Böyük Qayıdışın yeni mərhələsi Azərbaycanın qüdrətinin daha bir təntənəsi olacaq
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Qayıdış proqramının reallaşdırılması Azərbaycanın 44 günlük Qarabağ müharibəsindən sonra başladığı strateji bir yoldur və bu yolu dövlətimiz özü müəyyənləşdirib. Məqsəd insanların doğma yurdlarına qayıdışı və Qarabağ torpaqlarının yenidən Azərbaycanın tam nəzarətinə keçməsidir. Strateji baxımdan torpaqların bərpası, əhalinin məskunlaşdırılması və bölgənin dirçəlməsi əsas hədəfdir. İqtisadi planda yeni texnologiyaların tətbiqi, şəhərsalma layihələri, infrastrukturun qurulması və kənd təsərrüfatının inkişafı bölgənin gələcək perspektivlərini müəyyən edir.
Millət vəkili Samir Vəliyevin fikrincə, Vətən Müharibəsi başa çatdıqdan sonra ermənilər və onların havadarları belə iddialar səsləndirirdilər ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə gücü çatmayacaq. Dağıntıların miqyası doğrudan da böyük idi. Otuz illik işğal dövründə erməni vandalları şəhər və kəndlərimizi viran qoymuş, sərvətlərimizi talamışdılar. Lakin Azərbaycan dövləti müharibədən dərhal sonra bu ərazilərin bərpasına başlaması bədxahları növbəti dəfə məyus etdi. Yeni strateji mərhələdə "Böyük Qayıdış" ölkəmizin beş əsas milli prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır məcburi köçkünlük həyatı yaşamış soydaşlarımızın doğma yurdlarına layiqli qayıdışını təmin etmək əzmindədir. O bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə intensiv minatəmizləmə əməliyyatları aparılır, iqtisadi, sosial təyinatlı müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və ərazilərin məskunlaşdırılması uğurla davam edir. Bir sözlə, göz önündə yeni Qarabağ formalaşır: "Prezident İlham Əliyev azad edilmiş ərazilərin yenidən qurulmasını şəxsi nəzarətində saxlayır ki, bu da layihələrin daha sürətli və keyfiyyətli icrasına təsir göstərir. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Məhz buna görə də Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilib".
Prezident İlham Əliyevin vurğuladığı kimi, köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına indiyədək dövlət büdcəsindən təxminən 22 milyard manat vəsait yönəldilib. Təkcə cari ilin yanvar-sentyabr aylarında bu ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 900,9 milyon manat vəsait xərclənib. Bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə minalardan təmizlənmə işlərinə ayrılıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrinə ümumilikdə 140 min insanın köçürülməsi planlaşdırılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birinci "Böyük Qayıdış" proqramının icrasına Zəngilan rayonundan başlanılıb.
Millət vəkili qeyd edib ki, Vətən Müharibəsində Böyük Zəfərə imza atan Azərbaycan, həmçinin Transxəzər marşrutunun yeni bir qolu olacaq Zəngəzur dəhlizinin yaradılması istiqamətində israrlı mövqe sərgiləyir. Bu marşrutun reallaşması ölkəmizin milli maraqlarına tam uyğundur. Cari ilin avqustunda Vaşinqtonda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mühüm razılaşma əldə olunub. Prezident İlham Əliyevin bəhs olunan görüşdə bildirdiyi kimi, həm Zəngəzur, həm də Araz dəhlizləri Zəngilandan keçəcək. Burada müasir yol infrastrukturu qurulur, beynəlxalq səviyyəli hava limanı inşa edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Zəngilan gələcəkdə regionun mühüm nəqliyyat qovşağına çevriləcək.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, "Böyük Qayıdış" Proqramının ilk mərhələsi Azərbaycan üçün mürəkkəb bir dövrə təsadüf edib. Həmin mərhələ ölkənin suverenliyinin bərpası uğrunda aparılan mübarizə ilə paralel şəkildə həyata keçirilib. Qarabağ mövzusuna görə diplomatik savaş halında olan, həmçinin ordunun maddi-texniki imkanlarının gücləndirilməsi üçün təxirəsalınmaz addımlar atmaq zərurəti ilə üzləşən dövlətimiz paralel şəkildə həm də "Böyük Qayıdış" Proqramının ilk mərhələsini icra edib. Bu cür çətinliklərə rəğmən, proqram səmərəli şəkildə icra edilib. Onlarla kənd, qəsəbə, şəhər keçmiş məcburi köçkünlərin yaşayışı üçün hazır vəziyyətə gətirilib. Regionda infrastruktur layihələri yüksək səviyyədə təmin edilib. Minlərlə sakin öz doğma yurd-yuvasına qayıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır, Azərbaycan xalqı doğma yurduna qayıdaraq yeni dövrün əsasını qoyur.
Onun dediyinə görə, ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycan əvvəlki gərginliyi aradan qaldıra bilib, diplomatik savaşı uğurla başa çatdırıb. Dövlət indi bütün diqqətini bərpa və quruculuq işlərinə yönəldib. Bu baxımdan deyə bilərik ki, "Böyük Qayıdış"ın yeni mərhələsi Azərbaycanın gücünün, qüdrətinin daha bir təntənəsi kimi təzahür edəcək. Prezident haqlı olaraq bildirdi ki, "məqsəd təkcə dağıdılmış kəndləri bərpa etmək deyil, həm də müasir infrastruktur və sosial xidmətlərlə təmin edilmiş yeni yaşayış standartları formalaşdırmaqdır".
Ekspert vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri Azərbaycanın artan iqtisadi gücünü, dövlətin müasir inkişaf modelini və xalqın birliyini əks etdirir. Hər bir layihənin keyfiyyətinə, icra tempinə dövlətimizin başçısının şəxsən nəzarət etməsi isə bu prosesin strateji əhəmiyyətini təsdiqləyir. Aydın şəkildə görünür ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun timsalında həyata keçirilən işləri xalqımız üçün yeni həyatın, milli dirçəlişin və dayanıqlı inkişafın simvoluna çevirir.
İqtisadçı eksprt Eyyub Kərimli deyir ki, 2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının birinci mərhələsi yekunlaşır və dövlət bu istiqamətdə böyük işlər görüb, iqtisadi və digər resursları ora yönləndirir: "Hesab edirəm ki, minaların təmizlənməsi işi daha da sürətləndirilməli, əhaliyə torpaq sahələrinin ayrılmasına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən, torpaq sahəsi ayrılan ailələrə, köçkünlərə həm də subsidiyalar və güzəştli kreditlərin verilməsi faydalı olar. Bu, insanların həmin ərazilərdə öz təsərrüfatlarını və güzəranlarını qurmasına imkan yaradacaq. Mən hesab edirəm ki, bu imkanlar təkcə məcburi köçkünlərə deyil, ümumiyyətlə, Azərbaycanda yaşamaq və orada fəaliyyət göstərmək istəyən bütün vətəndaşlara yaradılmalıdır. Torpaq sahələri ayrılmalı, insanlar orada müəssisələr və yaşayış məhəllələri qura bilməlidirlər ki, proses daha da sürətlənsin. Əlbəttə ki, ilk növbədə biznes imkanları genişlənməli, iş yerləri yaradılmalıdır. Bu baxımdan kiçik sahibkarların və fermer təsərrüfatı ilə məşğul olan insanların həmin ərazilərə köçməsi daha məqsədəuyğun olardı. Bu, həm biznesin inkişafına, həm də yeni iş yerlərinin açılmasına təkan verər".
E.Kərimli əlavə edib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq, beləliklə, 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq: "Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşamaları üçün dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlər görülür. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq".
Sevinc QARAYEVA
Baxış sayı:44
Bu xəbər 05 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















