BİR AÇARIN QORUDUĞU ÜMİD
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Rəsul Mirhəşimli
Bəzi adamlar doğma yurdlarını tərk edəndə evlərinin qapısını bağlayıb çıxırlar. Elə bilirlər ki, bir neçə gündən, uzağı bir neçə aydan sonra geri dönəcəklər. Qapının açarı ciblərində qalır. Həmin açarın bir gün yenidən öz qapısının qıfılını yenidən açacağına inanırlar. Günlər bir-bir ötür, günlər aylara, aylar illərə çevrilir. İllər isə insan ömrünü səssizcə öz arxasınca aparır. Bir gün həmin açar artıq bir evin qapısını açmaqdan çox, sahibinin keçmişini qoruyan əşyaya çevrilir. Ən ağır olanı isə budur. Açarı saxlayan adam gedir, açar qalır. Ev dağıdılsa da, quru divarlar gözləyir, kol-kos basmış küçə gözləyir, bulaq gözləyir, dağ gözləyir... Amma qayıdacağına söz verən insanın ömrü gözləməyə çatmır.
Torpaqlarımız işğal altında olduğu otuz ilə yaxın müddətdə insanlarımız belə insanların səssiz hekayələri ilə yaşadı. Onlar doğma evlərinin açarlarını saxladılar. Bəlkə bir gün lazım olar deyə yox, bəlkə bir gün qayıdaram ümidi ilə. O açarlar onların əlində torpağa bağlılığın, qayıdış inamının, heç vaxt ölməyən ümidin nişanəsinə çevrildi. İki nəsil bu dünyadan köçdü. Onların bir qismi gözlərini bu həyata yummazdan əvvəl doğma kəndlərinin adını çəkdi, evini xatırladı, həyətindəki ağacı düşündü, uşaqlıqda içdiyi bulağın suyunu yada saldı. Bəziləri son nəfəsinə qədər qayıdış xəbərini gözlədi. Onlar getdilər, amma gözləntiləri bizə qaldı.
Mən Qubadlı haqqında işğal illərində çox yazmışam. Hər dəfə yazanda elə bilirdim ki, sözlərlə özümə bir yol açıram. Doğma yurddan uzaqda qalan insan üçün yazmaq bəzən danışmaq deyil, nəfəs almaq kimi olur. Uşaqlıq, yeniyetməlik, gənclik illərimin keçdiyi yerləri xatırlayır, bir vaxtlar adi görünən şeylərin necə böyük sərvət olduğunu sonradan anlayırdım. Evimizin həyəti, küçələr, dağlar, bulaqlar, tanış səslər... İşğaldan sonra bunların hamısı yaddaşın içində qaldı. İnsan uzaqda olanda doğma yurdunun hər detalını böyüdür. Bir ağac yalnız ağac olmur, bir küçə təkcə küçə olmur, bir bulaq sadəcə suların axdığı bir çeşmə olmur. Hamısı insanın itirdiyi həyatın bir parçasına çevrilir.
Bəzi yazılarımı dərc olunandan sonra özüm də oxuya bilməmişəm. Oxuyanda kədərlənmişəm, kövrəlmişəm. Bəlkə ona görə ki, o yazılarda yalnız Qubadlının deyil, öz ömrümün itirdiyim bir hissəsi vardı. Otuz illik həsrətin ağrısı vardı. Uşaqlığımın qaldığı torpağın ağrısı vardı. Bir insanın doğulduğu, böyüdüyü yerlərdən ayrı düşməsinin, sonra illərlə həmin yerlərin yolunu gözləməsinin ağrısı vardı. O vaxt yazdıqlarımın hər cümləsində bir nisgil, bir gözlənti, bir “görəsən nə vaxt?” sualı gizlənirdi.
Amma qəribədir, Qubadlı azad olunandan sonra yazdığım bir məqalə məni özündən razı salmadı. İllərlə həsrətini çəkdiyim şəhərin azadlığı barədə yazmışdım, amma sözlər əvvəlki kimi təsirli deyildi. Bəlkə insan dərdini sevincindən daha təsirli anlada bilir. Bəlkə həsrətin öz dili var və o dil illər keçdikcə insanın içində daha aydın danışmağa başlayır. Yaxud bəlkə də otuz il gözlədiyimiz gün gələndə sevincimizin içində başqa bir hiss peyda olmuşdu: “Kaş bunu görmək doğmalarımıza da qismət olaydı...” Qayıdışın sevincinə yetişə bilməyən insanların yoxluğu azadlığın ən kövrək tərəfi idi.
Oğlumun bir yaşı vardı Qubadlını tərk edəndə. Onun uşaqlıq yaddaşında Qubadlı ilə bağlı xatirə yox idi. Mənim yaddaşımda isə hər şey vardı. Onun üçün Qubadlı mənim danışdıqlarım, göstərdiyim şəkillər, söylədiyim xatirələr idi. Mənim üçünsə Qubadlı yaşanmış həyat idi. Oğlum beş yaşında olanda bir dəfə onunla Sumqayıta gedirdik. Avtobusun pəncərəsindən yol kənarındakı təpələri göstərib soruşdu: “Ata, o dağlar Qubadlıya bənzəyir?” O sualın məni necə kövrəltdiyini oğluma heç vaxt danışmadım. Göz yaşlarımı görməsin deyə üzümü pəncərəyə çevirdim və yalnız “Yox, Qubadlının dağları daha ucadır” deyə bildim.
O vaxt uşağın verdiyi sual mənə çox ağır gəlmişdi. İndi düşünürəm ki, həmin sualda təkcə bir uşağın marağı yox, bir nəslin yaddaşla qurduğu münasibət vardı. Oğlum Qubadlını cəmi bir yaşınadək, ağlının kəsmədiyi zamanda görmüşdü, amma Qubadlı onun atasının səsində yaşayırdı. Mən ona öz uşaqlığımı danışdıqca, əslində itirilmiş bir yurdu yeni nəslin yaddaşına köçürürdüm. Çünki işğal yalnız torpağı əlindən almaq deyil. İşğalın ən ağır tərəflərindən biri də doğma yerlərin uşaqların yaddaşından silinmək təhlükəsidir. İnsan bunun qarşısını sözlərlə almağa çalışır. Danışırsan ki, unutmasın. Yazırsan ki, yaddaşda qalsın. Xatırlayırsan ki, bir gün qayıdanda tanıya biləsən.
Atamın son arzusu da həmin yaddaşın içində qalmışdı. O, ömrünün son günlərində kəndimizdəki bulaqları bir-bir sadalayırdı. Adlarını çəkirdi. Sanki qarşısında xəritə vardı və o xəritədə kəndimizin bütün bulaqları yenidən canlanırdı. Həmin bulaqların suyundan bir dəfə də içmək onun bu həyatda son arzusu idi. Amma arzusu gerçəkləşmədi. Atam bulaqların adını sadalaya-sadalaya gözlərini bu həyata əbədi yumdu.
Uzun illər buna görə özümü içimdə günahkar hiss etdim. Atamın son arzusunu yerinə yetirə bilməmişdim. Halbuki sonradan anladım ki, bəzi arzular insanın gücündən kənarda olur. Mən onun arzusunu yerinə yetirə bilmədim, amma o yerlərin bulaqları, hər cığırı yaddaşımdan da silinmədi. Bu ilin avqsutunda mənimlə doğma kəndimizə gedən dostlarım məndən kəndimizdəki bulaqları soruşanda bir nəfəsə iyirmidən çox bulağın adını sadaladım. Atam son nəfəsində sadaladığı kimi... Atamın səsi yaddaşımda qaldı. Onun o bulaqlardan danışarkən üzündə yaranan ifadə yaddaşımda qaldı. Bəzən insanın doğma yurda qayıtması yalnız öz qayıdışı olmur. O, özü ilə gedə bilməyənlərin də arzusunu aparır.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu baxımdan bizim üçün yalnız tarixi hadisə deyildi. O günlər illərlə yurd həsrəti ilə yaşayan insanların taleyində yeni səhifə açdı. Otuz ilə yaxın müddətdə “bir gün qayıdacağıq” deyən insanların cümləsi nəhayət gerçəyə çevrildi. Torpaqlarımız azad edildi. Amma bu xəbəri eşidən hər kəsin sevincinin içində bir kölgə də vardı. Çünki bu xəbəri eşitmək üçün ömrü çatmayanlar çox idi. Bəlkə illərlə evinin açarını saxlayan bir qoca həmin gün həyatda deyildi. Bəlkə kəndinin bulaqlarını son nəfəsində sadalayan bir ata həmin xəbəri eşidə bilmədi. Bəlkə uşaqlığını Qubadlıda keçirən neçə-neçə insan qayıdış gününü yalnız övladlarının danışdıqlarından öyrənəcəkdi, əgər insan öldükdən sonra belə şeyləri eşidə bilirsə...
Torpaqlarımıza qayıdacaqlarını gözləyə-gözləyə iki nəsil köçdü bu dünyadan. Onlar ümidlərini itirmədilər. Bəzən ümid insanın əlində qalan son şey olur. Evinin açarını qorumaq da, kəndinin adını övladına öyrətmək də, bulaqların adını unutmayıb danışmaq da həmin ümidin müxtəlif formaları idi. Onlar bilirdilər ki, özləri qayıtmasalar belə, bir gün övladları qayıda bilər. Bəlkə elə buna görə açarı saxlayırdılar. O açar artıq onların özləri üçün deyil, gələcək üçün qorunurdu.
Qubadlı azad olunanda biz torpağa qayıtdıq, amma zamanın apardığı insanları geri qaytara bilmədik. Dağlar yerində idi, amma dağlara baxacaq neçə-neçə gözlər yox idi. Bulaqlar vardı, amma suyundan içmək istəyən bəzi insanlar yox idi. Evlərin yerləri vardı, amma həmin evlərin içində səslənən səslər yox idi. Qapılar vardı, amma bəzi açarlar artıq sahibinin əlində deyildi. Qayıdışın ən ağır həqiqəti də budur. İnsan doğma yurduna qayıdanda yalnız itirdiyi torpağı deyil, torpaqla birlikdə itirdiyi insanları da xatırlayır.
Bəlkə elə buna görə Qubadlı haqqında indi yazmaq mənə əvvəlkindən daha çətindir. İşğal illərində sözün qarşısında bir dərd vardı: HƏSRƏT. İndi isə həmin dərdin içində sevinc də var. Amma bu sevincin kökündə şəhidlərimizin qanı, ömrü qayıdışa çatmayan insanların arzuları, ata-babaların illərlə qoruduğu ümid dayanır. Biz bu gün doğma torpaqlarımıza qayıtmaq imkanından danışırıqsa, bunun arxasında həyatını Vətən uğrunda fəda edən oğullarımızın adı dayanır. Onlar bir millətin ümidinin ölməsinə imkan vermədilər.
İndi düşünürəm ki, atamın son nəfəsində sadaladığı bulaqların suyu mənə əvvəlkindən daha qiymətlidir. Çünki o bulaqlardan artıq təkcə sular axmır. O bulaqlardan bir insanın son arzusu axır. Oğlumun “o dağlar Qubadlıya bənzəyir?” sualı da artıq başqa cür səslənir. Çünki indi ona “Qubadlının dağları daha ucadır” deməkdən başqa həmin dağların harada olduğunu göstərmək də mümkündür.
Bu yay kəndimizdə həmin bulaqlardan birinin başında dayandım. Suyundan içdim və illər əvvəl son nəfəsində həmin bulaqların adını sadalayan atamı xatırladım. O an içimdə illərlə daşıdığım o qəribə xəcalətin də səssizcə çəkilib getdiyini hiss etdim. Şəhidlərimizi rəhmətlə anıb, Allahıma şükürlər edib, səcdəyə qapıldım, anadan olduğum kəndimin torpağını öpdüm. O anda göz yaşları içində torpağa əyilməyimin məni hansı ucalığa qaldırdığını, hansı hisslər keçirdiyimi sözlə ifadə etmək mümkün deyil.
Atamın arzusunu vaxtında yerinə yetirə bilmədim, amma həmin arzunun ölməsinə də imkan vermədim. Onu yaddaşımda saxladım. Oğluma danışdım. Yazılarıma köçürdüm. Və nəhayət, qayıdış gününü gördüm.
Qubadlıya qayıdışın mənim üçün ən böyük mənası bəlkə də elə budur. Bir vaxtlar atasının son arzusunu yerinə yetirə bilməyən oğul indi həmin arzunun izi ilə doğma torpağa gedə bilir. Bir vaxtlar atasının göz yaşlarını görməsin deyə üzünü avtobusun pəncərəsinə çevirən uşaq indi öz oğluna həmin dağları göstərə bilər. Və bir vaxtlar evinin açarını illərlə saxlayan insanların arzusu artıq yalnız onların yaddaşında qalmır.
Çünki bəzi açarlar qapı açmır.
Bəzi açarlar bir xalqın ümidini qoruyur.
Və ən böyük qələbə bəlkə də həmin ümidin otuz ildən sonra belə ölmədiyini görməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















