Bu Amnistiya Aktından kimlər yararlana biləcək? Əfv Məsələləri Komissiyasının üzvü açıqlayır
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Milli Məclisə təqdim olunmuş Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olan və ya xəbərsiz itkin düşənlərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olanların, qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və s. kateqoriyadan olanların da cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Söhbət 20 min insanın həbsdən buraxılmasından getmir
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev yaxın vaxtlarda qəbulu gözlənilən Amnistiya Aktını Bizimyol.info xəbər portalına şərh edib.
Əliməmməd Nuriyev
Hüquqşünas budəfəki Amnistiya Aktının əvvəlkilərdən fərqli olub-olmaması barədə suala cavabında bildirib ki, bir neçə ciddi fərq var: “Prezidentin “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya təşəbbüsü ilə çıxış etməsi alqışlanmalıdır. Hesab edirəm ki, ilin sonuna yaxın Milli Məclis tərəfindən belə bir qərarın qəbulu çoxsaylı ailələri sevindirəcək. Bunu humanizm və mərhəmət prinsiplərinin tətbiqinin nümunəsi kimi də qeyd etmək olar.
Budəfəki Amnistiya Aktının əvvəlkilərdən fərqinə gəlincə, layihənin ruhu və hüquqi texnika baxımından bir neçə ciddi fərq görünür. Birincisi, şəxsi status əsaslı geniş blok əvvəlkilərlə müqayisədə xeyli böyükdür. Ayrıca göstərilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə, Vətən müharibəsində iştirak edən, yaralanan şəxslər, şəhid ailələri, qadınlar, yaşı 60-dan çox olanlar və s. kateqoriyadan şəxslərə şamil olunacaq. Bu qruplar təkcə sosial kateqoriya yox, hüquqi status kimi ön plana çıxarılır. Layihə miqyas baxımdan da çox böyükdür, təxminən 20 min nəfəri əhatə edəcək. 2021-ci ildə qəbul olunmuş bundan əvvəlki Zəfər Amnistiyası 17 min 200 nəfərə şamil edilmişdi”.
Amnistiya Aktının 20 min nəfəri əhatə edəcəyi deyiləndə bəzən insanlar yanlış olaraq, bunu 20 min nəfərin həbsdən azad edilməsi kimi başa düşür. Əliməmməd Nuriyev qeyd edir ki, hüquqi mexanizmlər buna imkan vermir:
“Söhbət 20 min nəfərin azad edilməsindən yox, Amnistiya Aktının 20 min nəfərə şamil olunmasından gedir. Yəni bu qədər insan Amnistiya Aktının təsir dairəsində olacaq. Onların arasında təxminən 5 min nəfər azadlıqdan məhrum edilmiş şəxs cəzadan azad ediləcək, 3 min nəfərin cəzası azaldılacaq. 7 minə qədər şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcək. Təxminən 4 min nəfər alternativ cəzaya məhkum olunmuş şəxslər bu Amnistiya Aktının əhatə dairəsində olacaq. Üstəlik, hələ haqqında məhkəmə hökmü olmayan 1000 nəfərə yaxın şəxs də cinayət məsuliyyətindən azad olunacaq. Bu Amnistiya təkcə cəzaçəkmə müəssisələri üçün yox, ümumiyyətlə cəza yükünü azaldan akt kimi qəbul oluna bilər”.
Cəzaçəkmə müəssisələrinə təsiri
Hazırda penitensiar müəssisələrdəki sıxlıq, məhbusların sayının həddindən artıq çox olması faktdır. Bunu rəsmi şəxslər də təsdiqləyir. Amnistiya Aktının bu sıxlığa təsiri barədə sualı cavablandıran Əliməmməd Nuriyev vurğulayıb ki, həm birbaşa, həm də dolayı təsiri olacaq: “Cəzaçəkmə müəssisələrində yüklənmə var. Burada həm ümumi sıxlıq, həm də konstruksiya sıxlığından söhbət gedir. Son açıqlanan rəqəmlərə görə, Azərbaycanda hər 100 min nəfərə 264 məhkum düşür. Bu, aşağı göstərici deyil. Nəzərə almaq lazımdır ki, Amnistiya Aktının qəbulundan sonra xeyli məhbus buraxılacaq. Bu da amnistiyanın sıxlığa birbaşa təsirdir. Dolayı təsirə gəlincə, Amnistiya Aktı istintaq altında olan, məhkəməsi gedən şəxslərə də şamil olunur. Bu isə o deməkdir ki, amnistiya tətbiq edilən bu kateqoriyadan şəxslər cəzaçəkmə müəssisəsinə getməyəcək”.
Ağır və xüsusilə ağır cinayət törədənlərə şamil olunmayacaq
Amnistiya Aktı konkret şəxslərə yox, maddələrə şamil olunur. Əsasən böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələr Amnistiyanın təsiri altına düşür. Budəfəki layihədə amnistiyanın tətbiqi nəzərdə tutulanlar sırasında Qarabağ döyüşlərində iştirak edən, yaralanan şəxslər, şəhid ailələri, qadınlar, 60 yaşdan yuxarı şəxslər və s. ayrıca qeyd edilib. Bu səbəbdən də sual yaranır: göstərilən kateqoriyadan olan şəxslərin hansı cinayəti törətməyindən (ağır və ya xüsusilə ağır cinayətlər) asılı olmayaraq, onlar məsuliyyətdən azad olunacaqlar? Yoxsa onlara münasibətdə də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə şamil olunması nəzərdə tutulub?
Əliməmməd Nuriyev bu məsələni də şərh edib: “Amnistiya Aktında onun kimlərə və ya hansı cəzalara tətbiq olunacağı müəyyən olunur. Amma bu, avtomatik deyil. Hər bir halda, məhdudiyyət filtri var. Bu, əvvəlki Amnistiya aktlarında rast gəlinən, lakin bu dəfə daha sistemli şəkildə qurulmuş bir yanaşmadır.
Layihədə göstərilmiş kateqoriyadan olan şəxslərin hansı cinayəti törətməsindən asılı olmayaraq, birmənalı şəkildə onların cəzadan və ya cinayət məsuliyyətindən azad olunması nəzərdə tutulmur. Layihə iki mərhələli mexanizm üzərində qurulub. Birincisi, orada göstərilən status qapını açır, amma avtomatizm yaratmır. Bu statuslar amnistiya üçün yalnız başlanğıc şərtdir. Çünki layihədə məhdudiyyətlər də var. Yəni məhdudiyyətlər nəzərə alınmaqla, o şəxslərə şamil oluna bilər. Məhdudiyyətlərin nədən ibarət olduğunu göstərən bəndlər filtr rolunu oynayır. Həmin filtrdən keçən şəxslər Amnistiya Aktının təsir dairəsinə düşür”.
Yəni elə anlaşılmamalıdır ki, Amnistiya Aktı layihəsində göstərilmiş kateqoriyadan olan şəxslər törətdiyi cinayətdən asılı olmayaraq, cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcək. Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilənlərə şamil olunmayacaq.
“Dövlət əleyhinə olan cinayətlərə ümumiyyətlə, amnistiya tətbiq olunmur. Həmçinin ağır və xüsusilə ağır cinayətlər də Amnistiyanın tətbiqini istisna edir. Müharibə veteran, şəhid ailəsi üzvü, 60 yaşından yuxarı olmaq və digər statuslar özü-özlüyündə təkbaşına azadetmə demək deyil. Bu Amnistiya Aktı layihəsi genişdir, amma mexaniki deyil. Məsələn, başqa bir mühüm məqam ziyanın ödənilməsi şərtinin həlledici olmasıdır. Maddi ziyan ödənilməyibsə, Amnistiya tətbiq olunmur. Xüsusilə mülkiyyət əleyhinə, iqtisadi cinayətlər üzrə məhkum edilmiş, təqsirləndirilən şəxslərin işində bu mərhələdə ciddi problem yaranır. Azadetmə qeyri mümkün olur.
Əlbəttə, Amnistiya Aktı humanistdir, amma tətbiqi üçün müəyyən filtrlər var. Ədalət, humanizm və təhlükəsizlik modelinə uyğun olan amnistiyadır. Bu baxımdan cəmiyyətdə gözləntilər hüquqi çərçivədən kənara çıxmamalıdır”, - Əliməmməd Nuriyev əlavə edib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 16 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















