Bir rəfdə min ümid Şəbəkə marketlərinin həyata toxunan səssiz rolu
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Səhərin ilk işıqları hələ şəhərin damlarını yuyarkən, küçənin bir küncündə parlayan işıq lövhəsi göz qamaşdırır. Qapıları yeni açılmış bir şəbəkə marketi... İçəri daxil olan ilk alıcının addımları, kassadakı gülümsəyən üz, arxada məhsul düzüb təmizləyən işçi – bunlar gündəlik həyatın görünən səhnəsidir. Amma bu sadə səhnənin arxasında iqtisadiyyatdan tutmuş sosial sabitliyədək uzanan görünməz bir sistem işləyir.
Əgər diqqətlə baxsaq, bir marketin içində bir ölkənin kiçik modeli gizlənir. Burada tələb-təklif qanunu qanun kimi deyil, həyat kimi işləyir, burada ərzaq təhlükəsizliyi yalnız qidanın yox, etibarın qorunmasıdır, burada bir kassirin, bir məhsul düzücünün təbəssümü arxasında bütöv bir cəmiyyətin nəfəsi dayanır.
Ərzaq təhlükəsizliyi – Etibarın duzu, məmnuniyyətin çörəyi...
Market rəflərində saysız məhsullar görürük. Amma bu məhsullar təkcə çörək, qatıq, ət deyil – bunlar bizim sağlamlığımıza yazılmış etibar məktublarıdır. Ərzaq təhlükəsizliyi demək, yalnız qidanın təmizliyi deyil, hər alıcının evinə girən görünməyən güvən toxumudur.
Bəzən bir tikə çörəyin, bir butulka südün nə qədər dəyərli olduğunu yalnız onu tapmadığımız zaman anlayırıq. Soyuducudakı boşluq, mətbəxdəki səssizlik, süfrədəki çatışmayan ləzzət – bunların hamısı ərzağın sadəcə maddi deyil, mənəvi dəyərini də göstərir. Biz hər gün marketə girib rəflərdən rahatlıqla məhsul seçərkən, əslində görünməyən bir sistemə, görünməyən əllərə, görünməyən məsuliyyətə güvənirik.
Şəbəkə marketləri sadəcə alış-veriş məkanları deyil. Onlar bu gün bir ölkənin ərzaq təhlükəsizliyinin, sosial rifahının, sağlam həyatın sarsılmaz sütunlarıdır. Hər rəf, hər barkod, hər istehsal tarixi – bir sistemin içindəki dəqiqliyin və diqqətin nəticəsidir.
Ərzaq təhlükəsizliyi dedikdə, təkcə məhsulun mövcudluğu yox, onun təhlükəsiz, keyfiyyətli və zamanında istehlakçıya çatdırılması nəzərdə tutulur. Bu, bir ölkənin sabahına verilən təminatdır. Uşaqların sağlam böyüməsi, ailələrin güvənlə süfrə açması, xəstələrin doğru qidalanması bu təhlükəsizliyin içində gizlidir.
Şəbəkə marketlər regionlara qədər uzanan təchizat zənciri ilə, həm yerli fermerlərə dəstək olur, həm də istehlakçıya daha keyfiyyətli məhsulu daha tez çatdırır. Onların soyuducu sistemlərindən tutmuş, məhsulun saxlama müddətinə qədər hər addım planlı və nəzarət altındadır. Hətta bəzi marketlər artıq izləniləbilən kənd təsərrüfatı məhsulları təklif edir – yəni, aldığınız pomidorun hansı rayondan, hansı torpaqdan gəldiyini bilirsiniz.
İnsanlar bəzən soruşur: "Marketlərin artması şəhərləri niyə dəyişir?" Cavab sadədir – çünki bu yerlər təkcə satış nöqtəsi deyil, güvən nöqtəsidir. Analar oradan övladına sağlam süd alır, yaşlılar oradan gündəlik ehtiyaclarını rahatlıqla qarşılayır, gənclər orada iqtisadi qiymətlərlə həyatlarını tənzimləyir. Rəflərdə sadəcə məhsul yox, dözüm, rahatlıq və sabaha inam satılır.
