Böyük qayıdışın növbəti ünvanı Kəlbəcərdir ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə başlanan yeni mərhələnin ən mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu baxımdan Kəlbəcər xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın ən yüksək dağ rayonu olan bu diyar özünəməxsus təbiəti, zəngin su ehtiyatları, meşələri və tarixi-mədəni irsi ilə ölkənin mühüm potensial mərkəzlərindən biridir. Burada həyata keçirilən bərpa tədbirləri yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır, bütöv bir regionun iqtisadi, sosial və demoqrafik həyatının yeni əsaslarla formalaşdırılmasını nəzərdə tutur. Dövlətin qarşıya qoyduğu məqsəd Kəlbəcəri keçmiş şöhrətinə qaytarmaqla yanaşı, onu müasir şəhərsalma prinsiplərinə uyğun inkişaf etdirməkdir.
Kəlbəcərin azad olunması Azərbaycan dövlətinin uzun illər ərzində apardığı ardıcıl siyasətin, güclü ordunun və düzgün müəyyənləşdirilmiş strateji hədəflərin nəticəsi idi. 1993-cü ildə Ermənistanın işğalına məruz qalan rayonun taleyi uzun müddət beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasız qalmasının nümunəsinə çevrildi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, bu tələb yerinə yetirilmədi. Azərbaycan öz haqqını beynəlxalq hüquq normalarına əsaslanaraq müdafiə etdi və nəticədə 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərlə ərazi bütövlüyünün bərpasına nail oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi və diplomatik strategiya Kəlbəcərin də azadlığına yol açdı. Noyabrın 25-də rayonun Azərbaycana qaytarılması xalqımızın yaddaşında xüsusi yer tutan tarixi hadisəyə çevrildi. Bu gün həmin tarix Kəlbəcər şəhəri günü kimi qeyd olunur və milli iradənin, dövlətçilik qətiyyətinin təcəssümünü ifadə edir.
Kəlbəcərdə yenidənqurma işlərinin miqyası dövlətin Böyük Qayıdış strategiyasına verdiyi əhəmiyyəti aydın göstərir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi gələcək məskunlaşmanın təsadüfi deyil, uzunmüddətli və kompleks yanaşma əsasında həyata keçirildiyini təsdiqləyir. Müasir yaşayış binaları, fərdi evlər, təhsil və səhiyyə müəssisələri, ictimai məkanlar, yaşıllıq zolaqları, velosiped və avtomobil yolları şəhərin yeni simasını müəyyənləşdirəcək. Burada əsas məqsəd insanlara yalnız mənzil təqdim etmək deyil, onların rahat, təhlükəsiz və sosial baxımdan təmin olunmuş həyatını təşkil etməkdir. Kəlbəcərdə salınan yaşayış məhəlləsində ailələrin mərhələli şəkildə yerləşdirilməsi bu siyasətin artıq real nəticələr verdiyini göstərir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı köçmüş ailələrə mənzillərin açarlarını təqdim etməsi dövlət başçısının qayıdış prosesinə xüsusi diqqətinin ifadəsi idi.
Böyük Qayıdışın əhatəsi yalnız şəhərlə məhdudlaşmır. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, burada məktəblərin, uşaq bağçalarının və fərdi yaşayış evlərinin inşasının nəzərdə tutulması kənd həyatının bərpasına xidmət edir. Bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki doğma yurda qayıdışın davamlı olması üçün yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və gündəlik xidmət infrastrukturu da yaradılmalıdır. Kəlbəcərdə məskunlaşan ailələrin sayının artması bu istiqamətdə aparılan işlərin nəticəsidir. İnsanların illərlə həsrətində olduqları torpaqlara qayıtması milli birliyin və dövlət qayğısının konkret təzahürüdür.
Rayonun iqtisadi potensialının hərəkətə gətirilməsi də yenidənqurma siyasətinin mühüm istiqamətidir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi, Murovdağ tunelinin istifadəyə hazırlanması bölgənin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Dağlıq ərazidə belə mürəkkəb infrastruktur layihələrinin reallaşdırılması mühəndislik imkanlarımızın və dövlətin investisiya siyasətinin göstəricisidir. Eyni zamanda, kiçik su elektrik stansiyalarının yenidən qurulması və yenilərinin tikilməsi Kəlbəcərin enerji potensialından səmərəli istifadə üçün geniş imkanlar yaradır. Bu layihələr bölgənin enerji təminatını gücləndirməklə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafına da töhfə verir.
Kəlbəcərin gələcək inkişafında İstisu xüsusi yer tutur. Müalicəvi mineral suların istehsalı və turizm infrastrukturu rayonun iqtisadi həyatına yeni məzmun gətirir. İstisu mineral su zavodunun fəaliyyəti yerli xammalın sənaye məhsuluna çevrilməsinin, yeni iş yerlərinin yaradılmasının və yerli əhalinin iqtisadi proseslərə cəlb olunmasının uğurlu nümunəsidir. Müalicə-istirahət kompleksinin yaradılması isə Kəlbəcərin sağlamlıq turizmi istiqamətində tanınmasına şərait yaradacaq. Beləliklə, tarixi və təbii sərvətləri ilə seçilən Kəlbəcər müasir infrastruktur, sosial təminat və iqtisadi inkişafın vəhdətində yenidən formalaşır. 25 Noyabrın mənası da məhz bu reallıqda daha aydın görünür: azad edilmiş torpaqlarda həyatın bərpası, insanın doğma yurda qayıdışı və gələcəyin qurulması Azərbaycanın qazandığı Zəfərin davamıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Baxış sayı:76
Bu xəbər 24 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















