq etdi. Bu model, düşmən texnikasının dəqiq məhv edilməsinə, canlı qüvvənin yeri barədə yuxarı dəqiqliklə məlumat alınmasına, koordinatların saniyələr içində artilleriyaya ötürülməsinə, düşmənin dərinliklərindəki hədəflərin məhv edilməsinə imkan verdi.

Ermənistan ordusunun 44 günlük müharibə dövründə itirdiyi texnikanın böyük hissəsi məhz kəşfiyyat–PUA inteqrasiyasının nəticəsi idi. Bu, “Dəmir yumruq” modelinin texnoloji dayağını təsdiqlədi.

Diplomatiya və hərbi güc koordinasiyası

Azərbaycanın 44 günlük müharibədə qazandığı üstünlük yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Hərbi güc diplomatiya, beynəlxalq hüquq və müttəfiqlik sistemi ilə paralel şəkildə işləyirdi. Bu qarşılıqlı təsir müharibənin legitimliyini dünyaya göstərdi və siyasi nəticələrin birmənalı qəbul edilməsini təmin etdi.

Azərbaycan müharibədə bütün addımlarını beynəlxalq hüququn tam legitim çərçivəsində həyata keçirdi. Bunu təsdiqləyən əsas sənədlər BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, Avropa Şurasının və Avropa Parlamentinin qərarları, Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədləri idi.

Bu sənədlər Azərbaycanın müharibədə “torpaqları işğaldan azad etmə” adlı tam hüquqi mövqeyini legitimləşdirirdi. Prezident İlham Əliyev bunu dəfələrlə vurğulamışdı ki, biz öz torpağımızda vuruşuruq və beynəlxalq hüquq bizim yanımızdadır. Bu çərçivə Azərbaycanın informasiya savaşında üstünlüyünü təmin etdi.

Müharibə dövründə Türkiyə ilə strateji tərəfdaşlıq Azərbaycan üçün mühüm siyasi arxa təminat oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı regionda güc balansını dəyişdi və Ermənistanın genişmiqyaslı müharibə eskalasiyası ehtimalını sıfıra endirdi. 2021-ci ilin 15 iyununda Şuşada imzalanmış Şuşa Bəyannaməsi isə bu tarixi müttəfiqliyin hüquqi əsasını möhkəmləndirdi.

Qələbədən sonra Cənubi Qafqazda güc balansı köklü şəkildə dəyişdi: Ermənistanın hərbi-siyasi təsir imkanları minimuma endi, Azərbaycan regional enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi, Zəngəzur dəhlizi bölgənin strateji kommunikasiya xəritəsini dəyişmək potensialına malik oldu, Türkiyə–Azərbaycan müttəfiqliyi regionda stabillik yaradan əsas güc mərkəzinə çevrildi.

Bununla Azərbaycan təkcə müharibədə deyil, regionun siyasi konfiqurasiyasında da qalib dövlət kimi mövqeyini möhkəmləndirdi.

Post-Zəfər dövrü yeni strateji mərhələni müəyyənləşdirdi.

44 günlük Zəfər işğala son qoymaqla yanaşı Azərbaycanın qarşısında yeni strateji vəzifələr açdı. Post-Zəfər dövrü həm quruculuq, həm də dövlətçilik fəlsəfəsinin yenilənməsi mərhələsidir. Qarabağda genişmiqyaslı bərpa işləri, reinteqrasiya proqramları və regional güc balansının dəyişməsi bu mərhələnin əsas istiqamətlərini təşkil edir.

Post-müharibə dövrünün əsas istiqamətlərindən biri Qarabağın müasir şəhərsalma standartları əsasında yenidən qurulmasıdır. Azərbaycan bu prosesi “ağıllı şəhər” və “ağıllı kənd” modellərinə uyğun olaraq həyata keçirir. Bu yanaşma həm idarəetmədə rəqəmsallaşmanı, həm də ekoloji və enerji baxımından dayanıqlı memarlığı birləşdirir. Yeni yaşayış məkanlarının strukturunda rəqəmsal idarəetmə sistemləri, günəş və külək kimi alternativ enerji mənbələrindən istifadə, sensor əsaslı nəzarət infrastrukturunun qurulması, ağıllı su və tullantı idarəetməsi, eləcə də enerjiyə qənaət edən memarlıq həlləri tətbiq olunur.

Zəngilan rayonunun Ağalı kəndi bu modelin ilk real nümunəsidir. Burada yaşayış məhəllələri tam ağıllı infrastruktur əsasında qurulmuş, ailələrin mərhələli şəkildə geri qayıdışı həyata keçirilmişdir.

Qarabağda bərpa prosesinin əsas strateji dayaqlarından birini genişmiqyaslı infrastruktur layihələri təşkil edir. Regionun yenidən qurulması çərçivəsində Füzuli Beynəlxalq Hava Limanı (26 oktyabr 2021-ci il), Zəngilan Beynəlxalq Hava Limanı (20 oktyabr 2022-ci il), Laçın Beynəlxalq Hava Limanı (28 may 2025-ci il) istifadəyə verilib. Bununla yanaşı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz–Ağbənd dəmir yolu və Zəngəzur dəhlizinin Azərbaycan ərazisində inşa olunan hissəsi kimi strateji nəqliyyat xətləri regionun logistika potensialını əhəmiyyətli dərəcədə artırır. Şuşa, Füzuli və Zəngilanda yeni elektrik yarımstansiyalarının qurulması, həmçinin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi formalaşdırılması bərpa işlərinin dayanıqlı enerji bazası ilə təmin edilməsinə xidmət edir. Bu kompleks infrastruktur layihələri Qarabağın ölkənin ümumi iqtisadi məkanına sürətli inteqrasiyasını təmin etməklə yanaşı, regionu yeni inkişaf mərhələsinə çıxarır.

Zəfərdən sonra formalaşan yeni regional reallıq Azərbaycanın beynəlxalq mövqeyini də gücləndirib. Şuşa Bəyannaməsi Türkiyə - Azərbaycan strateji müttəfiqliyini yeni mərhələyə yüksəldərək Türk Dövlətləri Təşkilatında müdafiə, nəqliyyat, enerji və humanitar sahələrdə inteqrasiyanı genişləndirib. Qarabağ Zəfəri həmçinin enerji-logistika xəritəsini yeniləyərək Azərbaycanın Orta Dəhliz, Bakı–Tbilisi–Qars və Cənub Qaz Dəhlizi kimi layihələrdə rolunu daha da artırıb. Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşır: Ermənistanın təcavüz siyasətinin iflası, Azərbaycan–Türkiyə müttəfiqliyinə əsaslanan sabitlik modeli və yeni kommunikasiya xətlərinin yaratdığı qarşılıqlı asılılıq regionu uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq məkanına çevirir. Bu reallıq Azərbaycanı həm regional, həm də qlobal miqyasda təsir imkanları artan aparıcı dövlətə çevirir.

Zəfərin mənəvi kodu

44 günlük Vətən müharibəsi Azərbaycanın həm hərbi-siyasi, həm də mənəvi dünyasını yenidən formalaşdıran tarixi hadisə oldu. Bu qələbənin arxasında xalqın əsrlər boyu formalaşmış dəyərləri, şəhidlik zirvəsi, qəhrəmanlıq iradəsi və Qarabağın mədəni dirçəlişi dayanır. Zəfər Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında milli həmrəyliyin, əzm və iradənin ən ali təzahürü kimi yer aldı.

Bu mənəvi kodun ən uca nöqtəsini şəhidlik anlayışı təşkil edir. Qarabağın azadlığı minlərlə qəhrəmanın canı və qanı bahasına təmin olundu. Şəhidlərin xatirəsinə ucaldılan memorial komplekslər, onların adını daşıyan məktəblər, parklar və prospektlər yalnız xatirə məkanı deyil, həm də gələcək nəsillərə ötürülən tarixi məsuliyyətdir. Qarabağın hər qarışı bu əmanətin daşıyıcısıdır. Prezident İlham Əliyevin “Şəhidlərimizin qanı yerdə qalmadı. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq” sözləri Zəfərin mənəvi əsaslarını ən dəqiq ifadə edən cümlədir.

Vətən müharibəsinin qaziləri - xüsusi təyinatlılar, komando bölmələri və peşəkar zabit heyəti - müasir dövr üçün yeni qəhrəmanlıq modelini formalaşdırdı. Dövlət tərəfindən həyata keçirilən reabilitasiya, mənzil, məşğulluq və psixoloji dəstək proqramları dövlətin öz qəhrəmanlarına borc bildiyi mənəvi ehtiramın təzahürüdür. Qazilərin cəmiyyətdə artan nüfuzu gənc nəslin vətənpərvərlik dərkini gücləndirən mühüm amildir.

Qarabağın mədəni dirçəlişi də Zəfərin mənəvi kodunun ayrılmaz hissəsidir. İşğal dövründə vandalizmə məruz qalmış tarixi şəhərlər, məscidlər və mədəniyyət ocaqları bu gün yenidən bərpa olunur. “Xarıbülbül” festivalının və “Vaqif Poeziya Günləri”nin bərpa edilməsi, Qarabağ musiqi və incəsənət məktəbinin canlandırılması, tarixi məscidlərin restavrasiyası bölgənin mədəni ruhunu yenidən dirildir. Qarabağ bu gün yalnız azad olunmuş torpaq deyil, milli kimliyin, yaradıcılıq enerjisinin və mədəniyyətin yenidən doğuluş məkanıdır.

Bu mənəvi dirçəlişin zirvəsi isə Şuşadır. Şuşanın azad olunması Azərbaycan xalqının yaddaşında həm tarixi ədalətin bərpası, həm də milli özünüdərkin möhkəmlənməsi kimi qəbul edilir. Şuşanın mədəniyyət paytaxtı kimi bərpası, tarixi abidələrin restavrasiyası və 2022-ci ilin “Şuşa İli” elan olunması bu şəhəri post-Zəfər dövrünün ideoloji simvolu səviyyəsinə yüksəldib. Şuşa bu gün Azərbaycan mədəniyyətinin yenidən doğulduğu, Türk dünyasını birləşdirən, dövlətçilik fəlsəfəsini dərinləşdirən strateji mənəvi məkandır.

Bu mənəvi kod - şəhidlik zirvəsi, qəhrəmanlıq ənənəsi, mədəni dirçəliş və ideoloji yenilənmə - Zəfərin keçmişin qələbəsi, gələcəyin də dayaq nöqtəsi olduğunu göstərir.

Beş il əvvəl əldə edilmiş Zəfər Azərbaycan dövlətçiliyinin son onilliklərdə keçdiyi yolun ən yüksək zirvəsi oldu.  Bu Zəfər sadə həqiqəti təsdiq edir: Azərbaycan Zəfəri təsadüfən qazanmadı, strateji düşüncə, siyasi iradə, hərbi güc və milli birlik nəticəsində qazandı. Qarabağ artıq təkcə tarixin bərpası deyil, gələcəyin inşasıdır. Bu Zəfər bundan sonra da dövlətin inkişaf xəttini müəyyən edən, milli özünüdərk hissini gücləndirən, beynəlxalq mövqeyini möhkəmləndirən əsas strateji dayaqlardan biri olaraq qalacaq.

Zəfərin beş illiyi bir daha sübut edir ki, Azərbaycan torpaqlarını azad etməklə öz tarixini, kimliyini və gələcəyini də yenidən təsdiq etdi.

Pərvanə Rzayeva

Pedaqogika üzrə fəlsəfə doktoru

ADPU-nun Quba filialının şöbə müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see327

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see195

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see184

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see144

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see131

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see126

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see126

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

Zəfər paradı: “İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi”

08 Noyabr 2025 17:26see125

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri