Icma.az
close
up
RU
Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

58 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevrilən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi.

AZƏRTAC metro işçilərinin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin 58 illik fəaliyyətinə nəzər salır.

Bakı metropoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə hissəyə bölmək olar. Əslində, tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi. Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər. Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adlar ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi. Birinci 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.

Bakı metropoliteninin tarixinə ictimai-siyasi aspektdən yanaşdıqda, onu üç mərhələyə bölmək olar: Heydər Əliyevdən əvvəlki dövr, Heydər Əliyev dövrü və İlham Əliyev dövrü. Metronun fəaliyyətinin 56-cı ilinin tamam olması ölkədə Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyindən və ümumiyyətlə, metro tikintisi sahəsindəki əhəmiyyətli hadisələrin zənginliyini nəzərə alaraq, əsas diqqəti metronun inkişafının Heydər Əliyev dövrü üzərində cəmləşdirmək daha düzgün olardı.

Ötən əsrin yetmişinci illərində Heydər Əliyevin Azərbaycanın perspektivlərinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən Bakıda sərnişin nəqliyyatının problemlərinin həlli idi. Bu sahədə dünya təcrübəsinin ən mütərəqqi nümunələri, yerli şərait öyrənilir, müqayisəli təhlillər aparılmaqla doğru qərarlar, məsələnin ən optimal həlli yolları axtarılırdı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi, vəziyyətdən ən yaxşı çıxış yolunu metropolitenin inkişaf etdirilməsində görür, Bakı metropoliteninin tikintisində yaxın illərə istiqamətlənən planların sürətlə reallaşdırılmasını başlıca vəzifə hesab edirdi.

Moskva Bakıda metro tikintisinin həddən artıq maliyyə vəsaiti tələb etdiyini səbəb gətirərək, tikintini respublikanın öz vəsaiti hesabına aparılmasını daha məqbul sayırdı. Xərclərin aşağı salınması barədə edilən təkliflərin çoxunu Heydər Əliyev qəbuledilməz sayırdı. Çünki bu təkliflər şəhərsalma prinsiplərində o dövr üçün problemlər, xüsusən sıx məskunlaşma sahələrində insanlar üçün münasib infrastrukturun qurulması, yaşayış rayonlarının salınması prinsiplərinə ziddiyyət təşkil edirdi. Buna görə 1970-ci illərdə də respublika rəhbərliyi Bakı üçün belə əlverişsiz təkliflərdən inadkarlıqla imtina etdi. “Nərimanov” stansiyasından sonrakı 2,2 kilometrlik yol və “Ulduz” stansiyası bu prinsipiallığın arzu olunan nəticəsi oldu.

“Ulduz” stansiyasının istifadəyə verilməsindən iki il yarım sonra metro xətləri inkişafda olan böyük yaşayış massivinə - “8-ci kilometr”ə qədər uzadıldı. Bakıda metronun açılmasının beşinci ildönümü günündə - 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyalarının qapıları sərnişinlərin üzünə açıldı. Bu münasibətlə “Neftçilər” stansiyasının üzərindəki meydanda keçirilən mitinqdə çıxış edən Ulu Öndər metro inşaatçılarını, istismarçıları, bu rayonda yaşayan əhalini, bütün bakılıları əlamətdar və tarixi hadisə münasibətilə təbrik etdi. Metro inşaatçılarının fədakar əməyini yüksək qiymətləndirdi.

Müstəqilliyin ilk ağır illərində təchizatı keçmiş SSRİ respublikalarından asılı olan və itirilmiş iqtisadi əlaqələr zəminində tənəzzülə uğrayan Bakı metrosunun yeni dirçəliş dövrünün də memarı elə Heydər Əliyev özü oldu. Heydər Əliyev irsinin varisi cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra metronun yeni inkişaf xətti müəyyən edildi. Ən əsası, vaqon parkının yenilənməsi üzrə Heydər Əliyevin başladığı işin davamı olaraq, 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. 2006-cı ildən tikintidə də canlanma başladı. 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verildi. 2011-ci il martın 18-də imzalanmış Sərəncamla "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i təsdiq olundu.

