Icma.az
close
up
RU
Birinci qurultayın ilk tarixçisi Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

Birinci qurultayın ilk tarixçisi Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vilayət QULİYEV

Birinci Türkoloji qurultayın istər ölkə daxilindən, istərsə də xaricdən gəlmiş iştirakçıları arasında ünlü isimlər az deyildi. Amma bir nəfərin - artıq 16 ildən bəri qonşu Türkiyədə yaşayan Əli bəy Hüseynzadənin sovet rəsmi dairələri tərəfindən tədbirə dəvət olunması özlüyündə diqqətçəkici bir hadisə idi. 

Doğrudur, 1937-ci ilin böyük terroruna hələ xeyli qalırdı. Amma siyasi mövcudluğa və dövlətçilik fəaliyyətinə qırmızı terrorla qədəm qoyan bolşeviklər, necə deyərlər, hansı yuvanın quşu olduqlarını ilk gündən göstərməyə başlamışdılar. Sərt, hətta düşməncəsinə yanaşma tərzi türk xalqlarının nümayəndələrinə münasibətdə özünü daha kəskin şəkildə büruzə verirdi. İlk qurbanların çoxu da onların arasından seçilmişdi. Hələ 1920-ci illərdə N.Nərimanov, M.Sultan-Qaliev kimi türk əsilli milli liderlərə qarşı ləkələmə və qarayaxma kampaniyasına start verilmişdi. Belə şəraitdə turançılıq və türk birliyi düşüncəsinin ideya atalarından birinin ideoloji mahiyyətli türkoloji qurultaya dəvət alması, üstəlik, əvvəldən sona qədər xüsusi diqqət və ehtiram görməsi yeni quruluşun elmə və alimə hörmətindən, sima dəyişimindən daha çox xoş istisna, yaxud da arxasında müəyyən təmənna dayanan bir təşəbbüs kimi dəyərləndirilə bilərdi.

Qurultaydan bir neçə ay əvvəl, 1925-ci ilin sentyabr ayında Bakıdakı Türkiyə səfirliyinin (həmin dövrdə hələ Bakı Konsolosluğu adlanırdı) Ankaraya göndərdiyi bir məktubda deyilirdi: "Başlanğıcda ruslar Kongrenin (Birinci Türkoloji qurultay nəzərdə tutulur - V.Q.) Moskovada toplanmasında israr etmiş, aparılan müzakirələr nəticəsində Bakıya razı olmuşdular. Ancaq Kongre işlərinin milliyətçilərin öhdəsinə buraxılmaması və Kommunist Partiyasının direktivləri əsasında keçirilməsi şərt olaraq irəli sürülmüşdü. Türk və tatarların yaşadığı Şura Cümhuriyyət və əyalətlərindəki müvafiq qurumlar problemlərin ətraflı müzakirəsi üçün əvvəldən material hazırlamalı, elmi əsərlər və arayışlar düzənləyib nəşr etməli idilər. Kitab sərgiləri açılacaqdır. Kongreye 120 şəxs qatılacaq, əksəriyyət türk və tatar üzvlərdən ibarət olacaq. Ayrıca Elmlər Akademiyası, Şərqiyyat İnstitutu, universitet və pedaqoji institutlardan nümayəndələr qatılacaq, xarici ölkələrdən, özəlliklə Türkiyə və İrandan türkoloqlar dəvət olunacaqdır". 

Şübhəsiz, xaricdən dəvət olunan qonaqlarla bağlı tələblər daha sərt idi. Onlardan ilk növbədə ideoloji qarşıdurmadan uzaq dayanmaq, loyal münasibət tələb edilirdi. Türkoloji qurultayı ən böyük və son vaxtlara qədər yeganə müstəqil türk dövləti olan Türkiyənin iştirakı olmadan keçirmək onun elmi və siyasi sanbalına, nüfuzuna ciddi zərər vura bilərdi. Ona görə də ilkin mərhələdə Türkiyədən 7-10 nəfərlik bir heyətin dəvət edilməsi nəzərdə tutulurdu. Lakin sonda yaradıcılıq və şəxsiyyətlərində çağdaş TC-nin elmi-ictimai tutumunu əks etdirən iki görkəmli ədəbi simanın - Mehmet Fuad Köprülüzadə və Əli bəy Hüseynzadənin üzərində dayanıldı. Mehmet Fuad bir il əvvəl də sovet Rusiyasında olmuş, əsası 1725-ci ildə qoyulan Rusiya EA-nın 200 illik yubiley təntənələrində iştirak etmişdi. Hətta elmi uğurları yüksək qiymətləndirilmiş, türk alimləri sırasından birinci (yanılmıramsa, həm də sonuncu!) elm adamı kimi SSRİ EA-nın xarici müxbir üzvü seçilmişdi. Amma bu, heç bir halda hökumətdə təmsil olunduğu dövrdə Türkiyənin NATO üzvlüyünə səs verən gələcək xarici işlər nazirini və görkəmli ədəbiyyatşünas alimin sovetlərin təsiri altına düşməsi anlamına gələ bilməz.

Əli bəy Hüseynzadə

Təşkilatçıların türk birliyi ideyasının ideoloqu Əli bəy Hüseynzadənin qurultayda iştirakını mümkün və məqbul saymalarının səbəbləri sırasında isə onun dövrün türk fikir tarixində nüfuz sahibi kimi tanınması ilə bir sırada əqidə dostları və həmkarlarının bir çoxu ilə müqayisədə siyasi proseslərə yaxından təmas etməməsi,  bütünlükdə sovet rejiminə loyal münasibət bəsləməsi idi. Yəqin ki, həm bu amilin təsiri, həm də mühacirlər arasına ayrı-seçkilik salmaq niyyəti ilə üstünlük Əli bəyə verilmiş, Əhməd Ağaoğlu, yaxud Zəki Vəlidi Toğan ümumtürk miqyaslı ziyalılar türkoloji qurultaya dəvət ala bilməmişdilər.

Səkkiz illik ayrılıqdan sonra qonaq qismində də olsa vətənə dönmək Əli bəy üçün həyatının unudulmaz hadisəsi idi. Hər halda bu görüşün ardınca gələn ayrılığın həyatının sonuna qədər davam edəcəyinin fərqinə varmamış deyildi. Ona görə də Bakıdakı günlərini maksimum səmərəli keçirməyə, həm yaxın və doğmaları, həm də fikir və əqidə dostları ilə daha çox ünsiyyətdə olmağa çalışmışdı. Hətta ata-baba yurdu Salyanı da ziyarət etməyə imkan tapmışdı. Əksər ailə üzvlərinin bir araya toplandığı məşhur foto-şəkil də həmin günlərin yadigarıdır.

Vətənində Əli bəyi gözlədiyindən daha böyük minnətdarlıq və ehtiram hissi ilə qarşılamışdılar. Türk dünyasına çoxillik xidmətlərinə ehtiram əlaməti, Türkiyə və Azərbaycan elminin təmsilçisi kimi ilk iclasda onu görkəmli alman türkoloqu V.Y.Banq, Danimarka alimi, Orhun-Yenisey abidələrinin deşifrə edilməsi işinin pioneri V.Tomsen, həmin dövrdə dəbdə olan məşhur sovet dilçisi, akademik N.Y.Marr, SSRİ Xalq Maarif komissarı A.V.Lunaçarski və Azərbaycan SSR Xalq Maarif komissarı M.Z.Quliyevlə birlikdə qurultayın fəxri rəyasət heyətinə seçmişdilər. Bakıda olduğu günlərdə bəlli fikir ayrılıqlarına baxmayaraq,  yalnız ziyalılarla deyil, Azərbaycan hökumətinin bir sıra üzvləri ilə görüşmüş, təkcə elmi deyil, ictimai-maarifçi xarakterli tədbirlərə də qatılmışdı.

Birinci Türkoloji qurultay haqqında dəyərli araşdırmanın müəllifi Elçin İbrahimovun doğru müşahidə etdiyi kimi "...Əli bəyin uzun fasilədən sonra Bakıya gəlişi Azərbaycan cəmiyyətində böyük təəssürat yaratmışdı. Onun şərəfinə müsamirələr və ziyafətlər təşkil olunmuş, qəzetlərdə tez-tez onun haqqında yazılar dərc edilmiş və Azərbaycan Yazıçılar Cəmiyyəti tərəfindən fəxri üzv seçilmişdi. Bu hadisələr onun intellektual və mədəni nüfuzunu əyani şəkildə nümayiş etdirirdi. Əli bəy Hüseynzadə Türkoloji Qurultayda yalnız sonuncu iclasda çıxış etmişdi, lakin bu çıxış onun akademik fəaliyyətinin və türkoloji elmin Azərbaycan ədəbi mühitində yayılmasının mühüm məqamını təşkil edirdi".

Bütün həyatı boyu təvazökarlığı ilə seçilən, Səməd Ağaoğlunun çox dəqiq şəkildə "pərdə arxasındakı adam" kimi təqdim etdiyi Əli bəy qurultayın son iclasında qısa bir çıxışla kifayətlənmişdi. Əvəzində məxsusi olaraq türkoloqların beynəlxalq forumu üçün hazırladığı "Qərbin iki dastanında türk" adlı tarixi-fəlsəfi traktatı 1926-cı ildə Bakıda kitab şəklində nəşr edilmişdi. Görkəmli ədəbiyyatşünas-alim Əziz Mirəhmədovun "Əli bəyin bütün dünyagörüşü, ədəbi, elmi fəaliyyəti üçün dönüş nöqtələrindən biri" adlandırdığı əsər həqiqətən də bir qurultay məruzəsindən çox bəlkə də ayrıca bir elmi toplantı üçün material təşkil edəcək dərinliyə və genişliyə malik idi. "Qərbin iki dastanı" deyərkən italyan İntibah şairi Torkvato Tassonun (1544-1595) "Azad olunmuş Yerusəlim" və Portuqaliya İntibahını görkəmli nümayəndəsi Luis de Kamoensin (1524-1580) "Luziada" milli epik poemasını nəzərdə tutan Ə.Hüseynzadə bu klassik əsərlərə istinadən yalnız tarixi aspektdə Qərbin türklərə münasibəti  mövzusunu deyil, daha geniş perspektivdə Qərb-Şərq münasibətlərini diqqət mərkəzinə gətirmişdi.

 Əli bəy tarixi vətənində ilk türkoloji qurultayın hazırlanmasına da müəyyən töhfə vermişdi. 1920-ci illərin ortalarında Türkiyəyə gəlib burada Etnoqrafiya Muzeyi qurmaq və universitetdə macarşünaslıq kafedrası yaratmaqla məşğul olan məşhur macar türkoloqu Dyula Mesaroşun Bakıya gəlməsində Əli bəyin təlqinlərinin də mühüm təsiri olmuşdu. Başqa sözlə desək, onun nüfuz və əlaqələri tədbirin daha yüksək səviyyəli təşkilinə müəyyən fayda gətirmişdi.

Nəhayət, mühüm məqamlardan biri də Əli bəy Hüseynzadənin Türkoloji qurultayda iştirak naminə hər hansı prinsip, yaxud mövqeyindən geri çəkilməməsi sayıla bilər. Səfər yoldaşı Mehmet Fuad Bakıya türk xalqları üçün ərəb əlifbasının vacibliyi qənaəti ilə gəlmişdi. Qurultayı isə inanclı "latınçı" kimi tərk etmiş, hətta bu mövqe dəyişkənliyinə görə Qazi Mustafa Kamalın tərifinə layiq görülmüşdü.

