Beynəlxalq Opera festivalında Azərbaycanı Əməkdar artist Əyyub Quliyev təmsil edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
14 sentyabr - 5 oktyabr tarixlərində Moldovanın paytaxti Kişineuda dünya opera sənətinin görkəmli simalarından biri olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq - Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Niderland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib. Cüzeppe Verdinin “Bal maskarad” operası ilə başlanan festivalın proqramında təqdim olunan “Yevgeni Onegin”, “Sevgi şərbəti” və “Turandot” kimi böyük səhnə əsərləri ilə bərabər, “Don Kixot”, “Romeo və Cülyetta” baletləri də xüsusi maraqla qarşılanıb.
Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri Cakomo Puççinin “Turandot” operası olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılanıb. Operada, eyni zamanda Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı ona daha da rəng qatıb.
Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Milli Opera Teatrının direktoru Nikolau Doxotaru, Milli Filarmoniyanın müdiri Svetlana Bivol və Moldova Radio Simfonik Orkestrinin bədii rəhbəri Georgi Mustya dinləyicilərin arasında xüsusi qonaq qismində iştirak ediblər.
Festival oktyabrın 5-də təntənəli qala konsert proqramı ilə tamamlanıb.


