Bir hakimiyyətin səssiz süqutu Kinoseans
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2022-ci ildə 79-cu Venesiya Kinofestivalının əsas müsabiqə proqramında nümayiş olunan, kinomütəxəssislər, hətta Martin Skorseze tərəfindən yüksək qiymətləndirilən Amerika rejissoru Tod Fild "Tar" filmini 15 illik fasilədən sonra lentə alıb.
"Tar" hər şeydən əvvəl, son dərəcə mürəkkəb və ziddiyyətli personajına görə seçilir. Lidiya Tar roluna görə Venesiya festivalında "Ən yaxşı aktrisa" mükafatına layiq görülən Keyt Blanşet filmin bütün emosional, yaradıcı və intellektual yükünü daşıyır. Bəzi kino mütəxəssisləri onu əsərin həmmüəllifi hesab edirlər. Fild Tar rolunu məhz Blanşet üçün yazdığını, 10 il ssenari üzərində onunla birlikdə işlədiyini və aktrisa imtina etsəydi, filmi çəkməyəcəyini deyib: "Məni Keytin intellekti və ruhu, təhkiyəyə bütöv baxa bilməyi heyrətləndirdi".
Süjetə görə, lüks həyat yaşayan istedadlı dirijor Lidiya Tar Berlin simfonik orkestrinə rəhbərlik edir və Qustav Malerin "Beşinci simfoniyasının" ifasına hazırlaşır. Tar orkestrdə çalışan skripkaçı Şeron (Nina Hoss) ilə nikahdadır, onlar Petra adlı qızı birlikdə böyüdürlər. Cəmiyyətdə və peşəsində böyük nüfuza malik Tar sərt, xarizmatik və hakimiyyət düşkünü qadındır. Fild qəhrəmanın idillik həyatının necə dağılmasını tələsmədən və dəqiq dramaturji ardıcıllıqla göstərir. "Tar" yaradıcı şəxsiyyətin gücünün və hakimiyyətinin çöküşünü vizuallaşdıran hekayədir.
Filmin əsas xüsusiyyətlərindən biri Fildin müasir dövrün trendlərinə fərqli baxışıdır. Rejissor "Me too" hərəkatını və ləğv mədəniyyətini şəxsiyyət və yaradıcılıq kontekstində araşdırır. Əgər "Me too" mövzusunda çəkilən filmlərdə əsasən kişilərin qadınları seksual qısnaması ön plana çəkilirsə, Fild konfliktin mərkəzinə hakimiyyətindən və peşəkar nüfuzundan istifadə edən qadın qəhrəmanı gətirir.
Beləliklə, yaradıcılıq, yoxsa şəxsiyyət dilemması "Tar"ın leytmotivinə çevrilir: Yaradıcılığı şəxsiyyətdən ayırmaq lazımdırmı? Yoxsa yaradıcılığı şəxsiyyətə görə qiymətləndirməliyik?
Ekspozisiya Tarın ictimaiyyət qarşısında müsahibəsi ilə başlayır. O, yaradıcı adamın əsərlərini anlamaq üçün onun şəxsi həyatını öyrənməyin vacibliyini söyləyir və Maleri nümunə gətirir. Lakin növbəti səhnələrdə özünü inkar edir. Özünü pangender şəxsiyyət adlandıran tələbə Baxın musiqisinə onun qadınlara münasibətinə görə ciddi yanaşmadığını deyəndə, Tar qəzəblənərək tələbənin gender kimliyini auditoriya qarşısında təhqir edir. Yəni o, bir tərəfdən "yaradıcı əsər müəllifin şəxsi həyatından ayrı deyil" deyir, digər tərəfdən əsərin şəxsdən ayrılmasını müdafiə edir.
Bu ziddiyyət başqa epizodlarda da davam edir. Müəllimi Andris (Julian Glover) Şopenhauerin intellekti insanın səsə həssaslığı ilə əlaqələndirdiyini deyəndə Tar filosofun qadına münasibətini xatırladır. Halbuki o, tələbəyə "öz eqo və identikliyinizdən imtina edib bəstəkara xidmət etməlisiniz" deyir. Eyni zamanda Malerə heyranlığı onun arvadı Almanın bəstəkar kimi qəbul edilməməsi məsələsində susmasına səbəb olur.
Tarın seksual qısnamada ittiham olunduğu səhnədə Andris ləğv mədəniyyətini İkinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada aparılan denasifikasiya siyasəti ilə müqayisə edir. Onun "Bizim dövrdə ittiham olunmaq artıq günahkar deməkdir" fikri Fildin bu məsələyə münasibətini də açır.
Ləğv mədəniyyəti filmdə hakim fikrə alternativ mövqeyə qarşı dözümsüzlük, şəxslərin boykot edilərək cəmiyyətdən kənarlaşdırılması və mürəkkəb məsələlərə ağ-qara prizmadan yanaşılması kimi təqdim olunur. Tar isə bunun ümumiləşmiş obrazıdır. Filmdə real şəxslərin də adı çəkilir: seksual qısnamada ittiham olunduqdan sonra Metropoliten Opera Teatrı ilə əməkdaşlığı dayandırılan amerikalı dirijor Ceyms Livayn və bir sıra orkestrlərin əməkdaşlıqdan imtina etdiyi fransız dirijor Şarl Dyutua.
Tarın nüfuzunun sarsılmasının başlanğıcı vaxtilə himayəsində olan tələbəsi Kristanın (Silviya Flot) intiharı ilə bağlıdır. Krista ilə münasibətləri tam açılmasa da, Tarın ona hansısa vədlər verməsi və cinsi mənada istifadə etməsi eyhamlaşdırılır. Kristanın karyerasına əngəl olan Tarın davranışı qızın faciəsinə gətirib çıxarır.
Bundan sonra Tarın rahat həyatı sürətlə dağılır. Köməkçisi Françeska (Noemi Merlan) Krista ilə yazışmasını yayır, sevgilisi Şeron onu tərk edir, orkestrdə nüfuzdan düşür, sponsorlar maliyyəni dayandırır, etirazlar başlayır, media onu hədəfə çevirir. Tarın yaxınlaşmağa çalışdığı rus violonçel ifaçısı Olqa Metkina (Sofi Kauer) isə ondan öz məqsədləri üçün istifadə edir.
Fild qəhrəmanına mərhəmət göstərmir. Tarın nüfuzunun dağılması onu psixoloji böhrana sürükləyir: evdə və küçədə qorxulu səslər eşidir, hücuma məruz qalır, yuxularında Berqmanın "Persona"sını xatırladan sürreal görüntülər görür. Beləliklə, rejissor dramaya triller və horror elementləri əlavə edir.
Filmin digər mühüm mövzusu medianın və sosial medianın şəxsi həyata müdaxiləsidir. Filmin əvvəlindən kiminsə mobil telefonla Tarı müxtəlif situasiyalarda çəkdiyi görünür. Onun pangender tələbə ilə dialoqu montaj edilərək daha sərt və təhrif olunmuş şəkildə sosial mediada yayımlanır və nüfuzuna ağır zərbə vurur. Burada çəkənin kimliyi yox, medianın dağıdıcı gücü əsasdır.
Konflikt cəmiyyətdə, ailədə və iş münasibətlərində baş verir. Lakin Tarın eqosentrizmi və narsizmi ən ağır məqamda belə onu tərk etmir. O, cəmiyyətdən qovulanda belə öz vicdanı ilə hesablaşmır. Finalda tərk edilmiş və nüfuzunu itirmiş Tar Asiya ölkələrindən birində videoyunları müşayiət edən orkestrə dirijorluq edir.
Tar dəyişməyən, katarsis keçirməyən qəhrəmandır. Burada əsas məqsəd onun dəyişməsi deyil, hakimiyyətin nə qədər sürüşkən olduğunu və vaxtilə hakimiyyətdə olan insanın necə qurbana çevrilə bildiyini göstərməkdir. "Me too" və ləğv mədəniyyəti motivlərini qadın qəhrəmanın üzərində qurmaqla Fild "özünüz də yaratdığınız mexanizmin qurbanına çevrilə bilərsiniz" mesajını verir. Elə buna görə də Qərbdə bəzi tamaşaçılar "Tar"ı "antiqadın" filmi kimi qiymətləndiriblər.
"Tar"ın başqa bir özəlliyi obrazın real yaradıcı şəxs təsiri bağışlamasıdır. Maksimal reallıq yaratmaq üçün filmdə Hildur Qudnadouttirin, Cenifer Hidgen, Culiya Vulf kimi real musiqiçilərin adları çəkilir, Tarın Qremmi, Oskar və Emmi mükafatlarına layiq görüldüyü bildirilir. Rejissor dirijorların peşəkar mühitini öyrənmək üçün amerikalı dirijor və pedaqoq Con Moseri ilə də məsləhətləşib.
Musiqi filmin əsas ifadə vasitələrindən biridir. Fildin özünün peşəkar musiqiçi olması da burada rol oynayır. "Tar" klassik musiqi dünyasını həm göstərir, həm də təhlil edir; musiqi qəhrəmanın daxili aləminin ifadəsinə çevrilir.
Filmin vizual həlli də bu daxili çöküşü tamamlayır. Soyuq tonlarda sərt, geometrik interyerlər, yarıdolu məkanlar yadlaşma atmosferi yaradır. Alman operatoru Florian Hoffmayster Tarın süqutunadək onu əzəmətli və məğlubedilməz rakurslardan göstərir, sonrakı səhnələrdə isə qəhrəman vizual baxımdan boşluqda, cəmiyyətdən qopmuş və kənarlaşdırılmış vəziyyətdə görünür.
Müasir kinonun sənət meyarlarından uzaqlaşmasından narahat olan Martin Skorseze "Tar"ı kino sənəti üçün ümidverici filmlərdən biri hesab edib. Onun fikrincə, Fild qeyri-standart, orijinal film yaradıb, səhnə mizanları və vizual həlləri ilə müasir kinoda özünəməxsus nümunə ortaya qoyub.
Sevda SULTANOVA
Baxış sayı:93
Bu xəbər 18 Sentyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