Dünyada ərzaq böhranlarının yaşandığı zamanlarda, şəbəkə marketlərin oynadığı rol daha da ön plana çıxır. Onlar ehtiyat anbarları ilə, idxal-ixrac əlaqələri ilə, yerli istehsalçılarla sıx əməkdaşlıqla böhranlara qarşı sipər olurlar. Bu gün evimizə aldığımız bir çörək, əslində uzun bir yolun nəticəsidir. O çörək, tarlada çalışan kəndlidən başlayaraq, təchizatçılar, sürücülər, yoxlama işçiləri və kassirlərlə – bütöv bir sistemin məhsuludur. Və bu sistemin mərkəzində şəbəkə marketləri dayanır.
Əgər bir uşağın ac yatmaması, bir ailənin süfrəsinin boş qalmaması, bir xalqın sabaha ümidlə baxması üçün bir ünvan varsa – o, marketin sakit rəflərindədir. Orada ərzaq deyil, həyat paylanır.
Bu səbəbdən, şəbəkə marketlərinə təkcə ticarət obyekti kimi deyil, cəmiyyətin can damarlarından biri kimi baxmaq lazımdır. Çünki onlar sadəcə məhsul deyil, güvən, davamlılıq və insanlıq daşıyır.
Rəflərdə qanun yazanlar
Bəzən biz sadəcə bir alma seçdiyimizi düşünürük, ya da ucuz düşdüyü üçün bir paket makaron alırıq. Amma o seçim, o kiçik alış-veriş anı, əslində bir qanunun – tələb və təklif qanununun – səssizcə işlədiyi andır. Və bu qanunun ürəyi harada döyünür? Təbii ki, şəbəkə marketlərin içində, hər gün milyonlarla qərarın verildiyi o rəflərdə.
Tələb və təklif – iqtisadiyyatın görünməz ipi, bazarın nəfəsi, qiymətlərin səssiz dilidir. İnsanlar bir məhsulu çox istədikcə, onun dəyəri artır. Təklif artdıqca isə qiymət aşağı düşür. Bu sadə mexanizmin həyat tapdığı, canlı şəkildə hər gün işlədiyi yer məhz şəbəkə marketləridir.
Marketə daxil olduğumuzda gördüyümüz bolluq – yüzlərlə seçim, müxtəlif qiymətlər, brend və məhsul çeşidləri – bunlar sadəcə rəqabət deyil, bu qanunun canlı nümayişidir. Məsələn, bir ay əvvəl kərə yağı qiymət baxımından daha baha idi, çünki tədarükdə problem vardı. Ancaq indi, eyni yağ endirilib – çünki bazarda təklif artıb, ya da insanlar alternativ məhsullara yönəlib. Şəbəkə marketlər bu dəyişiklikləri gündəlik izləyir və anında reaksiya verir. Onlar bazarı hiss edən barmaq uclarıdır iqtisadiyyatın.
Ən adi görünən endirimlər – “1 al, 1 hədiyyə”, “həftə sonu kampaniyası” – bunlar təsadüfi deyil. Bunlar tələb yaratmaq üçün atılan addımlardır. Marketlər yalnız olanı satmır, eyni zamanda insanların ehtiyac və istəklərinə yön verir, bazarı yönləndirir. İqtisadiyyatı formalaşdıran alıcı deyil təkcə, həm də marketin ona verdiyi seçimlərdir.
Dünyanın inkişaf etmiş ölkələrində bu proses daha da sistemli işləyir. Məsələn, ABŞ-da “Walmart” kimi nəhəng şəbəkələr bir məhsulun qiymətini dəyişməklə təkcə bazardakı vəziyyəti yox, bütün sektorun istiqamətini dəyişə bilir. Bir kəndli üçün məhsulunu bu marketlərə sata bilmək – sabit gəlir və böyümə deməkdir. Hindistanda “Reliance Retail” kimi böyük şəbəkələr, kənd təsərrüfatı məhsullarına olan tələbi artırmaqla yerli istehsalçıya nəfəs verirlər. Yəni, təkcə alış deyil – tələb yaratmaqla təklifə də can verirlər.
Azərbaycanda da bu dinamika getdikcə formalaşır. Şəbəkə marketlər regionlara qədər uzanaraq, yerli məhsulların tanınmasına şərait yaradır. Onlar təkcə xarici məhsulları təqdim etmir, yerli istehsalçılar üçün də bir platformadır. Bu isə kənddə yaşayan bir ailənin süfrəsinə gəlir deməkdir. Əgər bir pendir istehsalçısı məhsulunu bir marketə verə bilirsə, o artıq sabahı üçün narahat olmur. Bu, təklifin güvənlə gəlməsidir.
Marketlər həm də qiymətlərin sabitliyində rol oynayır. Əgər bazarda yalnız kiçik dükanlar olsa, qiymətlər fərqli-fərqli və bəzən həddindən artıq yüksək ola bilər. Ancaq şəbəkə marketlər, böyük alım gücü və rəqabət sayəsində qiymətləri tənzimləyir, bazarı balansda saxlayır. Bu, iqtisadi sabitliyin, sosial ədalətin bir hissəsidir. Çünki ədalətli qiymət, insanın layiqli həyat haqqıdır.
Əslində biz hər dəfə bir məhsulu səbətə atdığımızda, təkcə o məhsulu deyil, bütün iqtisadi bir sistemin mühərrikini hərəkətə gətiririk. Tələb yaradırıq, bazara siqnal göndəririk, istehsalçını motivasiya edirik. Şəbəkə market isə bu siqnalları toplayıb, qiymətə çevirir, strategiyaya çevirir, sabaha çevirir.
Bəli, biz bəlkə sadəcə alma alırıq. Amma arxasında nə qədər insanın əməyi, nə qədər qərarın, nə qədər bazar qanunlarının işlədiyini görsək, o səbət bizə sadəcə dolu deyil, mənalı gələrdi.
Çünki şəbəkə marketlər sadəcə alış-veriş yeri deyil – iqtisadiyyatın aynasıdır. Orada yalnız məhsul yox, bazarın nəfəsi, xalqın tələbi və gələcəyin ritmi satılır.
Müştəri məmnuniyyəti vitrində deyil, ürəklərdə qoyduğu izdə görünür
İnsan bəzən sadəcə bir gülümsəmə axtarır. Kassada “xoş gəlmisiz” deyən səmimi bir səs, yol göstərən işçinin diqqətli baxışı, ya da rəfdə axtardığını tapdığı an – bu kiçik toxunuşlar, bəzən bir insanın bütün gününü işıqlandırır. Bəlkə də fərqinə varmadan, hər dəfə şəbəkə marketin qapısından içəri girəndə bir rahatlıq, bir güvən hiss edirik. Çünki bilirik – orada bizi anlayan bir sistem, hisslərimizə toxunan bir xidmət var.
Müştəri məmnuniyyəti – bu sözlər çox zaman bir təlimat kitabında, ya da market rəhbərliyinin divarındakı bir yazıda qalır. Amma şəbəkə marketlərdə bu anlayış yaşayır, nəfəs alır, hər an hiss olunur.
Marketə girən bir ana, əlindəki siyahı ilə endirimləri yoxlayır. Uşaq məmnuniyyətlə dondurma seçir. Yaşlı bir kişi səssizcə çörək rəfinə yaxınlaşır. Onlar sadəcə alış-veriş etmir – axtarırlar, tapırlar, hiss edirlər. Şəbəkə marketlər bu məmnuniyyətin memarıdır. Onlar bilirlər: insanı qazanmaq, təkcə ucuz məhsulla deyil, doğru münasibət, rahatlıq və qayğı ilə mümkündür.
Müştəri məmnuniyyəti o zaman yaranır ki, insan özünü dəyərli hiss edir. Marketin işıqlandırması, rəflərin səliqəsi, kassanın sürəti, işçilərin etikası – bunlar birgə bir mədəniyyət yaradır. Və bu mədəniyyət insanlara "Sən bizim üçün vacibsən" mesajını verir. Bəzən bu mesaj sadəcə səliqəli qablaşdırma ilə, bəzən isə kassada “Xoş gəlmisiniz” deyən bir işçinin təbəssümü ilə ötürülür.
Böyük ölkələrdə bu anlayış daha da dərinləşib. Məsələn, Yaponiyada market işçiləri müştəriyə baş əyərək təşəkkür edirlər. Bu, təkcə hörmət deyil – minnətdarlığın bir ifadəsidir. İsveçrədə marketlərin sakit atmosferi və rahat naviqasiyası, alıcının stressiz alış etməsi üçün xüsusi dizayn olunur. Kanadada isə müştəri bir məhsuldan narazı qalarsa, səbəb soruşulmadan geri qaytarma mədəniyyəti var. Bu etimad, alıcının məmnuniyyətini təmin edən insanlıq üzərində qurulan iqtisadi etikadır.
Azərbaycanda da şəbəkə marketlər bu sahədə ciddi addımlar atır. İşçilər müştəriyə necə yanaşmağın vacib olduğunu öyrənir. Kampaniyalar, bonus kartları, evə çatdırılma xidmətləri – bunlar təkcə satış hiyləsi deyil, müştəriyə göstərilən dəyərin bariz sübutudur.
Bəzən bir ana uşaqla alış-veriş edərkən kimsə arabasını itələyir, ya da yaşlı birinə çantasını daşımaqda yardım olunur. Bunlar reklamda görünməz, statistikalarda yazılmaz. Amma bunlar insanı qazanmağın sirridir.
Çünki məmnuniyyət, yalnız məhsulun keyfiyyəti ilə deyil, ürəyə toxunan münasibətlə yaranır. Şəbəkə marketlər bu münasibəti sistemləşdirir, standartlaşdırır və hər müştərini tək, dəyərli bir insan kimi görməyə çalışır.
Unutmayaq: biz hər dəfə bir marketdən razı ayrıldığımızda, əlimizdəki torba ilə deyil, daxilimizdə bir xoş hisslə evə qayıdırıq. Və bu hiss, bizə yenidən həmin marketə dönmək istəyi verir.
Bu səbəbdən şəbəkə marketlər sadəcə ərzaq satmır. Onlar münasibət, diqqət, qayğı və insanlıq satırlar. Müştəri məmnuniyyəti isə onların vitrində deyil, ürəklərdə qoyduğu izdə görünür.
Sükutla danışan marketlər
Marketlər danışmır. Onlar nitq söyləmir, vəd vermir, şüar çəkmir. Amma rəflərindəki nizamla, kassadakı səbirli təbəssümlə, təmizliyə verilən diqqətlə və yaradılan iş imkanları ilə səssiz, amma dərin bir nitq söyləyirlər.
Şəbəkə marketləri sadəcə satış nöqtələri deyil. Onlar iqtisadi qanunların canlı laboratoriyasıdır, ərzaq təhlükəsizliyinin təminatçısıdır, sosial bərabərliyin tənzimçisi, gənclərin və qadınların gələcəyinə açılan qapıdır.
Və bu səbəbdən, hər dəfə bir marketə girəndə, sadəcə məhsul almış olmuruq. Bir sistemin işlədiyini, bir cəmiyyətin nəfəs aldığını, bir çox insanın çiynində daşıdığı yükü hiss edirik.
Çünki bu yerlərdə satılan təkcə ərzaq deyil. Burada ümid satılır, dürüstlük satılır, gələcək satılır...
Allahverdi Cəfərov
Bu yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