Əli bəy Hüseynzadə hələ "Həyat" qəzetində çalışdığı dövrdə türklərin min ildən bəri istifadə etdikləri ərəb əlifbasının maarifin və ictimai tərəqqinin yolunda əsla əngəl olmadığı qənaətində idi. Bir məqaləsində Çin və yapon ieoroqliflərinin ərəb hürufatından qat-qat çətin və mürəkkəb olduğunu göstərərək bunun müqabilində çinli, yaxud yaponların asan əlifba sevdasına düşmədiklərini, milli yazı ənənələrinə sadiq qalaraq tədricən dünyanın savadlı xalqları sırasına çıxdıqlarını yazırdı. İstək, zəhmət və iradə olduğu təqdirdə eyni uğuru ərəb əlifbası ilə də qazanmağın mümkünlüyünü isbat edirdi. Təbii ki, Birinci Türkoloji qurultayın latın əlifbasına keçidlə bağlı verdiyi qərar onu çox da məmnun etməmişdi. Əlifba dəyişimini əməli nəticəsi ilk növbədə mətbuat və  nəşriyyat sahəsində görünməkdə olan türk birliyi ideyasına və ortaq türkcəyə zərbə kimi qiymətləndirmişdi.

lll

Qurultayın bir sıra tanınmış iştirakçıları tədbir başa çatandan sonra fikirlərini geniş ictimaiyyətlə bölüşmüş, mətbuata müsahibələr vermiş, məqalə və qeydlərini çap etdirmişdilər. Bu baxımdan Əli bəy Hüseynzadə də istisna deyildi. Elmi icmal və ümumi təəssürat və məlumat xarakteri daşıyan qeydləri onu həm də qurultayın ilk tarixçilərindən biri adlandırmağa imkan verir.

Qeydlər uzun müddət əlyazması şəklində Əli bəyin arxivində mühafizə olunmuşdur. Ondan sadəcə türk fikir tarixi haqqında əsər üzərində işləyən Hilmi Ziya Ülkənin (1901-1974) qismən istifadə etmişdi.

Birinci Türkoloji qurultayın açılış günü

İlk dəfə Türkiyədə yaşayan Azərbaycan əsilli tədqiqatçı Əli Heydər Bayat tərəfindən Atatürk Kültür Mərkəz Başkanlığının "Fikir və sənət adamları" seriyasından "Hüseynzade Ali Bey" kitabında (Ankara, 1998) "Hüseynzade Ali Bey`in 26 Şubat 1926`da Bakü I Türkoloji Konqresinde tuttuğu  notların özeti" adı altında (səh. 63-69) çap olunub. Mətndən də göründüyü kimi, Əli Heydər Bayat bir çoxunu ilə ilk dəfə eşitdiyi şəxs adlarının düzgün transkripsiyasında ciddi çətinliklə üzləşib. Ona görə də bəzi adların dəqiq, düzgün oxunuşunu verə bilməyib. Məsələn, onun Koçlu Odabaşı şəklində təqdim etdiyi ad heç şübhəsiz, Kerçli Odabaşı şəklində oxunmalıdır və söhbət qurultaya Krımdan qatılan krım-tatar alimi Həbibulla Odabaşdan gedir. Yaxud "Komik Eyyubov" heç şübhəsiz, qurultayda Dağıstan heyətinin tərkibində iştirak edən qumuq alimi Alimcan Eyyubovdur. Əksərən rus-slavyan mənşəli digər ad və soyadların da bəlli bir təhrifə uğradığını görmək mümkündür. Qeydlər çapa hazırlanarkən onlar hamısı islah edilib.

Birinci Türkoloji qurultayın 100 illiyinin ölkəmizdə və türk dünyasında geniş şəkildə qeyd edildiyini nəzərə alaraq Əli bəy Hüseynzadənin 100 il bundan qabaq mühüm elmi forumun gedişi zamanı qələmə alınmış qeydlərini tam şəkildə müasir oxucuya çatdırmaqda fayda görürəm.

Əli bəy Hüseynzadənin Türkoloji qurultaydan qeydləri

1926-cı il fevralın 16-da İstanbuldan yola çıxdıq. Fuad Köprülü, Etnoqrafiya muzeyinin direktoru Mesaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel ilə birlikdə idik. 26 fevral 1926-cı ildə Səməd Ağam oğlu Malıyev (əslində Səmədağa Ağamalıoğlu olmalıdır, Əli bəyin bilərəkdən, yaxud yanlışlıq üzündən Azərbaycanın bolşevik liderlərindən birinin soyadını təhrif edərək gülməli şəklə salmasının səbəbi məlum deyil - V.Q.) Qurultayı açdı. Bir neçə nitq söyləndi. Məclisdən sonra Əli Heydər Qarayevlə görüşdüm.

27 fevral 1927-ci il, cümə günü səhər saat 10-da Bartold (V.V.Bartold, akademik, məşhur rus və sovet şərqşünası. Qurultayın ilk iclasında "Türk xalqları tarixinin öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələri" mövzusunda məruzəsi dinlənilmişdi. Bundan sonra mötərizə içində verilən bütün aydınlaşdırıcı qeydlər mənimdir -V.Q.) ərəb və fars qaynaqları əsasında Teymur tarixindən bəhs etdi. VII yüzillikdə Orhun yazıları ilə özlərini Türk adlandıran bir xalq tarix səhnəsinə çıxır. Yeni araşdırmalara görə, Çin ədəbiyyatında indiyə qədər məlum olmayan bir sıra vəsiqələr aşkar edilib ki, onlar Türk tarixinin ilk dövrlərinə işıq salmağa imkan verir. Bundan sonra o, "Gırğız" istilahının filoloji kökündən söz açdı. Bartoldun qənaətinə görəs türklər islamiyyəti öz istəkləri ilə, heç bir təzyiq olmadan qəbul etmişdilər. Çin, Yava, Sumatra və Afrikada islamiyyətin yayılması da eyni şəkildə baş tutmuşdu. İslamı hər bir xalq qəbul edə bilər. Bartold burada türkmən kəlməsinin etimologiyası üzərində də dayandı. İkincisi, Borodinin referatı (əslində İ.N.Borozdin olmalıdır. Mövzu: "Tatar mədəniyyəti sahəsində ən yeni tapıntılar" idi. Mövzusu Qazan və Volqa tarixi və abidələri ilə bağlı idi. Məsələ ilə əlaqəli şəkildə Qazan tarixi haqqındakı ən son araşdırmalardan bəhs etdi. 1924-1925-ci illərdə Volqaboyunda yeni qazıntılar aparılmışdır. Altın Ordaya dair rus və ərəb tarixlərindəki aşağılayıcı fikir və mülahizələrin əksinə olaraq bölgədə yüksək bir mədəniyyətin mövcudluğu diqqəti çəkməkdədir. Bu araşdırmalardan sonra artıq Altın Orda mədəniyyətindən və gözəl sənətlərindən bəhs etmək imkanı yaranmışdır. Bundan sonra natiq 1925-ci ildə Bağçasarayda aparılan qazıntılar üzərində dayanaraq aşağıdakıları qeyd etdi:

1. Bu araşdırmalar indiyə qədər məlum olanlardan başqa tamamilə yeni mətləblər üzə çıxarır;

2. Abidələr, yazılı daşlar və başqa yüksək sənət əsərləri bölgəyə Səlcuqların və Məmlüklərin təsirini göstərməkdədir. Qazıntılar nəticəsində bir də karvansara aşkara çıxarılmışdır. Orada bir çox əşyalar, keramika nümunələri, habelə emalatxana tapılmışdır. İndiyə qədər Bizans keramikası kimi təqdim edilən bəzi əşyalar həmin emalatxanada düzəldilmişdir. Bu dövrdən qalma ipək parçalar, XIV əsrə aid bir türbədə isə digər əsərlər  əldə olunmuşdur. Araşdırmalar davam etdirilməkdədir.

Əziz Abdullinin (əslində Q.A.Qubaydullin, tarixçi və türkoloq. Həmin dövrdə Bakı Universitetinin dosenti. Qurultayın ikinci iclasındakı əhatəli məruzəsinin adı: "Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı") referatı türkcə idi. Əksəriyyət ruscadan türkcəyə və türkcədən ruscaya tərcüməyə ehtiyac olmadığına qərar verdi. Rudenkonun referatı (S.İ.Rudenko, Leninqrad şərqşünaslıq məktəbini təmsil edən tarixçi və etnoqraf. Məruzə mövzusu: "Türk tayfalarının etnoqrafik baxımdan öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələri") türkcə yeni xalq ləhcəsinə aid olduğundan anlaşılması da daha asan idi. Türk xalqlarının etnoqrafik xəritəsi rənglərlə göstərilir. Şimal-Cənub, Şərq-Qərb, Çadırların (Kudumku - mətndə mötərizə arasında verilən bu sözün mənasını aydınlaşdırmaq mümkün olmadı. Kudum adlı əski türk musiqi aləti ilə bağlılığı mümkündür - V.Q.), türklər və monqollarda geyimlərin müxtəlif növləri - başlıqlar, ayaqqabılar, köynəklər, qadınların baş örtüləri, mətbəx və yeməklər, adət-ənənələr, qadınların yaşayış tərzi və qiyafələri ləhcə tədqiqi vasitəsi ilə gözdən keçirildi. On dəqiqəlik tənəffüsdən sonra söz Mesaroşa (D.Mesaroş, macar türkoloqu, etnoqraf. Məruzə mövzusu: "Anadolu və Balkan türklərinin etnoqrafiyasının öyrənilməsi ilə bağlı müasir vəziyyət və qarşıda duran vəzifələr") verildi. O, Ankaradakı Türk Muzeyinin son illərdəki araşdırmalarından bəhs etdi, Anadolunun ən qədim xalqlarının, elamların əski Qafqaz qövmləri ilə mədəni münasibətləri məsələsinə toxundu. Şorşin (əslində Q.F.Çursin, etnoqraf-qafqazşünas, qurultaydakı məruzəsinin mövzusu "Qafqaz türklərinin etnoqrafik baxımdan öyrənilməsinin ən ümdə vəzifələri" idi) öz çıxışında Qafqaz dilləri haqqında danışdı. Qafqazda əlliyə qədər dil olduğunu dedi. Bunlardan on ləhcəni Qafqaz türkləri danışır və bütünlükdə ümumi əhalinin 25 faizini təşkil edirlər. Miller (A.A.Miller, alman əsilli rus türkoloqu, məruzə mövzusu: "Türk xalqlarının təsviri sənəti haqda")  nitqini rusca oxudu. Dilentantlığın zərərlərindən danışdı. "Xoşa gələndir, yaxud gəlməyəndir" - mövqeyindən çıxış etsək, elm irəli getməz" - dedi.

Alimcan Şofof (mətndə bu şəkildə getmişdir. Əslində qurultayda Tatarıstanı təmsil edən Qazan Ali Pedaqoji İnstitutunun müəllimi, yazıçı və türkoloq Alimcan Şərəf nəzərdə tutulur) ayrı-ayrılıqda hər türk xalqının iqtisadi vəziyyətindən (mətndə belədir, çox güman ki, müəllif iqtisadi inkişafın, yeni təsərrüfat sahələrinin yaranmasının dilin zənginləşməsinə təsiri məsələsini diqqətə çatdırmaq istəmişdi) və sosial təbəqələrindən bəhs etdi. Nimet Hakim (söhbət qurultaya Daşkənddən gəlmiş Qazan tatarı, jurnalist Nemət Hakimov haqqındadır) tatarca kimi tanınan türk ləhcəsində danışdı. Milli həyat şərtləri daxilində buddizm, marksizm təsirlərini və onların təcəssümlərini araşdırdı. Daha sonra Osmanlıca yazılmış kitabdan bir neçə sətir, ardınca isə Qazan ləhcəsində yazılmış digər kitabdan bir neçə sətir oxuyur. Sonra ikisi arasındakı tələffüz və anlaşıqlılıq fərqinin böyüklüyünü göstərir.

Günortadan sonra Savaşkin (əslində A.M.Sabaşkin - qurultaya Ulan-Udedən qatılmışdı) danışdı. Özü Oyrot xalqının (qərbi monqolların, habelə kalmık və cunqarların ümumiləşmiş adı) təmsilçisidir. Diqqət çəkən sözləri arasında başlıca bunları söylədi: "Hansı millətə mənsub olduğumu bilmirəm. Başqaları ilə təmasa girəndən sonra anladım ki, nə kalmık, nə də monqolam. Dopdoğru bir türkəm!"

1.Türk olduğumun tarixi dəlilləri; 2. Adət və ənənələr halında olan dəlillər - deyə iki istiqamətdə məsələyə aydınlıq gətirdi. Bu müqəddimədən sonra Oyrot məmləkətinə gerçəkləşdirilən üç elmi səyahət (expedition) haqda məlumat verdi. Ardınca isə qurultay iştirakçılarının xahişinə əsasən nitqini Oyrot dilində təkrar etdi. Ondan sonra söz alan Yakovlev (N.F.Yakovlev - qafqazşünas və linqvist, nəzəri və tətbiqi linqvisitika üzrə mütəxəssis, Moskva təmsilçisi. Qurultayın doqquzuncu iclasında "Türk qövmlərinin sosial-mədəni mövcudluq şərtləri və yazı sisteminin bərqərar olması ilə əlaqəli şəkildə əlifba məsələsi" mövzusunda məruzə etmişdi) də dil məsələsinə toxundu. Alim Yunusov (Qazi Alim Yunusov, özbək folklorşünası və tarixçi) doğma ləhcəsi olan özbəkcə danışdı. Özbəkcənin Sart şivəsi ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışdı. Sayları otuz ikiyə çatan özbək uruqları (soy, nəsil - V.Q.) arasında özlərinə macar deyənlər də var.

Koçlu Odabaşı (əslində adın birinci hissəsi düzgün oxunmayıb, Koçlu yox, Kerçli Odabaşı olmalıdır. Söhbət qurultaya Simferopoldan (Ağməscid) qatılan Krım Dövlət Universitetinin müəllimi, dilçi və ədəbiyyatşünas Həbibulla Odabaşdan gedir. Qurultayın səkkizinci iclasında "Türk dillərində terminologiya" mövzusunda məruzə etmişdi) Krımda etnoqrafik materiallar toplamaq işi üzərində dayandı. Orada bütünlüklə özünü bu vəzifəyə həsr etmiş cəmiyyətin olduğunu söylədi. Keçən il Poroştinin (yanlışdır, əslində İ.N.Borozdin olmalıdır) də xatırlatdığı kimi, Krım içərisində bir elmi heyətə bələdçilik etdiklərini bir daha yada saldı.

Sağdan Salman Mümtaz, Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə

Daha sonra Komik Eyyubov (Əli Heydər Bayatın təqdim etdiyi mətndə belə getmişdir. Əslində söhbət Qafqaz türklərinin təmsilçisindən - qumuq nümayəndəsi Alimcan Əyyubovdan getdiyi üçün ad da Qumuq Eyyubov şəklində oxunmalıdır) danışdı. Özündən əvvəlki natiqlərin tədqiqat azlığından şikayətlənmələri fikrini tənqid etdi. "Qurultayın tarixi dəyəri bundan sonra müxtəlif sahələrdə aparılmalı olan tədqiqatların proqramını hazırlamaqdır" - deyə bildirdi.

Başqırd Şakirov (Zakir Şakirov - Ufa elmi-tədqiqat institutunun əməkdaşı) başqırdca çıxış etdi. Nitqində Başqırd dilində digər türk ləhcələrində olmayan səslərin və hərflərin mövcudluğuna toxundu. Petrof Tovariç (soyad yanlış oxunub. Söhbət Çuvaş Milli Muzeyinin yaradıcısı, etnoqraf və pedaqoq M.P.Petrov-Tinexlidən gedir - V.Q.) rusca danışdı. Əsli Çuvaşdır. Çuvaşların ölkəsi ruslarla tatarlar arasında uzun müddətli savaşlara səhnə olmuşdur. Nəticədə aydınlar məhv edilmiş, orta təbəqə sürgünə göndərilmiş, yalnız sadə insanlar qalmışlar. Aşmarin (N.İ.Aşmarin - dilçi, türkoloq və dialektoloq. Azərbaycan türkcəsinin Nuxa-Şəki dialektinin ilk tədqiqatçısı. Həmin dövrdə Bakı universitetinin professoru idi. Qurultayın beşinci iclasında "Türkologiyanın keçmişi və müasir vəziyyəti haqqında bəzi fikirlər" adlı məruzə ilə çıxış etmişdi) Çuvaş dilinin qrammatikasını hazırlamışdır. Biz də dəvət ediləcəyimizə ümid edirdik. Həqiqətən də dəvət edildik. Təşəkkür edirik (Çox ehtimal ki, söhbət məruzə ətrafındakı müzakirələrə dəvətdən gedir - V.Q.) Marrın araşdırmalarına görə, Çuvaşlar çox qədim bir xalqdır. İştirakçıların xahişi ilə nitqini Çuvaş dilində bitirdi və çoxlu alqış qazandı.

Rodenko (əslində S.İ.Rudenko, tarixçi və etnoqraf) Leninqrad Etnoqrafiya Muzeyinin direktorudur. Məruzəsi Oyrotlar haqqında idi. "Altay dağları Türklüyün qaynağıdır" - dedi. Tarix baxımından sayları az olan qövm və qəbilələrin də əhəmiyyəti vardır. Yakut Cümhuriyyətində Yakutlar haqqındakı çalışmalarda böyük irəliləmə var. Amma indiki halda ayrıca bir muzey qurulması olduqca çətin məsələdir. Krımlı Çobanzadə (B.V.Çobanzadə, Bakı universitetinin professoru, türkoloq, şair və ədəbiyyat tarixçisi. Üçüncü iclasda "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", səkkizinci iclasda isə "Elmi terminologiya sistemi haqqında" adlı məruzələrlə çıxış etmişdi) türkcə danışdı: "Birinci qurultay dil və ədəbiyyat məsələləri üzərində toplanmış bir qurultaydır. Orhun kitabələrindən Osmanlı şivəsinə qədər bir çox laçunələr (qaranlıq məqamlar - V.Q.) var. Bunlar meydana çıxmayana qədər ehtimallar dairəsindən qurtara bilməyəcəyik. Mahmud Kaşqaridən zamanımıza qədər keçən səkkiz yüz il ərzində elmi baxımdan şivələrin təsnifi, praktik baxımdan dilin istifadə vasitələrinin hazırlanması (sözlük, qrammatika və s.) lazımdır. Dil və ədəbiyyat araşdırmalarında əsas mərkəzlər İstanbul, Qazan, Bakı, Daşkənd və başqa yerlərdir".

28 fevral 1926-cı il. Bazar günü. Poupe (əslində N.N.Poppe - linqvist, etnoqraf, Ural-Altay ailəsi, türkologiya və monqolşünaslıq üzrə mütəxəssis. Məruzəsinin mövzusu: "Altay dillərinin qarşılıqlı qohumluq məsələsinin tarixi və müasir vəziyyəti") danışdı. Altay dillərinin müqayisəli öyrənilməsindən bəhs etdi. Bu məsələdə hələlik kəskin qərarlar vermək zamanının gəlib çatmadığını və həllini tələb edən bir çox məqamların olduğunu diqqətə çatdıraraq sözlərini bitirdi. Genko (A.N.Qenko, linqvist, etnoqraf və qafqazşünas, qurultayda onun "Türk dillərinin yafəti dilləri münasibəti haqqında" adlı məruzəsi dinlənilmişdi) Türk dili ilə monqol dili və başqa qonşu dillər arasındakı fərqlər və münasibətlərdən bəhs etdi. Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik teleqramını oxudu. Zifeld (A.R.Zifeld-Simumyaqi, eston əsilli altayşünas, türkoloq. Məruzə mövzusu: "Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında") Şuraların İran təmsilçisinin təbrikini oxudu. Bu arada daha bir çox teleqraflar və Marrın teleqrafı oxundu.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri