“Bu tədbirlər uğurla həyata keçirilərsə, şəhər mərkəzinə gündəlik minlərlə avtomobilin daxil olmasının qarşısı alınar
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qeyd edək ki, 2003-cü ildən bəri Azərbaycanda yol, dəmir yolu, metro və hava nəqliyyatı sahələrində böyük inkişaf həyata keçirilib. Yol infrastrukturu çərçivəsində 20.767 km yol, 335 körpü, 45 tunel və 163 piyada keçidi tikilib. Dəmir yolları üzrə 1.562 km yeni xətt, 1.906 km təmir edilmiş xətt və müasir qatar və vaqonlar alınıb. Metro şəbəkəsi 30 km-dən 41 km-ə genişlənib, 7 stansiya və 1 depo tikilib, sərnişin sayı son 20 ildə 137 milyondan 230 milyona çatdırılıb. Avtobus nəqliyyatında “BakuBus” MMC üçün 1300-dən çox avtobus və elektrik avtobuslar gətirilib.
Bakıda planlaşdırılan 10 yeni metro stansiyası şəhərin nəqliyyat yükünü necə azalda bilər?10 yeni metro stansiyasının yerləşdiyi ərazilər hansı meyarlara əsasən seçilib?Metro stansiyalarının optimallaşdırılması dedikdə konkret hansı dəyişikliklər nəzərdə tutulur?Mikromobilliyin təşviqi üçün hansı konkret layihələr həyata keçirilir (velosiped yolları, skuter zonaları və s.)?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, əsas təsir mexanizmləri sıx əhali olan ərazilərdən, xüsusilə mikrorayonlardan şəhər mərkəzinə avtomobil axınının azaldılmasıdır: “Yeni metro stansiyaları əsasən avtomobildən metroya keçidi stimullaşdırmaq məqsədilə planlaşdırılıb. Buradakı əsas təsir mexanizmləri sıx əhalili ərazilərdən, xüsusilə mikrorayonlardan şəhər mərkəzinə avtomobil axınının azaldılması və avtobus-metro inteqrasiyasının gücləndirilməsidir. Əgər bu tədbirlər uğurla həyata keçirilərsə, şəhər mərkəzinə gündəlik minlərlə avtomobilin daxil olmasının qarşısı alınar və pik saatlarda yerüstü nəqliyyatdakı sıxlıq azalır.
Beynəlxalq təcrübəyə əsasən, bir metro stansiyası gündə 15 min - 40 min avtomobil səfərini əvəz edə bilər. Bu baxımdan Barselona təcrübəsi nümunə göstərilə bilər. Həmin şəhərdə ictimai nəqliyyat sisteminin böyük hissəsi yeraltında yerləşir və hətta orada yeraltı bir şəhər infrastrukturu formalaşıb. Bu modelin Bakı üçün də uyğun formada tətbiqi mümkündür”.
Eldəniz Cəfərov
Nəqliyyat eksperti vurğulayıb ki, avtobus xətlərinin həddindən artıq yükləndiyi istiqamətlərdə stansiyalar açılır: “10 yeni metrostansiyanın yerlərinin seçilməsi təsadüfi deyil. Bu qərar bir neçə əsas meyara əsaslanır: əhali sıxlığı, yeni yaşayış massivlərinin salınması, son 10-15 ildə sürətlə inkişaf edən rayonlar və həmin ərazilərdə nəqliyyatın yüklənməsi. Xüsusilə də avtobus xətlərinin həddindən artıq yükləndiyi, səhər və axşam saatlarında tıxacların pik həddə çatdığı istiqamətlərdə metro stansiyalarının açılması vacib sayılır.
Eyni zamanda metroya çıxışı olmayan, lakin mərkəzə gündəlik güclü insan axınının olduğu zonalara da üstünlük verilir. Bundan əlavə, texniki və geoloji uyğunluq da önəmlidir. Yerin relyefi, tikinti üçün əlverişlilik və yeraltı infrastrukturun imkanları qiymətləndirilir. Həmçinin metro tikintisinin tarixi və memarlıq baxımından əhəmiyyətli olan ərazilərə zərər vurmaması da nəzərə alınan əsas şərtlərdəndir”.
Eldəniz Cəfərov qeyd edib ki, şəhər daxilində alternativ nəqliyyat növlərinin təşviqi də diqqət mərkəzindədir: “Metro stansiyalarının optimallaşdırılması sadəcə təmir işləri ilə məhdudlaşmır - bu, daha geniş bir yanaşmadır. Burada texniki yeniliklər əsas yer tutur: qatarların intervalının azaldılması, yeni siqnalizasiya və idarəetmə sistemlərinin tətbiqi, sərnişin axınının tənzimlənməsi məqsədilə platformaların genişləndirilməsi nəzərdə tutulur. Sərnişin rahatlığını təmin etmək üçün giriş-çıxışların sayı artırılır, eskalatorlar və liftlər yenilənir, pik saatlarda insan axınının düzgün yönləndirilməsi üçün tədbirlər görülür.
Xətlərin optimallaşdırılması həm də stansiyalararası yüklənmənin balanslaşdırılması və qatar dövriyyəsinin çevik şəkildə idarə olunmasını nəzərdə tutur ki, bu da nəqliyyatın daha səmərəli fəaliyyətinə şərait yaradır.
Bundan əlavə, şəhər daxilində alternativ nəqliyyat növlərinin təşviqi də diqqət mərkəzindədir. Dənizkənarı bulvarda velosiped infrastrukturu qurulur, şəhərin əsas və mərkəzi küçələrində velosiped zolaqları yaradılır. Yol infrastrukturunda dəyişikliklər edilərkən bu zolaqlar nəzərə alınır. Həmçinin elektro skuter zolaqları, onların icarə və dayanacaq zonaları təşkil edilir ki, bu da qısa məsafələrdə avtomobilə alternativ kimi çıxış edir”.
Eldəniz Cəfərov bildirib ki, inzibati idarə və təşkilatların da paytaxtdan çıxarılması gündəmə gələ bilər: “Artıq məlumdur ki, gənclər mikromobillik vasitələrinə daha çox üstünlük verirlər. Bu baxımdan piyada hərəkəti prioritet sayılır və piyada zonalarının genişləndirilməsi istiqamətində işlər aparılır. Gediş-gəlişin təhlükəsizliyi və rahatlığı üçün avtomobillərin bu zonalara daxil olması məhdudlaşdırılacaq. Artıq belə küçələr var və onların sayı artmaqdadır.
Cənab Prezidentin də qeyd etdiyi kimi, Bakının tarixi simasını dəyişmək mümkün deyil. Bu səbəbdən alternativ həll yolları tətbiq olunur, şəhər mobilliyinə dair layihələr həyata keçirilir. Məqsəd şəhər mühitini daha əlçatan və hərəkət üçün sərbəst hala gətirməkdir.
Bakı artıq sadəcə inzibati və paytaxt funksiyasını yerinə yetirən şəhər deyil. O, həm qədim tarixə malik bir şəhər, həm də sənaye mərkəzidir. Əsasən tələbələrin məskunlaşdığı, həmçinin təhsil aldığı bir mərkəzə çevrilib. Burada həm yerli, həm də xarici tələbələrin təhsil alması şəhərə yeni status qazandırır.
Bu baxımdan, şəhərdə müəyyən yüngülləşdirmə işlərinin aparılması məqsədəuyğun olardı. Məsələn, Bakıdan kənarda yeni bir akademik şəhər - tələbə şəhərciyinin salınması mümkündür. Universitetlərin ora köçürülməsi həm şəhərdəki sıxlığı azalda, həm də yeni bir inkişaf mərkəzinin formalaşmasına səbəb ola bilər.
Bundan əlavə, inzibati idarə və təşkilatların da paytaxtdan çıxarılması gündəmə gələ bilər. Bu cür addımlar Bakının tarixi simasının qorunmasına və onun funksional yükünün azaldılmasına xidmət edə bilər. Bu mövzu növbəti mərhələlərdə düşünürəm ki, müzakirələrin predmetinə çevrilə bilər”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 13 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















