Icma.az
close
up
RU
Bir səfərə reaksiyanın anatomiyası

Bir səfərə reaksiyanın anatomiyası

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri Ermənistan siyasi-ictimai məkanında böyük çalxalanma yaradıb

11-12 sentyabrda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri ilk baxışda diplomatik təcrübənin adi davamı kimi görünə bilərdi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən təxminən 150 nəfər iştirak edib. Xarici diplomatlar Xankəndi və Şuşada, Ağdərə və Kəlbəcər rayonlarında aparılan quruculuq və bərpa işləri, sosial-iqtisadi infrastruktur, eləcə də tarixi-mədəni abidələrin vəziyyəti ilə tanış olublar. 2020-ci ildən bəri bu, diplomatik korpus nümayəndələrinin həmin ərazilərə 22-ci səfəri idi.

Bununla belə, məhz son səfər Ermənistanın siyasi, media və ictimai məkanının müəyyən hissəsində nəzərəçarpacaq sərt reaksiya doğurdu. Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan diplomatların səfərini tənqid etdi, bir sıra ictimai qruplar xarici nümayəndəliklərə müraciətlər yaydılar, diplomatlardan öz iştiraklarına münasibət bildirməyi, hətta gələcəkdə bu tip səfərlərdən imtina etməyi tələb edən çağırışlar səsləndirdilər. Digər, daha mülayim mövqedən çıxış edən “Peace Bridge” təşəbbüsünün Ermənistan üzvləri isə əsasən Gəncəsər və Xudavəngin tarixi mənsubiyyətinin təqdimatını tənqid edərək bunun qarşılıqlı etimada zərər vura biləcəyini bildirdilər.

Burada mühüm fərqi görmək lazımdır. Tarixi reallıqla razılaşmamaq bir məsələdir, xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfərinin özünü problemə çevirmək isə tamamilə başqa məsələdir. Bu iki mövzunun eyniləşdirilməsi tarixi-mədəni mübahisəni dövlət suverenliyi məsələsi ilə qarışdırır və postmünaqişə dövrünün əsas siyasi reallıqlarını kölgədə qoyur.

Qarabağın hüquqi statusundan yan keçmək mümkün deyil

Bu mübahisədə başlanğıc nöqtə emosiyalar deyil, hüquq olmalıdır. 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in I maddəsində iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanımağı və onlara hörmət etməyi təsdiqləyib. II maddədə tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialar irəli sürməyəcəkləri göstərilir. IV maddə isə tərəflərin bir-birinin daxili işlərinə müdaxilədən çəkinməsini nəzərdə tutur. Bu müddəalar Ermənistan Xarici İşlər Nazirliyinin özünün dərc etdiyi rəsmi mətndə yer alır.

Vaşinqton Birgə Bəyannaməsində də iki ölkənin gələcək münasibətlərinin suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi prinsipləri üzərində qurulması təsdiqlənib. Sənəddə keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaqdan və revanş cəhdlərini rədd etməkdən ayrıca danışılır.

Bu hüquqi çərçivədə Qarabağın Azərbaycanın suveren ərazisi olması Ermənistanla Azərbaycan arasında artıq müzakirə predmeti kimi saxlanılan məsələ deyil. Buna görə də Azərbaycanda akkreditə edilmiş diplomatların Azərbaycan hökumətinin təşkil etdiyi proqram çərçivəsində Xankəndiyə, Şuşaya, Ağdərəyə və Kəlbəcərə getməsi özlüyündə beynəlxalq hüquq baxımından qeyri-adi hadisə yaratmır.

Heç şübhə yoxdur ki, Ermənistanın yüksək səviyyəli siyasi rəhbərliyinin Azərbaycanın öz ərazisində həyata keçirdiyi fəaliyyətə davamlı siyasi qiymət verməsi paraflanmış sazişdə əks olunmuş qarşılıqlı suverenliyə hörmət və yeni münasibətlər qurmaq öhdəliyinin siyasi ruhu baxımından əsaslı suallar yaradır.

Tarix siyasi alətə çevriləndə

Mübahisənin ən həssas hissəsi diplomatik səfərin ikinci günündə Gəncəsər və Xudavəng komplekslərinə baş çəkilməsi ilə bağlıdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin iştirakı ilə bu abidələrin qədim Qafqaz Albaniyasının xristian irsinin tərkib hissəsi olduğunu bildirib. O, Gəncəsərin XIII əsrdə Həsən Cəlal Dövlə ilə bağlı olduğunu və Azərbaycan dövlətinin tarixi abidələrin qorunması və bərpasına sadiqliyini vurğulayıb.

Ermənistanda sonrakı siyasi mübahisənin əsas məzmunu da məhz bu təqdimat oldu. Ermənistan Milli Assambleyasından Ruben Rubinyan 14 sentyabrda Hikmət Hacıyevin fikirlərini “əsassız” və sülhün möhkəmlənməsi baxımından “faydasız” adlandırdı. Diqqətçəkən məqam budur ki, Rubinyanın açıqlamasında mübahisənin predmeti diplomatların Azərbaycan ərazisinə səfər etmək hüququ deyil, Gəncəsər və digər abidələrin tarixi-mədəni mənsubiyyətinin Azərbaycan tərəfindən necə izah olunması idi.

Hakim “Mülki müqavilə” fraksiyasının deputatı Sona Qazaryan da oxşar mövqedən çıxış edərək Gəncəsərin alban irsi kimi təqdim edilməsinin sülh prosesinə kömək etmədiyini bildirdi və Rubinyanın mövqeyinin parlamentin rəsmi mövqeyi kimi qəbul edilməli olduğunu söylədi. Bu fakt artıq polemikanın yalnız müxalif və ya radikal dairələrlə məhdudlaşmadığını, hakim siyasi düşərgənin yüksək səviyyəli nümayəndələrinin də həmin “tarixşünaslıq” mübahisəsinə açıq şəkildə qoşulduğunu göstərir.

Məhz burada daha fundamental bir problem ortaya çıxır. Bütün gerçək reallığı kənara qoyaraq Azərbaycan ərazisində yerləşən tarixi abidələrin elmi mənşəyi müzakirə edilə, müxtəlif tarixşünaslıq məktəbləri fərqli dəlillər irəli sürə bilər. Belə mübahisələrə elm müstəvisində rast gəlinir. Lakin tarixşünaslıq mübahisəsi diplomatik səfərlərin legitimliyinin, Azərbaycanın həmin ərazilərdə dövlət suverenliyini həyata keçirməsinin və ya xarici diplomatların orada olmasının şübhə altına alınmasına çevrildikdə məsələ artıq yalnız orta əsrlər tarixindən ibarət deyil.

Sülh dövründə tarix haqqında fikir ayrılıqlarının olması qaçılmazdır. Əsas məsələ həmin fikir ayrılıqlarının yenidən ərazi və suverenlik mübahisəsi doğuran siyasi dilə çevrilib-çevrilməməsidir. Ermənistanın öz rəhbərliyinin imzaladığı və parafladığı sənədlərin məntiqi də məhz bunu tələb edir: tarixi mübahisələr davam edə bilər, bu, ermənilərin xislətinə tam uyğundur, lakin beynəlxalq sərhədlərin və dövlət suverenliyinin mübahisələndirilməsi artıq başqa kateqoriyadır.

Qafqaz Albaniyası irsinə münasibətdə dürüstlük

Gəncəsər və Xudavəng ətrafında yaranmış mübahisədə məni, Qərbi Azərbaycandan olan bir azərbaycanlı kimi, xüsusilə düşündürən məqam tarixi yaddaşa seçmə münasibətdir. Ermənistanın siyasi və informasiya məkanında Azərbaycan tərəfinin Qafqaz Albaniyasının irsinə istinad etməsi bəzən, az qala, tarixin məqsədli şəkildə “yenidən yazılması” kimi təqdim olunur. Halbuki Qafqaz Albaniyasının mövcudluğu nə Azərbaycanın son illərdə yaratdığı konsepsiyadır, nə də ciddi tarix elmində mübahisə doğuran məsələdir.

Nüfuzlu “Encyclopaedia Iranica” Qafqaz Albaniyasını qədim Qafqaz ölkəsi kimi təsvir edir, onun şərqdə Xəzər dənizinə, cənubda Araz çayının aşağı axarına qədər uzandığını, qərb sərhədlərinin isə müxtəlif tarixi mərhələlərdə dəyişdiyini göstərir. Eyni akademik mənbədə Arran Qafqaz Albaniyasının tarixi nüvəsi kimi təqdim edilir və onun ərazisinin böyük ölçüdə indiki Azərbaycan ərazisi ilə üst-üstə düşdüyü qeyd olunur. Bərdə isə ayrıca olaraq klassik Qafqaz Albaniyasının mühüm şəhəri kimi göstərilir.

Deməli, Qafqaz Albaniyasının Azərbaycan tarixinin tərkib hissəsi kimi öyrənilməsinin özünü qeyri-legitim elan etmək elmi baxımdan əsaslandırılmış mövqe sayıla bilməz.

Bununla yanaşı, tarixi dürüstlük bizdən başqa bir həqiqəti də qəbul etməyi tələb edir: Qafqaz Albaniyasının mövcudluğunun elmi fakt olması ilə konkret orta əsr komplekslərinin bütün tarixi-dini kimliyinin necə müəyyənləşdirilməsi eyni məsələ deyil. Əsrlər boyu müxtəlif siyasi və dini təsirlərin qovuşduğu Cənubi Qafqazda belə abidələrin tarixini yalnız bir siyasi formul daxilində izah etmək çətindir. Ermənistan tarixşünaslığının öz arqumentləri olduğu kimi, Azərbaycan tarixşünaslığının da alban irsinə dair elmi arqumentləri mövcuddur. Məhz buna görə elmi fikir ayrılığı siyasi dözümsüzlük predmetinə çevrilməməlidir.

Qeyd edək ki, qəbuledilməz olan fərqli elmi mövqenin mövcudluğu deyil, Qafqaz Albaniyasının özünün Azərbaycan tarixindəki yerinin müzakirə edilməsini belə təhlükəli siyasi hadisə kimi təqdim etmək cəhdidir. Tarixin bir hissəsini qəbul edib digərini susdurmaq barışığa xidmət edə bilməz.

Tarixi yaddaş hüququ etnik mənsubiyyətlə səciyyələndirilə bilməz

Bu mübahisənin mənim üçün başqa, daha şəxsi tərəfi var. Mən Qərbi Azərbaycan İcmasının üzvü kimi tarixi yalnız kitabdan oxunan hadisələr toplusu kimi qəbul edə bilmirəm. Bizim ailələrimiz üçün tarix bir vaxtlar yaşadığımız kəndlər, ziyarət etdiyimiz qəbiristanlıqlar, məscidlər, ata-baba evləri və sonradan itirdiyimiz yurd deməkdir. Buna görə Qarabağdakı hər hansı erməni abidəsinin taleyi haqqında həssaslıq tələb edilirsə, eyni mənəvi və hüquqi meyar azərbaycanlıların mədəni yaddaşına da tətbiq edilməlidir.

Bu, yalnız Azərbaycan tərəfinin iddiası deyil. Avropa Şurası Parlament Assambleyasının 2391 (2021) saylı qətnaməsində uzunmüddətli münaqişənin regionun mədəni irsinə “fəlakətli təsir” göstərdiyi qeyd olunur və məsuliyyətin hər iki tərəfə aid olduğu bildirilir. Sənəd eyni zamanda Ermənistanın məsuliyyət daşıdığı keçmiş münaqişə ərazilərində, xüsusilə Ağdam, Füzuli və digər rayonlarda baş vermiş genişmiqyaslı dağıntı və talanı ayrıca pisləyir. Məruzəçi Ağdama səfərindən sonra şəhərdə gördüyü dağıntının miqyasını “massive and shocking”, yəni son dərəcə geniş (masştablı) və sarsıdıcı (şokedici) kimi xarakterizə etmişdi.

Cornell və Purdue universitetləri alimlərinin yaratdığı Caucasus Heritage Watch proqramının peyk təsvirləri əsasında apardığı müstəqil araşdırma da mühüm faktları ortaya qoyub. 1994-2020-ci illərdə erməni nəzarətində olmuş ərazilərdə araşdırılan 109 Azərbaycan mədəni irs obyektindən 39-u ciddi zədələnmiş, 16-sı məhv edilmişdi. Tədqiqatçılar məscidlərin, məqbərələrin və qəbiristanlıqların geniş talanını, eləcə də məqsədli dağıntının bir sıra hallarını sənədləşdiriblər. Eyni zamanda, onlar bütün Azərbaycan irsinin sistemli şəkildə məhv edilməsi barədə daha geniş tezisin əldə olunan sübutlarla tam təsdiqlənmədiyini də qeyd ediblər.

Məhz bu cür obyektiv yanaşma lazımdır. Azərbaycan irsinə qarşı törədilənləri sübut olunan miqyasında demək, sübut edilməyəni isə fakt kimi təqdim etməmək gərəkir. Tarixi yaddaş hüququ etnik mənsubiyyətə görə səciyyələndirilə bilməz.

Qərbi Azərbaycan mədəni irsinin də qorunmaq haqqı var

Mədəni irs məsələsinə yalnız siyasi mübahisənin predmeti kimi baxıla bilməz. Bizim üçün bu mövzu insan yaddaşının ən ağrılı qatlarına toxunur. Ermənistandan didərgin düşmüş azərbaycanlı ailələrin yaddaşında geridə yalnız evlər və torpaq qalmayıb. Orada qəbiristanlıqlarımız, məscidlərimiz, ziyarətgahlarımız, yaşayış məntəqələrimiz, nəsillərin izini daşıyan toponimlər və bütöv bir mədəni mühit qalıb. Ona görə də Qarabağdakı xristian abidələrinin taleyi barədə beynəlxalq həssaslıq nümayiş etdirildiyi kimi, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus irsin taleyinə də eyni prinsip əsasında yanaşılmasını gözləyirəm.

Bu yanaşma hansısa xalqın irsini digərinə qarşı qoymaq deyil. Əksinə, 1954-cü il Haaqa Konvensiyasının əsas fəlsəfəsi məhz belə seçiciliyi rədd edir. Konvensiyanın preambulasında bildirilir ki, hər hansı xalqa məxsus mədəni sərvətə vurulan zərər bütün bəşəriyyətin mədəni irsinə vurulan zərərdir, çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. UNESCO da bu sistemi yalnız müharibə zamanı abidələri qoruma mexanizmi kimi deyil, dövlətlərin sülh dövründə də mədəni sərvətin mühafizəsinə hazırlaşmasını nəzərdə tutan beynəlxalq hüquqi çərçivə kimi təqdim edir.

Buradan sadə, lakin prinsipial bir nəticə hasil olur: irsin qorunması etnik mənsubiyyətə görə dəyişən hüquq ola bilməz. Xristian abidələrinin qorunması nə qədər vacibdirsə, Ermənistan ərazisində azərbaycanlıların yaratdığı məscidlərin, qəbiristanlıqların, tarixi yaşayış məskənlərinin və digər mədəni izlərin öyrənilməsi, sənədləşdirilməsi və qorunması da eyni universal prinsipin tərkib hissəsidir.

Məhz buna görə keçmişin ağrısını yaşayan insanlar üçün əsas məsələ kimin tarixinin “daha qədim” olduğunu sübut etmək deyil. Daha fundamental sual budur: Cənubi Qafqazda elə bir mədəni mühit yaradıla biləcəkmi ki, bir xalqın irsini qorumaq digər xalqın yaddaşını inkar etməyi tələb etməsin?

Bu sualın cavabı gələcək Azərbaycan-Ermənistan münasibətlərinin mənəvi keyfiyyətini də müəyyənləşdirəcək.

Siyasi sülhlə tarixi barış eyni məfhum deyil

Son hadisələri qiymətləndirərkən başqa bir reallığı da nəzərdən qaçırmaq düzgün olmazdı. Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq əvvəlki illərlə müqayisədə mahiyyətcə fərqli mərhələdədir. 8 avqust 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində tərəflər keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamağın vacibliyini təsdiqləyib, sərhədlərin toxunulmazlığına əsaslanan gələcəkdən danışıb və hər hansı revanş cəhdini açıq şəkildə rədd ediblər.

Bir il sonra, 10 avqust 2026-cı ildə Azərbaycan, Ermənistan və ABŞ həmin prosesin davamını birgə bəyan etdilər. Cəmi üç həftə sonra, 31 avqustda Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü barədə həm Bakı, həm də İrəvan tərəfindən yayılan eyni məzmunlu məlumatda Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrin taxıl və digər məhsullarının Azərbaycan vasitəsilə Ermənistana tranziti və iki ölkə arasında ticarət əlaqələrinin qurulması “sülh dividendlərinin” praktik təzahürləri kimi qeyd olundu. Bu faktlar münasibətlərin yalnız deklarativ səviyyədə qalmadığını göstərir.

Lakin siyasi sülhlə tarixi barış eyni deyil. Ən çətin mərhələ də elə onlara fərq qoyulanda başlayır.

Dövlətlər sərhədləri tanıya, nəqliyyat yollarını aça, ticarətə başlaya və diplomatik münasibətlər qura bilərlər. Cəmiyyətlərin bir-birinin keçmişdəki mövcudluğunu qəbul etməsi isə daha mürəkkəb və uzunmüddətli prosesdir. Qarabağdakı bir kilsənin tarixinin Azərbaycanda necə izah edilməsinin Ermənistanda kəskin siyasi mübahisə yaratması, eyni zamanda, indiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının tarixi yaddaşının Ermənistan ictimai diskursunda məhdud yer tutması göstərir ki, məhz bu ikinci mərhələdə ciddi problemlər qalır. Görünən odur ki, Ermənistan cəmiyyəti bu tarixi məqam üçün hələ formalaşmayıb və yetkin hala gəlməyib.

Sülh keçmişi unutmaq demək deyil. Eyni zamanda, keçmişin gələcək nəsillərə yeni münaqişə mirası kimi ötürülməsi də çıxış yolu deyil. Davamlı barışın daha mürəkkəb düsturu var: öz yaddaşını qorumaq, qarşı tərəfin yaddaşının mövcudluğunu isə inkar etməmək.

Əgər Ermənistan 2025-ci ildə elan olunan kimi, həqiqətən keçmiş münaqişənin səhifəsini bağlayan münasibətlər qurmaq istəyirsə, növbəti sınaq artıq xəritədə deyil, tarixi yaddaş sahəsində olacaq. Çünki sərhədi siyasi sənədlə tanımaq mümkündür, qonşunun həmin sərhədin o tayında əsrlər boyu yaşamış olduğunu qəbul etmək isə cəmiyyətlərin öz keçmişi ilə daha çətin dialoqunu tələb edir. Ümid edirəm ki, Ermənistan cəmiyyəti bunu anlayacaq. Nə qədər tez anlasa, özləri üçün də bir o qədər yaxşı olar.

Əsl sülhün ən ağır imtahanı da məhz burada başlayır.

Hümbət MUSAYEV,
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see299

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see266

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see247

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see246

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see244

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see233

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see216

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see211

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see211

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see211

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see210

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see210

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see200

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see199

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see198

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see196

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see192

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see188

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri