Böyük Qayıdış strategiyası Cəbrayıla növbəti köc
Icma.az bildirir, Ses qazeti-ə istinadən Böyük Qayıdış strategiyası Cəbrayıla növbəti köc.
Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə, 40 mindən çox insan yaşayır
Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. "Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır", - deyə Prezident çıxışlarının birində bildirib. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. 21 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub.
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın edərək torpaqlarımızı azad etdi və beləliklə, ədalət, beynəlxalq hüquq bərpa olundu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, prinsipial mövqeyi ölkəmizə qarşı olan hücumları darmadağın etdi və ağır məğlubiyyətə uğrayan düşmən Kapituliyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
CƏBRAYIL ŞƏHƏRİNƏ DAHA 42 AİLƏ - 205 NƏFƏR KÖÇÜRÜLÜB
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 42 ailə - 205 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar . Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
İKİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖVRÜNDƏ İŞĞALÇILARDAN AZAD EDİLMİŞ BİRİNCİ ŞƏHƏR
Cəbrayıl şəhərinin işğaldan azad olunmasından dörd ildən artıq zaman ötür. "Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib: "O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi", - deyən dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərdiyini bildirib. Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayıl rayonunun işğalı zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2016-cı ilin aprel döyüşlərində ordumuz düşmən qüvvələrini Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur etdilər. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. 2020-ci ilin oktyabrın 18-i də tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu.
Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.
2040-CI İLİN SONUNA QƏDƏR CƏBRAYIL ŞƏHƏRİNDƏ 15 000 SAKİN YAŞAYACAQ
Cəbrayıl şəhərinin Baş planına əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan "yaşıl zolaq" şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarixi-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək ozünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.
Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək. Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.
4428 SAKİN ÜÇÜN 940 FƏRDİ EV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıla səfərləri bir sıra hadisələrlə tarixin yaddaşına köçür. Dövlət başçımız tərəfindən rayonun Karxulu kəndinin təməli qoyulub. Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir. İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması da, məhz bu məqsədə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təərəfindəən Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub.
Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilər yeni, işıqlı həyata qədəm qoyub.
Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir.
Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. proritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir. İnkişaf strategiyası nəticəsində dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir.
Zümrüd BAYRAMOVA

