Icma.az
close
up
RU
Bizə dağıdıcı qüvvə kimi baxırdılar... Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

Bizə dağıdıcı qüvvə kimi baxırdılar... Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vilayət QULİYEV

Birinci Türkoloji qurultayın stenoqrafik hesabatını diqqətlə oxumayan, materiallarla tanış olmayan hər kəsdə elə təsəvvür yarana bilər ki, bolşeviklər partiyası və sovet hökumətinin tapşırığına əsasən  Bakıda bir araya gələn türkoloq alimlər böyük ruh yüksəkliyi ilə ərəb əlifbasından imtina, latın əlifbasına keçid haqqında yekdil qərar qəbul edərək ağır yükdən xilas olublarmış kimi şad-xürrəm evlərinə qayıtmışdılar. Bir sözlə, Qay Yuli Sezarın iki min il əvvəlki məşhur "Veni, vidi, vici" ("Gəldim, gördüm, yendim") sindromu...

Əslində isə işlər ilk baxışdan göründüyü kimi rahat və rəvan getməmişdi. Qurultayın gündəliyinə çıxarılan bəzi məsələlər ciddi fikir ayrılığına səbəb olmuş,  geniş müzakirələr doğurmuşdu. Bu ilk növbədə latın əlifbasına keçid məsələsi ilə bağlı idi. Sovet rəhbərliyinin mövqeyi əvvəlcədən bəlli olsa da, yüz illər boyu ərəb əlifbasından istifadə etmiş bəzi xalqlar tarixindən, mədəni sərvətlərindən asanlıqla üz çevirmək niyyətində deyildi. 1920-ci illərin ortalarında sovet cəmiyyətində hələ fərqli fikrə az da olsa dözümlü münasibət qaldığından açıq danışmaqdan çəkinməmişdilər. Bu ilk növbədə qurultayın  Kazandan gəlmiş iştirakçılarına aid idi. Aydın məsələsir ki, başqa təsadüflərdə olduğu kimi, bu dəfə də sonda rəsmi mövqe üstünlük qazanmışdı (unutmayaq ki, qurultayın bəzi iclasları partiya üzvlərinin lazımi təlimat aldığı məxsusi toplantısı ilə açılırdı). Amma tatar nümayəndə heyəti təzyiqlərə baxmayaraq sona qədər mövqeyindən çəkilmədi.  Yeri gəlmişkən, çox güman  "etibarlılıq" dərəcəsi hökuməti qane etmədiyindən SSRİ Xalq Komissarları Sovetinin sərəncamı ilə 1925-ci ilin avqustunda yaradılan qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibinə Tatarıstandan bir  nümayəndə də salınmamışdı.

Tatar heyətinin üzvləri bütünlükdə əlifba islahatı  ideyasına qarşı deyildilər. Lakin bunu latın qrafikasına keçid kimi yox, mövcud ərəb əlifbasını türk dillərinin təbiətinə və tələblərinə uyğunlaşdırma şəklində görürdülər. Həm də fikirlərini yalnız şüar formasında bəyan eləmirdilər. Vətəndaş müharibəsinin ağır dövründə -1919, 1920, sonra isə 1924-cü illərdə Tatarıstanın alim, naşir və pedaqoqlarının təşəbbüsü ilə əlifba və orfoqrafiya məsələlərinə dair elmi-praktiki konfranslar keçirilmiş, hətta bir sıra əməli addımlar atılmışdı. 1920-ci ildə istifadədə olan əlifbadan bəzi lazımsız samit səslər (və təbii ki, onları ifadə edən hərf şəkilləri) çıxarılmış, əvəzində 6 sait səs bildirən qrafik işarə əlavə olunmuşdu. Həm də əlifba məsələsindəki radikal mövqe yalnız elm və maarif xadimləri ilə bağlı deyildi. Ümumən tatar cəmiyyətində əlifba dəyişiminə münasibət mənfi idi. Ziyalılar çəkinmədən latın əlifbasına nəzərdə tutulan keçidi "müstəmləkəçiliyin yeni növü" adlandırırdılar.

Savadlılıq səviyyəsi Tatarıstandakı kimi yüksək olmasa da, Qazaxıstanda da oxşar əhval-ruhiyyə hökm sürürdü. Yeni əlifba - "yanalif" məsələsi burada ilk dəfə 1922-ci ildə qaldırılmış, amma ictimaiyyətdə soyuq münasibət görmüşdü. Latın əlifbasının qazax dilinə tətbiqi ilə bağlı 1924-cü ilin iyun konfransındakı diskussiyalar da nəticə verməmişdi. Birinci Türkoloji qurultaya qədər hökumət, ilk növbədə isə xalq maarif komissarlığı əsasən seyrçi mövqe tutmuşdu. Əhməd Baytursunovun Bakıda islah olunmuş ərəb əlifbasını müdafiə etməsi, hətta daha irəli gedərək, özünün hazırladığı əlifbanı  "ideal" sayması da bu münasibətin nəticəsi idi. Qazaxıstanda "yanalif" tərəfdarlarına "yeni missionerlər" kimi yanaşırdılar. Amma istənilən halda qurultayda islah edilən ərəb əlifbasının üstünlükləri ilə bağlı sona qədər dirəniş göstərən, israr edən tatar nümayəndə heyəti olmuşdu.

Kazanda əlifba islahatı konfransının iştirakçıları (1919)

Geniş yayılmış və çox güman həqiqətə uyğun bir ədəbi lətifədə deyildiyinə görə, 1920-1930-cu illərdə təzə peyda olmuş proletar yazıçıları Hüseyn Cavidi sovet platformasına ləng keçməkdə ittiham edirmişlər. Ustad isə bu hədə-qorxu dolu tənqidlərə xəfif yumorla cavab verərək deyibmiş: "Adamın baqajı ağır olanda bir platformadan o birinə keçmək çox da asan  başa gəlmir".

Tatarlar da hesab edirdilər ki, onların təhsil, bilik və mədəni "baqajı" kifayət qədər tutumludur. 1804-cü ildə Rusiyanın Asiya  hissəsində açılan ilk ali tədris müəssisəsi - Kazan universiteti rus məmurlarının bütün qadağalarına baxmayaraq, yerli əhaliyə də müəyyən fayda gətirmişdi. Xüsusilə nəşriyyat işlərində böyük tərəqqi əldə olunmuşdu Çarizm dövründə tatar əhalinin savadlılıq (oxuyub-yazma) dərəcəsinin ruslardan daha üstün olduğunu Lenin özü də etiraf etmişdi. 1926-cı ildə, keçmiş SSRİ-də ilk siyahıya almanın nəticələrinə görə tatarlar bu məsələdə ruslar da daxil bütün digər xalqları qabaqlayıb birinci yerə çıxmışdı. Savadlılıq  kişilər arasında 40,3, qadınlar arasında 27,6 faiz təşkil edirdi. Dövr üçün yetərincə yüksək göstərici idi. Ədəbi-mədəni irslə əlaqənin qırılması ilə bağlı real təhlükə  bir yana qalsın, tamamilə yeni bir əlifbanın qəbulu bu qədər insanı bir günün içində savadsıza çevirəcəkdi. Latın yazısı özünə yer alandan sonra isə yüz illər boyu qazanılan bütün nailiyyətlər  əlçatmaz olacaqdı. Digər tərəfdən, ayıq başla düşünən milli ziyalılar latın əlifbasına keçidin ruslaşdırma yolunda sadəcə mərhələ təşkil edəcəyinin də fərqində idilər. Məsələn, görkəmli türkoloq alim Hadi Atlasi (1876-1938) hələ Bakı qurultayı ərəfəsində "latın qrafikasının türk xalqlarını kiril əlifbasına aparan yolda ara düşərgəyə" çevriləcəyi haqda xəbərdarlıq etmişdi.

Ona görə də yazı ənənələri olmayan, yaxud belə ənənələrin kifayət inkişaf etmədiyi xalqlar üçün "asan əlifba" nə qədər cəlbedici görünsə də, maarif və mədəniyyətin müəyyən dərəcədə  kök saldığı toplumlar üçün bir o qədər çətin, ağrılı, hətta alçaldığı və təhqiramiz proses idi. Məsələn, latın əlifbası türkmənlər arasında daha sürətlə yayılmışdı. Türkmənistan MİK sədri Nadirbay Aytakov (1894-1938) bunun səbəbini əhalinin savadlılıq dərəcəsinin aşağı olmasında, təsir gücünə malik nüfuzlu ziyalıların və yazı ənənələrinin  çatışmamasında görmüşdü.

Azərbaycanın təcrübəsinə və öncül mövqeyinə gəldikdə isə burada əlifba islahatı yaxud latın əlifbasına keçid fikrinin digər türk xalqları ilə müqayisədə ölkəmizdə ən azı yarım əsrlik tarixə malik olmasının mühüm rolu vardı. Təbii ki, bu milli bünövrə bəlli psixoloji gərginliyi, yaxud "natamamlıq" kompleksini aradan qaldırır, prosesə anlaşılan xarakter verirdi. Tatarlar, yaxud qazaxlar latın əlifbasına keçidi bolşevik "sifarişi" və  hökmü kimi qəbul etmək məcburiyyətində qaldıqlarına görə özlərini alçaldılmış sayırdılar. Azərbaycanda isə ilk dəfə M.F.Axundzadənin 1850-ci illərdə ortaya atdığı əlifba islahatı ideyası "bolşevik öndəri" Leninin özündən də yaşlı idi. Nəhayət, sovet Rusiyasının üzərində heç bir hökm və təsirə malik olmadığı milli hökumət - Azərbaycan Cümhuriyyəti hələ mövcudluğunun ikinci ilində kütlələr arasında  maarifin tez və asan yayılması üçün  latın əlifbasına keçid ideyasına  ona tərəfdar çıxmışdı.

lll

Müasir tatar tədqiqatçısı Zübərcət Qəribovanın yazdığına görə, Tatarıstandan Bakıya əvvəlcə iki nəfərlik kiçik heyətin göndərilməsi nəzərdə tutulurdu. Lakin qurultayın açılışı ərəfəsində say bir neçə dəfə artırılaraq 9 nəfərə çatdırıldı. Heyətə rəhbərlik yazıçı-dramaturq, naşir, ictimai xadim, tatar dilçiliyinə dair bir sıra qiymətli əsərlərin müəllifi, "canlı klassik" Qalimcan İbrahimova (1887-1938) həvalə edilmişdi. Tərkibinə isə Qali Qabdrəhimov (1892-1943), Qibad Alparov (1888-1936), Səlahəddin Atnaqulov (1893-1937), Sibqatulla Qafurov (1888-1938), Qayaz Maksudov (1891-1937) və Qalimcan Şərəf (1896-1950)  kimi tanınmış elm adamları daxili idilər. Bundan əlavə, Rusiyanı təmsil edən nümayəndələr arasında da bir neçə nəfər tatar pedaqoqu, alimi, dövlət xadimi (İbrahim Yumanqulov (1882-1937), Rauf Sabirov (1894-1937), Şamil Usmanov (1898-1937) və b. vardı. Q.İbrahimov Tatarıstan təmsilçisi  kimi qurultayın Rəyasət Heyətinə seçilmişdi.

Qalimcan İbrahimov

1924-cü ildən etibarən latın əlifbasına keçid digər türk respublikaları kimi, Tatarıstanda da ciddi müzakirə mövzusuna çevrilmişdi. Kazandakı Kommunist klubu nəzdində "Latın dostu" cəmiyyəti fəaliyyət göstərirdi. İslah olunmuş ərəb əlifbası tərəfdarları isə "Kızıl Tatarıstan", "Beznen yul" ("Bizim yol") kimi aparıcı milli mətbu orqanlar ətrafında birləşmişdilər. "Latınçılar" rəqiblərini irticanı dəstəkləməkdə, din xadimlərinin mövqeyini müdafiə etməkdə günahlandırırdı. Onlar da borclu qalmayıb "Latın dostlarını" xalqın və ölkənin qədim tarixinə, mədəniyyətinə qarşı çıxan yeni missionerlər kimi damğalayırdılar.

İşin maraqlı tərəfi Tatarıstan Vilayət partiya komitəsinin mövqeyi, daha doğrusu, bu mövqeyin hələlik qəti müəyyən edilməməsi, gözləmə xarakteri daşıması sayıla bilərdi. Məsələn, katiblik Bakıya yola düşən nümayəndə heyətinə "nə şiş yansın, nə kabab" ruhlu belə bir təlimat vermişdi: "Latın əlifbasına keçidə prinsipial  etiraz  bildirilməsin. Amma praktiki cəhətdən Tatarıstan MSSR-da yeni əlifbaya keçidin mümkün olmadığı diqqətə çatdırılsın".

"Latınlaşma"da zahirən fərqli görünəcək mövqelərdə dayansa da, ərəb qrafikasına əsaslanan tatar əlifbasının qorunub saxlanması kiçik istisnalarla tatar heyətinin ümumi istəyi idi. Ona görə qurultayda əlifba ətrafında müzakirələr başlananda Q.İbrahimov, Q.Alparov, S.Qafurov və b. açıq şəkildə latın əleyhdarı kimi  çıxış etməsələr də, mədəni varislik baxımından Tatarıstan üçün islah olunmuş ərəb əlifbasını daha məqbul saydıqlarını gizlətmədilər. S.Atnqulov neytral mövqe nümayiş etdirdi. Hətta "latınçı" kimi tanınan Şamil Usmanov da "Bizim zəngin ədəbiyyatımız var. Latın əlifbasına keçid tatar xalqını öz mədəni irsindən uzaq salacaq. Kəndli missioner mətnlərini xatırladan latın yazısını qəbul etməyəcək.  Yeni əlifbanın qəbulundan sonra xalqa təzədən savad öyrətmək lazım gələcək. Bu isə çox böyük qüvvə və vəsait tələb edir"- deyə tərəddüdünü bildirmişdi. 

"Ölüm, ya olum?" dilemmasına çevrilən "latın-ərəb" məsələsində tatar heyətinin əsas sözçüsü  nüfuzlu dilçi-alim, ictimai-siyasi xadim Qalimcan Şərəf idi. Dövrünün tatar intellektualları arasında xüsusi yer tutan Qalimcan Şərəf mükəmməl ənənəvi və Avropa təhsili almışdı. Məşhur "Məhəmmədiyyə" mədrəsəsində, sonra II Kazan real məktəbində oxumuş, 1915-ci ildə Petroqrad Dəmiryol Mühəndisləri İnstitutuna daxil olmuşdu. Müvazi şəkildə həm də Petroqrad universitetinin tarix-filologiya fakültəsinin məşğələlərinə davam etmişdi. Lakin 1917-ci il Fevral inqilabı tatar gəncinə ali təhsilini baş vurmağa imkan verməmişdi. O da minlərlə yaşıdı kimi, ictimai-siyasi fəaliyyət meydanına atılmağı, xalqının gələcəyi uğrunda mübarizəyə qoşulmağı daha üstün tutmuşdu. Qalimcan Şərəf  Ümumrusiya müsəlmanları Moskva qurultayının (may, 1917) iştirakçısı idi. Ərazi muxtariyyəti konsepsiyasını işləyib hazırlamış, İlyas Alkinlə birlikdə Volqa-Ural Ştatları (tatar-başqırd) dövləti yaratmaq ideyasını ortaya atmışdı. Sərhəd komissiyasının üzvü kimi Rusiya tərkibində milli-muxtar dövlət quruculuğuna mühüm töhfə vermişdi.

1919-20-ci illərdə təhsilini Kazan universitetinin tarix-filologiya bölümündə davam etdirən Qalimcan Şərəf burada İ.N.Aşmarin, N.F.Katanov kimi məşhur türkoloq alimlərdən dərs almış, prof. V.A.Boqoroditskinin rəhbərliyi altında eksperimental fonetika sahəsində xüsusi ixtisas kursu keçmişdi. 1929-cu ildə Vyana Beynəlxalq Eksperimental Fonetika Assosiasiyasının  həqiqi üzvü seçilməsi bu sahədəki fəaliyyətinin uğurlarından xəbər verməkdədir. 1937-ci ilə qədər Kazanda Şərq Pedaqoji İnstitutunun professoru kimi humanitar elmlərin müxtəlif sahələrinə (dil, tarix, ədəbiyyat və s.) dair mühazirələr oxumuşdu.

Birinci Türkoloji qurultayın Səmədağa Ağamalıoğlunun sədrliyi ilə keçən 1 mart 1926-cı il tarixli 10-cu iclasında Qalimcan Şərəf "Ərəb və latın şriftlər sistemi və onların türk-tatar xalqları tərəfindən istifadəsinə dair" mövzusunda geniş məruzə ilə çıxış etmişdi. Eyni zamanda müzakirələrdə də xüsusi fəallığı ilə seçilmişdi. Kazana qayıdandan iki ay sonra, 1926-cı ilin mayında  qurultaydakı məruzəsinin tezisləri əsasında "Latın  şriftinin türk xalqları tərəfindən qəbul edilməsi məsələsinə dair" adlı kitabını hazırlayıb çap etdirmişdi.

Məruzə və kitabdan qırmızı xətlə keçən əsas ideya ondan ibarət idi ki, hər hansı əlifba ilkin mərhələdə kimə məxsus olsa da, əsrlər boyu bu əlifbadan istifadə edən, öz yazı ənənələrini (dolayısı yolla "öz" əlifbasını!) yaradan xalqlara münasibətdə söhbət yalnız islahatdan gedə bilər. Tamamilə yeni, fərqli əlifba tətbiqi yazısı olan xalqları milli-mədəni keçmişdən, tarixi  yaddaş hissindən məhrum etmək, keçmişlə bu gün və gələcək arasında uçurum yaratmaq və milyonlarla insanı  hər şeyə "ağ vərəqdən" başlamağa zorlamaq deməkdir. Latın əlifbasının qəbulu türk xalqlarını bir günün içində avtomatik şəkildə heç bir yazı mədəniyyəti və yazılı ədəbi-bədii, elmi və s. irsi olmayan xalqlarla bir sıraya qoymaq anlamına gəlir. Müəllif qurultay iştirakçılarını inandırmağa çalışırdı ki, "...tatarların, qazax-qırğızların və digər türk xalqlarının istifadə etdiyi ərəb sistemli (yəni islah edilmiş - V.Q.) əlifbanın hərf tərkibi onların əməli orfoqrafiya tələblərinə tam cavab verir, dilin fonetikasına uyğundur, ayrı-ayrı, kiçik istisnalarla bu əlifba bütün türk xalqları tərəfindən qəbul və istifadə edilir. Qrafik baxımdan sistemin  hüdudundan çıxmadan eyni ərəb hərfləri əsasında yalnız istənilən dəqiqliyə cavab verən təcrübi orfoqrafiya deyil, fonetik transkripsiya da yaratmaq mümkündür". Məruzəçi əlifba dəyişimi nəticəsində yalnız Kazan tatarlarının deyil, Anadolu və Krım türklərinin, özbəklərin, azərbaycanlıların, qazax-qırğızların da ciddi problemlərlə (hətta savad sahiblərinin də yenidən savad öyrənməsi, uzun illər paralel nəşriyyat işləri, yazı və oxu vərdişinin aşılanması, müəllimlərin yenidən hazırlanması və s.) üzləşəcəyini qeyd etmişdi.

Yuxarıda adı çəkilən kitabında isə Qalimcan Şərif qurultay tribunasından irəli sürdüyü müddəaları daha geniş şəkildə, polemik tərzdə, tarixi fakt və qaynaqlara əsaslanaraq sərrast elmi üslubda şərh etmişdi. Əsərin bir fəsli bütünlükdə Azərbaycanda əlifba islahatı ideyasının meydana çıxması və ərəb hərflərinin islahından latın qrafikasına qədər keçilən yolun tədqiqinə həsr edilmişdi. M.F.Axundzadə, M.Şahtaxtinski və F.Ağazadənin məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirilmişdi. Müəllif ənənəyə uyğun olaraq "müsavat hakimiyyəti" adlandırdığı Cümhuriyyət dövründə ən vacib və təxirəsalınmaz vəzifələrdən biri kimi latın əlifbasına keçid qərarının çox qısa müddətdə Parlament səviyyəsinə gətirilməsinə də toxunmuşdu. Amma Qalimcan Şərəfin prosesin guya həmin dövrdə Bakıdakı Böyük Britaniya işğal qüvvələrinin tələbi, yaxud "sifarişi" başladılması ilə bağlı irəli sürdüyü ehtimal hər hansı tarixi əsasdan məhrumdur.

Qalimcan Şərəf

Martın 3-də S.Ağamalıoğlunun sədrliyi ilə keçirilən 11-ci iclasda söz alan Q. İbrahimov tatar heyətinin mövqeyini bir daha diqqətə çatdırmağa çalışmışdı. Lakin qurultay artıq latın əlifbasına keçid üzərində kökləndiyindən natiqin bu əlifba ilə bağlı dediyi hər müsbət söz alqışlarla qarşılandığı halda Tatarıstanın seçdiyi yolla bağlı izahlarına səthi yanaşılmışdı. Kazan tatarlarının 600 illik yazılı ədəbiyyat, 125 illik nəşriyyat tarixini önə çəkən natiq Azərbaycanın inqilabi seçimini təqdir etdiyini bildirməklə yanaşı özlərinin seçdiyi təcridi islahat yoluna da anlayışla yanaşılmasını istəmişdi. Martın 4-də yekun sözü ilə çıxış edən Q. Şərəf bir daha bütün mümkün üsullarla iştirakçıları öz mövqeyində haqlı olduğuna inandırmağa çalışmışdı.

Amma elə həmin gün Dağıstan (qumuq) təmsilçisi C.Qorxmazovun təklifi ilə  latın əlifbasına keçidlə bağlı qərarı səsverməyə çıxarılmışdı: "Texniki cəhətdən yeni türk (latın) əlifbasının ərəb və islah edilmiş ərəb əlifbasından daha əlverişli  olduğunu və ərəb əlifbasına nisbətən yeni əlifbanın mədəni-tarixi və mütərəqqi bir mahiyyətə malik olduğunu qeyd edərək Qurultay ayrı-ayrı türk-tatar cümhuriyyət və oblastlarında yeni əlifbanın qəbulu və həyata keçirilməsi üsulunu hər bir xalqın öz işi biliyor". ("Kommunist" qəzeti, 5 mart 1926-cı il).

Əlifba məsələsinin müzakirəsində adı ən çox hallanan, sağdan və soldan tənqid və ittihamlara məruz qalan Q.Şərəf son təşəbbüsə əl ataraq alternativ qərar layihəsi irəli sürmüşdü. Təklif etmişdi ki, türk dillərinin hər iki əlifbadan istifadə mümkünlüyü qəbul olunmaqla, Azərbaycanın latın əlifbası, Tatarıstanın isə islah olunmuş ərəb əlifbasının tətbiqindəki uğurları nəzərə alınmaqla məsələ hələlik açıq saxlanılsın və yekun qərarın verilməsi türkoloqların II qurultayına həvalə edilsin. Bu məqsədlə verilən bütün təklifləri  dəyərləndirmək üçün "latınçı" və "islahatçılardan" ibarət iki müstəqil komissiya yaradılsın.

Amma onun qətnamə layihəsi yalnız 7 səs toplaya bilmişdi...

lll

Nümayəndə heyəti Bakıdan qayıdandan bir neçə gün sonra Tatarıstan vilayət partiya komitəsi katibliyinin iclasında Qalimcan İbrahimovun Birinci Türkoloji qurultayla bağlı hesabatı dinlənilmişdi. O, əlifba məsələsi ilə əlaqədar yaranan mürəkkəb vəziyyət və tatar heyətinin mövqeyi haqda danışaraq demişdi: "Partiyanın Mərkəzi Komitəsi bizim qurultayla çox maraqlanırdı. Siyasi Büro hətta bu məsələ ilə bağlı xüsusi komissiya yaratmışdı. Qəbul edilən qətnamələrdə siyasətimizin əleyhinə olan hər hansı müddəa yoxdur. Amma bizim üçün ən ciddi məsələ əlifba  idi. Bu sahədə vəziyyətimiz həqiqətən də ağır idi. Qurultayda bizə dağıdıcı qüvvə kimi baxırdılar. Bu, heyətimizə olan münasibətdə də özünü göstərirdi. Məsələn, ilk vaxtlar bizdən alınan müsahibəyə hətta qəzetdə yer də verməmişdilər.  raksiyanın (partiya qrupu nəzərdə tutulur - V.Q.) iclasında bildirdik ki, prinsip etibarı ilə latın əlifbasının əleyhinə deyilik. Lakin texniki və əməli mülahizələrə görə Tatarıstan Respublikasının indiki vəziyyəti qərarın (yəni məhz latın əlifbasına  keçid  - V.Q.) dərhal tətbiq olunmasına imkan vermir. İndi ərəb hərflərinin daha təkmil hala gətirilməsi ilə məşğul olan komissiya yaratmalıyıq. Latın əlifbasına keçməyimiz uzun bir proses olacaq, hələlik isə ümumiyyətlə mümkün deyil".

S. tnaqulov həmkarının fikrini davam etdirərək demişdi: "Qurultayda bizə islamın müdafiəçiləri kimi baxır, çox sərt münasibət bəsləyirdilər. Artıq Kazanda latın əlifbasına keçidlə bağlı təbliğat aparmaq üçün komissiya yaradılır. Biz də gedən proseslərə dəqiq baxış bucağımızı müəyyən etməliyik".

Görünür, Tatarıstan partiya rəhbərliyi hələlik məsələnin inzibati yolla, dekret vasitəsi ilə həll olunmayacağına müəyyən  ümidlər bəsləyirdi. Ona görə də respublika partiya komitəsi katibliyinin üzvü Zəki Gimranov (1898-1937) qarşıda duran vəzifələrlə bağlı nikbin tonda danışmışdı: "Hər bir partiya üzvü başa düşməlidir ki, latın əlifbasına keçid irəliyə doğru atılmış addımdır. Lakin hələlik bunu etmək mümkün deyil. Belə şəraitdə biz də Azərbaycanda olduğu kimi, prosesi qabaqlayıb latın əlifbasının tətbiqini dekret yolu ilə həyata keçirə bilmərik".

Amma bu hədər ümidlər idi və təsadüfi deyil ki, vaxtı çatanda Z.Gimranov özü də partiyanın xəttinə qarşı çıxan "xalq düşməni" kimi cəzasını aldı. Moskva  tatar ziyalılarının nazı ilə oynamaq fikrində deyildi. Türkoloji qurultaydan bir ay sonra, aprelin 8-də yazıçı F.Seyfi-Kazanlının rəhbərliyi ilə rəsmi "Yanalif" ("Yeni əlifba") komitəsi yaradıldı. Komitənin vəzifəsi latın əlifbasını fəhlə-kəndli kütləsi arasında yaymaqdan ibarət idi. "Yanalif" qısa müddətdə tatar dili üçün ilk latın yazısı və orfoqrafiyasının layihəsini  hazırlayıb ictimaiyyətə təqdim etdi.

Qalimcan Şərəf. “Türk xalqları üçün latın hərflərinin qəbul edilməsi məsələsinə dair”, Kazan, 1926

Tatarıstan vilayət partiya komitəsi də səhvini başa düşməyə çox vaxt itirmədi. 1927-ci il mayın 3-də respublikada latın əlifbasına keçidin məqsədyönlülüyü və labüdlüyü haqda sərəncam verdi. 1927-1928-ci tədris ilində latın əlifbasının tədrisinin texnikumların və ikinci dərəcəli məktəblərin proqramına daxil edilməsi, bu məqsədlə zəruri dərslik və dərs vəsaitləri hazırlanması qərara alındı.

Prosesin artıq dönməz xarakter aldığını görən islahat tərəfdarları son imkana əl atdılar: əsli Stalinə, surəti Tatarıstan vilayət partiya komitəsinə göndərilməklə latın əlifbasına keçidin tatar mədəniyyətinə vuracağı dəhşətli zərbə haqda məktub yaydılar. Qalimcan Şərəfin tərtib etdiyi sənədi 82 nəfər ziyalı, pedaqoq və ictimai xadim imzaladığı üçün daha çox "82-lər məktubu" kimi tanınmaqdadır.

Gözlənildiyi kimi, müəlliflərə qarşı təqib kampaniyası başlandı. Nəticədə onların bir qismi imzalarını geri götürərək bu barədə mətbuatda xəbər yaydı. Təşəbbüsün kimdən gəldiyi də unudulmadı. Vaxtı çatanda yalnız özü deyil, ailəsinin bəzi üzvləri də gənc, barışmaz ruhlu həqiqət axtarıcısı Qalimcan Şərəfin cılğın addımının ağır bədəlini ödəməli oldular.

İnadkar tatar alimlərinə yerini tanıtmaq məqsədi ilə təbii ki, Moskvanın göstərişi ilə 1927-ci il iyulun 3-də Tatarıstan MSSR Xalq Komissarları Soveti İttifaq miqyasında birincilər sırasında xüsusi sərəncamla latın əlifbasını Tatarıstanın rəsmi əlifbası elan etdi. Cari ildə orta və ali, növbəti ildən isə bütün məktəblərin yeni qrafikaya keçməsi vəzifə olaraq qarşıya qoyuldu.

Bununla da Tatarıstanda əsrlər boyu istifadə olunan əlifba ilə bağlı "qiyam" yatırıldı. Nəticədə 1939-cu ildə türk xalqlarının kiril qrafikasına keçmə qərarı çıxanda heç yerdə oxşar prinsipiallıq və etirazlara təsadüf edilmədi. 1937-ci ilin dəhşətli xofundan sonra sovet dövləti bu işi yuxarıların bir qərarı ilə həll etdi...

P.S. Birinci Türkoloji qurultayın əksər iştirakçıları kimi Tatarıstan nümayəndə heyəti üzvlərinin də taleyi məşəqqət və faciə ilə dolu olmuşdu. 1932-ci ildə SSRİ hökumətinin "Əmək Qəhrəmanı" fəxri adına layiq gördüyü vərəm xəstəsi Qalimcan İbrahimovu 1937-ci ilin avqustunda Yaltada həbs edib Kazana gətirmişdilər. Növbəti il yanvarın 21-də burada NKVD həbsxanasının lazaretində ölmüşdü. Qalimcan Şərəf də 1937-ci ildə həbs olunmuş, həyatının 8 ilini məhbəsdə keçirmişdi. Şikəst halda həbsdən çıxandan sonra isə ona Kazanda yaşamaq və elmi fəaliyyətlə məşğul olmaq yasaq edilmişdi. Yazıçı, dilçi, tarixçi, tərcüməçi və pedaqoq, tatar millətçisi kimi 1937-ci ilin iyununda həbs edilən Qali Qabdrəhimov 1943-cü ildə həbsxanada həyatla vidalaşmışdı. Zəki Vəlidi Toğanla birlikdə başqırd milli hərəkatına rəhbərlik etmiş Səlahəddin Atnaqulov 1937-ci ildə trotskiçi,  Sibqatulla Qafurov isə millətçi-trotskiçi ittihamı ilə 1938-ci ilin mayında  güllələnmişdi. 1937-ci ildə tatar millətçisi kimi 10 il həbs cəzasına məhkum edilən Qayaz Maksudov 1942-ci ildə həbsxanada həlak olmuşdu. İbrahim Yumanqulovla Tatarıstan MİK sədri Rauf Sabirov Üçlüyün qərarına əsasən xalq düşməni kimi güllələnmişdi. İxtisasca hərbçi olan Şamil Usmanov isə bəraət prosesində müəyyən edildiyinə görə istintaq zamanı işgəncə altında ölmüşdü. Tatar heyətinin tərkibində Türkoloji qurultaya qatılanlardan yalnız dilçi-professor, türk dillərinə dair bir sıra dərslik və dərs vəsaitlərinin müəllifi Qibad Alparovun "bəxti gətirmişdi" - o, 1936-cı ildə 47 yaşında öz əcəli ilə  ölmüşdü. Daha bir il, yəni "böyük terrora" qədər yaşasaydı, yəqin ki, həmkarlarının acı taleyini paylaşmalı olacaqdı... Cavab verməli suallar vardı. Ən azı yadına Birinci Türkoloji qurultaydan qayıdandan sonra "Biznen yul" dərgisində çap etdirdiyi "Latın yox, ərəb!" məqaləsini, bu mövzuda digər yazılarını və söhbətlərini sala bilərdilər...

Sarayevo, yanvar, 2026-cı il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri