Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Kurultay sədri, qurultay nümayəndəsi Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

Kurultay sədri, qurultay nümayəndəsi Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

Icma.az bildirir, 525.az portalına istinadən.

Vilayət QULİYEV

Birinci Türkoloji qurultayın azərbaycanlı iştirakçılarını çıxmaq şərti ilə dil, tarix və ədəbiyyatımıza, XX əsrin əvvəllərindəki mili mətbuat və ədəbi-mədəni mühitimizə yaxından bələd olan, Azərbaycan mətbuatında fəal iştirak edən, hətta bu mühitin yetirməsi adlandırıla bilən şəxs Krım türkü-yazıçı publisist, Krım milli hərəkatının  görkəmli xadimi Asan Səbri Ayvazov (1868-1938) idi.

Yerli mədrəsədə bir neçə il oxuyandan sonra Məkkə, Mədinə mənziləsində gördükləri İstanbula getmişdi. Tam təsdiqini tapmayan məlumatla görə burada pedaqoji məktəb bitirmiş, məktəblərdə dərs demək hüququ qazanmışdı.

1898-ci ildə vətənə dönən 20 yaşlı Asan Səbri Alupkada dərslərin səsli üsulla aparıldığı, proqramında türk-tatar dili, coğrafiya, tarix, riyaziyyat kimi fənlərin yer aldığı  yeni tipli məktəb açmışdı. 1923-cü ildə Krımda onun ədəbi, ictimai və pedaqoji fəaliyyətinin, habelə qurduğu təhsil ocağının 25 illik yubileyi qeyd edilmişdi. Etirafına görə, Quran təliminə əsaslanan ənənəvi tədris proqramından imtina etdiyinə görə fəaliyyətinin başlanğıcında qaragüruhçuların  təqibinə məruz qalmış, həyatına sui-qəsd cəhdi göstərilmişdi.

Krım-tatar alimi Hakan Kırımlı çarizmin ruslaşdırma siyasəti yürütdüyü yarımadada ictimai şüurun yayılması, milli mənlik duyğularının kök salması uğrunda çalışan ziyalılar sırasında Asan Səbrinin də adını çəkərək yazır: "1905-ci ilə qədər hər şeyə sadəcə rusların daxili işi kimi baxan, bu işə qarışmaqla başlarına bəla açacaqlarını düşünən Krım tatarlarının əksəriyyəti siyasətlə maraqlanmırdı. İsmayıl Qaspralı və tələbələri - Asan Sabri Ayvazov, Mahmud Refat, İsmayıl Limanov, Osman Akçokraklı  maarifçilik işi aparmağa, yenilikçi hərəkat yaymağa çalışsalar da, yalnız 1905-ci ilə doğru Krım tatarları arasında üsuli-cədid və rus-tatar məktəblərində yetişən, ədəbiyyat və maarif məsələləri, habelə digər intellektual məsələlərdə fəal olan bir qrup təşəkkül tapmışdı".

XX əsrin başlanğıcında İstanbulla yanaşı, Krımın üz tutduğu digər mədəni mərkəz, heç şübhəsiz, Bakı idi. Bu məsələdə həmvətənlərinə şəxsi nümunəni Azərbaycan türkləri ilə qohumluq əlaqələri də daxil sıx münasibət bəsləyən İsmayıl bəy Qaspralı göstərmişdi. Krım-tatar cəmiyyətində türkçülük, milliyyətçilik və çağdaşlıq duyğularının yayılması, inkişafı baxımından Bakı ilə əlbir çalışmaq məsələsində Asan Səbri də müəllimindən geri qalmırdı.

Milli ucqarlarda oyanış və tərəqqiyə yol açan 1905-ci il  inqilabı onu Krım tatarlarının tanınmış ziyalıları sırasına çıxarmışdı. Az vaxtda xalqın sözünü deyən, hüququnu qoruyan şəxslər sırasında yer ala bilmişdi. 1905-ci ilin noyabrında o, yeni siyasi qurumun Rusiya Müsəlman İttifaqı Krım şöbəsinin üzvü seçilmişdi. 17 oktyabr  Manifestindən az sonra Krım tatarlarının aralarında Asan Səbrinin də olduğu 7 nəfərlik nümayəndə heyəti Peterburqa yollanmış, daxili işlər naziri P.N.Durnovo və digər dövlət rəsmiləri ilə görüşüb müzakirələr aparmışdı.

Nisbi azadlıq mühiti yarandığı bu dövrdə Asan Səbri II Dövlət dumasında Krımı təmsil edən Rəşid Mediyevlə (1887-1912) birlikdə "Vətən xadimi" qəzetinin nəşrinə başlamışdı. O, həmvətənləri arasında iş aparmaqla yanaşı, Bakıya, "Kaspi" və "Həyat"a yazılar göndərmiş, "Tərcüman"la əməkdaşlığı davam etdirmiş, habelə ittihadçılıq məfkurəsinin ideoloqu Abdullah Cövdətin Misirdə çıxardığı "İctihad" məcmuəsində türkçü-islamçı ruhlu yazılar müəllifi kimi tanınmışdı. Cəfər Seyid Əhmədin yazdığına görə, Birinci rus inqilabından sonra Asan Səbri türk heyranı və müsəlman siyasi hərəkatına bağlı olduğunu kimsədən gizlətmir, ictimai yerlərdə yalnız İstanbul şivəsi ilə danışır, nümayişkaranə şəkildə türk libasında gəzir, başına ənənəvi qırmızı rəngli türk fəsi qoyurdu.

1905-ci ildə Bakıda "Həyat" qəzeti nəşrə başlayanda Asan Səbri onun fəal müəllifləri sırasında yer almışdı. İlk irihəcmli əsəri - "Üsuli-tədris və təlim-tərbiyə" kitabı da 1906-cı ildə Bakıda, "Kaspi" mətbəəsində "Həyat" qəzetinin kitabxanası seriyasında çap olunmuşdu. Artıq həmin dövrdə Asan Səbri Bakının ədəbi-ictimai mühiti ilə sıx təmasda idi. Kiçik əyalət şəhəri Bağçasaray, patriarxal Kazan, yaxud Orenburqla müqayisədə dünyanın neft paytaxtının genişlənən imkanlarının fərqində idi. Rusiya türklərinin milli-siyasi zəmində təşkilatlanması işində Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi qüdrətli qələm sahibləri ilə təmsil olunan "Həyat" tipli yeni, cəsarətli dəsti-xəttə malik mətbu nəşrin  rolunu, ayıldıcı və birləşdirici gücünü aydın başa düşürdü.  "Həyat"da iştirak onu qəzetin iki redaktorundan biri - Əli bəy Hüseynzadə ilə daha da yaxınlaşdırmışdı. Görünür, "Füyuzat"ın nəşrinə hazırlaşan Əli bəyin yeni nəşrin daimi müəllifi kimi görmək istədiyi qələm adamları arasında krımlı dostu da olmuşdu.

Bunu Asan Səbrinin 1906-cı il sentyabrın 14-də, "Həyat" bağlanandan az gün sonra Əli bəyə  yazdığı aşağıdakı sətirlər də təsdiq edir: "Həyatımıza həyat bəxş edən "Həyat"ın guşeyi-inzivayə çəkilməsi bəni nə qədər dilgir etdiysə şəxsinizin himməti-aliləri sayəsində tülu edəcək "Füyuzat" da o dərəcədə, bəlkə daha ziyadə məmnun etmişdir. Əfəndim, "Həyat"ın adəmi-rəvacı yüzündən tətilə məcburiyyəti sizin ümid mənbələrinizi qurutmasın. "Həyat" ölməz! Əsl "Həyat" bundan sonra aləmə feyz saçacaqdır. Məktubunuzdakı təklifi-aliyi mövcud şərt ilə bərabər məali-məmnuniyyət ilə qəbul ediyorum və bu gündən etibarən min qayri haddin (heç nəyə baxmadan) "Füyuzat" xadimliyinə giriyorum. "Füyuzat"da iştirakımı ilk elanınızda bəyan edə bilirsiniz. Baqi təşəbbüs etdiyiniz işdə hər türlü müvəffəqiyyət dilər və "Füyuzat"ın gözlərinə pərdə çəkilmiş olan millətimizə gözlük olmasını təmənni edərək xitami-məqam eylərim, əfəndim".

"Füyuzat"ın fəal müəllifləri sırasında yer alanda Asan Səbri artıq Krımda müəllim, ictimai xadim, jurnalist kimi yaxşı tanınırdı. Zəhmət sayəsində qazandığı erkən nüfuz və şöhrətə baxmayaraq özünü İ.Qaspralı ilə bir sırada həm də Ə.Topçubaşovun, Ə.Hüseynzadənin, Ə.Ağayevin yetirməsi saymaqdan, Azərbaycan mədəniyyətinin vurğunu kimi təqdim etməkdən qürur duyurdu.

Onu "Füyuzat"la sıx əməkdaşlığa cəlb edən amillərdən biri də Ə.Hüseynzadənin ilk sayda yer alan "məcmuənin səhifələri qüdrətli, ədəbi qələm sahibi cəmi hürriyyətpərvər mühərrirlərə açıq bulunacaqdır" - vədi idi.

"Füyuzat" nəşrə başlayanda Asan Səbri "qüdrətli qələm sahibi"  olmasa da, türk xalqlarının azadlığı, milli inkişafı, siyasi fəallığı ideyasının qızğın tərəfdarı kimi yaxşı tanınırdı. Azərbaycan-Krım ədəbi əlaqələri baxımından diqqəti çəkən digər məqam onun təşviqi ilə Əli Rza Krımzadə, müəllim Bəkir Əməkdar kimi krımlı ziyalıların məcmuədə iştirakı sayılmalıdır.

"Füyuzat"ın ömrü bir ildən az sürmüş, cəmisi 32 sayı işıq üzü görmüşdü. Bu saylardan 24-də Asan Səbrinin yazıları yer almışdı. Bura onun aktual mövzulu publisist məqalələri ilə birlikdə 1907-ci ildə Bakıda kitab şəklində çap olunan, bəzi məlumatlara görə, Azərbaycanda tamaşaya qoyulan  "Nədən bu hala qaldıq?" pyesi daxil idi. Yazılarının mövzu dairəsi geniş idi. Məqalə və hekayələrində yalnız Krım türklərini deyil, ümumilikdə türk-islam dünyasını düşündürən məsələlərə toxunmağa çalışırdı. Əli bəy Hüseynzadə və Əhməd Kamalla birlikdə Asan Səbri məcmuənin istiqamətini müəyyən edən, əsas ağırlığı üzərinə götürən üç aparıcı ədəbi simadan biri idi. Bunu jurnalın 1907-ci il 23-cü sayının üz qabığında "Mühərrirlərimizdən Həsən Səbri Ayvazov" alt yazısı ilə onun portretini verilməsi də göstərməkdədir.

Məcmuənin 2-ci sayında dərc olunan "Həyat"ın qürubundan və "Füyuzat"ın tüluundan hasil olan təəssüratım" məqaləsi bir tərəfdən ruh və məzmun etibarı ilə müəllifin Əli bəyə göndərdiyi cavab məktubu ilə tam səsləşirdi. Digər tərəfdən isə Azərbaycan və türklüyün öncül hissəsinə çevrilən Azərbaycan üzərindən türk-islam dünyasına təsirli, yanğılı çağırışının təzahürü kimi meydana çıxmışdı:

"Həyat"ın vidasından ən ziyadə mütəəssir və mütəəllim olanların biri də şu sətirləri qaralayan acizdir... "Həyat"ın vidanaməsini oxuduğumda şiddəti-təəssürümdən acı-acı ağladım. Axıtdığım göz yaşları nə üçün idi? Altı-yeddi milyonluq bir cəmaəti-islamiyyənin iki qəzetəyi ("Tərcüman" və "Həyat" nəzərdə tutulur - V.Q.) maddətən idarə və müntəzəmən davam etdirəcək qədər müavinət, qeyrət, həmiyyət ibraz edəmədikləri, daha doğrusu, əsrlərdən bəri xaki-məzəllət içərisində dalmış olduqları xabi-qəflətdən hənuz oyanmadıqlarına idi".

Məşhur latın ifadəsində "İşıq Şərqdən doğur" - deyilir. Asan Səbri isə Rusiya türk-müsəlmanları üçün maarif işığını, mədəniyyət nurunu Qafqazdan, dəqiq deyisə, Azərbaycandan gözləyirdi: "Qafqaz qitəsi Rusiya müsəlmanlarına, hələ bəlkə Osmanlı türklərinə belə hər kəsdən ziyadə xidmət etmişdir, etməkdədir və edəcəkdir. Qafqaz hər xüsusda Rusiya türklərinə müəllim olmuşdur və olacaqdır. Bu gün iyirmi sənə müddəti-davamiyyəsi ilə fəxr etdiyimiz "Tərcüman" Qafqaz "Əkinçi"lərinin əkdiyi toxum deyilmidir? Keçən sənə İsmayıl bəy həzrətlərinin "Yaşa, Həsən bəy, yaşa!" namı altında yazdığı xitablar kimə və nə üçün idi?"

Stolıpin irticasının tüğyan etdiyi dövrdə Asan Səbri milli ziyalıların çoxu kimi təzyiq, təqib və hədələrə məruz qaldığından Krımı tərk etmişdi. Türkiyə, Misir və İsveçrədə yaşamışdı. Jurnalistlik fəaliyyətini davam etdirmişdi. 1913-cü ilə hakim Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə verilən əfvi-ümumiyə düşərək Vətənə qayıda bilmişdi. Növbəti il Ustadı İ.Qaspralının ölümündən sonra onun ən böyük işinin davamçısı olmuş, naşirlik hüququ Qaspralı ailəsində qalan "Tərcüman" qəzetinin baş yazarı kimi Krım mətbuatının lideri səviyyəsinə yüksəlmişdi.

Asan Səbri Krım tatar-nümayəndə heyətinin tərkibində 1917-ci ilin mayında Moskvada Ümumusiya müsəlmanlarının qurultayında iştirak etmişdi. İimperiyanın gələcək dövlət quruluşu və idarəçilik üsulunun müzakirəyə çıxarıldığı mötəbər məclisdə Ə.Topçubaşov və M.Ə.Rəsulzadənin irəli sürdükləri federal demokratik respublika forması üstünlük qazanmışdı. Gərgin müzakirələr və səsvermə zamanı Krım heyəti azərbaycanlı həmkarlarının mövqeyinə tərəfdar çıxmışdı.

Qərarın təcrübəyə tətbiqində - Krımda müstəqil tatar dövlətinin qurulması məsələsində Asan Səbri ardıcıl, prinsipial mövqeyi ilə seçilmişdi. Həmin il noyabrın 26-da onun sədrliyi ilə Bağçasarayda toplanan "Krım Tatar Kurultayı (Parlament) milli-azadlıq hərəkatının lideri, Milli Firqənin sədri Numan Çələbi Cahanı (1885-1918) yeni dövlətin başçısı elan etdi. Asan Səbri isə qanunverici quruma ilk sədr, habelə Rusiya Müəssislər Məclisinə nümayəndə seçildi. Cəfər Seyidəhməd, Əhməd Şükrü, Əhməd Özənbaşlı, Seyid Cəlil Xəttat kimi tanınmış ictimai-siyasi xadimlər yeni Krım Xalq Cünhuriyyəti hökumətinin tərkibinə daxil oldular. Müstəqillik uğrunda ağır, qanlı mücadilə başlandı.

Krım Xalq Cümhuriyyəti hökuməti Almaniya, Polşa, Türkiyə kimi güclərin himayəsi altında yarımadada milli dövlətçiliyi bərpa etmək uğrunda mübarizə aparırdı. Bu məqsədlə Krımda tatar əhalisinin sayını 600 min nəfərə çatdırmaq (onların 200 minini mərkəzi quberniyalardan, 70 minini Rumıniyadan, 30 minini isə Polşa və Litvadan köçürmək nəzərdə tutulurdu), dövlət aparatını Türkiyədən dəvət olunmuş təcrübəli məmurların, ordunu Polşa və Litva tatarlarının, habelə neytral mövqeli rus zabitlərinin hesabına formalaşdırmaq, Qərb dövlətləri ilə qarşılıqlı maraqlara cavab verən sazişlər imzalamaq, vətənpərvər və milliyyətçi qüvvələrlə iş birliyi şəraitində çalışmaq nəzərdə tutulurdu.

1918-ci ilin iyununda tatar əsilli general Masey Sulkeviç (1865-1920) mövcudluğu bir neçə ay sürən müstəqil Krım Respublikası quranda Asan Səbri Osmanlı dövlətinin siyasi və maliyyə yardımını təmin etmək məqsədi ilə diplomatik nümayəndə statusunda İstanbula göndərilmişdi. Burada Azərbaycan Cümhuriyyəti hökumətinin fövqəladə və səlahiyyətli naziri, əvvəldən tanıdığı Ə.Topçubaşovla sıx əməkdaşlıq şəraitində çalışmışdı. Lakin çətinliklər məngənəsində boğulan, süqut ərəfəsində olan Osmanlının hər hansı köməyini təmin etmək mümkün olmamışdı. Sovet Krımına qayıdan Asan Səbri yeni hakimiyyətlə əməkdaşlıq yolunu tutmuşdu. Hətta Krım MİK üzvü seçilmişdi. 1922-ci ildə isə həmkarı Mahmud Nədimlə birlikdə aclıq təhlükəsi ilə üz-üzə qalmış vətəninə Türkiyənin humanitar yardımını təmin etmək üçün bir neçə aylığa İstanbul və Ankaraya ezam olunmuşdu...

lll

Asan Səbri Ayvazov 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultayın işində iştirak etmişdi. Krım tatarları digər türk xalqları ilə müqayisədə azsaylı olmalarına rəğmən, türkoloqların keçmiş SSRİ-dəki ilk forumuna kifayət qədər  geniş tərkibli nümayəndə heyəti ilə gəlmişdi. 8 nəfərlik tərkibinə həmin dövrdə Azərbaycanda yaşayan Bakı universitetinin professoru Bəkir Çobanzadə, Osman Akçokraklı, Asan Səbri Ayvazov, Həbibulla Odabaşlı, Şefki Bektörə, İsmayıl Lemanov, Mahmud Nədim və Yaqub Kamal daxil idi. Onların demək olar ki, yalnız Krımda deyil, digər türk respublikalarında, hətta Moskva və Leninqradda da tanınırdılar. 

Qurultayın stenoqrafik hesabatından da göründüyü kimi, həmvətəni Bəkir Çobanzadə ilə müqayisədə Asan Səbri xüsusi fəallığı ilə seçilməmişdi. O, yalnız iki iclasda, hər ikisində də türkcə çıxış etmişdi. Günümüzə gəlib çatan stenoqramlar rus dilində aparıldığı üçün çıxışı barədə yalnız ümumi məlumat verilmiş, mətn əlavə olunmamışdı. Birinci dəfə martın 4-də, Həbib Cəbiyevin sədrliyi ilə keçən, islah olunmuş ərəb əlifbası tərəfdarları ilə "latınçılar" arasında qızğın mübarizənin getdiyi iclasda kürsüyə qalxmışdı. Fikirlərin haçalandığı, əsas etibarı ilə Volqaboyu tatarlarının zəngin milli tarixi irslə əlaqələri qırmamaq üçün ərəb əlifbasında islahat apararaq ora sait səsləri bildirən işarələr əlavə etmək təklifini səsləndirdikləri müzakirələr zamanı Krım-tatar təmsilçisi latın əlifbasına keçidin qətiyyətli tərəfdarı kimi çıxış etmişdi. Ərəb yazısını cəhalət və irtica rəmzi adlandırıb onun sadəcə islahını yarımçıq, ziyanlı addım kimi dəyərləndirmişdi. Onun fikrincə, hər şeyi kökündən dəyişdirməyin tələb olunduğu bir vaxtda mədəni inqilabın başlıca şərti kimi köhnəlmiş əlifbadan əl çəkmək lazım idi. Tərəddüddə qalanları, qətiyyətsizlik göstərənləri həyat özü tezliklə buna vadar edəcəkdi. Krım-tatar ziyalısının çıxışı rəsmi hökumət qəzetinin - "Kommunist"in də diqqətindən yayınmamışdı. Qəzetin 7 mart 1926-cı il tarixli sayında qurultay müxbirinin "Yeni əlifba haqqında Ayvazov yoldaşın nitqi" adlı məlumat xarakterli məqaləsi dərc olunmuşdu.

Latın əlifbasına keçid tərəfdarlarının 7 səsə qarşı 101 səslə mütləq üstünlük qazandıqları səsvermədən sonra qurultayın qərarı ilə təklif və düzəlişləri nəzərə almaqla yeni əlifba layihəsi ilə bağlı qətnamənin son variantını  hazırlayan 26 nəfərlik redaksiya şurasının tərkibinə seçilmişdi.

Növbəti çıxışı isə ertəsi gün - martın 5-də Səmədağa Ağamalıoğlunun sədrliyi ilə keçən, türk xalqlarının dil və ədəbiyyatına həsr edilən toplantıda olmuşdu.  Burada toxunduğu mövzu və məsələlər haqqında qurultay sənədlərində, eləcə də öz qeydlərində hər hansı məlumata təsadüf edilmir. Nəhayət, Asan Səbri türkoloqların Bakı forumu zamanı sonralar şəraitin tələbi ilə əleyhinə çıxdığı, siyasi damğalar vurmağa məcbur olduğu bir sıra görkəmli şəxsiyyətlərlə, o cümlədən hələ fəal müəllifi olduğu "Füyuzat" jurnalından tanıdığı, bir müddət məktublaşdığı Əli bəy Hüseynzadə ilə görüşüb fikir mübadiləsi aparmışdı. Türk tədqiqatçısı Ömər Özcanın yazdığına görə, qurultay zamanı o, həm Əli bəy, həm də Türkiyədən gəlmiş digər nüfuzlu qonaq - İstanbul Darülfünunu tarix-ədəbiyyat fakültəsinin dekanı, professor Mehmet Fuad Köprülü ilə söhbətləri zamanı şəxsi problemlərini də dilə gətirmiş, Sovet İttifaqında yaşamağın həyatına təhlükə olduğunu bildirib mümkün qədər tezliklə Türkiyəyə dəvət edilməsi üçün hər ikisinin yardımını istəmişdi.

Krıma qayıtdıqdan sonra yarımadada Yeni Türk Əlifbası Komitəsinin sədri kimi regionda yeni əlifbanın qızğın tərəfdarı kimi tanınmışdı. Krım tatarları üçün latın qrafikası əsasında əlifba hazırlanması işində yaxından iştirak etmişdi. Bütünlükdə, 1920-ci illərin ortalarında həyatı hələlik nisbətən sakit axarda keçsə də, gələcək fırtınaların yaxınlaşdığını özü də hiss edirdi. Etirafına görə, hələ də müəyyən gizli tellərlə bağlandığı "Milli Firqə"dən olan keçmiş həmkarları ona şübhə ilə yanaşırdılar. Səmimiyyətinə inanmırdılar. Həm "köhnələrin", həm də "yenilərin" yanında etibarını itirməsi Asan Səbriyə çətin, əzablı anlar yaşadırdı. Keçirdiyi stress yaradıcılığına da təsirsiz qalmırdı.  1930-cu illərdə tam siyasi-mənəvi təcrid vəziyyətinə salınması nəticəsində düşdüyü gərgin ruhi vəziyyət bir zamanlar ədəbi fəallığı ilə seçilən, proseslərin mərkəzində olmağa can atan müəllifi susmağa, bir küncə çəkilməyə və ehtiyatlı şəkildə xilas yolu aramağa məcbur etmişdi.

lll

Birinci Bakı Türkoloji qurultayında türkoloqların növbəti forumunun iki il sonra, 1928-ci ildə o zaman Özbəkistanın paytaxtı olan Səmərqənddə çağırılması haqda qərar qəbul edilmişdi. Bu alimlərin fikri idi. Rejim isə tamamilə fərqli fikirdə idi. Məşhur ifadədə deyildiyi kimi, "mavr öz işini görmüşdü, mavr gedə bilərdi". Tələb olunan hədəfə ilk cəhddən nail olunmuşdu - əlifbanın dəyişməsi haqda elmi qərar qəbul edilmişdi. Odur ki, yeni qurultaya heç bir ehtiyac qalmamışdı.

İllüziyaları dağıtmaq üçün I Türkoloji qurultaydan bir müddət sonra hələlik xəbərdarlıq xarakterli təqib və həbslər başlanmışdı. Krım heyətinin bütün üzvləri kimi, Asan Səbrinin də adı "qara siyahıda" idi.

1920-ci illərin ikinci yarısından etibarən Krımda milli hərəkat təmsilçilərinə - müstəqil tatar dövləti qurmaq iddiasına düşən  "Milli Firqə" üzvlərinə qarşı il gedirdi. Krım Cümhuriyyəti Kurultayının sədri, "Millət" qəzetinin baş redaktoru, Krımın Türkiyə təmsilçisi və s. təmtəraqlı vəzifələrin sahibi kimi Asan Səbrini ilk dəfə birinci dalğadan sonra, 1930-cu ildə həbs etmişdilər. Amma o vaxta  qədər də çekistlərin sayıq nəzarəti altında olmuşdu. Keçmiş Milli Firqə üzvləri ilə əlaqələri diqqətlə araşdırılmışdı. Bir neçə ay çəkən rəsmi Türkiyə ezamiyyəti də daxil az qala hər addımı izlənmişdi. Bütün görüşləri, şəxsi yazışmaları nəzarətdə saxlanmış, yaxın əhatə və ünsiyyət nəzarətə götürülmüşdü. Nəticədə, həbsin zəruriliyini əsaslandıran sənəddə "günahı" tam şəkildə ortaya qoyulmuşdu.

Belə əsaslı "hazırlıq" işlərindən sonra nə ictimai statusu, nə də özünü sovet yanlısı kimi göstərmək cəhdləri onu illərdən bəri başı üzərində dolaşan fəlakətdən xilas edə bilmişdi. Krımlı tədqiqatçı A.V.Yefimovun sovet çekistlərinin Asan Səbrinin şəxsiyyət və fəaliyyəti ilə yeni quruluşun ilk illərindən maraqlanmaları haqda yazdıqları da dairənin bir gün mütləq qapanacağını göstərirdi.

OQPU-nun 1929-cu ildə "Tam məxfi" qrifi ilə hazırladığı "Tatarların Krımda milli-azadlıq hərəkatının mənşəyi və inkişaf yolları haqda tarixi arayış"da Asan Səbri ilə bağlı aşağıdakı sətirlər yer almışdı: "Ayvazov Asan Səbri, 1878-ci il təvəllüd, ali pedaqoji təhsilli, hazırda Krım Pedaqoji İnstitutunun türk dili müəllimi. İxtisasca ədəbiyyatçıdır. Eser partiyasının (1906-1908) keçmiş üzvü. 1907-1913-cü illərdə Krımdan kənarda, sürgündə yaşayıb. 1915-1916-cı illərdə (əslində 1906-1908 olmalıdır - V.Q.) panislamist "Vətən xadimi" qəzetini nəşr edib. 1917-ci il fevral inqilabından sonra "Millət" qəzetinin redaktoru olub və Krımın tam muxtariyyəti ideyasını təbliğ edib. Müəssislər Məclisinin üzv seçilib. Oktyabr inqilabından sonra Kurultaya sədrlik edib. Almaniyanın Krım üzərində himayə xahişi ilə II Vilhelmə müraciət məktubu imzalayanlardan biridir. 1918-ci ilin ortalarında Krım Hökumətinin (Kurultay) səfiri kimi Türkiyəyə göndərilmişdi".

Dövrün sovet gerçəkliyi şəraitində hətta ayrılıqda bu ittihamların hər biri həbs etməyə yetərli idi. 1930-cu ildə artıq həmin vaxta qədər bir neçə dəfə şahid qismində istintaqa çağırılan Asan Səbrinin həbsi ilə bağlı qərar verildi.

Onu həbs etdilər, amma zindanda çox saxlamadılar. İki ay sonra azadlığa çıxdı. Səbəbi başa düşmək olardı: məhbus inadkarlığı faydasız saymış, təzyiq və işgəncələrdən qorxub NKVD ilə əməkdaşlıq yolunu tutmuşdu. 1937-ci il dekabrın 27-də, təkrar həbsindən sonra istintaqa ifadəsində Asan Səbri özü də ilk həbsi zamanı gizli agent kimi müvafiq sənəd imzaladığını etiraf etmişdi. Aradakı "centlmen sazişi" çekistlərin işinə yarayırdı. Milli hərəkatın tanınmış siması və geniş əlaqələrə malik ictimai-siyasi xadim kimi ondan mümkün qədər çox məlumat almağa çalışırdılar. Eyni zamanda, yeddi il ərzində keçmiş mübarizə yoldaşları ilə bağlı ifşaedici materialları çekistlərə ötürməsi də istisna olunamamalıdır. Əks-təqdirdə, 1930-cu ildə salındığı zindandan çıxması qeyri-mümkün idi...

Bəlli şərtlər daxilində canını müvəqqəti qurtarsa da, Asan Səbri tələyə salındığını, tələnin isə istənilən an qapana biləcəyini yaxşı başa düşürdü. Odur ki, vəziyyətdən çıxış yolu axtarırdı. Əlaqələrindən istifadə edib Türkiyə, yaxud Polşada sığınacaq tapmaq məsələsi üzərində ciddi düşünürdü.

1932-ci ildə onu Pedaqoji İnstitutdakı işindən uzaqlaşdırmışdılar. Mətbuata yolu bağlanmışdı. Hər tərəfdən təcrid  olunmuşdu. Yaşamaq imkanları tükənmişdi. Ünsiyyət saxlaya biləcəyi kimsə qalmamışdı. Fikir və əməl dostlarının sürətlə seyrəldiyini, yoxa çıxdığını görmək bir vaxtlar ədəbi-mədəni həyatın mərkəzində dayanan bir şəxs kimi ona xüsusi ilə ağır gəlirdi. Çevrəsindəki insanlar da artıq Asan Səbridən  şübhələndiklərini gizlətmir, arada məsafə saxlamağa çalışırdılar.

Belə vəziyyətdə yeganə ümidi keçmiş əqidə yoldaşlarına - Türkiyədəki Krım mühacirəti nümayəndələrinə qalırdı. Şəraitin təsiri altında dəfələrlə ləkələməyə, böhtan atmağa məcbur olsa da, təhlükə anında onlardan başqa ümid yeri görmürdü. Ankarada münaqişə edib ayrıldığı Cəfər Seyidəhmədə 1934-cü ildə gizli yollarla göndərdiyi iki məktub bu cəhətdən səciyyəvidir. Xüsusən ikinci məktub ümidsizlik və həyəcan motivləri üzərində köklənmişdi:

"Əzizim Cəfər, Həmdi Bəkir, qardaşlar, dostlar! - deyə Asan Səbri yazırdı: - Mehmet əfəndi ilə göndərdiyim məktuba indiyədək cavab almamışam. Vəziyyətim çox ağırdır. Burada bir müddət də qalmaq ölmək, ya da öldürülmək deməkdir. Ölümdən qorxmuram, gizlində it kimi gəbərdilməkdən qorxuram. Ölümdən, əzab-əziyyətdən qorxsaydım, getməyin asan olduğu vaxtlarda aradan çıxardım. Amma təkbaşına qalsam da, 35 il əvvəl başladığım işi davam etdirdim. Daha belə şəraitdə yaşamaq mümkün deyil. Həyatım təhlükədədir. Ömrümdə ilk dəfədir ki, yardım istəyirəm - məni bacardığınız qədər tez buradan aparın.

Məni ümidsiz vəziyyətdə atıb getməklə ölümümə səbəb olmayın. Qardaşım, dostum olduğunuzu əməldə sübuta yetirin. Tarix üçün yazmalı, deməli sözlərim çoxdur. Onları məndən başqa kimsə eləyə bilməz".

Şübhəsiz, Asan Səbrinin Türkiyədən gözlədiyi xilas yolu - universitet, yaxud elmi müəssisədən rəsmi  dəvət almaq və geri qayıtmamaq planı xam xəyaldan başqa bir şey deyildi. NKVD xalq düşməni kimi həbsi zaman məsələsi olan "pantürkistin" bu yolla ölkədən çıxmasına çətin razı ola bilərdi.

1937-ci il aprelin 5-də Krım-tatar ədəbiyyatının canlı klassiki sayılan Asan Səbri ikinci dəfə həbs edildi. Və maraqlıdır ki, çekistlərin təklifi, yaxud tələbi ilə həbsxana kamerasında "Krımda milli hərəkatın tarixi" kitabını yazdı.

Mətni ilk dəfə Krımın "Vatanım" jurnalında, Tavriya Universitetinin professoru A.V.Yefimovun "Asan Səbri Ayvazovun həbsxana qeydləri" adlı giriş sözü ilə çap olunan əlyazmasında XIX əsrin ortalarından 1930-cu ilə qədər Krım-tatar xalqının ictimai-mədəni və milli-mənəvi inkişaf yolu nəzərdən keçirilmişdi. Asan Səbrinin qeydləri avtobioqrafik səciyyə daşıyırdı. İnsafən, kitabın istintaq üçün əlavə "ipucuna" çevrilməməsi, günahsız adamların həbsi üçün donosa çevrilməməsi üçün müəllif mümkün bildiyini etmişdi. Ən azı yaxşı tanıdığı pantürkistlərdən danışarkən Türkiyədə (Yusif Akçura, Əli bəy Hüseynzadə, İsmayıl Hikmət və b.), yaxud Azərbaycanda (Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və b.) olan şəxslərdən bəhs etmişdi. Amma bu səmimi etiraf da onu xilas etməmişdi.

Asan Səbri Eyvazov 1938-ci il aprelin 17-də Krımın 40 nəfər partiya-dövlət xadimi, ziyalı və elm adamı ilə birlikdə Ağməscid (Simferopol) həbsxanalarının birinin zirzəmisində güllələnmişdi. Onunla birlikdə öldürülənlər arasında I Bakı Türkoloji qurultayının Krımdan olan daha iki nümayəndəsi - tarixçi və etnoqraf Osman Akçokraklı ilə pedaqoq və publisist, Krım Muxtar Respublikasının keçmiş maarif naziri Mahmud Nədim də vardı...

Sarayevo

Yanvar, 2026-cı il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri