Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Bəxtiyar Vahabzadə -100
Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı, elmi və ictimai fəaliyyəti ilə tanış olduqca , onun zəngin ədəbi irsini varaqlıdıqca yazı-pozu adamı kimi istər- istəməz ürəyindən nəsə demək, nəsə yazmaq keçir. Heç şübhəsiz O, öz təkrarsız poeziyası və fəlsəfi dramaturgiyası ilə ədəbiyyat xəzinəmizə misilsiz töhfələr verən, fundamental ədəbi tədqiqatları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirən, pedaqoji fəaliyyətilə gənc nəslin milli ruhda tərbiyyə olunmasında, milli mənəvi dəyərlərin onlara aşılanmasında və milli təfəkürün formalaşmasında müstəsna xidmətləri olan nadir söz adamı və görkəmli tədqiqatçı kimi ədəbiyyat tariximizə daxil olmuşdur. Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamında deyildiyi kimi: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”.
Hələ sağlığında simvollaşmış B. Vahabzadə keçən əsrin 60-cı illərində, əsasən ədəbiyyatımızda özünü təzahür edən milli azadlıq ideyalarınının və hərəkatının əsas aparıcı şəxslərindən biri kimi, müxtəlif ədəbi üsullardan və obrazlardan ustalıqla istifadə edərək, “Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir”. Nə qədər təkrar olsa də bu səpkili əsərləri sırasında onun bir vaxtlar qadağan edilmiş, lakin xüsusi ilə gənclər arasında əl-əl gəzən və əzbər oxunan, Azərbaycanımızı ikiyə bölən tarixi ədalətsizliyə həsr olunmuş “Gülüstan” poemasının adını xüsusi ilə qeyd etmək istərdim.
Fikrimcə, Xalq şairi Bəxtuiyar Vahabzadənin 100 illik yubileyi ilində və Səməd Vurğunun 120 illiyi ərəfəsində Bəxtiyar Vahabzadənin elmi-bədii yaradıcılığının ana xəttini təşkil edən Səməd Vurğun obrazı oxucular üçün maraqlı araşdırma mövzusu ola bilər.
Hər iki sənətkar həm yaradıcılıq, həm də şəxsiyyət baxımından öz dövrlərinin ən mükəmməl və nüfuzlu simaları olmuş və onların həyatının və yaradıcılığının əsas dövrü Sovet hakimiyyəti illərinə düşür. Bu baxımdan düşünürəm ki, mənim bu yazıda “Sovet” ifadəsindən istifadə etməyimi oxucular obyektiv qəbul edəcəklər. Qeyd etməyi zəruri hesab edirəm ki, Sovet dövründə yaradılmış ədəbiyyat nümunələri, ədəbiyyat xəzinəmizin ayrılmaz bir hissəsini təşkil edir. Azərbaycan ədəbiyyatının yaradıcı nəslinin nəhəngləri hesab etdiyimiz nümayəndələri nə qədər repressiya terroru, ideoloji təsir və basqı altında yaşamalarına və işləmələrinə baxmayaraq, onların yaratdığı əsərlər, ədəbiyyat xəzinəmizin bir çox inciləri həmin dövrdə yaranmışdır. İdeoloji quruluşun və insan münasibətlərinin bütünlüklə dəyişməsinə rəğmən onların böyük əksəriyyəti öz bədii və mənəvi dəyərini bu gün də qoruyub saxlaya bilmişdir.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğun milli köklərinə, adət və ənənlərinə, möhkəm bağlı olan, öz xalqını, Vətənini, dilini ilahi bir məhəbbətlə sevən, fitri istedadı və güclü mütaliəsi sayəsində klassik Azərbaycan və şifahi xalq ədəbiyyatına, eləcə də SSRİ və dünya ədəbiyyatına dərindən bələd olan, yaşadığı dövrdə dünyada baş verən olayları, prosesləri, hadisələri yaxşı bilən, onladan baş çıxaran, öz əsərləri və fəaliyyəti ilə mənsub olduğu xalqın və dövlətin mənafeyi naminə hadisələrin gedişinə təsir etməyə çalışan, son dərəcə milli və milli olduğu qədər də beynəlmiləlçi olan misilisiz bir şəxsiyyət olmuşdur. O, təkcə Azərbaycan Sovet ədəbiyyatının deyil, bütünlüklə Sovet ədəbiyyatının körkəmli nümayəndələrindən biri olmuş, həyat və yaradıcılığı haqqında bu günədək minlərlə məqalə, xatirə, oçerk yazılmışdır. Təkcə böyük şairin 50 illik yubiley günlərində ünvanına dünyanın müxtəlif guşələrindən mindən çox təbrik məktubu daxil olmuşdur. Onun qartal vüsətli poeziyası, ayrı-ayrı əsərləri haqqında sovet ədəbiyyatının və ədəbiyyatşünaslığının Aleksandr Fadeyev, Nikolay Tixonov, Konstantin Simonov, Mehdi Hüseyn, Mirzə İbrahimov, Kamal Talıbzadə, Maksim Rılski, Georgi Leonidze, Semyoн Trequb, Vladimir Oqnev, Aeksandr Deyev, Məsud Əlioğlu, Məmməd Arif, Mir Cəlal, Cəfər Cəfərov, Heydər Hüseynov, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Cəlal Abdullayev kimi görkəmli nümayəndələri yüksək qiymət vermişlər. Azərbaycanın Osman Sarıvəlli, Süleyman Rəhimov, Hüseyn Arif, Məmməd Araz kimi söz ustadları və digərlərinin baş qəhrəmanı Səməd Vurğun olan dəyərli və maraqlı bədii əsərlər yazmış, şairlərimiz Səməd Vurğuna həsr olunmuş minlərlə şeir nümunələri yaratmışlar. Şairin böyük qardaşı görkəmli maarifçi və ictimai-siyasi xadim Mehdixan Vəkilov, məşhur tədqiqatçı Şəmistan Nəzirli, şairin həyat və yaradıçılığının ayrı-ayrı məqamları haqqında maraqlı xatirələrdən ibarət kitablar nəşr etdirmişlər.
Maraqlı faktdır ki, Səməd Vurğun yaradıcılığına ilk monoqafik araşdırma həsr edən məhz Bəxtiyar Vahabzadə olmuşdur. O, hələ böyük şairin sağlığında, 1951-ci ildə, 26 yaşında olarkən “Səməd Vurğunun poeziyası” mövzusuna müraciət etmiş və 1954-cü ildə disertasiyanı müdafiə edərək, bu disertasiya əsasında “Səməd Vurğun” monoqrfiyasını nəşr etdirmişdir. Bu tədqiqat işi ilə Bəxtiyar müəllim ədəbiyyatşünaslıq elmimizi zənginləşdirərək, bu xəzinəyə yeni bir mövüz- Vurğunşünaslıq mövzusu gətirmişdir. Bəxtiyar Vahabzadədən sonra həmin mövzuya daha 19 nəfər müraciət etmiş, ümumilikdə bu mözuda 19 namizədlik, 3 doktorluq disertasiyası müdafiə edilmişdir. Sözsüz ki, Bəxtiyar Vahabzadə də digər ədəbi nəsildaşları kimi ( Nəbi Xəzri, İslam Səfərli, Əliağa Kürçaylı, Adil Babayev, Hüseyn Arif, Məmməd Araz, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk və b.) özünü Səməd Vurğun məktəbinin nümayəndəsi hesab edirdi. Ustadın yaradıcılığına müraciətin bir səbəbi də Səməd Vurğun şəxsiyyətinə dərin sevgidən, heyranlıqdan və hörmətdən irəli gəlirdi. Səməd Vurğunun poeziyasının sehrinə düşən və onu oxuduqca, araşdırdıqca bu sehrdən, bu hikmətdən vəcdə gələn Bəxtiyar Vahabzadə yazırdı: “Mən bu ustad şairi hər dəfə oxuyanda elə bir tilsimə düşürəm ki, bu tilsimin nə adını, nə ünvanını, nə ilkini, nə də sonunu tapa bilirəm. Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş bu sənət xalqın dühası kimi zəngin və zənginliyi qədər də sadədir. Bizi çaşdıran da bu sehrli sadəlikdir. Bu sənət bizi sadəliyi, büllurluğu və bu sadəliyin içindəki müdrikliyi ilə sehrləyir. Əsl və böyük sənətin də sirri izaha çətin gələn bu sadəlikdə və bu sadəlik içindəki qeyri-adilikdədir”.
Bəxtiyar müəllimin “Səməd Vurğun poeziyası” monoqrafiyasında Səməd Vurğunun təkcə poeziyası təhlil edilmir, həm də onun onun poemaları da, dramaturgiyası nəzərdən keçirilir. Güman etmək olardı ki, Bəxtiyar Vahabzadə elə Səməd Vurğun yaradıcılığı haqqında ədəbiyyatşünaslıq elmində bir cığır açmaqla kifayətələnəcək və estafeti özündən sonra gələnlərə ötürəcək. Ancaq belə olmadı. O, Səməd Vurğunun ömür və yaradıcılıq yolu haqqında tədqiqatlarını davam etdirərərk, dövrü mətbuatda məqalələrlə, xatirə-yazılarla, o cümlədən elmi məqalələrlə çıxış edir. Görünən odur ki, Bəxtiyar Vahabzadə nə tədqiq etdiyi Səməd Vurğun poeziyası ilə, nə də ondan sonrakı dövrlərdə yazdığı məqalələri ilə kifayətlənmir, doktorluq disertasiyasını da Səməd Vurğuna həsr edir. Xalq şairi Bəxtiyar Vahabzadə “Xalq şairi Səməd Vurğun “ kitabında həm də öz yaradıcılıq məqamını ortaya qoyur: “Əlimə qələm aldığım gündən S.Vurğun yaradıcılığı həmişə məni düşündürmüş, onun əsəsrləri, əsərlərindən ayri-ayrı parçalar yaddaşımda, qəbimdə həmişə yaşamış, bu böyük irsə yaşımın müxtəlif çağlarında dönə-dönə qayıtmışam”. Fikirlərini davam etdirərək Bəxtiyar Vahabzadə deyir: “Vəfatından 30 ilə yaxın bir müddət keçən, cismani həyatı ilə bizdən uzaqlaşan, uzaqlaşdıqca bizə mənan daha da yaxınlaşan şairin sənətindəki ecazı, bizə ildən-ilə daha da doğmlaşmasının sirri barədə həmişə düşünürəm. Bunun səbəbini tapmaq, sənətin sirrini və təsirindəki möcüzəni tapmaq deməkdir. Bir şair kimi yaradıcılığının 35 illik yolunu keçəndən, bu yolun ağrı-acılarını, əzab və sevinclərini dadandan sonra, sənətindən həmişə öyrəndiyim bu şairin ildən-ilə yeiləşməsinin sirrini ömrümün bu çağında bir daha dərk etmək, xalqımız və çoxəsirli ədəbiyyatımız qarşısında bir növ hesabatımdır... Füzuli şeirindəki obrazlar silsiləsinin ecazına heyrət etdiyimiz qədər, Səməd şeirindəki sadəliiyə, səmimiyyətə, axıcılığa və ürəyəyatımlılığa məftun oluruq. ”
Bu qədər səmimi və sadə. Qüdrətli söz ustadı Bəxtiyar Vahabzadənin Səməd Vurğun haqqında yazdığı monoqrafiyaları oxuduqca mütəfəkir və vətənpərvər şairin nəhəng obrazı bütün möhtəşəmliyi ilə gözlərin qarşısında canlanır. Əsərlə tanış olduqca Bəxtiyar Vahabzadəyə bir tədqiqatçı-şair kimi , həm də Səməd Vurğun şəxsiyyətinə obyektiv və yüksək dəyər verən bir ədəbiyyat fədaisi kimi böyük rəğbət və minnnətdarlıq hissləri yaranır. Bunula belə çox maraqlıdır ki, ömrünün və elmi fəaliyyətinin əhəmiyyətli bir hissəsini bu müqəddəs işə həsr etmiş müəllif mütəvaze bir şəkildə bu böyük tədqiqatı sadəcə bir təşəbbüs kimi dəyərləndirərək yazır: ”Əlbətdə belə bir şairin mürəkkəb, çoxcəhətli yaradıcılığını, bu yaradıcılığın ən mühüm xüsusiyyətlərini təhlil etmək üçün...şairin özü kimi düşünmək, özü kimi duymaq, onun özü kimi dünya hadisələri ilə qaynayıb qarışmaq, xalqların taleyi ilə yaşamaq, onların dərdləri ilə alışmaq, yanmaq lazımdır. Bu mənada oxucularımıza təqdim etdiyimiz kitabla biz bu böyük işin öhdəsindən layiqincə gələ bilmək iddiasında deyilik. Biz bu əsəri şairin böyük irsinin küll halında öyrənmək işində bir təşəbbüs hesab edirik.” Bəxtiyar müəllim Səməd Vurğunu tədqiq etdikcə, onun həyat və yaradıcılığını öyrəndikcə bu qeyri-adi şəxsiyyətə heyranlğını universitet auditriyalarında ozünəməxsus ifadə tərzi ilə oxucuya təqdim edir: “...Böyük şairin yaradıcılığı xalqımızın keçmişini, bu gün və gələcəyini əks etdirən nəhəg güzgüyə bənzəyir. Bu güzgüdə xalqın sevinci də , kədəri də, xəyalı da, arzusu da, hissi də, düşüncəsi də , həyatı da, folkloru da müəyyən ölçüdə öz əksini tapmışdır...S,Vurğun yaradıcılığı küll halında dünyagörmüş, sinəsi xəzinə, ağsaçlı müdrik bir qocaya bənzəyir...Bu qoca Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanı Azər babanın özüdür. Azərbaycan xalqının “Avesta” dövründən bu günə qədərki tarixi-Nizami qüruru, Füzuli kədəri, Xaqani mubarizliyi, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin “Azərbaycan” şeiridir”.
Vurğunsevərlərə məlumdur ki, milli ziyalılarımız kimi Səməd Vurğun da müdhiş 37-ci illərin ağrı-acılarını yaşamışdı. Həmin dəhşətli olaylar 1948-ci ildən sonra da təkrar olunmuşdu. Həmin illərdə Səməd Vurğunun başında qara buludlar yenidən dolaşmaqda idi və ona qarşı yönəlmiş şər və böhtanlar səngimirdi. Həmin illərdə onun yazdığı ”Azərbaycan”, ”Ellər dünyası”, “Həsrət” , “Ala gözlər” və digər şeirləri, “Aygün”, “Bəsti”,”Bakının dastanı” poemaları və “İnsan” pyesi qərəzli tənqidlərə məruz qalmışdı. Və müəllifin Səməd Vurğun monoqrafiyasını oxuduqca, onun qəlbinin içindən gələn kövrək hisslərin şahidi olursan. Şairə ünvanlanmış bu haqsızlıqlar bir tədqiqatçı şair kimi Bəxtiyar Vahabzadənin də monoqrafiyasında ətraflı yer almışdır. Həmin tənqidi haqsıszlıqları bütün bəxtiyarsayağı emossionallıqlaı ilə qələmə alaraq müəllif yazır: ”Şairə olan ümumxalq məhəbbəti rəyasət düşkünlərini çox narahat edirdi. Başqa sözlə desək, bu karyeristlər şairin gündən –günə artan nüfuz və şöhrətindən qorxuya düşüşdülər. Həmin illərdə şair “Aygün” poeması üzərində işləyirdi.(1950—1951) 1952-ci ilin yanvar ayında(“Azərbaycan” 1952 №1) dərc olunan kimi əsər amansızcasına tənqid atəşinə tutldu. Əslində bu ədəbi tənqiddən çox təhrif idi. Bütün bu hücumlardan kədərlənən şair, ona böhtan atan, onu incidən adamların iç üzünü açan bir neçə şeir yazır, lakin çap etdirmir. (“Mefistofel”, “Müxənnət”, Ax paxıllar” və s.)... Şair, əsərlərinə edilən əsassız hücumlardan və verilən ağır ittihamlardan ruhdan düşmür, gələcəyə, özünün haqlı olduğuna qəti inanırdı.” Maraqlıdır, Səməd Vurğunun vəfatından 70 il keçməsinə, bir-neçə ədəbi nəslin dəyişməsinə baxmayarq, böyük şair bu gün də tənqid atəşinə tutulur. Əslində yoxluğundan keçən bu onilliklər ərzində mütəfəkiir və vətəndaş şairin şəxsiyyətinin də, yaradıcılığının da gündəmdən düşməməsi, şər və böhtanlara düçar olması onun böyüklüyünə, dahiliyinə dəlalət edir. Lakin bununla belə adama təsir edən odur ki, ona çamur amağa cəhd edən məxluqlar istər yaradıcılıq, istər şəşəxsiyyət, istərsə də xalqa, vətənə xidmət baxımından Səməd Vurğunun ayağının tozuna belə layiq deyillər. Görünür Əlisa Nicat və onun kimi “mefistofellər, bədxahlar, xəbislər, müxənnətlər, bir sözlə şər qüvvələr bu gün də var və xalq şairi Bəxtiyar Vahabzadənin bu əsərləri Səməd Vurğuna sağdan-soldan çamur atmağa çalışanlara ən tutarı cavabıdır.
Bəxtiyar Vahabzadənin Səməd Vurğun haqqında yazdığı məqalələri və monoqrafiyaları Səməd Vurğunun şəxsiyyətini və yaradıcılığını, onun xalq və Vətən qarşısında xidmətlərini, Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində və eləcədə ictimai-siyasi həyatında yerini müəyyənləşdirməyə və onu istər müasirlərinə, istərsə də gələcək nəsillərə təqdim etməkdən ibarət olmuşdur və əminliklə qeyd edirəm ki, müəllif öz məqsədinə yüksək səviyyədə nail olmuşdur. Və Bəxtiyar müəlliim qüdrətli bir sənətkar və tədqiqatçı ustalığı ilə Səməd Vurğunun fəlaiyyətinin elə incə məqamlarını və elə bir sadə, axıcı, ürəyəyatan və səmii dillə oxucaya təqdim edir ki, oxucu həm müəllifin, həm də Səməd Vurğunun möhtəşəmliyinə heyran qalmaya bilmir.O yazır: ”Səməd Vurğun böyük sənətkar olmaqla yanaşı, böyük təbiətə malik alicənab bir insan idi. Xalq arasında mövcud olan saysız hesabsız xatirələr, topladığımız çoxlu yazılı məlumatlar şairə olan intıhasız xalq ehtiramını təsdiq edir”. Dediklərinin təsdiqi üçün müəllif Səməd Vurğunla bağlı çox maraqlı, kökvrək və kövrək olduğu qədər də son dərəcə həssas məqamları özündə əks etdirən çoxsaylı nümunələr gətirir və mən, bu kitaba daxil edilən iki xatirəni nümunə gətirmək istəyirəm. Birinci xatirə vaxtilə “Sovetskoe İskustvo” qəzetinin və “Teatr” jurnalının baş redaktoru olmuş, müharibə illərində “Za rodinu” adlı cəbhə qəzetinin əməkdaşı olan İohan Altmanla şairin məktublaşmasından danışılır. İ. Altmanın məktubunda yazılmışdı: ”Əziz dostum Səməd! Sənin hədiyyəni və məktubunu aldım...Çox sağ ol! Deyirəm ki, hədiyyə vaxtında çatmışdır. Həmin gün mənə “Qızıl Ulduz” ordeni vermişdilər. Təsəvvür edirsənmi, cəbhəçi komandir öz azərbaycanlı dostundan gözəl bir şeir kitabı, səmimi məktub və birdə iki il həsrətlə gözlədiyi, arzusunda olduğu konyak almışdır...Biz ilk badələrimizi qələbəmizin sağlığına, ikinci badəni sənin sağlığına, sənin istedadının sağlığına və Sovet Azərbaycanının sağlığına içdik”.
Bu yazı üzərində işləyəndə sosial şəbəkədə, fasebook istifadəçisi Həqiqət xanım İbrahimovanın səhfəsində Bəxtiyar müəllimin daha bir heyrətamiz xatirəsinə rast gəldim: ”Xalq şairi Səməd Vurğun xəstəxanada idi. Bir dəfə Yusiflə onun yanına getmişdik. Ordan-burdan danışandan, hal -əhval tutandan sonra üzünü mənə tutb soruşdu ki, Bəxtiyar, yaradıcılıqda nə yenilik var? Təzə nə yazmısan? Yusif Səmədoğlu dedi ki, ata, Bəxtiyar bir gözəl şeir yazıb. Amma qəzetlər dərc eləmir. Deyirlər ki, millətçi şeirdir. Səməd Vurğun soruşdu ki, şeir burdadırmı? Mən cibimdən şeir yazılmış vərəqi çıxardıb ona verdim. Səməd Vurğun şeiri diqqətlə oxudu. Sonra qələmini götürüb həmin vərəqdə şeirin adı ilə birinci bəndin birinci misrası arasındakı boş yerdə- epiqraf, ithaf yerində öz əli ilə yazdı: ”Biz Vətənimizi, millətimizi və dilimizi sevirik. V.İ.Lenin”. Üzünü mənə tutdu:
-Sabah aparıb verərsən “Kommunist” qəzetinə...
Mən də onun dediyi kimi etdim”. Bir gün sonra Bəxtiyar Vahabzadənin məşhur “Ana dili “ şeiri o dövrün əsas mətbu orqanı sayılan “Kommunist” qəzetinin ilk səhfəsində dərc olundu.
Sözsüz ki, İstiqlal şairimiz, görkəmli ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı tarixində Vurğunşünaslıq elmimizin banisi, onun ilk və nüfuzlu kimi qalacaqdır. Bununla belə, Səməd Vurğunun şəxsiyyəti və yaradıcılığı o qədər zəngin, o qədər intəhasız, sirli və sehrlidir ki, düşünürəm, zaman keçəcək, yeni tədqiqatçılar nəsli bu mövzuya dönə-dönə müraciət edəcək, bu böyük şəxsiyyətin və şairin fəaliyyətində yeni rənglər, yeni çalarlar və yeni mənalar tapacaqdır. Və hər dəfə də qiymətli bir mənbə kimi hökmən Bəxtiyar Vahabzadənin “Vurğunnamə”sinə müraciət edəcəklər.
Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı boyu Səməd Vurğunu təkcə tədqiq etməmiş, həm də zaman-zaman onu bədii yaradıcılığında tərənnüm etmişdir. Onun, ustadına həsr etdiyi ilk şeir 1956-cı il may ayının 28-də yazılmışdır və “Ayrılıq” adlanır. Cəmi dörd bənddən ibarət olan şeirin birinci üç bəndi məzmun etibarı ilə şairin vəfatə ilə əlaqədar müəllifin yaşadığı böyük kədəri ifadə etsə də , şeirin son bəndi nikbin sonluqla bitir və müəllif, ustadın yalnız cismani ayrılığını ifadə edərək, uzaqgörənliklə onun sənətinin və xatirələrinin min-min əsrlər yaşayacağını əminliklə vurğulayır:
Şirin nəğməkarı elin, obanın,
Obadan ayrılıır, eldən ayrılır.
Tərlan asimandan, qartal qayadan,
Aşığın mizrabı teldən ayrılr.
Qələmi durmadı bir an şairin,
Göy kimi boşalıb dolan şairin.
Səsi bu çöllərdə qalan şairin,
Ayağı dərədən, çöldən ayrılır.
Yas tutub Vurğuna bu Araz, bu Kür,
Bu gün ağlamasın qoy hönkür –hönkür.
Mİn-min əsrlərə qovuşan ömür,
Bu gündən , bu aydan, ildən ayrılır.
Şairin oxuculara təqdim olunan iknci şeiri isə Səməd Vurğunun 70 illiyi münasibətilə qələmə alınmışdır və “Unutmaz səni” adlanır. Müəllifin ustada həsr etdiyi birinci şeirindən 20 il keçməsinə baxmayaraq, şeiri oxuduqca belə bir təəssürat yaranır ki, sanki bu şeir də həmin şeirin davamıdır və ümumilikdə xalq şairi Bəxtiyar Vahabzadənin Səməd Vurğuna həsr etdiyi disertsiyalar, monoqrafiyalar, məqalələr, xatirələr və şeirlər dahi şairin şəxsiyyətinə və yaradıcılığına bitib, tükənməyən məhəbbətindən yaranmışdır.
Şerinə can verdi el məhəbbəti,
Sən eli, obanı duydun dərindən.
Bizim şeirimizin böyük şöhrəti,
Yaranmış yuxusuz gecələrindən
Sazda el dərdinə sən qulaq asdın,
Sevdin bu ağ saçlı Vətəni, şair.
Bir qəlbin eşqini min qəlbə yazdın,
Sən xalqı qalldırdın, xalq səni şair.
Vətən torpağıdır ürəyin sənin,
Böyük arzuların qalaq-qalaqdır.
Torpaqdan can alan şeirlərinə,
Vətən çiçəkləri deyilsə haqdır.
P.S.: Böyük Şairin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq, bu ilin iyun ayında biz də ailəmizlə birlikdə, şairin vətəni qədim Şəki şəhərində ev-muzeyini ziyarət etdik, muzeyin eksponatları ilə maraqla tanış olduq, Xatirə kitabında təəssüratlarımızı yazdıq və bu görüşdən xatirə olaraq muzeyin direktoru Elşən Zəkəryəbəyli şairin 100 illiyi münasibətilə nəşr edilmiş şeirlərindən ibarət toplunu- “Hikmət mücrüsü”nü nəvəm Uğura hədiyyə etdi.
Ramiz Göyü, Yazıçı-publisist
Baxış sayı:97
Bu xəbər 06 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















