Icma.az
close
up
RU
BMA nın İxtisas musiqi məktəb studiyası şagirdlərinin 2024 2025 ci tədris ili üzrə hesabat konserti

BMA nın İxtisas musiqi məktəb studiyası şagirdlərinin 2024 2025 ci tədris ili üzrə hesabat konserti

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan professional musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və milli musiqi təhsilinin əsasını qoymuş dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

2025-ci il 1 iyul tarixində BMA-nın Böyük zalında baş tutmuş konsert həmin tədbirlər sırasında idi. Cari tədris ilinin yekununa həsr olunmuş hesabat xarakterli tədbir zamanı şagirdlərin il ərzində qazandıqları ifaçılıq bacarıqları, texniki və emosional cəhətdən inkişafları, səhnə təcrübələri əks olunmuşdur.

Rəngarəngliyi ilə seçilən tədbir violin ixtisası üzrə 1-ci sinif şagirdi Humay Kəlpizadənin (müəllim - Arzu Rzayeva, konsertmeyster - təcrübəçi-tələbə Fidan Əmirova) ifasında səslənən Oskar Ridinqin h moll konserti (I h.) ilə başladı. Böyük səhnəyə hələ yenicə addım atan Humay, gənc yaşına baxmayaraq, səlis musiqi və ritm duyumu ilə dinləyicilərin diqqətini cəlb etməyi bacardı.

Truba ixtisası üzrə 2-ci sinif şagirdi Elşad Məmmədlinin ifa tərzi (müəllim - Əməkdar artist, dosent Vladislav Kuznetsov, kons. - təcrübəçi-tələbə Nərmin Hüseynli) dinləyicilərə musiqidə ifadə gücünün erkən yaşlardan necə formalaşdığını aydın şəkildə nümayiş etdirdi. Şən və yumoristik xarakterə malik Tyerri Müllerin “Tuf-tuf” əsəri Elşadın ifasında sərbəst və düzgün nəfəs texnikası ilə təqdim olundu. Vurğulanmalıdır ki, ifaçının səhnə davranışı və ifa mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Anatoli Komarovskinin dinamik ritmli “Вперегонки” əsəri violin ixtisası üzrə 2-ci sinif şagirdi Səriyyə Axundsoyun ifasında (müəllim - dosent Gülnarə Quliyeva, konsertmeyster - təcrübəçi-tələbə Şəms Əsgərova) səslənərək qayğısız uşaq aləminin təsvirini canlandırdı.

Texniki çevikliyin inkişafına yönəlmiş Anri Lemuanın, 23 №-li (op. 37) G dur etüdü fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Mədinə Musayevanın ifasında səsləndi (müəllim - Əməkdar müəllim, dosent Mədinə Tuayeva). Bu etüd ifaçıdan yüksək dərəcədə barmaqların cəldliyi, ritmik dəqiqlik və musiqi ifadəliliyini tələb edir. Mədinənin səlis və intizamlı ifası, hər bir səsin aydın şəkildə səslənməsi onun texniki hazırlığının və musiqi materialına yanaşmadakı məsuliyyətinin bariz göstəricisi oldu.

Azərbaycanın görkəmli bəstəkarı Cavanşir Quliyevin uşaq musiqi ədəbiyyatına bəxş etdiyi dəyərli nümunələrdən biri olan “Günəşin musiqi dəftəri” silsiləsindən “Günaydın, Günəş” pyesi fortepiano ixtisası üzrə 4-cü sinif şagirdi Safiya Zeynalovanın (müəllim - dosent Sevda Məmmədova) hissiyyatlı və zərif ifasında səsləndi. Əsər işıqlı və pozitiv ovqat yaratmaqla yanaşı, gənc pianoçunun musiqi duyumu, frazaları ifadəli şəkildə təqdim etmə bacarığı və emosional təhlil qabiliyyətini də parlaq şəkildə üzə çıxartdı. Şagirdin bütün bu məqamları düzgün və dəqiq şəkildə yerinə yetirməsi, sözsüz ki, fənni tədris edən müəllimin peşəkarlığını və pedaqoji uğurunu əks etdirir.

Məşhur Kanada bəstəkarı Oskar Pitersonun caz üslublu etüdünü ifa edən fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Araş Seyfpour (Əməkdar müəllim, dosent Mədinə Tuayevanın sinfi) caz musiqisinə xas olan əsas ünsürləri – improvizasiya texnikasını, harmonik zənginliyi və ritmik vurğuları uğurla mənimsədiyini nümayiş etdirdi.

Trombon ixtisası üzrə 4-cü sinif şagirdi Rəvan Məmmədov (müəllim - Əməkdar artist, dosent Vladislav Kuznetsov, kons. - təcrübəçi-tələbə Nigar Həsənli) Avstriya bəstəkarı Yozef Mattiasın “Tokkata” əsərini güclü nəfəs texnikası və inkişaf etmiş ritmik duyum sərgiləyərək canlandırdı. Tokkata janrına xas olan enerji və impuls Rəvanın ifasında dolğun şəkildə özünü göstərdi.

Növbəti musiqi nömrəsi vokal ixtisası üzrə 6-cı sinif şagirdi Emiliya Ağakişiyevanın ifasında təqdim olundu (müəllim - Ofeliya Axundova, kons. - təcrübəçi-tələbə Ləman Qəmbərova). Dəyərli nəğməkar bəstəkarımız Tofiq Quliyevin “Arzular” adlı lirik vokal əsəri Emiliyanın duyğu dolu ifasında öz təsdiqini tapdı. Şagirdin səs imkanları, nəfəsin düzgün idarə olunması və emosional ifadə qabiliyyəti onun vokal hazırlığındakı yetkinliyi və potensialını aydın şəkildə nümayiş etdirdi.

Zəngin Şərq musiqi mədəniyyətinə daim maraq və sevgi ilə yanaşan görkəmli bəstəkar Reynhold Qliyerin Des dur Prelüdü fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Gülay Məmmədzadənin ifasında (müəllim - Anna İsrafilova) səsləndi. Şagirdin ifa zamanı nümayiş etdirdiyi obrazlı musiqi düşüncəsi və emosional dərinliyi nəticəsində əsər tamaşaçılara zərif və poetik musiqi ovqatı bəxş etdi.

Fortepiano musiqisinin həm texniki mürəkkəbliyini, həm də emosional ifadə imkanlarını özündə birləşdirən Ferens Listin 12 №-li (op. 1) etüdü 7-ci sinif şagirdi Hüseyn Quliyevin ifasında yüksək peşəkarlıqla səsləndi. Xüsusi istedada malik gənc pianoçu cəld ifa nümayiş etdirməklə yanaşı, melodik xətti təbii və axıcı şəkildə quraraq əsərin dramatik gərginliyini ustalıqla çatdırdı. Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamilla Əmirovanın peşəkar rəhbərliyi və pedaqoji yanaşması bu mürəkkəb əsərin mənimsənilməsində həlledici rol oynamış və ifaçının texniki potensialının genişliyini parlaq şəkildə üzə çıxarmışdır.

Azərbaycan musiqi mədəniyyətinin lirik incilərindən biri olan Səid Rüstəmovun “İntizar” vokal əsəri ifaçıdan xüsusi yaradıcı yanaşma tələb edir. 8-ci sinif şagirdi Kamilə Mahmudova (müəllim - Ofeliya Axundova, kons. - təcrübəçi-tələbə Ləman Qəmbərova) bu əsəri səsləndirərkən səs tembrinin yumşaqlığı, melodik xəttə göstərdiyi həssas münasibət və emosional dərinliklə tamaşaçıların diqqətini cəlb etdi. Müəllimi Ofeliya Axundovanın peşəkar vokal yönləndirməsi nəticəsində Kamilə əsərin poetik ovqatını və daxili gərginliyini səhnədə dolğun şəkildə ifadə edərək, dinləyicilərə dərin emosional təsir bəxş etdi.

Konsert proqramında rus musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Pyotr İliç Çaykovskinin “Skertso” əsəri təqdim olundu. Violin ixtisası üzrə 10-cu sinif şagirdi Şəhla Qazıyevanın ifasında (müəllim - Arzu Rzayeva, kons. - təcrübəçi-tələbə Maya İsmayılova) səslənən bu əsər sürətli temp dəyişiklikləri, zərif dinamika kontrastları və texniki mürəkkəbliyi ilə proqramda fərqlənərək, konsertə xüsusi rəng qatdı. Yuxarı sinif şagirdinin bu mürəkkəb əsəri məharətlə ifa etməsi onun təhsil prosesi ərzində qazandığı bilik, texniki bacarıq və musiqi təfəkkürünü aydın şəkildə nümayiş etdirdi. Dolğun və təsirli ifa Şəhlanın ümumi musiqi qabiliyyətini parlaq şəkildə əks etdirdi.

Əsrarəngiz alman musiqi aləminin zənginliyini təcəssüm etdirən Robert Şumanın h moll “İntermetso” əsəri dünya fortepiano ədəbiyyatında xüsusi əhəmiyyətə malikdir. 8-ci sinif şagirdi Cəlalə İsmayılzadə (Əməkdar müəllim Kamilla Əmirovanın sinfi) bu mürəkkəb əsəri səsləndirərkən musiqi frazalarının bütövlüyü və ifadəliliyini, incə və çevik barmaq texnikasını, eyni zamanda pedalın musiqi ifadəsinə verdiyi imkanlardan düzgün şəkildə istifadə etmə bacarığını nümayiş etdirdi.

Fortepiano ixtisası üzrə 9-cu sinif şagirdi Maqsud Məmmədzadə (müəllim - Nuranə Zeynalova) Fikrət Əmirovun 1 №-li “Ekspromt” əsərini yüksək peşəkarlıqla ifa etdi. O, əsərin milli ruhunu və emosional dərinliyini ustalıqla ifadə edərək, bədii məzmununu tamaşaçılara çatdırmağı bacardı.

Müxtəlif musiqi nömrələri arasında Feliks Mendelsonun fis moll Fantaziyası (op. 28) konsertin davamı kimi səsləndi. Obrazlı-emosional dərinliyi və texniki mürəkkəbliyi ilə fərqlənən bu əsər Məktəb-studiyanın 9-cu sinif şagirdi Gülər Mahmudzadənin ifasında tamaşaçılara unudulmaz musiqi anları yaşatdı.

Frits Kreyslerin “Kiçik Vyana marşı” 9-cu sinif şagirdi Yusuf Məmmədlinin (müəllim - dosent Gülnarə Quliyeva, kons. - təcrübəçi-tələbə Faidə Hüseynova) ifasında dəqiqliklə təqdim edildi. Violin ifaçısı Yusufun özünəməxsus ifası əsərin xarakterini uğurla əks etdirdi.

Serban Nichiforun melodik elementləri ilə zəngin “Klezmer Dance” əsəri, marimbafon və vibrafonun xüsusi səslənmə imkanlarından istifadə edərək ifaçılar 9-cu sinif şagirdi Məhəmmədəli İbrahimov və 7-ci sinif şagirdi Miraqil Mirzəzadə (müəllim - Firuz Hüseynov, kons. - Anna İsrafilova) tərəfindən yüksək səviyyədə təqdim olundu. Onların birgə ifası əsərin ritmik canlılığını və melodik incəliklərini bacarıqla vurğulayaraq əsərin rəqsvariliyini auditoriyaya çatdırdı.

Tədbirin son musiqi nömrəsi Anri Vyetanın romantizm dövrünə aid “Tarantella” əsəri olmuşdur. Bu parlaq və həyat dolu musiqi, ifaçıdan həm çeviklik, həm də yüksək səviyyəli ustalıq tələb edir. Məktəb-studiyanın məzunu, 11-ci sinif şagirdi Elmir Hüseynovun (müəllim - Arzu Rzayeva, kons. - təcrübəçi-tələbə Hidayət Sadıxbəyli) ifasında ritm dəqiqliyi, temp sabitliyi və emosional dolğunluq aydın şəkildə hiss olunurdu.

BMA-nın İxtisas musiqi məktəb-studiyası təntənəli xarakterli yekun konsertdə tamaşaçıların gur alqışına layiq musiqi çələngi təqdim etdi. Şagirdlərin mükəmməl ifaları, onların ixtisaslaşmış musiqi təhsili aldıqlarının və bu sahədə peşəkar inkişaf yolunda inamla irəlilədiklərinin bariz göstəricisidir. Əldə olunan bu nailiyyətlər, sözsüz ki, İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovanın məqsədyönlü rəhbərliyi və yüksək ixtisaslı pedaqoji heyətinin ardıcıl və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Şəfəq Hacıyeva

BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri