Icma.az
close
up
RU
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Universiteti möhtəşəm Zəfərimizin xalqımıza töhfəsidir

Müasir Azərbaycanın qüdrəti, beynəlxalq nüfuzu və davamlı inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik siyasətinin nəticəsidir. Bu siyasi kurs Azərbaycanın milli maraqlarına əsaslanaraq, dövlət müstəqilliyinin qorunmasını, iqtisadi inkişafın təmin edilməsini, milli birliyin möhkəmləndirilməsini və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsini əsas prioritet kimi müəyyən etmişdir. Ulu öndərin dövlətçilik fəlsəfəsi yalnız müəyyən bir dövr üçün deyil, uzunmüddətli perspektivdə ölkəmizin milli maraqlarını təmin edən strateji konsepsiya kimi çıxış edir. Odur ki, Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə çatdırılması müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Bu irs yalnız keçmişin siyasi təcrübəsi deyil, həm də Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən mühüm ideoloji və strateji əsasdır. Xüsusilə qloballaşma şəraitində milli kimliyin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun qorunması baxımından Heydər Əliyev ideyaları müasir Azərbaycan gəncliyi üçün mühüm mənəvi dayağa çevrilmişdir. Bu ideyalar milli maraqlara sadiqlik, dövlətə bağlılıq, xalqa xidmət və müstəqilliyin qorunması kimi fundamental prinsipləri özündə birləşdirir.

Bu baxımdan, 2026-cı il mayın 4-də Xankəndi şəhərində Yeni Azərbaycan Partiyası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbir xüsusi əhəmiyyət kəsb edir. Ümummilli liderin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbirin məhz azad Xankəndidə keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinin, Qarabağda yeni inkişaf mərhələsinin başlanmasının və Böyük Qayıdış prosesinin uğurla reallaşdırılmasının mühüm göstəricisi kimi qiymətləndirilməlidir. Vaxtilə erməni separatizminin yuvasına çevrilmiş, çoxsaylı dağıntılara, vandalizmə məruz qalmış tarixi şəhərimizdə indi elmin, təhsilin, o cümlədən dövlətçilik ideyalarının təbliğ olunması Azərbaycanın şanlı Zəfərinin mühüm məntiqi nəticələrindən biridir. Bu gün Qarabağda mütəmadi keçirilən elmi, ictimai və mədəni tədbirlər suverenliyimizin praktik təzahürü kimi də müstəsna əhəmiyyətə malikdir.

Tədbirdə bir daha vurğulandı ki, ölkəmizin əldə etdiyi bütün uğurların əsasında Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Ulu öndərin siyasi fəaliyyəti Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri olmuş, müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və dövlətçiliyin itirilməsi təhlükəsi məhz onun hakimiyyətə qayıdışından sonra aradan qaldırılmışdır. Ümummilli liderin qətiyyətli siyasi iradəsi və zəngin idarəçilik təcrübəsi sayəsində ölkədə sabitlik təmin olunmuş, dövlət institutları formalaşdırılmış və davamlı inkişafın möhkəm təməli yaradılmışdır. Eyni zamanda, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmış, nizami ordu formalaşdırılmış, Konstitusiya qəbul edilmiş və demokratik idarəetmə prinsiplərinin tətbiqi üçün mühüm institusional bazanın yaradılması təmin edilmişdir.

Azərbaycanın parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edilməsi də məhz Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsində mümkün olmuşdur. O, dövlətçilik anlayışını yalnız idarəetmə mexanizmi kimi deyil, milli varlığın və xalqın gələcəyinin əsas təminatı kimi qiymətləndirirdi. Buna görə də dahi liderin siyasi kursunun mərkəzində hər zaman güclü dövlət, milli birlik və xalqın rifahı dayanmışdır. 

Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası, iqtisadi islahatlar və balanslı xarici siyasət kursu Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini gücləndirən əsas amillərdəndir. “Əsrin müqaviləsi” kimi mühüm layihələr ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki strateji rolunu artırmış və böyük investisiyaların cəlb olunmasına şərait yaratmışdır. Bu siyasət Azərbaycanın dünyada həm etibarlı tərəfdaş, həm də regionun aparıcı dövlətlərindən biri kimi tanınmasını şərtləndirmişdir. Eyni zamanda, ölkənin nəqliyyat-logistika imkanları genişlənmiş, Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi və iqtisadi mərkəzə çevrilmişdir. Heydər Əliyevin balanslı xarici siyasət konsepsiyası müxtəlif siyasi qütblər arasında milli maraqlara əsaslanan çevik diplomatiya modelini formalaşdırmışdır. Həmin siyasi kurs hazırda Ulu öndərin varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibinə çevrilmiş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Xüsusilə 44 günlük Vətən müharibəsində, həmçinin Qarabağda erməni separatizminə qarşı keçirilmiş antiterror əməliyyatlarında qazanılan möhtəşəm qələbələr xalqımızın birliyinin, ordumuzun qüdrətinin və düzgün siyasi-hərbi strategiyanın nəticəsi kimi tarixə yazılmışdır. Torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa edilməsi Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı olmuşdur. Mənfur düşmən və onun çoxsaylı havadarları üzərində qazanılan şanlı Zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, tarixi ədalətin və dövlət iradəsinin təntənəsidir. Azərbaycan xalqı uzun illər davam edən işğala son qoyaraq beynəlxalq hüququn aliliyini, həmçinin ilahi ədaləti təmin edib. Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dövlətimizin gücünün və xalqımızın milli qürurunun ən parlaq simvoludur. 

Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi Azərbaycanı bütün dünyaya postmünaqişə dövrünün yeni uğurlu inkişaf modelini formalaşdıran ölkə kimi tanıtmışdır.

İşğaldan azad edilmiş ərazilərdə görülən çoxsaylı işlər, yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun qurulması, sosial və iqtisadi həyatın bərpası dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair , Dövlət Proqramı”nın uğurla icra olunduğunu göstərir. Müasir şəhərsalma konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin qurulması regionun gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Eyni zamanda, Qarabağda məscidlərin və digər abidələrin, həmçinin məktəblərin, mədəniyyət müəssisələrinin bərpası mədəni dəyərlərin, milli ruhun dirçəldilməsinin, tarixi irsimizin qorunmasına verilən böyük önəmin göstəricisidir. Bölgədə hərtərəfli inkişaf imkanlarının yaradılması əhalinin dayanıqlı məskunlaşmasına və regionun sosial rifahının yüksəlməsinə xidmət edir. İşğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin yaradılması və fəaliyyəti də bu mənada, xüsusi strateji əhəmiyyətə malikdir. Universitet bölgədə elmi və intellektual həyatın bərpasında fəal rol oynayır. Burada minlərlə gəncin təhsil alması Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlandığını və regionun gələcəyi üçün güclü insan kapitalının formalaşdırıldığını göstərir. Bu ali təhsil ocağı təkcə yüksəkixtisaslı kadrlar hazırlamır, eyni zamanda, milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ənənələrinə sadiq və vətənpərvər gənclərin yetişdirilməsini əsas hədəflərindən biri kimi qarşıya qoyur. Qarabağ Universitetində formalaşdırılan akademik mühit gənclərin peşəkar biliklər qazanmaları ilə yanaşı, həm də milli kimlik şüurlarının möhkəmlənməsinə xidmət edir. Burada tələbələrə Heydər Əliyev irsi, o cümlədən azərbaycançılıq ideologiyası, milli maraqlara sadiqlik və vətənpərvərlik prinsipləri sistemli şəkildə aşılanır. Universitetdə keçirilən çoxsaylı konfranslar, seminarlar, müxtəlif tədbirlər və ictimai layihələr gənclərin dövlətçilik düşüncəsinin formalaşmasına mühüm təsir göstərir. 

Qarabağ Universitetində gənclərinin Heydər Əliyev ideyalarına sədaqət ruhunda yetişdirilməsi xüsusilə önəmlidir. Çünki bu ali təhsil ocağında oxuyan tələbələr yalnız universitet auditoriyalarında bilik əldə edən gənclər deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin canlı iştirakçılarıdır. Onlar azad edilmiş torpaqlarda yaşayan və çalışan ilk gənc nəsil olaraq dövlətçilik tariximizin mühüm bir mərhələsinin daşıyıcılarına çevrilirlər. Bu baxımdan universitetdə formalaşan ideoloji mühit xüsusi əhəmiyyət daşıyır. Tələbələrə aşılanır ki, müstəqillik və suverenlik xalqımıza asan başa gəlməyib, bu dəyərlərin qorunması hər bir vətəndaşın əsas borcu və məsuliyyətidir. Gənclərin Heydər Əliyevin siyasi irsini dərindən öyrənməsi onların milli maraqları düzgün qiymətləndirən, dövlətinə bağlı və strateji düşüncəyə malik vətəndaş kimi formalaşmasına xidmət edir. Universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin Qarabağın bərpası prosesinə elmi və praktiki töhfə verməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Mühəndislikdən iqtisadiyyata, tibbdən humanitar sahələrə qədər bütün istiqamətlər üzrə yetişən gənclər gələcəkdə regionun inkişafının əsas aparıcı qüvvəsinə çevriləcəklər. 

Bu mənada, “Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbirdə də əsas diqqət məhz qeyd olunan vacib məsələlərə yönəldildi. Vurğulandı ki, gənclərin Heydər Əliyev irsini dərindən öyrənməsi, milli maraqlara bağlı vətəndaş kimi formalaşması Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Müasir Azərbaycan gəncliyi yalnız bilikli mütəxəssis deyil, həm də dövlətini, xalqını və milli dəyərlərini qoruyan vətəndaş olmalıdır. Xüsusilə dünyada mürəkkəb geosiyasi proseslərin baş verdiyi indiki dövrdə milli düşüncəyə və dövlətçilik prinsiplərinə sadiq gənclərin yetişdirilməsi zəruridir. Onlarin informasiya müharibələri, ideoloji təhdidlər və qlobal çağırışlar şəraitində milli maraqları müdafiə edə bilmələri üçün yüksək vətəndaş məsuliyyətinə malik olmaları vacibdir. Ulu öndərin “Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir” fikri sadəcə çağırış deyil, eyni zamanda, hər bir Azərbaycan vətəndaşı üçün strateji məsuliyyət və mənəvi borc kimi dəyərləndirilməlidir. Bu ideya Qarabağ Universitetində təhsil alan gənclərin də fəaliyyət fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi qəbul olunur. 

Tədbirdə xüsusi olaraq qeyd edildi ki, Qarabağda həyata keçirilən yenidənqurma prosesi təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, elm, təhsil, mədəniyyət və milli düşüncənin yenidən dirçəldilməsi deməkdir. Xankəndidə universitet həyatının formalaşdırılması, gənclərin burada təhsil alması və yeni məzmunlu akademik mühitin yaradılması Qarabağın gələcək inkişafının əsas istiqamətlərindən biridir. Bu gün Qarabağ Universitetində formalaşdırılan elmi və intellektual mühit regionun gələcək sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri hesab olunur. Universitetin fəaliyyəti göstərir ki, Qarabağ indi tarixi zəfərin simvolu, həm də yeni inkişaf, elm və innovasiya məkanıdır. Burada yaradılan müasir təhsil infrastrukturu, beynəlxalq əməkdaşlıqlar və yeni akademik təşəbbüslər Qarabağın gələcəkdə regionun mühüm elm və təhsil mərkəzlərindən birinə çevriləcəyini sübut edən amillərdir. 

Heydər Əliyev ideyalarının müasir Azərbaycanın inkişafının əsasını təşkil etdiyi sözügedən tədbirin əsas qayəsinə çevrildi. Bir daha vurğulandı ki, bu ideyalar əsasında formalaşan dövlətçilik düşüncəsi, milli birlik və azərbaycançılıq məfkurəsi ölkəmizin gələcək uğurlarının əsas təminatıdır. Qarabağda həyata keçirilən dirçəliş prosesi, Xankəndidə universitet həyatının yenidən formalaşması və gənclərin milli ruhda yetişdirilməsi isə bu siyasətin gələcəyə yönəlmiş ən mühüm təzahürlərindən biridir. Azərbaycan gəncliyi, o cümlədən Qarabağ Universitetinin tələbələri Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətimizin gələcək inkişafında mühüm rol oynayacaq, müstəqil və qüdrətli Azərbaycanın daha da güclənməsinə öz töhfələrini verəcəklər.

Şahin BAYR AMOV, 

Qarabağ Universitetinin rektoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri