Bıçaqla kişilik sübutu : Yeniyetmələr arasında təhlükəli düşüncə yayılır
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bir vaxtlar gənclər arasında adi söz atışması ilə bitən mübahisələr getdikcə daha təhlükəli məcraya yönəlir. Kiçik gərginliklər kəsici-deşici alətlərin işə düşdüyü zorakılıq hadisələri ilə nəticələnir. Qatlanan cib bıçaqlarının sərbəst satışı isə bu problemə təkan verən əsas amillərdən biri hesab olunur. Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli məsələ ilə bağlı parlamentdə çıxışında bildirib ki, gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistik məlumatlar göstərir ki, çox vaxt bu hadisələr cibdə gəzdirilən qatlanan bıçaqlarla törədilir. O, təklif edir ki, həmin bıçaqların satışı və istifadəsi qadağan olunsun.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Lakin ekspertlər hesab edirlər ki, məsələnin kökündə duran səbəbləri yalnız bıçaqlarla bağlı məhdudiyyətlərlə həll etmək mümkün deyil.
"Yeniyetmələrin sosiallaşdığı mühiti analiz etməliyik"
Sosial məsələlər üzrə ekspert, sosioloq Üzeyir Şəfiyev problemin dərin sosial təhlilini vacib sayır. Onun fikrincə, qatlanan bıçaqların açıq satışda olması yalnız görünən tərəfdir. Əsas diqqət yeniyetmələri bu hərəkətə vadar edən amillərə yönəlməlidir: "Biz bilməliyik ki, gənclər hansı səbəbdən aqressivləşirlər. İlk növbədə uşaqların və yeniyetmələrin sosiallaşdığı mühiti analiz etməliyik. Sosiallaşma institutları - ailə, məktəbəqədər müəssisələr, məktəb və sosial şəbəkələr uşaqların davranışlarına böyük təsir göstərir. Əgər ailə mühiti psixoloji diskomfort doğurursa, bu travma uşağa keçir və onun davranışlarına təsir göstərir", - deyə Ü.Şəfiyev vurğulayır. O əlavə edir ki, münaqişəli ailələrdə böyüyən uşaqların aqressiv davranışlara meyli daha yüksək olur. Eyni zamanda, məktəb və məktəbəqədər müəssisələrdə bullinq və toksik mühit də gənclərin psixologiyasına mənfi təsir göstərir. Bu faktorlar uşaqların özünəinamını zəiflədir, aqressiyasını artırır və nəticədə bıçaq gəzdirilməsi kimi davranışlara yol açır.
Sosioloq sosial medianın və internet resurslarının da yeniyetmələr üzərində təsirini diqqətə çatdırır: "Sosial şəbəkələrdə və internetdə uşaqlara mənfi təsir göstərən məzmun geniş yayılıb. Cizgi filmləri, aqressiya və zorakılığı təbliğ edən oyunlar uşaqların psixologiyasına zərər verir. Cəmiyyətdə cinayət aləminin qəhrəmanlaşdırılması da problemə əlavə yük gətirir". Ekspert hesab edir ki, yalnız qanuni məhdudiyyətlər yetərli deyil. Sosial mühitin sağlamlaşdırılması, uşaqların psixoloji və emosional dəstəklə təmin olunması, ailə və məktəb mühitinin monitorinqi və sosial medianın etik çərçivəyə salınması da vacibdir.
Qadağa mexanizmi effekt verə bilərmi?
Hüquqşünas Ayazbəy Əhmədov isə qeyd edir ki, problemin kökü qanuni qadağalarda deyil, insanın düşüncə tərzindədir. Onun sözlərinə görə, həyat və sağlamlıq əleyhinə olan, xüsusilə bədən xəsarətinin yetirilməsi ilə bağlı cinayət işlərində müdafiəçi kimi iştirak edən zaman əldə etdiyi təcrübə göstərir ki, bu cür hadisələrin əsas səbəbi psixoloji və ideoloji müstəvidə formalaşır: "Problemlər beyində başlayır. Təfəkkür dəyişmədiyi müddətdə cib bıçaqlarının satışının qadağan edilməsi real nəticə verməyəcək. Əksinə, bu cür qadağalar həmin əşyalara marağı daha da artıra bilər". Hüquqşünasın fikrincə, cib bıçaqlarının satışı dayandırılarsa, kustar üsulla bu vasitələri hazırlayan və bundan qazanc əldə etməyə çalışan şəxslər meydana çıxacaq: "Əgər bir insan düşünürsə ki, şəxsi təhlükəsizliyi üçün ona belə bir alət lazımdır, o, bunu ya özü hazırlayacaq, ya da kiməsə hazırladacaq. Bu, texniki baxımdan çətin proses deyil".
A.Əhmədov millət vəkilinin qadağa təşəbbüsünü xoşniyyətli addım kimi qiymətləndirsə də, bu yanaşmanın praktik nəticə verəcəyinə inanmır. O, buna nümunə olaraq ölkədə pirotexniki vasitələrin satışının qadağan olunmasına baxmayaraq, həmin vasitələrin müxtəlif yollarla əldə edilməsini göstərir. "İstək olduğu yerdə qadağa problemi həll etmir", - deyə hüquqşünas əlavə edir. Ekspertin fikrincə, insanlara silahın daşınmasını qadağan etməkdənsə, həyatın toxunulmazlığı dəyərini aşılamaq lazımdır.
"Bəzi insanlar bu cür alətləri həyat tərzinə çevirir"
A.Əhmədov təcrübəsində rastlaşdığı bir nümunəni də xatırladaraq bildirir ki, bəzi insanlar bu cür alətləri həyat tərzinə çevirirlər. Onun sözlərinə görə, bəzi şəxslər qatlanan bıçağı bir əllə açmaq üçün illərlə məşq edir və bunu o qədər peşəkar şəkildə bacarırlar ki, kənardan müşahidə edənlər belə həmin anda bıçağın istifadə olunduğunu hiss etmirlər: "Bəzi insanlar hesab edir ki, kişinin üzərində mütləq silah olmalıdır. Məhz bu düşüncə tərzini insanların beynindən çıxarmaq lazımdır".
Daxili qorxulara qarşı taxılan cəsarət maskası
Məsələni psixoloji aspektdən dəyərləndirən psixoloq Vəfa Əkbər bildirir ki, gənclərin üzərində kəsici-deşici alət gəzdirməsi yanlış güc nümayişidir: "Həmin gənc fiziki güc və intellektual bacarıqları ilə özünü təsdiq edə bilməyəndə, əlindəki aləti güc mənbəyi kimi istifadə edir. Metal parçası onun gözündə sadəcə alət deyil, daxili qorxularına qarşı taxdığı cəsarət maskasıdır".
Psixoloq əlavə edir ki, gənclər emosiyalarını idarə edə bilmədikləri üçün gərgin anlarda bıçaq və ya başqa soyuq silah dövriyyəyə girir.
V.Əkbər qadağaların yalnız profilaktik rol oynadığını, amma problemin həllini təmin etmədiyini qeyd edir: "Cib bıçaqlarının satışını qadağan edə bilərik, amma bu, gəncin daxilindəki aqressiyanı, qorxu instinkti adı altında yaranan zorakılığı aradan qaldırmayacaq. O, öz aqressiyasını nümayiş etdirmək üçün başqa vasitələr tapacaq. Əsas gəncin düşüncə tərzini dəyişməkdir", - deyə psixoloq izah edir.
Ekspertin fikrincə, gənclər güclü olmağı fiziki deyil, psixoloji olaraq öyrənməlidir. Onlar daxili qorxularını aşmalı, emosiyalarını idarə etməyi bacarmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 01 Fevral 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