2030-cu ilə qədər Bakıda 10 yeni metro stansiyası tikilməlidir. Bu stansiyalar Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına, eləcə də şəhərdə tıxac probleminin, avtobus nəqliyyatını metro ilə uzlaşdırmaq kimi mühüm məsələlərin həllinə xidmət göstərməlidir. Dövlət başçısı bu ildən investisiyaların qoyulacağını da bildirib.

Prezident İlham Əliyev, həmçinin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, son 30 il ərzində Azərbaycan əhalisi 10 milyonu keçib. Bakıda yeni metro stansiyaları istifadəyə verilməklə böyük layihələr icra edilsə də, yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artıma uyğun deyil. 2008-ci ildən metronun 7 stansiyası tikilsə də, dövrün çağırışlarına uyğun olaraq, bu istiqamətdə yeni qərarlara ehtiyac var.

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qəbul edilmiş Dövlət Proqramında yeni 10 stansiyanın, “İçərişəhər” stansiyasında keçid kamerasının inşası, Qırmızı və Yaşıl xətlərin ayrılması, 2 elektrik deposunun tikintisinin tamamlanması, enerji sisteminin etibarlılığının artırılması və s. mühüm məsələlər nəzərdə tutulur. Plana uyğun olaraq, Bənövşəyi xətdə 6, Yaşıl xətdə isə 4 stansiya inşa edilməlidir.

Bu işlərin tərkib hissəsində kompleks tədbirləri özündə ehtiva edən mühüm vəzifələrdən biri də xətlərin ayrılması layihəsidir. Bu mürəkkəb layihənin icrası geniş spektrli və irihəcmli məsələlərin həllini də özündə ehtiva edir.

On yeni stansiyanın inşası

Yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat layihəsi hazırlanıb. İşlərə mümkün ən qısa müddətdə başlanılacaq. Hədəf 2030-cu ilə qədər 10 stansiyanın inşasını başa çatdırmaqdır. Ümumən metropolitenlər üçün hər xəttin müstəqil fəaliyyəti çox vacibdir. Bu stansiyalar Bakıda nəqliyyat sıxlığının azaldılmasına təkan verəcək. Şəhərdə mobilliyin inkişafında mühüm rol oynayacaq. Metro və digər ictimai nəqliyyat vasitələri inteqrasiya ediləcək. İnsanlar üçün ictimai nəqliyyatın daha münasib, əlçatan və rahat olmasına xidmət edəcək. Bu mənada Qırmızı və Yaşıl xətt mütləq ayrılmalıdır. 2024-cü il ərzində Bənövşəyi xəttin 4 stansiyasından 7.5 milyona yaxın sərnişin istifadə edib. Bütün xətt üçün gün ərzində təxminən 20 min sərnişin edir. Ümumiyyətlə, yeni 10 stansiya ilə metropolitenin daha 88 milyon sərnişin daşıması gözlənilir.

Bənövşəyi xəttin inşa ediləcək 6 stansiyasından 2-si Yaşıl xəttə (“Nizami” və “Xətai” stansiyalarında), daha 1-i Qırmızı xəttə (“Sahil” stansiyasında) keçid olacaq. Bu layihə sərnişin axını və hərəkət istiqamətlərinə əsaslı dəyişiklik gətirəcək. Eyni zamanda, Sumqayıt, Xırdalan, Bakı-Şamaxı yolunda yerləşən qəsəbələrdən şəhər mərkəzinə hərəkət yaxınlaşdırılacaq. Başqa sözlə, metropolitenin tranzit rolu artacaq. Və xətt üzrə daşınan sərnişinlərin sayı əsaslı şəkildə çoxalacaq.

Stansiyalardan biri artıq 2026-cı ilin sonuna qədər istifadəyə veriləcək. Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi tamamlanıb. Hazırda keçidlərin tikintisi ilə yanaşı, daxili xidməti sahələr və otaqların, arakəsmələrin inşası aparılır. Həm də təchizat məsələləri istiqamətində işlər aparılır. Eyni zamanda, təchizat, quraşdırma, hərəkətin təşkili və s. işlər də qarşıdakı müddətdə görüləcək.

Ümumən 10 stansiyanın inşası ilə metropoliten genişləndirilməsi ilə bərabər, mövcud infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılması, sərnişinlərə xidmət keyfiyyətinin artırılmasına əhəmiyyətli təsir göstərəcək. Bununla yanaşı, şəhərdə mobillik planının həyata keçirilməsini sürətləndirəcək və metropolitenin ictimai sərnişindaşıma nəqliyyat sistemində rolunu artıracaq.

Lakin qeyd edilənlərlə yanaşı, qarşıda dayanan ən mühüm vəzifə xətlərin ayrılması layihəsi olacaq.

Xətlərin ayrılması nədir və nə üçün lazımdır

“28 May” stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına 2025-ci ildə başlanılması nəzərdə tutulub. Bu xətlərin müstəqil fəaliyyəti hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə yol açacaq.

200 metr tunel

Tədbirlərə “28 May” stansiyası yaxınlığında qazıntı işləri ilə başlanılacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən ərazidə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olmuş texniki çatışmazlıqlar da aradan qaldırılacaq.

Tunelin qazılması ilə əlaqədar ilkin hazırlıq tədbirlərinə başlanılıb. Bu məqsədlə iki istiqamətdə hazırlıq tədbirləri aparılır. Yeni ildən isə tunel qazıntısına başlanılması planlaşdırılır.

İki stansiya arasında keçid

Layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək. Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. 2026-cı ildə tamamlanması nəzərdə tutulan bu işlər zamanı əsas tunel qazıntısı müddətində “28 May-Nizami” yol mənzilində qatarların hərəkəti dayandırılacaq. Lakin layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır.

“Dərnəgül” elektrik deposu

Mürəkkəb və kompleks tədbirlərin tərkib hissəsinə xətlərin fəaliyyətini və idarəetməsini təmin edən əsas infrastruktur layihələrinin həlli də daxildir. İlk növbədə, dünya praktikasında da olduğu kimi, qatarlara qulluq, xidmət, təmirin təşkili və tunel, yol, hərəkətin təşkili və digər mühüm sahələrin işinin təşkili, texniki məsələlərin həlli baxımından hər xəttin özünün deposu olmalıdır. Hazırda Bakı metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. Bənövşəyi xəttə xidmət göstərən “Xocəsən” elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən, qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir. Qırmızı və Yaşıl xətlərə yalnız bir - "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bununla yanaşı, xətlərdən birində yaranan texniki problem, faktiki olaraq, hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir. Bütün infrastruktura xidmət göstərilməsi, əsasən, gecə saatlarında aparıldığı üçün “Nərimanov” elektrik deposunda bu işlərin görülməsi səmərəsi aşağı düşür. Qeyd edilən səbəblərdən 2025-ci ildə Yaşıl xəttin “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb. Bu deponun infrastrukturunun tam qurulması vacibdir. Burada müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini təmin edən xidməti sahələr də yaradılmalıdır. Qatarların gecələməsi, təmiri, xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulmalıdır. “Dərnəgül” elektrik deposunun inşasına aprel ayında başlanılıb və iki mərhələdə tikiləcək. Birinci mərhələdə xətlərin ayrılması layihəsi üçün vacib olan infrastruktur qurulur. Bunun üçün lazım olan tunel yolları çəkili, qatarların dayanması və təmir sahəsində inşaatın norma və qaydalarına uyğun inşaat işləri aparılır.

Elektrik yarımstansiyaları

Silsilə tədbirlər sırasında enerji təhlükəsizliyi mühüm yer tutur. Xətlərin elektrik təchizatının müasir standartlar səviyyəsində qurulması, xüsusilə qatarların hərəkətini təmin edən dartı hissəsinin hər bir xətt üzrə təmin edilməsi məqsədilə “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yeni yarımstansiyalar inşa edilməlidir. Bu işlərin görülməsi hər bir xəttin təhlükəsiz enerji təminatına zəmin yaradacaq. Xətlər ayrıldıqdan sonra Qırmızı xətt üzrə ən minimal intervallar təmin olunacaq. Bu isə elektrik enerjisinin hər bir fider zonasında fasiləsizliyini və etibarlığını aktuallaşdıracaq. Həm də xətlər ayrıldıqdan sonra intervallar azaldılacağından qatarların sayının artırılması lazım gələcək. Hərəkətin intensivliyi enerji tələbatını da artıracaq. Qatarların yenilənməsi prosesi innovasiyalar baxımından sonuncu nəsil vaqonları ilə aparılır. Yeni nəsil qatarların elektrik güc tələbatı isə əvvəlki nəsil analoqlarından 1,5 dəfədən çoxdur. Qeyd edilənlər elektrik təchizatı məsələlərinə də yeni yanaşmanı aktual edir. Buna görə Qırmızı xəttin 1967-ci ildən fəaliyyət göstərən və fiziki-mənəvi cəhətdən köhnəlmiş 1 saylı dartı elektrik yarımstansiyasının tamamilə yenidən qurulması zəruri və qaçılmazdır.

İntervalların ən minimal həddə salınması

Xətlər ayrıldıqdan sonra hər birinin effektiv fəaliyyəti, sərnişinə nümunəvi xidmətin təşkili, daha çox sərnişindaşıma qabiliyyəti və mövcud sıxlığın tənzimlənməsi optimal hərəkət qrafikinin təşkili və minimal intervalların tətbiqindən asılıdır. Bu səbəbdən hərəkətin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb. Bununla bağlı müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür. Bununla yanaşı, Yaşıl xətdə də funksional fəaliyyət “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsidir. Nəzərdə tutulmuş 10 stansiyadan 4-ü məhz bu istiqamətdə tikiləcək. Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastruktur şərti adı Y-15 olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işlərinə müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulmuş “Y-15” stansiyasından başlayaraq, “Xətai” stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.

Yekunda nə olacaq

Qeyd olunan işlərin mərhələli şəkildə tamamlanması paytaxtda nəqliyyat infrastrukturunun inkişafı, tıxacların azaldılması, ictimai sərnişindaşıma sektorunun səmərəli, effektiv fəaliyyəti, fərdi avtomobillərdən imtinaya gətirib çıxaracaq. Şəhər mərkəzində ictimai nəqliyyatın üstünlüyü, eyni zamanda, mikromobilliyin daha sürətli inkişafına xüsusi təkan verəcək. Mobillik proqramının uğurla tamamlanması və onun ən qənaətbəxş modelinin qurulması həm də şəhərətrafı yaşayış və sənaye sahələrinin, eləcə də aqlomerasiyaya daxil olaraq böyüyən şəhər və qəsəbələrə doğru nəqliyyat infrastrukturunun optimallaşması istiqamətində ən mühüm addımlardan biridir.

Yaşıl və Qırmızı xətlərin müstəqil infrastrukturu qurulmaqla, hər birinin optimal hərəkət qrafiki olacaq. Belədə Yaşıl və Qırmızı xətlərdə daha dayanıqlı, daha təhlükəsiz hərəkət təmin ediləcək. İntervallar mümkün ən minimum həddə çatdırılacaq. Həmçinin Yaşıl və Qırmızı xətlərin hazırda birləşdiyi (“Dərnəgül-28 May” və “İçərişəhər-28 May”), lakin gələcəkdə ayrılacaq “28 May” stansiyasına qədər sahələrdə mövcud olan 4 dəqiqə və daha yuxarı interval azaldılacaq.

Bakı metropolitenində sərnişinlərin təhlükəsiz hərəkəti, rahatlığı və məmnunluğu əsas hədəfdir. Yeniləşmə tədbirləri sayəsində əldə olunacaq üstünlüklər hesabına sərnişin axınının optimallaşdırılması və daha çox sərnişin daşınması imkanları rahat tənzimlənəcək. Görüləcək işlər, bununla yanaşı, Yaşıl və Qırmızı xətlər üzrə, “28 May-Cəfər Cabbarı” keçid qovşağında sərnişinlərin paylanmasına, bölünməsinə təsir edəcək. “28 May” stansiyasına hazırda daxil olan sərnişinlər ayrı-ayrı xətlər üzrə bölünəcək, stansiyanın sərnişin yükü normaya salınacaq.

Sərnişinlərin stansiyaya axını istiqamətlər üzrə keçidlərdə bölünəcəyindən bir xətt üzrə hərəkət qrafikində yaranan problem digərinə təsir etməyəcək.

Ümumilikdə, metropolitendə il ərzində yenidənqurma işlərinin icrasına başlanılması nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtın yerüstü ictimai nəqliyyat və mübadilə mərkəzləri ilə əlaqəli şəkildə təşkil olunacağını nəzərə alsaq, şəhərin sərnişindaşıma dinamikası, mobillik planı sürətlənəcək.

Yeni qatarların alınması

Hazırda Bakı metropolitenində 347 vaqon və ya 67 qatar sərnişindaşıma prosesinə cəlb edilir. Bənövşəyi xətdə 7 vaqonlu, Yaşıl və Qırmızı xətlərdə 5 vaqonlu qatarlar hərəkət edir. Vaqonların xətdən tam çıxarmaq üçün istismar müddəti bitməlidir. Bu müddət 30-31 ildir. 30 qatar məhz yeni nəsil qatarıdır.

Bağlanılmış müqaviləyə əsasən, 2025-ci ildə alınmış 20 yeni vaqon Bakıya gətirilərək, xəttə buraxılmaq üçün son komplektləşdirmə, sazlama və sınaq işləri aparılır. Yaxın günlərdə 3 yeni qatar xəttə buraxılacaq. Əldə olunmuş razılığa əsasən, daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna bu il təhvil veriləcək. Dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub. Beləliklə, 2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.

Təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər 300-ə yaxın yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə planlı işlər davam etdirilir. Hazırda dünyanın aparıcı istehsalçıları ilə müzakirələr davam etdirilir.

Sıxlıqla bağlıq qərarlar: Son 16 ildə ilk dəfə interval 20 dəqiqədən aşağı salınıb

Sərnişin sıxlığının tənzimlənməsi və sərnişin məmnunluğun artırılması baxımından qatarların hərəkətinin intensivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cari ilin may ayında fəaliyyətində mühüm yenilik edib – son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib. “Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur. Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

2025-ci ildə atılan bu addım strateji əhəmiyyət daşıyan irəliləyiş hesab olunur.

Bakı metropoliteni iş günlərində orta hesabla 740 minə yaxın sərnişinə xidmət göstərir.

Sentyabrın 15-dən isə payız-qış hərəkət qrafikinə keçid dövründə bu nailiyyət bir qədər də dərinləşdirildi. Metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirildi. Bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.

Bütün bu yeniliklər mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində mümkün olub. İndi isə görülmüş əlavə tədbirlər, yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:

• Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;

• İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;

• Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

Beş vaqondan ibarət bir qatarın maksimal tutumunun 1600 nəfər olduğunu nəzərə alsaq, bu hesabla, hər iki istiqamətdə əlavə olunan qatarların daşıma gücü eyni vaxtda 6400 sərnişinə çatır. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi nəticəsində pik saatların ümumi müddəti ərzində, yəni təxminən 4,5 saatda 28 800 sərnişinin daşınması mümkün olacaq. İş günlərinin ümumi həcmi ilə birlikdə bu rəqəm illik hesabla 8 milyondan artıq sərnişinin daşınmasına əlavə imkan yaradacaq.

Bakı metropoliteni bundan sonra da sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişinlərin daha çevik və rahat hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.

• Sınaq xarakterli olmaqla stansiyalarda qatarların gəlmə vaxtını göstərən tabloların quraşdırılmasına başlanılıb. Hazırda dünyanın əksər ölkələrində olan metropolitenlərdə olduğu kimi. Bu göstəricilər artıq bir neçə stansiyada test rejimində yoxlanılır.

• 2025-ci ilin ən uğurlu layihələri sırasında bank kartları ilə ödəmə xüsusi yer tutur. Bu baxımdan Bənövşəyi xətdə NFC sistemini dəstəkləyən bank kartları ilə ödəniş etmək mümkündür. Yaxın günlərdə bu sistem bütün metro stansiyalarında tətbiq ediləcək və bu da tarixin ən mühüm innovativ yeniliklərindən biri olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see229

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see193

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see190

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see182

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see146

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see134

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see134

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see132

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see132

Uzak Şehir in vurulma səhnəsi BƏYƏNİLMƏDİ

04 Noyabr 2025 17:50see131

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see129

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri